Fəthullah Gülən və fəlsəfəsi 27 sualda - 2

Ötən həftədən başlayaraq tanınmış araşdırmaçı yazar Əli Ünalla apardığımız silsilə müsahibələr yayınlanmağa başlayıb. Son vaxtlar gərginləşmiş İsrail-Türkiyə münasibətləri fonunda yazara ünvanladığımız 27 sualda Fətullah Gülən hərəkatının mahiyyətini ehtiva edən məsələlər, böyük fikir adamının dinlərarası münasibətlərə yanaşması, din-terror əlaqələrinin mümkünlüyü, dünyada baş verən siyasi proseslərə müsəlmanların yanaşmaları kimi məsələlər müzakirə predmeti olub. Sözü çox uzatmadan yazarın növbəti altı suala cavabını təqdim edirik.

Sual: Əməli cihad və nəfsi cihad mövzusu; bəziləri qarışdırır, bəzən terror təşkilatlarına dəstək verir, onlara qoşulurlar. Odur ki, bəziləri Bin Ladeni bir qəhrəman gözündə görürlər. Bu mövzu ilə bağlı Fəthullah Gülənin fikirləri əsasında indiki siyasi vəziyyətə görə nə deyə bilərsiniz?

Cavab: Cihad sözü hərfi mənasına görə əzəmi (maksimum) səy göstərmək deməkdir. Anlayış kimi isə, bir müsəlmanın Allaha layiqincə qul olmaq üçün bütün varlığı ilə, malı ilə, canı ilə cəhd göstərməsi deməkdir. Bu cəhd və səy bəzi şərtlər daxilində döyüşü də tələb edir, buna görə də döyüş mənasında da istifadə olunmuşdur. Amma döyüş Quranda "qital" kəlməsi ilə ifadə olunur; dolayısilə, cihad təkcə döyüş, döyüş də cihad üçün mütləq şərt deyildir; bəzən döyüş cihadın bir forması olur.

Peyğəmbərimiz (s.ə.s.) bir müsəlman hərbi dəstəsi səfərdən qayıdarkən və ya Onunla birlikdə bir döyüşdən gələrkən: "İndi kiçik cihaddan böyük cihada dönürük," - buyurmuş, "Böyük cihad nədir?" deyə soruşanlara da: "Nəfslə cihad!" cavabını vermişdi. Allah Rəsulu mühacirləri təsvir edərkən: "Müsəlman digər müsəlmanlara əli və dili ilə zərər verməyən insandır. Mühacir də Allahın qadağan etdiklərinə əməl edən insandır," - buyurmuşdu. Bu məzmunlu hədislərdən aydın olur ki, İslam hökmləri ilk növbədə özünəxas cəhətə, məsələn, Allaha ibadət etmə kimi xüsusiyyətlərə malikdir. Və sözügedən hədislər bir həqiqəti də əxz edir: bütün bu hökmlərlə insanın təlim-tərbiyə edilməsi, şər əməlləri əmr edən, insanı şəhvətə, zülmə, çirkaba sürükləyən nəfsin pis xislətdən əl çəkib xeyirxahlaşması, gözəlləşməsi məqsədi də vardır.

Bu halda cihad ilk növbədə nəfsə, mənfi duyğulara, məhdudiyyət və təlim-tərbiyə istəyən impulslara, pis xüsusiyyətlərə qarşı həyata keçirilməlidir. Bu cihad hər kəsə hər vaxt lazımdır və əsasdır. Kiçik cihad isə, nəfslə mübarizə, başqa insanları öz nəfsləri ilə mübarizəyə çağırma, nəsihət vermə, kömək etmə, bu məqsədlə haqq və həqiqəti izah etmə, haqq və həqiqətin təbliğinin mümkünlüyü, insanları pisliyi əmr edən nəfsin və pisliyi əmr edən nəfsə çevrilmiş kəslərin zülmündən xilas olması üçün səy göstərmə deməkdir. Bu iki cihad birlikdə yerinə yetirilməlidir. Biri digərinə həm dəstək olar, həm də xidmət edər və bir-birini tamamlayar.

İslamı həqiqətən anlayan müsəlmanlardan terrorçu çıxacağına ehtimal vermirəm. Terror məsələsi xüsusi izah tələb edən mövzudur. Bəlkə də, adı müsəlman olsa da, İslamla yoğrulmamış, böyük problemləri olan, istismara "əlverişli" bəzi sadəlövh müsəlmanlar terror təşkilatları tərəfindən istifadə edilir ya da bəziləri şantaj, təhdid, zorakılıqla bu yola düşməyə məcbur edilir. Yoxsa cihadın terrora vasitə, istinadgah edilməsi, terrora dəstək kimi başa düşülməsi yolverilməzdir.

Sual: Fəthullah Gülən Bin Ladeni İslamın imicinə zərbə vurduğu üçün günahlandırır. Bu məqamda hansı arqumentlərə əsaslanır?

Cavab: İnsanlar zahirə görə hökm verirlər. Xocaəfəndi Bin Ladeni tez-tez mediada əksini tapan çıxışlarına, rəftarına, ən azı öz adından törədilən hadisələrə, ona istinad edilən çıxışlara etiraz etməməklə baş verənləri təsdiq etməsinə, həm İslamiyyət, həm də 1,5 milyarda yaxın müsəlmanın adına çox pis nümunə ortaya qoyaraq onları dünya ictimaiyyəti qarşısında utandırmasına, qısaca İslama, müsəlmanlara və İslamla, müsəlmanların əli ilə bəşəriyyət üçün edilə biləcək və edilməli xidmətlərə mane olduğuna görə günahlandırır.

