Namazın canlı təcəssümü-Fəthullah Gülənin namazı

Namazın canlı təcəssümü-Fəthullah Gülənin namazı

Burada Osman Şimşəyin böyük bir İslam aliminin ibadəti ilə bağlı düşüncə və xatirələrindən ibarət bir yazısını təqdim etmək istəyirik:

Fəthullah Gülən Xocaəfəndi ata ocağının mənəvi ab-havasında İslamın ruhunu dərindən duyaraq arif, abid bir müsəlman kimi yetişmişdir. Tam ciddiyyət, əzəmət və dini mətanət timsalı babası Şamil ağa, Türkiyənin maddi-mənəvi qıtlıq dövrlərində kiçik bir kənddə böyüyüb boya-başa çatmasına baxmayaraq, “Əndərun[1] tərbiyəsi” görmüş nəcabətli, elm aşiqi, səhabələri ürəkdən sevən və dininə çox bağlı olan atası Ramiz Əfəndi, səssiz, durğun dəryalar kimi dərin və əngin, axirət inancı və Allaha bağlılığı davranışlarında aydın sezilən, Cənabi-Haqqın adı anılanda göz yaşlarını saxlaya bilməyən ata nənəsi Munisə xanım və kəndin bütün qadınlarına Quranı öyrətdiyi kimi, öz ciyərparəsinə də dörd yaşında İlahi kəlamı xətm etdirən şəfqət timsalı anası Rəfiyyə xanım bu gözəl ailənin ən müəssir üzvləri idi.

Bu qüdsi ailə tanınmış simaların gəlib-getdiyi bir müsafirxana kimi idi. Alimləri çox sevən, hər gün, ən az bir Haqq dostunu qonaq edən bir ailədə dünyaya gələn gələcəyin mütəfəkkiri gözünü açandan özünü elm və mənəviyyat atmosferində görmüşdü. Alvarlı Məhəmməd Lütfi həzrətləri, onun qardaşı Vəhbi əfəndi, Taği şeyxlərindən Sirri əfəndi, Şəhabəddin əfəndi, hamının hörmət etdiyi Xəlil xoca və Harun əfəndi kimi sayılıb-seçilən adamlar o ailəyə hüzur və bərəkət gətirərdi. Dörd-beş yaşlarından etibarən böyüklərinin bu əziz qonaqları necə hörmət və ehtiramla qarşılamasına şahid olmuşdu. Qonaqlar tərəfindən başının sığallanmasını, qulağının xəfifcə dartılmasını, kürəyinin oxşanmasını, saçının öpülməsini böyük iltifat sayar və onların ürfan məclislərinin daimi iştirakçısı olardı. Bu gözəl mühit onun dünyagörüşündə ilk müsbət izlərini buraxmış və ruh dünyasının təməllərini atmışdır.

Allah qarşısında titrəmək gərək!..

Möhtərəm Xocaəfəndi bir gün uşaqların ibadətə alışdırılması mövzusundan danışarkən belə demişdi:

“Uşaq atasını namazda titrəyən, anasını səcdədə ağlayan görməlidir. “Ata, niyə titrəyirdin, anacan, sən niyə ağlayırdın?” – deyəndə: “Oğlum, insan Allah qarşısında titrəyər, Sonsuz Mərhəmət sahibinin nemətlərinə şükür hissi ilə alnını səcdəyə qoyanda qeyri-ixtiyari ağlayar. Çox vaxt sevgi, bəzən də qorxu gözlər yaşardar” cavabını almalıdır. Ata və anasının məhzun halı onun qəlbində Allaha qarşı sevgi və hörmət duyğusunu aşılamalıdır!..”

Əslində, onun bu sözləri öz uşaqlıq dövründən xəbər verirdi. O, əziz babasının hər gecə yüz rükət namaz qılmasına şahid olur, bəzən onun yanında namaz qılır, qiyamların, səcdələrin bitmədiyini görüb yorğun düşür, bir kənara çəkilərək yuxuya gedirdi. Amma nə vaxt gözünü açırdı, Şamil ağanın Haqq qarşısında müntəzir dayandığını görürdü.

Möhtərəm alim namazı sevə-sevə qılan, başını səcdədən qaldırmayan böyüklərinin təsiri ilə dörd-beş yaşlarından namaza başlamış və axsatmadan qılmışdı. O dövrlərdə Ərzurumun soyuğuna, boyundan yuxarı qar yağmasına baxmayaraq, sübh namazını qılmaq üçün imamdan qabaq məscidə getdiyi çox olmuşdu.

İbadətlərini məktəbdə oxuyanda da yerinə yetirmiş, dərs vaxtına düşən günorta namazını qəzaya saxlamamışdı. Tənəffüsü səbirsizliklə gözləmiş, tənəffüs olan kimi bir masanın üstünə çıxıb namazını qılmışdı.

Bir gün işa namazını qılmadan yatmışdır. Bir az sonra qalxıb qılacaqdı. Mərhum anası: “Namazını qıl, sonra yat” – deyə ona xəbərdarlıq etmişdi. “Ana, çox yorğunam, gecə qalxıb qılaram” – cavabını vermişdi. Şəfqətli ana: “Oğlum, mən də yorğunam, səni oyada bilməyəcəyəm, nə olar, indi namazını qıl, sonra yat” – deyə az qala yalvarmışdı. Gözünün nuru övladının axirəti üçün tir-tir titrəyən anası: “Əgər namaz qılmadan yatsan, səhər meyidini görüm!..” – deyincə o saat qalxıb dəstəmaz almağa getmişdi. O vaxt hələ on iki yaşı var idi. Şəfqətini əsirgəməyən sevimli anasının namaz məsələsində ciddiyyəti onun ibadətə həssaslığını bir az da artırmışdı.

Aradan iki-üç ay keçməmişdi ki, bir gecə anası evə gec qayıdan oğlundan: “Oğlum, harada idin, çox narahat oldum?” – soruşunca: “Anacan, məsciddə idim, yetmiş rükət qəza namaz qıldım” – cavabını vermişdi.

Vaxt girdimi?

Artıq o, bir namaz aşiqi olmuşdu. Məsciddən çıxmaq bilməz, gecə yarısına kimi ibadət edərdi. Anası: “Atan imam ola-ola çoxdan gəlib yatıb, sən niyə gec gəlirsən?” – deyəndə utancaq halda namazını gec bitirdiyini söyləyərdi. Xüsusən də, mübarək gecələrdə namazgahından ayrılmazdı. Böyüklərindən müjdə almışdı, Rəsuli-Əkrəmi (s.a.s.) yuxuda görmək eşqi ilə gecələr yüz rükət namaz qılardı.

