Yalan xəbərlər

Qərb ölkələrində yalan xəbərin yayınlanmasına görə tətbiq olunan cəzalar çox ağırdır. Bu, cəmiyyətin vicdanının zədələnməməsi və mühafizəsinə xidmət edir.

Gündəlik həyatda yalan söyləyən insanları, sadəcə, qınayaraq onlara öz etirazını bildirən Qərb ölkələri media vasitəsilə yayılan yalan məlumatlar mövzusunda heç kimə güzəştə getmirlər. Çünki onlar “Bir adam yalan danışarsa, özünə zərər verər. Amma media yolu ilə cəmiyyətə ötürülən yalan bütün bəşəriyyətə zərər vurur”,- anlayışına sahibdirlər.

Görünür, bu səbəbdən Qərb ictimaiyyəti ölkəni idarə edənlərin yanlış qərarlar verməsinə səbirli yanaşsalar da, hökumətin yalan söyləməsini və bunun media vasitəsilə yayılmasını qəbul etmirlər. Çünki yalanın bir ölkəyə və cəmiyyətə verdiyi zərərlərin acı təcrübəsini yaşayıblar.

İnsan həqiqəti dediyi üçün ölsə, bir dəfə ölər. Ancaq yalan üzərində inşa edilən həyat daima ölüm qorxusu ilə yaşayar. Çünki hər yalan ayrı bir ölümdür.

Son zamanlar Türkiyə mediasında yer alan yalan xəbərlər cəmiyyətdə böyük yaralar açmaqdadır. Hətta bəzi yaraların sağalması üçün onlarla il tələb olunacaq. İnsanlar arasına ayrılıq, nifrət salan elə hiyləgər yalanlar yazılır ki, həmin məlumatların əsli ancaq illər sonra ortaya çıxacaq. Həqiqətlər ortaya çıxdıqdan sonra belə, açılan yaraların bağlanması elə də asan olmayacaq.

Bu gün Türkiyə mediasında yer alan yalan xəbərlərin bənzərləri 1997-ci il və sonrakı illərdə də yayınlanmışdı. O vaxtlar hərbçilərin nəzarətində olan mediada mühafizəkar insanların əleyhinə hər gün yeni bir yalan xəbər çıxırdı. İşin əslini bilməyən xalq isə, əvvəlcə, bunlara inanırdı. Ancaq daha sonra hər kəs deyilən və yazılanların həqiqəti əks etdirmədiyinin şahidi oldu. İllər sonra yazılan böhtan və yalanların 1997-ci ildə insanların həyatının necə qaraltdığı məlum oldu. Bu gün vaxtilə həmin yalanları yazanlar artıq jurnalistliklə məşğul ola bilmirlər. Hələ də yazmağa davam edənlərə isə əvvəllər yazdığı yalan xəbərlər xatırladılır.

Bu günlərdə də 1997-ci ildəki kimi yalan xəbərlər yazılmaqdadır. Amma budəfəki yazılar “mühafizəkar media mühafizəkar insanlara qarşı yazır” şəklində qələmə verilir. İqtidaryönlü media “Könüllülər hərəkatı”na (“Hizmet”) qarşı hər cür yalan xəbər yayınlanmaqdan çəkinmir. Ortaya çıxan məlumatlardan məlum olur ki, kəşfiyyatçıların da köməyi ilə həqiqəti əks etdirməyən xəbər yazmaq artıq adi hala çevrilib. Hərəkat mənsubları bu gün 1997-ci ildəki yalan xəbər vasitəsilə edilən hücumlarından dəfələrlə çoxuna məruz qalırlar.

Yalan xəbərlərdə yazılanların nə bir sübutu, nə  də bir təsdiq edən sənədi var. Bu tip xəbərlərin mürəkkəbi qurumamış yalan olduğu aşkara çıxır. Hətta bəzi AKP-li nazir və millət vəkilləri belə, “bu qədər də olmaz”, deyərək iqtidaryönlü mediada yer alan böhtan yazılara qarşı çıxırlar.

Əlbəttə, 1997-ci ildə yaşananlar kimi bunlar da keçər. O vaxtlar yalan xəbərlərlə günahsız insanların həyatını qaraldanlar bu gün orada - burada adının hallanmaması, unudulması üçün çalışır. Hazırda yalan yazmağa davam edənləri də bu aqibət gözləyir.

Sel suları çəkildikdən sonra ortaya çıxan dəhşətli mənzərə kimi yalanlar, böhtanlar da bir gün ortaya çıxacaq. Məhz bu səbəbdən biz də daxil olmaqla bütün media nümayəndələrinin yazdığı yazılar yaxşı və ya pis, bir gün qarşına çıxacaq. Ona görə daha sonra utanılacaq işlər görməmək lazımdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.