Fəthullah Gülən və fəlsəfəsi 27 sualda - 1

Son vaxtlar İsrailin Fələstinə tətbiq etdiyi embarqonun yarılması fonunda baş verən gərginlik və bu fonda İsrail-Türkiyə münasibətlərinin son dərəcə gərginləşməsi Qərb mətbuatında böyük fikir və mənəviyyat adamı Fəthullah Gülənə istinadların sayını artırdı. Şərq ölkələrinin bütün mənəviyyat və siyasət adamlarından fərqli mövqe nümayiş etdirərək "müsəlman bütün vəziyyətlərdə müsbət hərəkət etməlidir" mesajını verməsi dünyada ciddi reaksiyalarla qarşılandı və hətta ABŞ-ın nüfuzlu mətbu orqanları ard-arda yaşadığı Pensilvaniya ştatındakı evdən reportajlar müsahibələr aldılar. Reportajların təhlili onu göstərir ki, Qərb dairələri bu böyük mütəfəkkirin fikirlərinə ən ekstremal vəziyyətlərdə belə ehtiyac duyurlar, bu da məncə, Qərbin fikir adamlarına rasional yanaşma qabiliyyətini bir daha ortaya qoyur. Təəssüf ki, bizim itirdiyimiz dəyərlərimizdən biri də budur: hadisələrə emosional deyil, rasional yanaşmaq qabiliyyəti, hadisələrin mənəvi tərəfini mənəviyyat adamlarından deyil, siyasət adamlarından soruşmaq tələskənliyi...

Elə buna görə də hadisələrin belə bir gərgin dövründə əlimiz okeanın o tayında yaşayan fikir adamına çatmasa da, qardaş ölkədə yaşayan fikir əqidədaşlarına çatdı. Onlardan biri Əli Ünaldır. Onunla İstanbuldakı kitab dolu iş otağında görüşüb əsasən Azərbaycan ictimai rəyində maraq doğuran suallara cavab olmaq istədik. Daha aydın olsun deyə Əli bəyin qısa tərcümeyi-halı: 1955-ci ildə Türkiyənin Uşak şəhərində anadan olub. Atatürk Universiteti Ədəbiyyat Fakültəsi İngilis Dili və Ədəbiyyatı bölməsini bitirib. Bir müddət pedaqoji fəaliyyətlə məşğul olub, 1980-ci ildən sonra mətbu orqanlarda yazılarla çıxış etməyə başlayıb, tərcümələrlə məşğul olub. Dörd il "Yeni Ümid" və "The Fountain" jurnallarının yayın redaktoru kimi çalışıb. Türkiyədə və ondan kənarda araşdırmaçı-yazar və tərcüməçi kimi tanınıb. Ömrünün böyük bir hissəsini Quranın tərcüməsi və təfsirinə həsr edib. İngilis, ərəb və orta səviyyədə farsca bilir. Əsərlərindən bəziləri: "Allah Kəlamı Qurani-Kərim və şərhli tərcüməsi", "The Quran with Annotated Iterpretation", "Məkkə - Rəsulların Yolu İslam", "Təməl qanunlar Hz.Əli çağımızda qadın problemi", "Quranda təməl anlayışlar", "İslam, Elm, İnsan və Tarix: bir portret", "Baramadan kəpənəyə - zamandan tarixə" və s. Məni onunla müsahibəyə sövq edən əsas amil onun ideoloji inanc sisteminə malik insan olmasıdır. İnancını təkmilləşdirərkən Bədiüzzaman Səid Nursinin əsərlərindən daha çox təsirlənib, həmişə əsərlərində İslamın kamil din hesab edilməsi və ideologiya halına gətirilməməsi fikrini müdafiə edib. İslami cərəyanların dünya həyatına aktiv mövqeyə gəlməsinin vacibliyini, təsəvvüfün inancda vacib amil olmasını irəli sürüb. Onun fikirincə, modernizm və müasir mədəniyyət milli dəyərləri əritməməlidir, insan və tarix fəlsəfəsi dünyanı anlamaq üçün əhəmiyyətlidir. Ona ünvanladığımız suallar bir neçə yazı şəklində gedəcək və bu suallar Fəthullah Gülənin dinə, insanlararası münasibətlərə, dövlətə, hakimiyyətə yanaşmalarının fəlsəfəsini açır. Əli Ünalla 27 sual ətrafında məna yüklü məsələlər haqqında danışacağıq. Allah zehin açıqlığı versin.

