Bir insan görmədim ki, çıxıb “Bu məktbələr zərərlidir” desin!

Bir insan görmədim ki, çıxıb “Bu məktbələr zərərlidir” desin!

Fəthullah Gülən Xocaəfəndi Türk məktəblərindən əcnəbilərə şikayət edildiyini eşidəndə qəddinin büküldüyünü, Cənabi-Allaha sığındığını söylədi.

Dağıtmaq arzusunun insaf hüdudlarını aşdığını bildirən Xocaəfəndi: “Dünyanın dörd bir tərəfinə mədəniyyətimizi, dinimizi aparan bu insanların fəaliyyətlərini görməzliyə vurmaq nankorluqdur. Günəşin üzünü palçıqla örtmək olmaz. Nə edirlər etsinlər, bu uzaqgörən və bəsirətli toplum hər şeyi görür və bilir”, − dedi. Hizmət ərənlərinin ümidsizliyə qapılmamalı olduğunu vurğulayan Gülən millətimiz, hətta bütün bəşəriyyət naminə görülən işlərin, Allahın izni və inayəti ilə, davam edəcəyini, bu karvanın yolundan qalmayacağını söylədi. Xocaəfəndi Gəzi hadisələri ilə bağlı da fikirlərini bölüşdü: “Demokratik tələblər və ətraf-mühitin mühafizəsi niyyətilə məsumanə şəkildə başlayan aksiyalar keçirildi. Tolerant yanaşmaq olardı. Gedib, nəbzini ölçmək, “Dərdin nədir?” demək mümkündü. Tam əksinə, zor işlədərək yatırdılar. Orada tikiləcək bir AVM (Alış-veriş mərkəzi) bir damla qana dəyərdimi?”

Ankarada səfirlərin toplantısında “Görüşdüyünüz insanlara bu “örgüt” haqda ətraflı məlumat verin!” dedilər, yəni bir mənada, səfirlərə xaricdəki məktəblərdən şikayət eləmək təlimatı verdilər. Bu haqa nə demək istərdiniz?

Dünyanın dörd bir tərəfindən gələn şikayət xəbərlərini eşidəndə qəddim bükülür, Cənabi-Allaha pənah aparıram. Təəssüf ki, dağıtmaq arzusu insaf sərhədlərini aşmışdır. Bu müəssisələr Anadolu xalqının böyük fədakarlıqları ilə qurulub. Türkiyədə, demək olar ki, hamı bu məktəbləri gəzib görüb. Sağçı da, solçu da, millətçi də, dindar da, ateist də... AKP-li də, CHP-li də, MHP-li də, BBP-li də, SP-li də, BDP-li də... Toplumu meydana gətirən, demək olar ki, bütün kəsimlər... Bir insandan eşitmədim ki, çıxsın “Bu məktəblər zərərlidir” desin, “Bağlayaq!” desin. Nə məntiqi, nə də siyasi − heç bir kriteriyə və arqumentə əsaslanıb bu məktəblərin əleyhinə çıxmaq mümkün deyildir.

Məktəbləri açan dostlar maddi-mənəvi mənfəət ummadan gediblər. Oralara Anadolu xalqının əngin insan sevgisini aparıblar. Tolerantlığını aparıblar. Ümumbəşəri dəyərlərimizi aparıblar. Dünyanın dörd bir tərəfinə mədəniyyətimizi, dilimizi aparan bu insanların fəaliyyətlərini görməzliyə vurmaq nankorluqdur. Günəşin üzünü palçıqla örtmək olmaz. Nə edirlər etsinlər, bu uzaqgörən və bəsirətli toplum hər şeyi görür və bilir. Bəlkə də, bu fəaliyyətlərə mane ola, onun işığını söndürə bilmədiklərinə görə hədyan (cəfəngiyyat) danışırlar. Yersiz çırpınırlar.

Bu karvan Allahın izni ilə yarı yolda qalmayacaq

Siz Türkiyəni xaricdən könüllü lobbilərlə dəstəkləməsəniz, qloballaşan dünyada bu ölkənin təkbaşına, dünya dövlətlərindən qopmuş vəziyyətdə dik dayanması mümkün olmaz. Bundan sonra təkcə Türkiyə deyil, heç bir dövlətin təkbaşına davam gətirməsi mümkün deyil. Türkiyənin dünyanın hər yanında onu sevən və simpatiya bəsləyən insanların dəstəyinə ehtiyacı var. Cahanşümul sülhün bərqərar olması üçün xalqların bir-birini tanıması, bir-birini başa düşməsi bir zərurətdir.