O, on dörd yaşına çatanda o vaxtadək öz evlərində gördüyü və ya məclislərdə rast gəldiyi alimləri ziyarət etməyə və onlardan bəhrələnməyə başlamışdı. Xüsusən də, qapısını döyən hər kəsi mənəvi güc və cazibəsi ilə ovsunlayan, özünə çəkən, ürfanı ilə məst edən Alvarlı Efe həzrətləri onun formalaşmasında mühüm rol oynadı. Onun dilindən çıxan “Allah bizi insan eyləyə!” və “Allaaaah!” sözləri həmişə içi titrədirdi. Efe əfəndinin dodaqlarından süzülən sözlərin tonu bütün varlığını sarardı. O ətrafda mərifətullah, məhəbbətullah və zövqü-ruhani məzmunlu söhbətlərdə “süfrəsinə” bol-bol ilahi lütf yağar və ruhunu o biri aləmlərin üns səbaları bürüyərdi.

Bir də Ərzurumun qışında hər tərəfi donmuş şadırvanın (məscidlərdə dəstəmaz alınan yer) başında dayanıb buz tutmuş navalçalardan axan soyuq su ilə dəstəmaz alan insanlar onun ruhuna naxış-naxış işləmiş və bu mənzərə, bir mənada, onu hər zaman ibadətə səsləyən bir müəzzin olmuşdu. Onlar qollarını çırmalar, balaqlarını qatlar və dəstəmaz almağa başlardı. Hava o qədər soyuq olurdu ki, barmaqlarına dəyən su dirsəklərinə çatana kimi az qala buz bağlayardı. Çölün sazağı suyun soyuqluğu ilə birləşincə hələ əllərini yumağa başlayanda soyuq iliklərə işləyərdi. Vücudun titrəyişi qəlbin titrəyişi ilə qarışınca səmaya bir səda yüksələrdi: “Allaaahummmə, atiniii kitaabiii biyəmiiiniiii və haasibniii hisaabən yəsiiraaa – Allahım! Hesab günü sorğu-sualımı asanlaşdır və əməl dəftərimi sağ tərəfimdən ver!” Hər hərəkət və davranışlarından Cənabi-Haqqa iman süzülən və Ona aid gizli pıçıltılar eşidilən o səmimi möminlərin daxili təlatümü böyük alimin xatirələrində təravət və təsirini həmişə qoruyub saxlamışdır.

Onun səsinə bənzəyir!

Dediyimiz kimi, böyük alimin tələbələri onun namaza duruşundan və Haqqa bağlılığından söz açır, bəzən onu təqlid edirdilər. İlahi hüzurda o heybətli səsi ilə “Allahu Əkbər” deyəndə taxta binanın silkələndiyini və o vaxt hamının xəşyətlə ürpərdiyini danışırdılar. Tələffüz etdiyi kəlmələri qəlbən duymaq üçün müdhiş bir səs tonu ilə və yandırıb-yaxan bir səda ilə “Əttəhiyyatu...Əttəhiyyatu...Əttəhiyyatu...” deyə inlədiyini, istədiyi avazı tutana qədər hər kəlməni dəfələrlə söylədiyini və bu halı ilə arxasında namaz qılanların da ürəyini dağladığını söyləyirdilər. Bütün bu deyilənlər əziz xocamızın xoşuna gələrdi.

Böyük mütəfəkkir dünyagörüşü, illərlə əldə etdiyi təcrübə və bilik, əməli iman vasitəsi ilə qazandığı ürfan, saleh sələfləri ilə əlaqədar müşahidələri və İlahi dərgahın lütfləri sayəsində namazın möminin meracı, Cənnət yolunun çırağı, ümmanları aşmaq istəyənlərin gəmisi, vüslətə çatmaq istəyənlərin o dünyada ən yaxın dostu olmasına ürəkdən inanmış, bir növ namazla bütünləşmişdi. Artıq o, beş vaxt namazdan doya bilmir, nafilədən nafiləyə keçir: duha ilə günəş kimi yüksəlməkdə, əvvabinlə gedib qürbət qapılarına toxunmaqda, təhəccüdlə bərzəx qaranlıqlarına nur göndərməkdə və ömrünü ibadət ilmələri üzərində naxış kimi hörməkdədir.

Reanimasiya otağında da, dağın başında da namaz

Namazı vaxtında qılmağa çox həssas yanaşır. Ağır xəstə olduğu vaxtlar da daxil olmaqla neçə illərdir, heç bir namazını qəzaya qoymayıb. Hətta 2002-ci ildə xroniki ürək və şəkər xəstəliklərindən təcili olaraq xəstəxanaya aparılanda, 2004-cü ildə ürək əməliyyatı ilə sol arterial damarına stend qoyulanda, reanimasiyada dərman verməyə hazırlaşan həkimlərə: “Dərmanları elə verin ki, namaz vaxtı oyanıb namazı qıla bilim” demişdi. Həkimlər sudan istifadəyə icazə verməyincə təyəmmüm edib vəzifəsini yerinə yetirmiş, vücuduna yeridilən dərmanların ağırlığından gözlərini açmağa taqəti olmasa da “Nə edirsiniz edin, məni axşam namazına oyadın” deyə bərk-bərk tapşırmışdı. İynə-dərmanın içində namazının sünnətini belə tərk etməmiş, bir tələbəsini qabağa keçirib uzanıqlı halda da olsa, camaatla namaz qılmışdır. Sonra şərən (şəriətə görə) zəruri olmasa da, xəstəxanada qıldığı namazları ürəyi rahat olsun deyə qəza etmişdi.

