Bəxtiyar Vahabzadə: “Hər gecə xalqım üçün dua edirəm”

Son vaxtlar səsi az eşidilir, az-az görünür.

Darıxdıq, görüşüb hal-əhval tutmaq istədik. Telefonda xəstə olduğunu söylədilər. Növbəti dəfə zəng edəndə özü ilə danışa bildik. Sağalması üçün dua edib, görüş üçün zaman istədik. O da yaxşı olarsa, çərşənbə axşamına söz verdi. Çox şükür, əhvalı yaxşı oldu, evində bizi qəbul etdi və iki saata yaxın şirin söhbət elədik.

Zaman: Necəsiniz, Bəxtiyar müəllim? Arada xəstələnmişdiniz deyəsən, keçmiş olsun.

Bəxtiyar Vahabzadə: Elədir. Bir az soyuqlamışdım, indi yaxşıyam.

Zaman: Dostlar zəng edirlərmi, görüşürsünüzmü?

Bəxtiyar Vahabzadə: Sağ olsunlar, zəng eləyib halımı soruşan çoxdur. Dost məsələsinə gəldikdə isə, biz üç dost olmuşuq: Xudu Məmmədov, Nurəddin Rzayev və mən. Xudu tez getdi.

Zaman: Bir Əhməd Şimide də var axı?

Bəxtiyar Vahabzadə: O, milliyyətcə almandır. Təhsil almaq üçün Türkiyəyə gedib və türkləri o qədər sevib ki, olub bir türk sevdalısı. Məscidə gedib İslam dinini qəbul edib, Əhməd adını da İslamı qəbul etdikdən sonra götürüb. Alman adı Hans Peterdir.

Zaman: Bəxtiyar müəllim, nə üzərində işləyirsiniz, təzə nəyiniz var?

Bəxtiyar Vahabzadə: İrihəcmli bir şey yaza bilmirəm, gücüm çatmır. Əlimdə bir neçə şeirim var.

Zaman: Bir vaxtlar sizin sandıq ədəbiyyatınız haqqında danışılırdı. Bəs indi necə? Sandıqda bir şey varmı?

Bəxtiyar Vahabzadə: Yox. Nə var, hamısını üzə çıxarmışam. Mənim davam xalqımın azadlığı, dövlətimin müstəqilliyidir. Allaha çox şükür, bu arzuma çatmışam. Ona görə də indi sandığa yığılacaq bir şey də yoxdur.

Zaman: Övladlarınızdan, nəvələrinizdən yolunuzu davam etdirən varmı?

Bəxtiyar Vahabzadə: Yoxdur. Bir oğlum arada 5-6 hekayə yazdı, sonra keçdi diplomatiyaya.

Zaman: Nəvələrdən necə?

Bəxtiyar Vahabzadə: Xeyr. Allaha şükür ki, yoxdur.

Zaman: Bəxtiyar müəllim xoşbəxt adamdırmı?

Bəxtiyar Vahabzadə: Xoşbəxtlik nisbi söhbətdir. Mən Allahımdan çox razıyam. Allaha qurban olum, mənə sağlam can verdi, yaxşı övladlar verdi, nəvələr verdi, şairlik verdi, ardınca çox şeylər verdi. Bunlar çox böyük nemətlərdir, nə qədər şükür etsəm, azdır. Ancaq ürəyimdə elə dərdlər var ki, xatırlamaq belə istəmirəm.

Zaman: Bir uşaqlıq xatirəniz var, kitabda da yazmısınız: atanızı sizin yanınızda vurublar, kişi yıxılıb.

Bəxtiyar Vahabzadə: Heç gözümün qabağından getmir. Onda 11, ya 12 yaşım vardı. O anda özümə söz verdim ki, böyüyüb bu qisası alacağam. Amma almadım.

Zaman: Niyə?

Bəxtiyar Vahabzadə: Çünki mən Şəkiyə qayıdıb, o adamı görəndə gözləri tutulmuşdu, bədbəxt, rəzil bir halda idi. Qarşısında durub dedim ki, məni tanıyırsanmı? Əvvəl tanımadı, tanışlıq verdim və o hadisəni xatırlatdım. O mənim uşaqlıq xatirəmə qara bir ləkə kimi düşmüşdü, amma indi miskin halda qarşımda dayanmışdı. Qisas almadım. Çünki Allah onun cəzasını vermişdi. Amma heç bağışlamadım da.