Bu xeyirxah fəaliyyətlərin biganəlik görməsindən, əcnəbilərə şikayət edilməsindən üzülür və iztirab çəkirəm. Bütün bunlara baxmayaraq, biz, bundan əvvəl olduğu kimi, bundan sonra da daim xarakterimizə sadiq qalacaq, hər kəsə ehtiram göstərməyə çalışacağıq. Üç-beş günlük dünya üçün kəm danışmayacaq, könül qırmayacaq və hər kəsi sevgiyə səsləyəcəyik. Bədiüzzamanın: “İllərlə çəkdiyim əza və cəfalar, məruz qaldığım işgəncələr, sinə gərdiyim müsibətlər − hamısı halal olsun! Səksən illik həyatımda dünya zövqü dadmadım. Bütün ömrüm hərb meydanlarında, əsarət zindanlarında, yaxud məmləkət həbsxanalarında keçdi. Çəkmədiyim cəfa, görmədiyim əza qalmadı. Divanı-hərblərdə (hərbi məhkəmə − tərc.) mənlə bir cani kimi rəftar etdilər. Mənə zülm edənlərə, bir sərsəri kimi məmləkət-məmləkət sürgünə göndərənlərə, bir çox ittihamlarla məhkum etmək istəyənlərə və zindanlarda mənə yer hazırlayanlara haqqım halal olsun!” sözlərinə sadiq qalacağıq. Bəli, bir mömin kimi bu duyğu-düşüncələri bölüşməyə söz vermişəm. Heç kimdən küsüb inciməyəcəm. Əhdim olsun, ölümü gülərək qarşılayacağam, calaldan gələn cəfanı camaldan gələn vəfa ilə tən görəcəyəm.

Ancaq oralarda çalışan dostlar, digər ölkələrə gedən dostlar ümidsizliyə düşməsinlər. Bu millət naminə, bu millətin bu günü və gələcəyi naminə, hətta bütün bəşəriyyət naminə görülən bu işlər, Allahın izni və inayəti ilə, davam edəcək, bu karvan yoldan qalmayacaq. Bu karvanın yolunu, yenə Allahın lütfü və kərəmi ilə, nə iftiralar, nə də yalanlar kəsəcək. Vicdanı və qəlbi təmiz insanlar öz bəsirətləri ilə bu iftira və yalanları həqiqətdən ayıracaqlar.

Əvvəllər də bildirdiyim kimi, bəzi kobud davranışlar yolumuzu çala-çuxura döndərsə də, nə qədər ki dialoqa meyilli insanlar, ətrafa təbəssüm saçan könül ərləri, günahını dərk edən, xətalarına peşman olan və gələcəyi məntiq və mühakimə əsasında qurmaq istəyən adamlar var, sarsılan ruhumuzu təkrar dirçəldəcək və yenə də hər kəsi sevməkdə davam edəcəyik. Bu, məsələnin bizə aid tərəfidir.

Təssüf ki, Gəzi hadisələrində...

Digər tərəfdən, Türkiyədə ictimai təbəqələri, fərqli mənsubiyyətləri qütbləşdirmək çox təhlükəlidir. Odla oynamaqdır. Bir valideyn öz ailəsinin üzvləri arasında dünyagörüş və inanc-düşüncə fərqinə görə düşmənçilik salarmı? Biz kökləri uzaq keçmişdə olan böyük bir ailəyik. Düşüncə və mənsubiyyətlər bizi düşmənçiliyə sövq etməməlidir. Hamı bir-birinin fərqli cəhətlərinə hörmət etməlidir. Söz azadlığı təkcə bir kəsimə aid ola bilməz. Çoxluğun səsi-sözü hörmətə layiq və diqqətəşayan olduğu kimi, azlığın səsi-nəfəsi də eyni dərəcədə qiymətli və təqdirəşayandır. Kütlələri sıxma-boğmaya salsanız, ictima təbəqələr arasında uçurum meydana gələr. Və bu, heç bir siyasi mənafeyə dəyməz!