Hörmətli alim bir söhbətində bu hislərini belə dilə gətirir: “Namaz məsələsinə elə həssasam ki, yuxuda belə onun həyəcanını yaşayıram. Vaxtı gözləmək, məscid tapmaq, yaxşıca dəstəmaz almaq və tədili-ərkana uyğun namaz qılmaq üçün çox təlaşlanıram. Dünən də bir yuxu gördüm: qaçdım, qaçdım, sünnəti birtəhər qıla bildim. Günəş doğacaq, sübhün fərzini qıla bilməyəcəyəm deyə ürəyim qopdu. Təlaş, təlaş, təlaş... Güclü dindar olduğumu deyə bilmərəm, ancaq normal həyatda da həmişə belə həyəcan keçirirəm. Əsasən, səfərə çıxanda namazı harada, necə qılacağımı düşünməkdən az qala xəstə oluram. Ancaq səfər proqramımı mütləq ibadət həyatıma görə hazırlayıram. Əgər bir neçə namaz yola düşəcəksə, vaxtın girməsindən bir-iki saat əvvəl təlaşlanıram. O əsnada elə gərgin oluram ki, bəzi sözləri səhv başa düşə, hətta yoldaşların qəlbini qıra bilərəm. Uyğun yer tapıb ürəyimcə Rəbbimə yönələnə qədər də o sıxıcı əhval-ruhiyyədən qurtula bilmirəm”.

Onun fikrincə, bir müsəlman namazını layiqincə qılmaq üçün lazım gələrsə, yolundan olmalıdır. Alnını səccadəyə qoyacağı anları yaxşı-yaxşı götür-qoy etməli, səfər planını ona uyğun qurmalı, ibadətini yerinə yetirməyə imkan verən bir nəqliyyat vasitəsinə və şirkətə üstünlük verilməlidir. Yola çıxmadan əvvəl şirkətin işçiləri ilə görüşməli, əvvəlcədən razılığa gəlməli, əks halda başqa yol axtarmalıdır. İlahinin hökmünə baş əyənləri Cənabi-Haqqın yarı yolda qoymayacağına ürəkdən inanmalı, kimsəsiz çöldə belə vaxt girsə, yol rəhbərindən ibadət üçün icazə istəməli, müsbət cavab almazsa, dava-dalaş salmadan dəstədən ayrılmalıdır. Uca Mövlaya etimad edərək əvvəlcə namazını qılmalı, ondan sonra yola düzəlməlidir. Şəxsi avtomobildə yola çıxan bir mömin vaxt girər-girməz dərhal maşını saxlamalı, qibləyə yönəlməlidir, çünki onun üçün səfərdə olmaq üzrlü səbəb deyildir.

Bir dəfə vəz verdikdən sonra İzmirə qayıdanda avtobus sürücüsünə: “Vaxt çıxmadan namaz qılmalıyam, xahiş edirəm, imkan olan yerdə bir neçə dəqiqəlik saxlayasınız” – deyə müraciət edir. Sürücü: “İnciməyin, bir nəfərə görə maşını saxlaya bilmərik” – deyib razı olmur. O da: “Avtobusu saxlayın, mən düşürəm,” – deyir. Onsuz da avtobusun havasından sıxılmışdı. Cənabi-Haqqa sığınır və çantasını götürüb aşağı düşür. Bir dağın başında tək-tənha qalsa da, heç də təəssüflənmir. Yaxşı-yaxşı dəstəmaz alır, sevə-sevə namazını qılır. Duasını tamamlarkən bir də görür ki, yaxından tanıdığı Gömləkçi Mehmet bəy ona doğru gəlir. Namazın kəramətidir ki, Rəbbi-Kərim ona avtobusdan daha rahat maşın və candan əziz bir yol yoldaşı nəsib etmişdi. Xocamız dostu ilə birlikdə rahat İzmirə gedir.

1974-cü ildə həcc ziyarətindən qayıdarkən təyyarə ilə Ankaraya gəlir. Yanında olan iyirmi-iyirmi beş yoldaşı ilə birlikdə İzmirə getmək üçün avtobusa minir. Uşak ərazisində dağlıq bölgəyə çatanda namaz vaxtı girir. Sürücüdən xahiş edir ki, bir neçə dəqiqə fasilə versin. Sürücü əvvəlcə: “Namazınızı qəza edərsiniz” – deyib başdan eləmək istəyir. Ancaq o, israr edincə: “A kişi, avtobusda təkcə sənsən müsəlman?!” – deyə hirslənir. O saat arxa oturacaqda oturan Mehmet Əli xoca qalxıb: “Əlhəmdülillah, mən də müsəlmanam və vaxt çıxmadan namaz qılmalıyam” – deyir. O, yerinə oturmamış bu dəfə də Hacı Kamal ağabəy qalxıb: “Mən də müsəlmanam, fasilə mənə də lazımdır” – deyir. Sürücü saxlamağa məcbur olur. Hamısı avtobusdan düşür. Amma o yerdə su yox idi, hər tərəf də qarla örtülmüşdü. Xocaəfəndi qollarını çırmalayıb qarla dəstəmaz alır, tələbələri də onun kimi. Əl ayaqları bir az üşüsə də, ürəkləri isinmiş halda namaz qılırlar. Avtobus yola düşərkən biri: “Əfəndim, bunda da bir hikmət varmış, sayənizdə qarla dəstəmaz almağı öyrəndik” – deyir.

Əslində, onu bu namaz sevgisi heç vaxt mükafatsız qalmamışdır. Ədirnədə Üç Şərəfəli məscidin pəncərəsində qaldığı vaxtlarda Sultan II Muradın bəzən yuxuda, bəzən də yəqzan halında “Haydı namaza!..” deyib onu sübh namazına qaldırması da, namaza olan bağlılığının nəticəsi idi.

Namazını vaxtında qılmaq üçün həyəcanlanmaq, “dəstə­mazımı harada alım... vaxt keçmədən bir yer tapım... qibləni necə təyin edim... heç kimi narahat etmədən qulluq borcumu necə ödəyim” kimi düşüncələrin təlaşı ilə var-gəl eləmək və üstəlik vaxtın meracını bitirər-bitirməz o biri namaza görə həyəcanlanmağa başlamaq ilahi dərgahda böyük mükafat gətirən, əcri dünyaya sığmayan önəmli bir fəzilətdir. Bundan ötrüdür ki, bir gün çox çətin şəraitdə Haqqa xidmət edən bir Haqq ərinə: “Gəl namazlarımızı dəyişək. Sən o ağrılı ibadətlərinin savabını mənə ver, mən də bəzəyib-düzəyib çevirdiyim salavatın meyvələrini sənə verim” – demişdi.