Zaman: Siz hələ sovet dövründən türkçü kimi tanınmısınız. Bu gün necə?

Bəxtiyar Vahabzadə: Mən onda da özümü türk hesab eləmişəm, indi də. Yunus Əmrə bu gün bizə Anadolu türklərindən daha yaxındır, daha anlamlıdır. Yəni bizim kökümüz birdir, biz o birliyə doğru getməliyik.

Zaman: Bəxtiyar müəllim, türk ədəbiyyatından ən çox kimləri sevirsiniz?

Bəxtiyar Vahabzadə: Ən çox sevdiyim Mehmet Akif Ərsoydur. Amma mənə çoxları deyib ki, zahiri görünüşdən də, yazdıqlarımızdan da Nəcib Fazil Qısakürəklə bir yaxınlığımız, oxşarlığımız var. Bunu Türkiyədə bir neçə dəfə mənə dedilər. Mən onda hələ Nəcib Fazili oxumamışdım. “Çilə”sini aldım, şəklinə baxdım, gördüm həqiqətən də mənə oxşayır. Kitabı oxudum, deyilən yaxınlığı orada gördüm.

Zaman: Türkiyə ilə Azərbaycan arasında, heç olmasa, ədəbi inteqrasiya məsələsinə necə baxırsınız?

Bəxtiyar Vahabzadə: Mən təkcə ədəbiyyat sahəsində deyil, bütün sahələrdə yaxınlaşmağı, inteqrasiyanı arzulayıram. Bu gün Türkiyədə Türk Dünyası Akademiyası təsis olunmalıdır. O akademiyada türk xalqlarını və dövlətlərini təmsil edən riyaziyyatçılar, fiziklər, kimyaçılar, ədəbiyyatçılar, tarixçilər birgə çalışmalıdırlar. Yəni artıq türk xalqlarının ortaq elmi terminologiyası yaradılmalıdır. Türkiyə türkcəsinin türk xalqları arasında ümumi ünsiyyət dili kimi qəbul olunması məsələsinə baxılmalıdır. Məncə, bu məsələ qaçılmazdır. Mən bir özbək dostumla rus dilində danışıram. Bir dəfə etiraz elədim, dedim ki, gəl türkcə danışaq, özbək də mənə dedi ki, bilirəm niyə elə deyirsən. Gəl, cığatayca danışaq. Həqiqətən də, bu məsələ çox mühüm məsələdir və gərək bu yöndə qətiyyətli addımlar atıla.

Zaman: Bu gün dünyanın yüzə yaxın ölkəsində türk liseyləri fəaliyyət göstərir. O liseylər Azərbaycanda da var, Qazaxıstanda da, Qırğızıstanda da, Tatarıstanda da, Avropada da, Amerikada da, Yaponiyada da, Rusiyada da, Afrikada da, Avstraliyada da.

Bəxtiyar Vahabzadə: Bilirəm. Onlar çox böyük işlər görürlər. Fəthullah Gülən böyük şəxsiyyətdir. Mən bu məktəblər barədə fikrimi burada da, Türkiyədə də dəfələrlə söyləmişəm. Mən görmüşəm ki, bu liseylərdə təhsil alan fransalı, rusiyalı uşaqlar Mehmet Akifin şeirlərini türkcə oxuyurlar. Onda söylədim ki, bu liseylər türk dünyasının sabahına xidmət edir.

Zaman: Dünyada qloballaşma prosesi gedir. Ölkələr, xalqlar bir araya gəlirlər, eyni qanunla idarə olunurlar. Biz də dünyanın bir parçası kimi bu prosesə qoşulmağa məcburuq. Sizcə, bu proses bizə nə verəcək, bizdən nə alacaq?

Bəxtiyar Vahabzadə: Milli dəyərlərimizi qorumasaq, qloballaşma bizim üçün fəlakət olar. Hara gedirsən-get, hara üz tutursan-tut, öz əxlaqının, öz mənəvi dəyərlərinin təəssübünü çəkməlisən, onlarla yaşamalısan. Əxlaqından qopan xalq kökündən uzaqlaşır, özündən uzaqlaşır və dönüb olur yarım-yapalaq bir şey. Biz dünya ilə ayaqlaşmalıyıq, ancaq dəyərlərimizdən də vaz keçməməliyik. Əgər Türkiyə Avropa Birliyinə daxil olmaqla türklüyündən uzaqlaşırsa, mən bunun əleyhinəyəm. Türkiyə qüdrətli dövlət olmalıdır, o ancaq keçmişin üzərində inkişaf edərsə, güclənər, böyüyər.

