Fəthullah Gülən və fəlsəfəsi 27 sualda-3

Tanınmış araşdırmaçı yazar Əli Ünalla apardığımız silsilə müsahibələr davam edir. Onunla söhbətimizi 27 sual ətrafında quraraq möhtərəm Fəthullah Gülənin müəyyən məsələlərə yanaşmaları, onun haqqında cəmiyyətdə gəzən söz-söhbətlər, Gülən hərəkatının mahiyyəti, dünyada baş verən siyasi proseslərə müsəlmanların yanaşmaları kimi məsələlər haqqında gəzişmələr edirik. Bu dəfəki müsahibədə 12-16-cı suallarımızı cavablandırır. Növbəti yazımızda görüşənədək...

Sual: Deyilənlərə görə, Fəthullah Gülən vəhbi elmə (Allah vergisi) malikdir. Bunun əlamətləri nə vaxt və necə ortaya çıxdı?

Cavab: Allahın hər qulunda - hətta heyvanlarda belə vəhbi elm var. Məsələn, heyvanlar bu vəhbi elmlə həyatını davam etdirərlər. Müasir elm təəssüf ki buna "impuls" dediyi üçün onu həqiqi mahiyyətdə dərk edə bilmirik. Halbuki heyvanlar Cənabi-Allahın verdiyi biliklə, yəni vəhbi elmlə həyatını davam etdirirlər. Üstəlik də vəzifələrini tam yerinə yetirirlər. Dolayısilə, heyvanlar bəzi xüsusiyyətlərinə görə insanlardan çox daha irəlidədir. Məsələn, arının hazırladığı balı, ipəkqurdunun toxuduğu ipəyi insanlar toxuya bilmir, onlar buna qadir deyillər. Arının da, ipəkqurdunun da elmi vəhbidir - Allah vergisidir.

Həmçinin, Cənabi-Allah (c.c.) hər insana ilham verir, vəhbi elm bəxş edir. Lakin biz bunu "ağlıma gəldi, içimdən keçdi...!" kimi sözlərlə ifadə edirik. Üstəlik ağlımıza gələn, içimizdən keçən şeylərin Allahdan, yoxsa şeytandan olduğunu ayırd etməkdə çətinlik çəkə bilərik. Bunu ayırd etmək isə vəhbi olmayan elmə, yəni dini, düzü, səhvi bilməyə bağlıdır. Bu isə "kəsb" adlanan fəaliyyəti və öyrənməyi tələb edir. Cənabi-Allah çox vaxt bu səmimi niyyətli işin səmərəsi kimi vəhbi elmi bəxş edir. Həmçinin qəlb təmizliyi, ruh saflığı, günahlardan uzaqlıq, gözəl əxlaq, kin, düşmənçilik, pislik, həsəd kimi duyğuları daşımama, ibadətlərə davam etmə kimi amillərə də vəhbi elm bəxş edilir. Xocaəfəndi kimi böyük bir şəxsiyyətdə - milyonlarla insanın əqlinə və qəlbinə təsir edən bir insanda, təbii ki, belə bir elm olmalıdır və var da. Onun vəhbi elmi bir yandan Haqq Təalanın hər kəsə verdiyi ehsan və nemətdir, bir yandan da kəsbi, yəni səyi, çalışması, oxuyub öyrənməsi, qəlbinin təmizliyi, ruhunun saflığı, günahlardan uzaq olması, gözəl əxlaqı, ibadətlərdə həssaslığı ilə bağlıdır, bütün bunların səviyyəsindədir.

Sual: Bir az köhnə, şəxsi məsələyə qayıdırıq. Fəthullah Gülənin ailə qurmaması..

Cavab: Xocaəfəndi həyatını bəşəriyyətə həsr etmiş, öz işlərinə vaxt tapa bilməyən insanlardan biridir. Həyat yoldaşı, uşaqları olsa idi, bəlkə də, çiynindəki bu vəzifəni tamam-kamal yerinə yetirməkdə çətinlik çəkərdi. Amma Peyğəmbərlər evlənsələr də, vəzifələrini layiqincə yerinə yetirmişlər. Həmçinin peyğəmbərlər hər sahədə rəhbərdir, buna görə də evlənib ailə başçısı, yəni ata, baba və həyat yoldaşı kimi insanlara rəhbərlik edir, ailə məsələlərində lazımi hökmləri tətbiq edirlər. Bu Peyğəmbərlik vəzifəsinin tələbidir. Bununla yanaşı, peyğəmbərlərdən də Hz. İsa və Hz. Yəhya (ə.s.) kimi evlənməyənlər də olmuşdur. Onların missiyası bunu tələb edirdi. Evlənməyə ehtiyac hiss etsələr də, ehtimal ki, bu ehtiyacın təmininin yalnız dünyəvi və şəxsi xarakter daşıdığı üçün evlənməməyə üstünlük vermişlər.

Xocaəfəndi özü buna bir dəfə cəhd göstərdiyini, lakin sonra əbədiyyən vaz keçdiyini deyir. Xocaəfəndi olduqca utancaq, İslamın, Müsəlmanların və bəşəriyyətin dərdini çəkməkdən öz dərdini dinşəməyə imkan tapmayan bir insan kimi evlənməyi düşünməmişdir.

Sual: Fəthullah Gülən bəzi əsərlərində Türk milləti, Osmanlı kimi amilləri dönə-dönə vurğulayır ki, bu da bəzən yanlış anlaşılır. Bu necə başa düşülməlidir?