İmamın paltarı

Möhtərəm alim təmizlik məsələsində də çox həssasdır. Özü şərən namaza mane olmayan ləkə və kirlərə qarşı belə həmişə diqqət etdiyi kimi, dostlarına da tövsiyə edir. Xüsusilə, imamlıq edən insanların alt geyimlərində quş gözü qədər də olsa, nəcasətin (sidik, nəcis kimi murdar şeylər) olmamasının vacibliyini hər fürsətdə dilə gətirir. Əslində, Hənəfi məzhəbinə görə, paltarda, bədəndə və ya namaz qılınacaq yerdə “nəcasəti-qaliza” (ağır nəcasət) quru halda üç qram miqdarında, maye halında ovuc içi qədər olarsa, namaza xələl gəlməz. Bundan artığı namaza mane olur. Möhtərəm alim bu hökmə hörmət etməklə yanaşı, xüsusən namaz qıldıran şəxslərin başqa məzhəblərin də fikirlərinə əməl etməsini, camaatın içində Şafi, Maliki və Hənbəli məzhəblərinə mənsub insanların ola biləcəyini nəzərə almağı, dolayısilə, paltarı, üst-başı, corabları həmişə tərtəmiz saxlamağı, namaza hazırlanmağı və dəstəmaz alıb namaza hazırlaşanda istincadan tutmuş istibraya qədər hər xüsusa əməl etməyi məsləhət görür.

O, bu amil üzərində elə həssaslıqla dayanır ki, xüsusilə, namaz qıldırmağa hazırlaşanda paltarına mai-müstəməl sıçratmamağa çalışır. “Mai-müstəməl” dəstəmaz və ya qüsl almaq, hər hansı fərzi yerinə yetirmək və ya savab qazanmaq niyyəti ilə vücudun təmizliyində istifadə olunan suya deyilir. Hənəfi məzhəbində bu məqsədlə istifadə olunan su təmizdir, amma təmizləyici deyil. Yəni bu cür suyun sıçradığı paltar təmiz sayılır. Ancaq İmam Əzəm şəxsinə aid ictihadında, yəni şəxsi həyatında mai-müstəməli təmiz saymamışdır. Buna görə də möhtərəm alim istifadə olunan suyun paltarına sıçramaması üçün əlindən gələni edir. “Yüsr” (asanlıq) üzərində qurulan dinin ruhuna toxunmamaq üçün bu həssaslığı hamıdan tələb etməsə də, böyük din alimlərinin fikirlərini dilə gətirərək yaxınlarını da bu həssaslığa təşviq edir. O cümlədən Tahiri Mutlu ağabəyi hər dəfə yad edəndə onun bir cəhətini vurğulayır: “Həzrət hər şeydən əvvəl namazını düşünürdü. Bir yerdə qonaq qalanda gecə qalxınca ibriyini, ləyənini, canamazını əlinin altına qoyardı. Onun çox az adamda gördüyüm bir adətinə heyran qalmışdım: dəstəmaz alanda paltarına mai-müstəməlin sıçramasın deyə önlük taxar və Rəbbinin hüzuruna tərtəmiz çıxardı. O sadəcə namaz qılmaz, namazla bütünləşərdi”.

Rəsuli-Əkrəm (s.a.s.) şəfqət peyğəmbəri olduğu və ümmə­tinə həmişə yüsrü (asanlığı) tövsiyə etdiyi halda, dəstəmaz alarkən topuqlarını yaxşı yumayan bəzi adamları görmüş, “Heyif, cəhənnəmdə yanacaq o dabanlara!” – deyə xəbərdarlıq etmişdi. Çünki möminlər “Etdim, oldu” fikrindən uzaq durmalı, “Allah necə əmr etmişsə, elə də etməliyəm” anlayışı ilə hərəkət etməlidir. O da bu düşüncə ilə ibadətə aid bütün mövzular kimi, namazla bağlı hər məsələyə də çox dəyər verməkdə və İlahi əmrə uyğun hərəkət etmək üçün çırpınmaqdadır.

Niyyət qəlblə olmalıdır, yoxsa dillə?

Möhtərəm alim namaza niyyət edərkən qəlbinin ibrəsini Cənabi-Haqqa yönəltməyə çalışır, niyyətə “qəlbin məqsədi və təvəccöhü” prizmasından yanaşır. Bu təvəccöhü (yönəliş) də masivanı – Allahdan qeyri hər şeyi qəlbdən silmək və o anda hər şeyi unudub yalnız Uca Haqqı düşünmək kimi qəbul edir: “Bəzi elmihal kitablarında “Niyyəti dillə etmək daha yaxşıdır” məzmununda mənbəyi bəlli olmayan qeyd var. Dil söz deyəndə qəlbin təvəccöhü necə olacaq, onu bilmirəm, amma bu, bir adətə çevrilmişdir: insanlar namaz qılarkən: “Nəvəytü ən usalliyə lillahi...” – deyərək səsli niyyət edirlər. Əgər bu şəkildə qəlbi də həqiqətən Cənabi-Haqqa yönəltmək mümkün olursa, nə yaxşı... Ancaq dilin dediyi qəlbən təsdiqlənmirsə, yəni dil kimi qəlb də namaza niyyət etmirsə, namazın səhihliyi şübhə doğurur”.

Qeyd edim ki, onun dediyi kamil niyyət müəyyən məqama çatmış insanların işidir. Möhtərəm alim bu cür dillə niyyətin bütünlüklə səhv olduğunu demək istəmir. Sadəcə namaza başlayarkən Cənabi-Haqqa tam yönəlişin vacibliyini vurğulayır və hər kəsi dillə qəlbin “izdivac”ından asılı olan saf niyyətə təşviq edir. O, təmizlik və niyyət kimi həssas məsələlərə bəzi dövrlərdə tam əməl edə bilmədiyini düşünərək, o illərə aid namazlarını qəza etmişdir.

Namazı qılmaq, yoxsa iqamə etmək?

Möhtərəm alim çox vaxt işlətdiyimiz “namaz qılmaq” ifadəsini heç xoşlamır. Onun fikrincə, bu ifadə bir işi doğru-düzgün görməyi deyil, sadəcə yerinə yetirməyi bildirir və sünilik ehtiva edir. “Qılmaq” sözünün yerinə “iqamə etmək” kəlməsinin daha düzgün olduğunu söyləyir.