Fəthullah Gülən və fəlsəfəsi 27 sualda - 1

Sual: Fəthullah Gülənin şəriət dövləti, dini dövlət qurmaq istəmədiyini haradan bilək? Bu məsələ ilə bağlı şübhələri necə aradan qaldırmaq olar?

Cavab: Birincisi, insanların niyyətini oxuya bilmərik, niyyətləri oxumağa çalışsaq, kefimizə görə, istənilən adamı mühakimə edə, istənilən adama şübhə damğası vura bilərik. Fəthullah Gülənin şəriət dövləti, dini dövlət qurmaq istədiyinə dair bir bəyanı yoxdur. Nə onun 50-ə yaxın əsərində, yüzlərlə söhbət və xütbə kasetlərində, verdiyi müasahibələrdə belə bir bəyana rast gəlinmiş, nə də onun düşüncə və inanc xəttinə yaxın milyonlarla insandan belə bir bəyan eşidilmişdir. Fəthullah Gülən 72-ci yaşına qədəm qoyur. Necə olur ki, bu yaşa qədər onun söhbətlərindən, əsərlərindən və düşüncə, inanc və davranış baxımından ona yaxın milyonlarla insanın söz, yazı və fəaliyyətlərindən yalnız bir neçə adam belə bir "niyyət" sezmiş, belə bir "məqsəd" hiss etmişdir. Gülənin tövsiyələri ilə müxtəlif din, dil, irq və coğrafiyaya aid 100-dən çox ölkədə açılan təhsil müəssisələrində 25 ilə yaxın bir dövrdə sözügedən qayəyə uyğun hərəkət və fəaliyyətlər müşahidə edilməmişdir. Bu qədər aşkar həqiqətlər ola-ola Fəthullah Gülənlə bağlı hələ bir sıra şübhələrin olması nə ağıla sığır, nə də məntiqə.

Sual: İnsanların axirətini qurtarmaq üçün niyə təhsil yolu seçildi. Bu, haradan qaynaqlanır, hansı dini əsaslardan ilham alır?

Cavab: İnsan başqa varlıqlardan fərqli olaraq, zehni və qəlbi-ruhi qabiliyyətlə dünyaya gəlir. Zehni qabiliyyət təxəyyül, təsəvvür, təfəkkür, təzəkkür (zikr etmə), mühakimə, izan (zəka, bəsirət, idrak), etiqad, təsdiq kimi bölmələrə, qəlbi-ruhi qabiliyyət isə qəlb, ruh və Müsəlman sufilərin sirr, xafi, əxfa[1] adlandırdığı daha dərin lətifələrə malikdir. Bundan əlavə, o, kompleks hislərə, vicdana və onun mexanizmlərinə daxil olan iradəyə sahibdir. Belə istedad və qabiliyyətlərlə təchiz edilmiş insan dünyaya heç nə bilmədən gəlir. Həmçinin onda həyatın davam etməsi üçün zəruri olan arzu və ehtiyacların mərkəzi – ehtiras (arzular və istəklər) mexanizmi, özünümüdafiə mexanizmi, müsbət və mənfi görünüşə malik bir çox xüsusiyyətlər vardır. Məsələn, kin, həsəd, inad, eqoizm və s. İnsan, heyvan deyil, istəsə də ola bilməz. Çünki heyvanın iradəsi yoxdur, həyatı, arzuları məhduddur. Ağlı və tam şüuru olmadığına görə insan kimi keçmişin əzablarını, bu günün qorxusunu, gələcəyin narahatlığını yaşamır; o, yalnız yaşadığı anı hiss edir. Amma insan, belə deyil. Bütün bu xüsusiyyətlər insan həyatının başlanğıcdan sonadək təlim və tərbiyə ilə bağlı olduğunu göstərir. Məhz insanın dünya həyatı kimi, axirət həyatının da xilas olması onun təlim-tərbiyəsindən asılıdır. Təhsilsiz insan pis əməllərdə ən vəhşi heyvanları belə çox geridə qoyur. Tarix buna şahiddir. İnsan məhz təhsillə həqiqi insana çevrilir və Cənnətə layiq olur.