Sual: Fəthullah Gülən illər əvvəl "İslam dünyası adlı bir dünya yoxdur"-demişdi...

Cavab: Bu ifadəyə "İslam dünyası" tamlaması ilə baxmalı, yəni "dünya"nı onu tamlayan "İslam" sözü ilə bir yerdə götürməliyik. Təbii ki, hər yerdə gözəl müsəlmanlar, İslamı doğru anlayıb doğru yaşamağa çalışan fərdlər var. Lakin əksəriyyəti belə müsəlmanlardan ibarət, İslamı tam şəkildə təmsil edən, bütün işləri İslama istinad edərək görən, İslama görə formalaşan, İslamla şəkillənən bir dünya, çox təəssüf ki, bu gün yoxdur.

Sual: Fəthullah Gülən hərəkatına yanaşmada nə kimi rasional korrektlərin baş verdiyini görürsünüz?

Cavab: Bildiyiniz kimi, dünya Xocaəfəndiyə istinad edilən fəaliyyətləri çox yaxından izləyir; xüsusilə, təhsil yönümlü fəaliyyətləri bir nümunə, bir model kimi görür. Məsələyə qərəzsiz yanaşan hər kəs həm təhsil, həm də xoşgörü və dialoq fəaliyyətlərini mənimsəyir və qəbul edir. Bu fəaliyyət haqqında universitetlərdə, elmi dairələrdə araşdırmalar aparılır, kitablar yazılır, simpoziumlar təşkil edilir, bəzi universitetlərdə kürsülər qurulur.

Sual: Dünya bu hərəkatı necə tanımalıdır? İctimai rəydə əsas məqsəd nədir?

Cavab: Biz "olduğu kimi görünən və göründüyü kimi olan" insanlarıq, həmişə də belə olmalıyıq. Biz, əlhəmdülillah, mömin və müsəlmanıq. Mömin əmniyyət insanı deməkdir, etimad insanı deməkdir. Bizim birinci xüsusiyyətimiz hər kəsə əmniyyət və etimad təlqin etmək olmalıdır; biz əmniyyət və etimadın təmsilçiləriyik. Heç kimi aldatmarıq; hər kəsin yaxşılığını düşünər, bunun üçün çalışarıq. Müsəlmanın mənası da dilindən və əlindən heç kəsə zərər gəlməyən şəxs deməkdir. Biz bu güvən və etimadın ilk növbədə İslami dəyərlərlə mümkün olacağına inanırıq. Böyük bir mütəfəkkirin dediyi kimi, İslamiyyət insaniyyəti-kübra, yəni ən böyük insanlıqdır. Biz Allaha qulluq vəzifəsini insanlığa xidmətlə birləşdirən, ikisini də vacib sayan insanlarıq. Biz tarixdə peyğəmbərlərlə təmsil edilən yolun yolçuları olmağa çalışırıq. Bəşəriyyəti bir ailə, dünyanı bu ailənin evi, özümüzü də bu ailənin fərdləri, bu ailənin digər üzvləri ilə bağlı mükəlləfiyyətləri olan fərdlər kimi görürük. Dünya da bizi belə bilməlidir.

Sual: Son vaxtlar bəzi Qərb dairələrində Gülən hərəkatı "türkçülük" fəaliyyəti kimi təqdim edilir. Fəaliyyətin qeyri-türk dövlətlərində milliləşdirilməsi, həmin ölkələrin xalqlarına mənimsədilməsi necə həyata keçirilməlidir? Nə etmək lazımdır ki, bu fəaliyyət hər kəsin davası kimi qəbul edilsin?

Cavab: Bu fəaliyyət, əlbəttə ki, ümumbəşəridir, ümumbəşəri dəyərlərə əsaslanır, ümumbəşəri məfkurəsi var, çünki bütün bəşəriyyətə xitab edir. Ancaq tarixə baxanda da hər ümumbəşəri fəaliyyət dünyanın müəyyən bir yerində başlamışdır. Hər fəaliyyətin, bu fəaliyyət ümumbəşəri də olsa, bir nüvə heyəti və mühiti, bir məkanı var. Məsələn, İslamiyyət Məkkədə Qureyş qəbiləsində dünyaya gələn bir insan, yəni Peyğəmbərimiz (s.ə.s.) tərəfindən başladılmış və sonra da hər etnos, irq, dil və coğrafiyaya mənsub insanları əhatə etmiş, təməl və ümumbəşəri dəyərlər əsasında müxtəlif mədəniyyətlərin meydana gəlməsinə zəmin hazırlamışdır. Bunun kimi, Gülən hərəkatıda Türkiyədə, onun bir şəhərində başlamış, dalğa-dalğa yayılmışdır və yayılmaqdadır. Hər ölkədən ona dəstək olan, könül verən, bəyənən, heç olmasa qarşı çıxmayan, düşmənçilik bəsləməyən insanlar sahib çıxacaq, onu ümumbəşəri dəyərlər fonunda öz coğrafiyalarına xas boya ilə boyayacaqlar. Bu da, əlbəttə ki, hər coğrafiyanın ona sahib çıxması ilə mümkündür ki, bu sürəc də artıq başlamışdır. Hər ölkədən fəaliyyətə qatılanlar ona sahib çıxır, məsələn, məktəblərdə idarəçi və müəllim kimi, mediada yazar, proqramçı və s. kimi xoşgörü-dialoq fəaliyyətlərində iştirak edərək xidmət edirlər. Bu, belə davam edəcək və fəaliyyət hər ölkənin təməl dəyərləri əsasında həmin ölkəyə xas keyfiyyət qazanacaq. Buna da bir az vaxt lazımdır.