Təəssüf ki, Gəzi hadisələrində bu baş verdi. Demokratik tələblər və ətraf-mühitin mühafizəsi niyyətilə məsumanə şəkildə başlayan aksiyalar keçirildi. Tolerant yanaşmaq olardı. Gedib, nəbzini ölçmək, “Dərdin nədir?” demək olardı. Tam əksinə, zor işlədərək yatırdılar. Orada tikiləcək bir AVM (Alış-veriş mərkəzi) bir damla qana dəyərdimi? Bir cana dəyərdimi? Bu təzyiqlər qarşıdurmaya gətirib çıxardı. Məhəlli bir məsələ dövlət təhlükəsizliyi səviyyəsinə çıxdı. Fürsət axtaran qara qüvvələr də meydana atılınca çox nigaran olduq. Dünyanın hər tərəfində dostlarımız duaya üz tutdular. Hacət namazları qıldılar. İşə bax ki, “Bu hadisələrin arxasında belə camaatın barmağı var”, − dedilər. Allah insaf və ağıl versin.

Sülh və sabitliyi pozmamaq lazımdır, uzlaşma bütün bölgəni əhatə etməlidir

Kürd məsələsi və hazırkı vəziyyət haqda nə düşünürsünüz?

Dəfələrlə ərz eləmişəm. Mömin sülhün tərəfində olar. Sülhün bərqərar olması üçün əlindən gələni əsirgəməz. Orada üst-üstə yığılıb öz həllini gözləyən nə qədər problem var. Bunu hər dəfə silahla həll etməyə çalışdılar. Beləcə daha da körüklədilər. Hazırda sülh və stabillik var, bu ab-havanı pozmamaq lazımdır. Bu, düşmənçiliyin səngiməsi və xətaların gözdən keçirilməsi üçün hər iki tərəfə də fürsətdir.

Dövlət öz vətəndaşına qarşı ilk növbədə ədalətli olmalıdır. Əsas hüquq və azadlıqları başqa dəyərlər müqabilində sövdələşmə vasitəsinə çevirməməli, bundan yararlanmamalıdır.

Kürd məsələsinin həlli isqamətində addımlar atılmamışdan əvvəl fəqir (özünü nəzərdə tutur) ana dilində təhsil haqda fikrini açıqlamışdı. Yenə də tədbirlər görülmədi. Hələ də məsələ süründürülür. Tezliklə kürd dilində dərs demək üçün müəllimlər yetişdirilməlidir. Bu, xalqın istəyi ilə olan iş deyil. Dövlət bu işə əl atmalıdır. Bu işi görəndə də söz, rəftar və hərəkətlərimizə diqqət etməliyik. Onlara minnət qoymamalıyıq. O bölgə mədəniyyətlərin beşiyidir, oradan çox müdrik insanlar çıxıb. Türkiyə Kürd vətəndaşlara lazımi hüquq və azadlıqlar verməklə yanaşı, digər ölkələrdə yaşayan kürdlərə də yardım əli uzatmalıdır. O insanlarla da mədəni və tarixi əlaqələr inkişaf etdirilməli, möhkəmləndirilməlidir.

Üç əsas problemimiz var: Bunları Həzrət Bədiüzzaman təxminən bir əsr əvvəl dilə gətirib; cəhalət, yoxsulluq və təfriqə. Bunlardan hasil olan ümidsizlik, hiylə, aldatma, qarşılıqlı etibarsızlıq kimi məsələlər göz qabağındadır.

Siyasi, qeyri-siyasi − hər kəslə ortaq məxrəcdə birləşmək

Bütün bunları bir masa ətrafında oturub gözdən keçirmək, müzakirə etmək lazımdır. Bu işi yuxardan baxmaqla, təkəbbürlənməklə yoluna qoymaq olmaz. Əgər bir uzlaşma olacaqsa, o bölgənin hər tərəfini, fərqli düşünən bütün insanları əhatə etməlidir. Kimsəni təcrid eləmək olmaz. Siyasi, qeyri-siyasi − hər kəslə ortaq məxrəcdə birləşmək lazımdır. Orada yaşayan insanlara öz problemlərini həll etməsinə zəmin hazırlamaq lazımdır. Bu məsələlərin həyata keçirilməsində ləng tərpənilsə, qorxuram ki, bu iş yarımçıq qalar. “Əsas odur ki, qan axmasın...” demək kifayət eləmir. Bu sözlərdən praqmatizm (mənfəət – tərc.) qoxusu gəlir. Daha böyük işlər görmək lazımdır. O bölgədə yaşayan insanların – türk, kürd, sünni, ələvi, ərəb, assur − fərqi yoxdur, bir ailə kimi yaşaması təmin edilməlidir.