Zaman: Türkiyənin dilində də ciddi dəyişikliklər var.

Bəxtiyar Vahabzadə: O gün yanıma bir qrup türkiyəli gənc gəlmişdi. Söhbət əsnasında biri dedi: “Uje işlərim düzəlib”. Mən də dedim ki, dilimizi korlayan sözlərdən istifadə etmə. Bu gün türkiyəlilərin müəllim əvəzinə, öyrətmən deməsini, danışanda pardon, mersi işlətmələrini heç cür qəbul edə bilmirəm.

Zaman: Heç imtina etmək istədiyiniz əsərləriniz varmı?

Bəxtiyar Vahabzadə: Var. Buna görə də mən onları yeni kitablarıma daxil etmirəm.

Zaman: Bəxtiyar müəllim nədən qorxur?

Bəxtiyar Vahabzadə: Mən də qorxuram. Allaha yalvarıram ki, məni pis günə düşməkdən qorusun. Bir insan kimi ətrafımda, həyatımda mühüm yer tutan çox şeylərimi itirməkdən qorxuram. Qorxu, məncə, insanda normal hissdir. Doğrusu, bir az da ölümdən qorxuram.

Zaman: Hara səyahət etmək istəyirsiniz?

Bəxtiyar Vahabzadə: Türkiyəyə. Ora gedən kimi də ilk olaraq, Məmməd Əmin Rəsulzadənin, sonra isə Mehmet Akif Ərsoyun məzarlarını ziyarət edirəm.

Zaman: Dünyanın hər üzünü görmüş ustad şairimiz Bəxtiyar Vahabzadə üçün dünyanın dadı nədir?

Bəxtiyar Vahabzadə: Dünyanın dadı insanlar arasında qarşılıqlı hörmətdir, ehtiramdır. Dünyanın dadı dini düşüncə ilə, imanla bilinir. Dinsiz adamdan nə desən gözləmək olar.

Zaman: Milli dəyərlərə xüsusi önəm verirsiniz. Bu mövzuda nə kimi qüsurlarımız var? Nəyimiz çatmır?

Bəxtiyar Vahabzadə: Yaponlar əmələ də “koto” deyirlər, sözə də. Yəni yapon üçün verilən söz görülən iş kimidir. Məsuliyyətlidirlər, sözdə ciddidirlər. Bizdə isə biri ilə saat 6-da görüşməyə danışırsan, 7-də gələ, ya gəlməyə. Dəqiqlik, sözündə dürüst olmaq mühüm keyfiyyətdir.

Zaman: Bir də Qarabağ kimi dərdimiz var.

Bəxtiyar Vahabzadə: Heç demə. Bu AB-di, Minsk Qrupudu, nə bilim nədi, hamısı boş-boş şeylərdir. Qeyrət özümüzdə olmalıdır, millət ayağa qalxıb öz torpağını geri almalıdır. Ondan-bundan mərhəmət diləmək, kimlərdənsə yardım gözləmək doğru deyil. Azərbaycan öz torpağını özü almağı bacarmalıdır.

Zaman: Deyirlər ki, kişi ağlamaz.

Bəxtiyar Vahabzadə: Yalan sözdür. Kişi insan deyilmi? İnsan niyə ağlamasın axı?

Zaman: Bəxtiyar Vahabzadə axırıncı dəfə nə vaxt ağlayıb və niyə ağlayıb?

Bəxtiyar Vahabzadə: Tez-tez ağlayıram, bəlkə də, hər gün ağlayıram. Niyəsinə gələndə, o qədər səbəb var ki... Son illərdə çox kövrəlmişəm, hərdən baxdığım filmdən, oxuduğum kitabdan da kövrəlib ağlamağım olur.

Zaman: Allaha dua edirsinizmi? Dua edəndə nə istəyirsiniz?

Bəxtiyar Vahabzadə: Hər gecə yatmazdan əvvəl kəlmeyi-şəhadətimi deyirəm. Sonra da deyirəm ki, ey qurban olduğum Allah, mənim millətimə rəhm eylə, bizə lütfünü, bərəkətini nəsib eylə. Dövlətimizi dünyanın ən güclü dövlətlərindən birinə çevir. Hər gecə, beləcə, xalqımız və dövlətimiz üçün Allaha dua edirəm.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.