Fəthullah Gülən və fəlsəfəsi 27 sualda-5

Tanınmış araşdırmaçı yazar Əli Ünalla apardığımız müsahibənin sonuna gəldik. Ona dövrümüzün böyük fikir adamı Fətullah Gülən haqqında 27 sual ünvanlayaraq maraqlı cavablar aldıq. Suallarımız fikir adamının dini fəlsəfəsi, həyata baxışı, bəzi ideoloji-siyasi məsələlərə yanaşmalarını ehtiva edirdi. Fəthullah Gülənin bütün fəlsəfəsini dərindən araşdırmış, bu haqda bir çox əsərlərin müəllifi olan Ə.Ünal 27 sualın cavabında özünəməxsus yanaşma sərgiləyərək maraqlı cavablar verdi. Bu dəfəki yazıda onun 23-27-ci suallarımıza cavabını təqdim edirik və silsilə yazılarımızı bununlada yekunlaşdırırıq.

Sual: Eşitdiyimizə görə, Fəthullah Gülən “Sızıntı” və “Yeni Ümid” jurnallarının bütün yazılarını oxuyur, bu, doğrudur?

Cavab: Bəli, doğrudur. “Yağmur” jurnalı da daxil, müəlliflərə və yazılara hörmət əlaməti olaraq hər bir yazını oxuyur, hətta bəzi yazıları bir neçə dəfə təkrar oxuduğunu şəxsən özündən eşitmişəm.

Sual: Kitabınızda Fəthullah Gülənin altı mötəbər hədis kitabına üçünü də əlavə edərək onların sayını doqquza çıxardığını qeyd edirsiniz. Bunu izah edə bilərsinizmi?

Cavab: Bunu hansı kitabda yazdığımı dəqiq xatırlamıram. Xocaəfəndinin də özbaşına belə bir şey etməsi mümkün deyil. Bəlkə də, bir həqiqəti demək istəmişəm: Əhli-Sünnəyə görə, Buxari və  Müslimin “əl-Camius-Səhih” əsəri, Tirmizi, Əbu Davud, Nəsayi və İbn Macənin “Sünən” adlı səhih hədis toplusu ən mötəbər hədis kitablarıdır. Bunlara əlavə olaraq, Dariminin “Sünən”i, Əhməd ibn Hənbəlin “Müsnəd”i və İmam Malikin “Muvatta”sı da səhih hədis qaynaqlarına daxil edilmiş və bu 9 hədis kitabı daha məşhur olmuş, daha böyük etibar qazanmışdır. Bəlkə də, bu məqama təmas etmişəm.

Sual: “Anadolu insanına comərdlik hissini aşılayan Xocaəfəndidir” deyirlər. O, bunu necə həyata keçirdi?

Cavab: İslam comərd, səxavətli olmağa böyük dəyər və əhəmiyyət verir. Hədisi-şərifdə comərd insanın bəzən günaha düşsə də, Allaha yaxın olmasından, xəsis insanın isə çoxlu ibadət etsə də, Allahdan uzaq olmasından bəhs edilir. Qurani-Kərimin bir çox ayəsində comərdlik, səxavətlilik “infak” adı altında alqışlanmış, “infak” comərdliyin ən aşağı həddi olan zəkatla birlikdə fərz buyurulmuşdur. Başda Peyğəmbərimiz (s.ə.s.) olmaqla Səhabeyi-Kiramın comərdliyi, sonrakı müsəlmanların əliaçıqlığı, Səlcuqlular və Osmanlılar dövründə vəqflər, imarətxanalar, külliyyələr, miskinxanalar, xanələr və karvansaraylarla göstərilən səxavət dillər əzbəridir. Çox səxavətli bir insan olan Xocaəfəndi bu tarixi ənənəni tez-tez vurğulayaraq, diqqətə çatdıraraq, anladaraq xalqımızın comərdlik duyğularını hərəkətə gətirməyə və bu hisləri İslamın, Türkiyənin, bəşəriyyətin xidmətinə yönəltməyə çalışmışdır. İnsanın vəzifəsi bunu yerinə yetirməkdir, nəticəni verən Allahdır. Xocaəfəndi vəzifəsini yerinə yetirdi, insanlara comərdlik duyğusunu verən və onları bu duyğu istiqamətində hərəkətə keçirən Cənabi-Allahdır (c.c.). Əlbəttə, Xocaəfəndi ilə yanaşı, bir çox insanın da fəaliyyətdə xidməti, təsiri olmuşdur. Lakin Xocaəfəndi bu mövzuda Peyğəmbərimizin sünnəsinə bağlı bir sistem qurmuş, Peyğəmbərimiz kimi, Allah yolunda xüsusən də müəyyən münasibətlərlə insanları comərdliyə səsləmiş, insanlar da tərəddüdsüz infak edərək bu gün dünyanın hər tərəfinə yayılan fəaliyyətlərin (xidmətlərin) maddi dəstəyini təmin etmişlər.

Sual: “Fəthullah Gülənin bütün fikirlərinin ilham qaynağı Risaleyi-Nurdur” demək mümkündürmü?

Cavab: Risaleyi-Nur, xüsusən İslami düşüncə, iman, ruhi-mənəvi həyat və əxlaq baxımında Quranı əks etdirən mükəmməl bir güzgüdür. Həmçinin fiqh, hədis, təfsir kimi İslam elmlərinin meyarlarını, demək olar ki, təzədən müəyyənləşdirmiş, mənəvi-ruhi həyatın “dinamizm”lərini bir daha izah etmiş, bununla yanaşı, ictimai və İslami həyatın prinsiplərini yenidən sərf-nəzər etmişdir. Əlbəttə, Xocaəfəndi kimi bir insan belə qiymətli əsərə biganə qala bilməzdi. Ancaq Xocaəfəndi bununla yanaşı klassik hədis, təfsir, fiqh, siyər, tarix kitablarından və müasir əsərlərdən də yararlanmış, onların əksəriyyətini mütaliə etmişdir.

Sual: Fəthullah Gülən “Təsəttür İslamın 5 şərtinə və imanın 6 əsasına daxil olmayan füruat məsələsidir” deyir. Bunu izah edə bilərsinizmi?

Cavab: Gəlin bunu bir ağacı misal verərək izah edək; ağacın kökü, gövdəsi, budaqları, budaqlarda açan çiçəkləri, yarpaqları, meyvələri var. Bunun kimi, İslamiyyət ağacının da kökləri vardır. Elə "Üsul" istilahı lüğəvi mənasına görə “kök” deməkdir. Bunlar imanın əsaslarıdır. Ağacın gövdəsi İslamın əsasları və ya şərtlərindən ibarətdir. Bunların xaricində qalan hökmlər füruata daxil olur, bu da budaqlar deməkdir. Təsəttür də bu füruata, yəni budaqlara aid hökmlərdir. İmanın əsaslarına, İslamın beş şərtinə aid deyil. Hökmün fürüata aid olması onun əhəmiyyətsizliyi mənasına gəlmir, ancaq kök və gövdə qədər əhəmiyyətli deyildir. İmanın altı və İslamın beş şərti, təbii ki, digər hökmlərdən daha üstündür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.