Sual: Son iki-üç ildə bu qədər zidd fikirlərə baxmayaraq, Fəthullah Gülənə marağın artması və onun hər tərəfdə, hətta xristian ölkələrdə belə fikirlərinin araşdırılması nə ilə izah olunur?

Cavab: Zidd çıxışlar Türkiyə mərkəzli olaraq, xalqa və xəlqi dəyərlərə düşmən olan çox kiçik bir zümrədən qaynaqlanır və dolayısı ilə, nə Türkiyədə əksəriyyətə təsir gücü var, nə də dünyada bir şey ifadə edir. Çünki bu çıxışlar heç bir obyektiv, hüquqi, məntiqi və əqli əsasa söykənmir. Bunun əksinə, xüsusilə 100-dən çox ölkədə açılmış məktəblərin, bu məktəblərdə çalışan insanların və bir sıra qurumların ortaya qoyduğu insanmərkəzli fəaliyyətlər artıq bütün dünyanı istər-istəməz Fəthullah Gülənin düşüncə sistemini, fəaliyyətlərini, anlayışının təməl faktorlarını araşdırmağa sövq edir. Yəni artıq Xocaəfəndi özünü isbat etmiş bir insan olaraq, bir mütəfəkkir, alim, qəlb və zehin memarı olaraq bütün dünyanın diqqət mərkəzindədir. Get-gedə çoxistiqamətli böhrana yönələn və dolayısilə, axtarışlarda olan dünyamız Güləni bu gün keçdikcə daha yaxından anlamağa çalışır. Bütün bunlar onun daha çox araşdırılmasına gətirib çıxarır.

Sual: Cill Carrollun yazdığı kitabı analiz edərkən daha əvvəlki bəzi İslam alimlərinin (Mövdudi kimi) idarə və siyasət mərkəzli fikirlər irəli sürdüyünü, Fəthullah Gülənin isə "fərdlərin imanı" məsələsini əsas götürdüyünü qeyd edirsiniz. Bu məqamı daha geniş necə açıqlamaq olar?

Cavab: İslam dünyası bir neçə əsrdir, iqtisadi, siyasi və hərbi sahələrdə düşdüyü vəziyyətdən çıxış yolları axtarır. Bu axtarışlar içində modernist axınlar, İslamçı adlanan cərəyənlar və tamamilə təsəvvüfə əsaslanan axınlarla yanaşı, Xocaəfəndinin təmsil etdiyi ağıl-qəlb bütünlüyünü, düşüncə-iman-aksiyon mehvərini, zehinlərin elmlə, qəlblərin inanc və ibadətlə işıqlanmasını, insanların əxlaqi dəyərlərlə süslənməsini istəyən və bu yolda heç bir təmənna ummadan bütün insanların dadına çatmağı əsas götürən bir axın da var. Modernistlər İslamı modernləşdirməyi və ya onda islahat apararaq tez-tez dəyişən şəraitə uyğunlaşdırmağı əsas götürmüşdür. Açıq-aşkar görünür ki, zaman, şərtlər və dolayısilə, yönəlişlər daim dəyişdiyi üçün belə bir xətt, yol nəinki İslam adından müsbət izlər buraxmayacaq, hətta mənəvi böhran keçirən insanlara, dünyaya bir fayda verməyəcək. Yəni modernistlər hər dövrdə böhranlara səbəb olan vəziyyətlərin, axınların mövcud halını əsas götürürlər. Buna görə də onların dünyaya müsbət bir şey verməsi mümkün görünmür. İslamçı kimi xarakterizə edilən axın isə, istər insanlığın, istərsə İslam dünyasının problemlərinə daha çox ictimai-iqtisadi-siyasi yöndən yanaşmış, Müsəlmanların bu sahələrdə tənəzzül etdiyini, dolayısilə, bu sahələrdə dirçələ biləcəyini irəli sürmüşlər. Bu gün bu düşüncə və iddia da özünü doğrultmamış, artıq sıradan çıxmışdır. Təsəvvüfi axınlar isə ancaq mənəvi-ruhi tərbiyə verə bilir, halbuki ağıl da təmin olunmaq, dünyəvi, iqtisadi-ictimai-siyasi məsələləri həll etmək istəyir. Xocaəfəndi isə, insanın zehin, qəlb və hissinə bir bütöv kimi səslənir, təhsili əsas götürür, insanın digər bütün problemlərinin həllini ancaq sabit zehni-qəlbi-ruhi dirçəlişi və hissi-iradi tərbiyəni ehtiva edən təhsil modelində görür, ən azı problemlərin həlli üçün belə bir təhsilin təməl təşkil etdiyini düşünür. Buna görə də, onun düşüncələri və yol xəritəsi getdikcə daha çox insanın diqqətini çəkir. Çünki o, insanda sabit, qalıcı və dəyişməz xüsusiyyətlərə, bütün insanları birləşdirən ortaq dəyərə – insanlığa xitab edir.