Həqiqətdə də, Qurani-Kərimdə əllidən çox ayədə namaz (səlat) “iqamə” felinin müxtəlif şəkilləri ilə işlənmişdir. Bundan başqa, əksər ayələrdə “Namazı iqamə edin!” buyurulur. Bəli, “iqamə etmək” namazın daxili rüknləri olan qiyam, rüku və səcdəni yerli-yerində, düzgün, layiqincə yerinə yetirmək, bir mənada, “dinin dirəyi”ni ehtiyatla, diqqətlə qaldırıb yerinə qoymaq deməkdir.

Namazın iqaməsinin bir yönünü də tədili-ərkan təşkil edir. Namazda rüknləri düzgün, lazımınca yerinə yetirmək və vücud aram tapanadək gözləmək mənasına gələn tədili-ərkan Qurani-Kərimdə vurğulanmaqla yanaşı, bir çox hədisə istinad edən alimlər tərəfindən də vacib və ya fərz hesab olunmuşdur. Rəsuli-Əkrəmin (s.a.s.) namazı üsul və ədəbinə uyğun qılmayan bir şəxsə “Sən namaz borcunu ödəmədin, get, namazını iqamə et!” buyurması, bunu bir neçə dəfə həmin şəxsə təkrar etdirməsi və nəhayət, mükəmməl namazı ona şəxsən tərif etməsi bu qənaəti təsdiqləyən dəlillərdəndir.

O, iqamənin bir cəhətini də xüşu və hüdunun təşkil etdiyini söyləyir və bunu “daxili tədili-ərkan” istilahı ilə ifadə edir. Xüşu sevgi və qorxu hisləri ilə Allaha boyun əyməkdir, ürəkdən hörmət və itaət etməkdir. Hüdu Allahın əzəməti qarşısında təvazö ilə ikiqat olmaqdır, səmimi təslimiyyətdir. Xüşu və hüdu bir qulun Cənabi-Haqqın əzəmət, cəlal və qüdrəti qarşısında acizliyini və kiçikliyini düşünməsi ürəyinin sayğı və təzim hissi ilə döyünməsi, əməl və sözlərinin də bu hissə tərcüman olmasıdır. Qurani-Kərim də məhz bu əhval-ruhiyyə ilə namazı iqamə edənlərə və ibadətlərini yerinə yetirənlərə qurtuluş vəd etməkdədir.

Möhtərəm alim həmişə hüsnü-zənn bəsləsə də, zahirən dayaz görünən insanların daxilən dərin olmasına inansa da, bəzən namazı yola verənlərin aşkar görünən qeyri-ciddiliyini görür və çox üzülür. Çoxları “Fatihə”ni tələm-tələsik oxuyur, elə bil öz-özünə nəsə mızıldanır. Halbuki Quran bu şəkildə nazil olmamışdır və tələsik oxunan “Fatihə” ilə qılınan namaz həqiqi namaz deyildir. Ara vermədən, mənasını dərk etmədən surələri və kəlmələri bir nəfəsə oxuyub bitirmək qiraəti yerinə yetirməmək deməkdir. Rükuda aram-aram, kəlmələri aydın tələffüz edə-edə bir dəfə “Sübhanə Rabbiyəl-Azim” demək – bəzi alimlərə görə, – şərtdir. Bəzi alimlərə görə isə namazın səhihliyi üçün onu ən az üç dəfə təkrarlamaq lazımdır. Deməli, rüku və səcdədə təsbihləri ən az üç dəfə yavaş-yavaş və kəlmələri aydın tələffüzlə demək lazımdır. Təəssüf ki, bəziləri bir dəfə təsbih edəcək qədər də rüku və ya səcdədə qalmır.

İstəyirsən, gözünü yum, amma yırğalanma

Möhtərəm alim fikri dağıdan şeylərdən qaçmaq, Uca Ya­ra­danın qarşısında ehtiramla durmaq və ibadəti xəşyətlə ye­rinə yetirmək üçün namaz qılarkən gözləri yummaqda bir qəbahət görmür, hətta bəzi hallarda tövsiyə edir. Əslində, Allahın hüzurunda ola-ola gözucu da olsa, sağa-sola baxmaq və başqa şeylərlə məşğul olmaq namazın savabından oğurlamaq istəyən şeytana zəmin hazırlamaqdır. Əzəli düşmənə belə fürsət verilməsindən narahat olan alim bir gün qeyri-ixtiyari tanıdığı bir adamın namaz qılarkən ətrafına baxdığını görüncə çox kədərlənmiş və belə demişdir: “Bir adam havada uçsa (mənən uçmaq, kəramət göstərmək – red.) və məni ömür boyu kürəyində daşısa belə, əgər ilahinin hüzurunda gözlərini sağa-sola gəzdirdiyini görsəm, həmin adam o dəqiqə gözümdən düşər və artıq onun üzünə baxa bilmərəm. İnsan namaz əsnasında canamazın rəngini belə düşünsə, öz rəngini əsla tapa bilməz. Rənginizi tapmaq istəyirsinizsə, lazım gəlsə, gözlərinizi yumun!”

Onu narahat edən hallardan biri də bəzilərinin namaz qılarkən ah-uf etməsi, köks ötürməsi, inləməsi və qəribə səslər çıxarmasıdır. Əgər bütün bunlar təqvadan, ilahi cazibədən qaynaqlanırsa, qeyri-iradidirsə, heç bir qəbahət yoxdur və Allahın izni ilə də heç kimə xoşagəlməz görünməz. Ancaq bunun bir dərəcəsi var. Əgər bir adam belə bir vəziyyətə düşür, özündən gedir, vəcdlə inləyirsə, sonra ona: “Namaz qılarkən filan sözləri dedin, filan hərəkətləri elədin” – deyiləndə: “Doğrudanmı, mən heç nə xatırlamıram” – deyirsə, öz halından xəbərsizdirsə, yəni bu olanlar qeyri-iradi baş verirsə, heç bir qəbahət yoxdur. Əks halda hər cür fərqlənmək təhlükəlidir.

Bundan başqa, təklikdə namazı başdansovdu qılan şəxs başqasının yanında onu uzadır, aramla qılırsa, Allah qorusun, bu, xalis şirkdir. Yalqız olanda namazı uzadan şəxs başqalarının yanında qısa qılırsa, bu da riyadır. Çünki hər iki davranışda Haqqın deyil, insanların fikri nəzərə alınır, ixlasa xələl gətirilir. Ona görə də istər təkbaşına, istərsə də camaatla olsun, mömin namazını tədili-ərkanla qılmalı, başqalarının necə fikirləşdiyini nəzərə almamalıdır.