Cavab: İslamda millətçilik yoxdur, qadağan edilmişdir. Lakin insanın vəzifəsi əvvəla ana-ata, uşaqlar, qohum-əqrəbadan - ən yaxından başlayır və halqavari şəkildə genişlənir. Həmçinin insanın qanbir yaxınlarını sevməsi təbiidir. İslam bunu qadağan etməmişdir. Ancaq sevgidə birinci əsas qohumluq, qan bağlılığı deyil, inancdır, fəzilətdir. Əksəriyyət etibarilə Türk milləti, xüsusən də, Osmanlı Allahın bir lütfü olaraq əsrlərlə İslamı layiqincə təmsil etmiş, getdiyi hər yerə mədəniyyət aparmış, insanlıq aparmışdır. Tarix buna şahiddir. Onlar həm yaxşı Müsəlman, həm də əxlaqlı, dürüst, bəşəriyyətə xidmət edən bir xalq kimi sevilməyə, çağdaş insanlara nümunə göstərilməyə layiqdir. Digər tərəfdən Xocaəfəndi də bu millətə mənsubdur, yəni bu millət qan birliyi, qohumluq baxımından da onun bir fərdi - Xocaəfəndi tərəfindən də sevilməyə layiqdir. Məhz buna görə Xocaəfəndi tez-tez onlardan bəhs edir, örnək verir.

İkincisi, hər bir rəhbərin vəzifəsi öz soyundan və millətindən başlayır. Və bu zaman onun fəzilətli ata-babalarından, öz millətinə mənsub insanlardan bəhs etməsi, nümunə göstərməsi, xitab etdiyi insanlara "Siz belə bir millətin övladları, belə ata-babaları olan insanlarsınız, dolayısilə, onlar kimi olmağa çalışın!" deməsi təbiidir. Yoxsa Xocaəfəndidə əsla irqçilik, millətçilik yoxdur.

Sual: Bədiüzzaman Səid Nursi əsərlərində üç mühüm vəzifədən bəhs edir. Sizcə, Fəthullah Gülən bunlardan hansını yerinə yetirir?

Cavab: Bunu demək çətindir. Hər fəaliyyət ağıl və qəlbdə başlayır, oradan da həyata əks olunur. Xocaəfəndi də həmişə ağıla və qəlbə xitab etmişdir. Onun xitabı bir çox könüllünü təhsil və dialoq fəaliyyətinə səfərbər etmiş, onlar da onun düşüncələrini bu istiqamətdə müəyyən səviyyədə həyata keçirmiş və keçirməkdədirlər. Bu səbəbdən üç vəzifə, üç vəzifə haqqında təsnif aparmaq çətindir. Qaldı ki, bütün vəzifələrin təməli və ruhu inancdır, imandır, əxlaqdır.

Sual: Fəthullah Gülən "Qəlbin zümrüd təpələri"ndə ali duyğu və hislərdən danışır ki, o, əvvəllər Ustadın bu duyğuları yaşayaraq yazdığını söyləmişdi. Xocaəfəndi də bu mövzudan əhatəli şəkildə bəhs edir. Buradan belə bir nəticəyə gəlmək olarmı ki, o da həmin duyğu və hisləri şəxsən yaşamışdır?

Cavab: Bəli, "Qəlbin zümrüd təpələri" yüksək və dərin duyğulardan bəhs etsə də, romantik hislərlə qarışdırılmamalıdır. "Qəlbin zümrüd təpələri" qəlbin mərifət səfərinin xəritəsidir. Burada qəlb də, zehin də, duyğular da İlahi mərifət və məhəbbətə yönəlmişdir. Risalələrdə bunlar xüsusi mövzu kimi təqdim edilmir, yeri düşdükcə mərifət şəklində anılır. Xocaəfəndi bunu müəyyən meyarlar çərçivəsində sistemləşdirir. Ustad sözügedən xüsusları "bir mərifət balı" kimi təsvir etsə də, Xocaəfəndi "Qəlbin zümrüd təpələri"ndə onların hüdudlarını müəyyənləşdirir, dərinliyinə təmas edir, elmi əsaslarını ortaya qoyur. Ustad da, Xocaəfəndi də eləmədiyini söyləməz, bilmədiyini danışmaz. Əlbəttə, ikisi də bildiyini, yaşadığını, elədiyini dilə gətirir. Belə ki, Ustadın da, Xocaəfəndinin də yolu yalnız təsəvvüf yolu deyil. İslamiyyətin ilk illərində təsəvvüf prinsipləri yox idi. Xocaəfəndinin "Qəlbin zümrüd təpələri"ndə bəhs etdiyi məsələlər İslamın mahiyyətinə xas mənəvi, ruhi cəhətlərin bir mənada sistemə salınmış formasıdır. Təsəvvüf ümumiyyətlə yalnız qəlbi, qəlb "səfərini" xarakterizə edir. Xocaəfəndi isə Ustad kimi zehnə də, qəlbə də, nəfsə də əhəmiyyət verir, onu izah edir. Hər birini öz çəkisi ilə dəyərləndirir. İslamın mənəvi-ruhi cəhəti olan təsəvvüf insanları həmişə cəzb etdiyinə və gələcəyin maddiləşən dünyasında daha böyük əhəmiyyət daşıyacağına görə Xocaəfəndi "Qəlbin zümrüd təpələri"ndə onu hərtərəfli və elmi aspektdən, yaşanan bir təcrübə kimi şərh etmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.