Sual: Fəthullah Gülən hərəkatına görə, Orta Asiya və Qafqazın əhəmiyyəti nədir? Niyə iman xidmətlərinin ilk mərkəzi kimi Azərbaycan seçildi?

Cavab: Bu gün bir mədəniyyət dünyaya hakimdir; bu mədəniyyətin bir sıra müsbət cəhətləri və bəzi faydaları olsa da, mənfi tərəfləri çoxluq təşkil edir və bəşəriyyətə bir çox yöndən zərər verir. Başqa sözlə, dünya müharibələrinə, regional savaşlara gətirib çıxarır, ölkələr və insanlar arasında iqtisadi bərabərsizliyə, gəlirlərin qeyri-bərabər bölgüsünə, dolayısilə, təbəqələr arası qarşıdurmalara, kapitalizm, sosializm, faşizm, kommunizm kimi bir-birinə zidd ideologiyaların doğulmasına səbəb olur və bütün bunlardan da betər ruhi-mənəvi böhranlar doğurur. Bu mədəniyyətin mərkəzi, beşiyi Avropa və ABŞ-lı Qərbdir. Yəni insanlığın bu günü və gələcəyi naminə bu mədəniyyətin mənfi tərəflərini aradan qaldıracaq, yanlışlarını düzəldəcək, onun müsbət dəyərlərini öz müsbət dəyərləri ilə birləşdirəcək şümullu yönəlişə ehtiyac var. Bu yönəliş isə, istər tarixi, istər siyasi-coğrafi, strateji mövqeyinə, istərsə inkişaf potensialına görə ilk növbədə Orta Asiya və Qafqazda gerçəkləşə bilər. Artıq dünyanın uzaqgörən təhlilçi alimləri Asiyadakı dəyişmənin fərqinə varmaqda və mədəniyyətlər qarşıdurması yerinə mədəniyyətlər dialoqundan bəhs etməkdədir. Xocaəfəndi isə bu gedişatı neçə illər əvvəl sezmişdi. Bundan əlavə, Türkiyənin dünyaya ən mühüm qapısı Qafqaz və Orta Asiyadır və Azərbaycan başda olmaqla, bütün Qafqaz və Orta Asiya ilə möhkəm tarixi, mədəni, hətta inanc və dil bağlarına sahibdir. Hər halda hər bir insan yardımlaşmağa, bir araya gəlməyə, bir hədəfə yürüməyə, əməkdaşlığa, kədər və sevinci bölüşməyə əvvəlcə ən yaxınlarından, qardaşlarından və digər qohumlarından başlayır. Məhz Türkiyə ilə Azərbaycan, digər Qafqaz ölkələri və Orta Asiya arasında belə bir yaxınlıq və yaxın qohumluq vardır.



[1] İnsanda göz, qulaq kimi maddi əzalarla yanaşı sirr, sirrin sirri, xafi, əxfa adlı mənəvi cihazlar var. Bunlar qəlbin saflaşması ve mənən təkamülü ilə əldə olunan dərəcələrdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.