Digər narahatedici məsələ isə namazda yellənmək, yırğalanmaqdır. Böyük alim xüsusən, namazda yellənməyin əleyhinədir. Tabiuna: “Peyğəmbərimiz (s.a.s.) namazda Quran oxuyarkən başını tərpədirdimi?” – deyə soruşmuş, bəzi səhabələr: “Xeyr, biz Onun Quran oxuduğunu yalnız çənəsinin hərəkətindən bilirdik” – demişdilər. Namazda başı irəli-geri yelləmək və ya bədəni önə-arxaya yırğalamaq düzgün deyildir. Möhtərəm alim də bəzən dua edərkən yüngülcə sağa-sola meyil edir. Ancaq namazda və ya namazdan sonra Quran oxuyarkən yellənməyi doğru saymır, Həzrət Ömərin bu cür davrananlara qırmancı ilə dürtərək xəbərdarlıq etdiyini diqqətə çatdırır.

Təhəccüd müshəfi

Məlum olduğu kimi o, təhəccüd namazına çox əhəmiyyət verir və bunu həmişə vurğulayır. Hər namaz axirət həyatının bir parçasını işıqlandırır. Təhəccüd isə, bərzəxin azuqəsi, çırağıdır. Özü hər gecə bərzəx mənzilinə azuqə göndərdiyi kimi, sevənlərinin də o zülməti təhəccüd nuru ilə dağıtmasını diləyir. Bunun üçün uzun illər gecəyarısı məfkurə yoldaşlarını yuxudan oyadıb camaatla təhəccüd qılmağa adət etmiş, sonralar gecə oyanmağa alışmış dostlarını təkəllüfə salmamaq düşüncəsi və xətmlə, uzun-uzadı dua edərək namaz qılmaq arzusu ilə öz otağına çəkilib gecəni əhya etmiş, dostlarının isə yan otaqda camaatla namaz qılmasını istəmişdir. Ancaq neçə dəfə onların səsi ilə hüznlənmiş, dualarına amin demiş, divarın o üzündəki camaatın hislərinə şərik olmuşdur. Kiminin ağac başında, kiminin çadır altında bülbül kimi ötdüyü günlər və birlikdə qılınan namazların ardınca hər guşədən duaların yüksəldiyi vaxtlar – köhnə xatirələr hələ də gözlərinin qarşısındadır.

Quran oxumağın ən savablı yeri namazdır. Buna görə də təhəccüd və təravih namazlarını xətmlə iqamə edir. Namazını gücü çatdığı qədər ayaq üstə, çox narahat olanda isə oturaraq qılır, ancaq xətmlə qılmağı heç vaxt tərk etmir. Hətta bir xətmlə də kifayətlənmir. Biz bir neçə dəfə gizlicə təhəccüd müshəfinə baxıb hər təravihdə dörd cüz oxumasına şahid olmuşduq.

Qeyd edək ki, müxtəlif boy və ölçüdə olub hər vərəqinə iki, üç, dörd, beş səhifəlik ayə məcmuəsi yerləşdirilən və nafilə namazlarda unudulan yerlərə baxmaq və üzündən oxumaqla qiraəti daha uzun etmək üçün tərtib olunan Qurana “təhəccüd müshəfi” deyilir. O, təhəccüd müshəfini özü üçün fatih (imam qiraətdə çaşanda ona doğrunu xatırladan arxa cərgədəki adam) kimi daim mütaliə edir, güclü hafizəsinə baxmayaraq, unutduğu yer olanda dönə-dönə nəzərdən keçirir. Hafiz olmayanlara da yalnız nafilə namazlarda istifadə etmək şərti ilə qiyamda istədikləri qədər Quran oxumaq üçün təhəccüd müshəfindən istifadə etməyi məsləhət görür.

Fəlakət əsri və hacət namazı

Möhtərəm alim hacət namazını həmişə məsləhət görür. Çünki insanın ən böyük hacəti (istəyi) Allahın rizasını qazanmaqdır. Bir qul başqa heç bir şeyə möhtac olmasa belə, hər fürsətdə bu ehtiyacını dilə gətirməlidir. İkinci, bu gün Ümməti-Məhəmməd tarixinin ən qaranlıq dövrlərindən birini yaşayır. Bu əsr bir mənada tiranlar dövrünə dönmüşdür, torpaq bir ucdan firon bitirir. Dünənki barbarlar indi də təcavüzkar əməllərinə davam edirlər. Üstəlik, bu gün müsəlmanların Al­par­slanı, Səlahəddini, Nurəddini, Məlikşahı, Qılınc Arslanı da yoxdur. Bəli, din bu günədək varlığını qorumuşdur, amma neçə vaxtdır diyanət (dinin əməl yönü) isə layiqincə təmsil edilməmişdir. Axı dinin qiyməti diyanətlə, yəni onun yaşanması ilə və həyata tətbiq olunması ilə ortaya çıxır. Ancaq möminlər müasir fironların təzyiqləri üzündən öz dini inanclarını tam yerinə yetirə bilmirlər. Bu dərdli-ələmli vəziyyətdən qurtulmaq üçün hər gecə hacət namazı qılsaq, Cənabi-Haqqa dua edib yalvarsaq, azdır.

Məlumdur ki, vitr və sübh namazlarında ayaq üstə edilən dualara “qunut” adı verilmişdir. Rəsulu-Əkrəmin (s.a.s.) müx­təlif vaxtlarda və namazlarda fərqli-fərqli qunut duaları oxumasına dair hədislər vardır. İmam Şafi və İmam Malikə görə, qunut duası sübh namazının fərzində rüku ilə səcdə arasında qiyamda oxunur. Ancaq Əbu Hənifə həzrətləri qunut duasının fərz namazlarında müəyyən bir dövrdə oxunduğunu, sonralar isə nəsx olunduğunu deyir. Həzrət Əbu Hənifənin fikrincə, vitrdən başqa namazlarda qunut duaları oxunmur, ancaq bir fitnə, bəla və müsibət baş verdiyi zaman sübh namazının fərzində də qunut oxumaq olar. Hazırki dövrü fəlakət əsri hesab edən möhtərəm Xocaəfəndi daima hacət namazının əhəmiyyətini nəzərə çatdırmaqda, bəzən sübh namazlarında qunut oxumaqdadır. Mövzu ilə əlaqədar bir xatirəsini danışır:

“Bir gün bəzi dostlarımızı qonaq çağırmışdıq. Mərhum Osman Dəmirçi Xoca da qonaqların arasında idi. O vaxtlar həmişəki kimi sübh namazında yenə qunut duası oxudum. Qonaqlardan biri: “Siz hənəfisiniz, niyə qunut duası oxudunuz?” – deyə soruşdu. “Bildiyimiz kimi, Hənəfi məzhəbində bəla və müsibət zamanı qunut oxunur” – cavabını verdim. Qonağımız bir az duruxdu, çaşqın-çaşqın ətrafına baxdı. Baxışlarından “Hansı fəlakət?!” ifadəsi oxunurdu. Bu vaxt rəhmətlik Osman Xoca hüznlü bir səslə dilləndi: “Bu gün dinimizin ayaq altında payimal olmasından və müsəlmanların zülmlərə məruz qalmasından daha böyük fəlakət varmı? Vallahi, bu gün Məhəmməd ümməti böyük müsibətlərə düçar olmuşdur” – dedi. Bəli, hazırda yer üzünün çox yerində İslam və inananlar amansız bəlalarla üzləşmişdir. Belə dövrdə gecələrin səssizliyində qalxıb möhtac lisanı ilə Allaha yalvarmaq hər bir möminin borcudur”.

Onun diqqətçəkən dəyərləndirmələrindən biri də “səhv səcdəsi” ilə bağlıdır. Unudaraq namazın rüknlərindən birini gecikdirəndə və ya vacibi tərk edəndə namazın sonunda edilən iki səcdəyə “səhv səcdəsi” deyilir. O, namazdakı səhvlərin müxtəlif səbəblərdən qaynaqlandığını, kiminin dünya düşüncəsi ilə boğulduğunu, kiminin də ülvi aləmlərə dalaraq xəta etdiyini deyir, dolayısilə, səhv səcdəsi edənlər haqqında sui-zənn bəsləməməyə çağırır. O, Haqq dostlarının xətalarını “müqərrəbinin səhvi” adlandıraraq onu üxrəvi düşüncələrin və məfkurə mehvərli fikirlərin insanı alıb uca üfüqlərə aparması və ona zamanı, məkanı müvəqqəti unutdurması ilə izah etmişdir. Bu cür xətaların yüksək duyğulardan və üxrəvi düşüncələrdən qaynaqlandığını, bizim üçün bir fəzilət olduğunu xatırladır .

Onlar tələbə ola bilməzlər

Möhtərəm Xocaəfəndinin “dinin dirəyi”ni iqaməyə səy göstərməsi və onunla bağlı hər xüsusa həssas yanaşması haqqında verilən nümunələr qeyd etdiyimiz kimi həyati əhəmiyyətli bir məsələni diqqətə çatdırmaq üçündür. Əslində, onun namaz həssaslığı müs­təqil bir kitabın mövzusudur. Bu yazının qələmə alınmasına səbəb olan hadisənin və onun tənbehlərinin daha yaxşı anlaşılması üçün indiyə kimi deyilənlərə ümumi baxmaq zəruridir.

Keçən günlərin birində qonaqlarımızdan biri bəzi yoldaşlarımızın (sayı az olsa da) namaza diqqət etmədiyini, tədili-ərkan, xüşu və huduya fikir vermədiyini, kərahət vaxtlarında bir kəramət varmış kimi namazlarını vaxtın sonuna saxladığını, bəzən başdansovdu qıldığını dedi. Hətta ikindi vaxtı cammat savabı qazanmaq üçün məscidə getdiyini və camaatın gəlməsini gözləyərkən imamın ona yaxınlaşıb istehza ilə “Bir az da gözləyin, qoy kərahət girsin, bu evdə qalan tələbələr də gəlsin, camaat namazı qılarsınız!” dediyini və bəzi biganə insanlar üzündən bütün Quran carçıları haqqında sui-zənnə qapıldığını danışdı.

Həyatı namazlaşmış, hər fürsətdə namazdan söz açmış, səsinə səs verənləri həmişə ibadətdə kamilləşməyə çağırmış bir insanın bəzi sevənlərinin namaza laqeyd münasibətini eşitməsi və ya görməsi çox üzücü haldır. Onun nə qədər kədərləndiyini təsəvvür etmək çətin deyildir. Bu şikayətdən doğan kədər həm gələcək nəsihətləri eşitməyə, həm fikir memarının ibadət həyatını bir daha işıqlandırmağa sövq etdi məni. O anda iztirablı insanın dodaqlarından bu sözlər töküldü:

“İman və namaz eyni torpağın bəhrəsidir. Namaz imanın əkiz qardaşıdır. İman dinin və diyanətin nəzəri cəhətini təşkil edir. O nəzəri yönün möhkəmlənməsi və xarakterə çevrilməs isə ancaq namaz başda olmaqla ibadətlərlə mümkündür. Bu mənada, namaz praktiki imandır, iman da nəzəri namazdır. Dini ancaq vicdan məsələsi sayıb ibadət və itaəti qəbul etməyənlər əqidəcə özlərini dindar saysalar da, şirkdən qurtula bilməmişlər.

Bəli, namaz möminin imandan sonra ən önəmli məsələsi və saleh əməlin də ilk pilləsidir. Dinin qoyduğu qaydalar daxilində və müəyyən vaxtlarda yerinə yetirilməlidir: “Çünki namaz bəlli vaxtlarda möminlərə fərz qılınmışdır”. (“Nisa” surəsi, 4/103)

Xəndək döyüşündə düşmənlə qarşı-qarşıya gəlib ox yağışına tutulan müsəlmanlar ikindi namazını vaxtında qıla bilməmişdi. Rəsuli-Əkrəm (s.a.s.) gecikən namaza görə çox kədərlənmiş və “Səlati-vüsta”nı qılmağa imkan vermədilər. Allah da onların evlərinə və qəbirlərinə atəş doldursun!” - demişdi. Rəhmət və şəfqət Peyğəmbərinin bu sözləri vaxta riayət məsələsində möminlərə yol göstərmirmi?

Namaz möminin gündə ən az beş dəfə girib təmizləndiyi sonsuzluğa doğru axan tövbə irmağı, paklıq çeşməsidir. O, döyüş meydanında mücadilə anlarında belə yerinə yetirilən önəmli bir vəzifə, etibarlı bir sığınacaq, mühüm yaxınlıq vəsiləsi və ən qısa vüslət yoludur.