İllah da, “üst ağıl (başqa qüvvələrin əmri ilə oturub durmaq – tərc.)” tapmaq istəyirsinizsə, Cənabi-Allahın inayətinə baxın

Son vaxtlar müəyyən kəsimlər Hizmət hərəkatını qaralamaq üçün “üst ağıl” ifadəsini ortaya ataraq Hərəkatın xarici qüvvələrdən asılı olduğunu eyham vururlar.

Bu, böyük vəbaldır. Məncə, heç bir dönəmdə insanlar bu qədər yalan və iftira ilə üzləşməyiblər. Bildikləri bir məsələ varsa, onu ictimaiyyətə açıqlamalıdırlar, əks halda, möminə iftira atmış olurlar. Qaralamaqda həddi aşdılar, hər gün yeni bir yalanla, təzə bir iftira ilə qarşılaşırıq. Tuli-əməl (axirəti unudub dünyaya qapılmaq, gələcək arzusu) qəlbi qatılaşdırar, artıq heç nəyin təravətini hiss eləməz. Belə insan mənəviyyata laqeyd yanaşar, əhəmiyyət verməz, hətta məsxərəyə də qoyar. Qəlbi qatılaşan və tuli-əməllə dünyadan möhkəm yapışan insan hər şeyi bu fani aləmdən ibarət sanmağa başlayar. Və düşünüb-daşınmadan ağzına gələni deyər, günaha batmaqdan qorxmaz. Quran qatı qəlbli olmamağı, yumşaqlığı, zərifliyi tövsiyə edir. Qəlb qatılaşdımı, insan dünyəvi məqsədlərə çatmaq üçün qanuni, qeyri-qanuni – fərq qoymadan hər yola əl atar. Təəssüf ki, bu acı günlərin bir səbəbi də qəlblərin qatılaşmasıdır.

İllah da Hizmət üçün “üst ağıl” axtarırlarsa, o, Cənabi-Allahın məşvərət və üxuvvətə (dostluq, qardaşlıq) lütf etdiyi inayət və siyanətdir. Heç bir fani gücə söykənməyən bu Hizmət Onun inayəti ilə böyüyüb və nə qədər ki Onun himayəsindədir, kimsə ona zərər verə bilməz. Mömin təmkinli insandır. Yalan-yanlış məlumatlarla din qardaşının qeybətini etməz, haqqında sui-zənn eləməz, iftira atıb orada-burada danışmaz. Hər fürsətdə “Dünya, dünya!” deyə hayqıranaların, təəssüf ki, niyyətlərində axirət yoxdur. Bu vəziyyət insanları etiqaddan sapdıra bilər. Əqidəyə dair çox yanlış sözlər işlədildi. Bu cür kəlmələr adamı çətin vəziyyətdə qoyar. Media da bu sözlərə geniş yer verdi. Bunlar dinə-dəyanətə ziddir. Təəssüf ki, bu mövzuda səlahiyyətli şəxslər də susurlar. Duyğu-düşüncələrimizi hər gün yeniləməklə ruhumuzu tüğyan edən fitnə-fəsadddan qoruya bilərik. Nəzəri müsəlmanlıq həyat tərzinə çevrilərsə, qəlbi qəflət basar və insan öz məsuliyyətlərini unudaraq mütəmadi şəkildə möminləri qaralamağa başlar. Təbii ki, bu bulanıq sular bir gün durulacaq. Bu ölkə insanı yenə bir-birinin üzünə baxacaq. Eyni qibləyə yönəlib namaza duran insanlar bu gün danışdıqları sözlərə diqqət eləməlidirlər, sabah xəcalət çəkməsinlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.