Abdullah ibn Ömər (r.a.) nəql edir: “Rəsulullahla (s.a.s.) birlikdə Nəcid tərəfinə hərbi səfərə getmişdik. Düşmənə çatanda cərgəyə düzüldük. Həmin anda namaz vaxtı girdi və Allah Rəsulu (s.a.s.) namaz qılmağa başladı. Əshabın bir qismi Onun arxasında durub namaz qıldı, bir qismi isə üzü düşmənə tərəf dayanıb gözlədi. Rəsulullah əshabla rüku və iki dəfə səcdə etdi. Səcdədən sonra namaz qılan səhbələri düşmənin önündə dayanan möminlər əvəz etdi. Onlar da gəlib Allah Rəsulunun arxasında səf bağladılar. Allahın Elçisi onlarla da birlikdə rükuya gedib iki səcdə etdi, salam verib namazı bitirdi. Ondan sonra səhabələr iki dəstə şəklində növbə ilə qiyama durub bir dəfə rüku, iki dəfə səcdə etməklə namazı tamamladılar”.

İnsanlığın İftixarının döyüş zamanı belə vaxt girər-girməz namaza yönəlməsi, düşmən hücumuna qarşı tədbirini görərək namazı hətta camaatla qılması imanlı könülləri ibadətə dörd əllə sarılmağa çağırmırmı? Qurani-Kərimdə bu məsələyə bir səhifə ayrılmasının, görəsən, hikməti nədir? (“Nisa” surəsi, 4/102) Dinimiz namaza bu qədər önəm verirsə, heç bir çətinliyi olmayan insanların laqeydliyi dinə ciddi yanaşmamaqdan, Allahın dəyər verdiyinə dəyər verməməkdən və biganəlikdən başqa bir şey deyildir.

Namazın şikayəti və icazələr (rüsxət)

İslamiyyət nəyə, hansı ölçüdə rüxsət vermişsə, hamısı məlumdur. Dinin hökmləri ilə oynamaq, yeni rüsxət et­mək mümkün deyildir. Namazı vaxtın axırına saxlamaq tən­bəl­lərin işidir. Bu gün vaxtın axırını gözləyənlər sabah fərz ibadətlərini tamamlayan sünnətləri də tərk edərlər. Bir gün də fərzin qol-qanadını qırarlar. Beləcə ortaya bir ayağı çolaq, bir qolu qırıq, bir qulağı qopuq namaz çıxar. Bu cür namaz da bərzəxdə şikəst halda sahibini qarşılayar və ondan şikayətçi olar. Həqiqətən, qiyamət günü insanın ilk düşməni rüku və səcdəsi tam yerinə yetirilməmiş namaz olacaq və sahibinin yaxasından yapışıb “Məni hədər etdiyin kimi, Allah da səni hədər etsin” deyəcək.

Xüsusilə, həyatını dinin əhyasına həsr etmiş insanlar iba­dətlərini, ələlxüsus da, namazı mükəmməl yerinə yetir­mə­lidirlər. Namazı vaxtın axırınadək gecikdirmək, tələm-tələsik yola vermək qulluq ədəbinə yaraşmadığı kimi, şəxsi mənəviyə xələl gətirər və təmsil gücünü zəiflədər. Bu da bütün camaatın hüququnu tapdalamaq, ümuminin haqqını tapdalamaq deməkdir. Bu cür biganəlik həm də görülən işlərin bərəkətini yox edər, çünki xeyirli işlərin bol bəhrə verməsi Allaha yönəlişdən asılıdır.

Digər tərəfdən “illah da rüsxətlər” deyilirsə, o rüsxətlər də yenə Rəsululahın ortaya qoyduğu meyarlar çərçivəsində olmalıdır. Məsələn, Hənəfi məzhəbində namazı nə vaxt iki rükət qılmaq və harada birləşdirmək məlumdur. Müsətəsna hallarla qarşılaşanlara bəzi xüsusi hökmləri tövsiyə etmək olar. Çünki şərtlər mövcuddursa, dinin qəbul etdiyi rüsxətləri tətbiq etməkdə bir qəbahət yoxdur. Onu da Allahın bir lütfü bilmək və tətbiq etmək lazımdır. Əks halda dini çətinləşdirmiş, caiz görülən bəzi rüsxətlərdən yararlanmamış olarıq. Elə isə möminlərin vəzifəsi rüsxətlərin çərçivəsini aşmamaq və həmişə dinin icazə verdiyi dairədə hərəkət etməkdir. Heç kim özündən qanun icad edə bilməz, xüsusi hallar üçün müəyyən olunan rüsxətləri ümumi və əsas qaydalar kimi götürə bilməz. Yoxsa, Allah qorusun, özləri də bilmədən bəzi rüsxətləri həyat tərzinə çevirmiş, fəri (ikinci dərəcəli) qaydaları əsas meyarlar kimi qəbul etmiş olarlar.

Zəmanəsinin alimi: “Əsla demə ki, mənim namazım hara, həqiqi namaz hara! Çünki bir xurma çəyirdəyi mənən xurma ağacı kimidir” – deyərək namaz qılarkən mənasını anlamayan və qəlbində hiss etməyən avam bir insanın belə əməl dəftərinə savab yazılacağını bildirmişdir. O deyir ki, bir xurma çəyirdəyindən ağaca qədər bir çox mərhələlər olduğu kimi, namazın da dərəcələri var, amma hər namaz ibadətin nurundan mütləq bir pay alır... Cənabi-Haqqın hər kəsin ibadətinə bir mükafat ehsan edəcəyinə şübhəm yoxdur. Lakin bu uzun qaralamada məqsədim bir xüsusu xatırlatmaq idi: Rəbbimiz biz qulların namazın həqiqətini, ruhunu və mahiyyətini qavrayaraq iqamə etməsini istəyir.

Əfvinizi istəyərək və dualarınızı umaraq bu fəsli də böyük mütəfəkkirin dilindən tökülən bir həqiqət incisi ilə yekunlaşdıracağam: “Əgər... bir məqaləni məsləhət görəsi olsaydım, “Yeşeren düşünceler”deki “Namaz” yazısının müəyyən vaxtlarda müzakirəsini tövsiyə edərdim”.

[1] Osmanlı sarayında yüksək təhsil və tərbiyə verən təşkilat, məktəb.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.