• Ana səhifə
  • Mətbuat
  • Müsahibələr
  • Fəthullah Gülən Xocaəfəndinin “Züddoyçe zaytunq” (“Süddeutsche Zeitung” – Cənubi alman qəzeti”) qəzetinə müsahibəsi

Fəthullah Gülən Xocaəfəndinin “Züddoyçe zaytunq” (“Süddeutsche Zeitung” – Cənubi alman qəzeti”) qəzetinə müsahibəsi

Fəthullah Gülən Xocaəfəndinin “Züddoyçe zaytunq” (“Süddeutsche Zeitung” – Cənubi alman qəzeti”) qəzetinə müsahibəsi

Bir vaxtlar Ərdoğanın partiyasına dəstək verirdiniz. Bəs indi nə dəyişdi?

AKP qurulanda demokratiya, insan hüquqları, AB-yə üzvlük, qanunsuzluqlarla mübarizə, fərqli düşünən insanların təcrid edilməsinə son qoyma, iqtisadiyyatı inkişaf etdirmə kimi vədlər vermişdi. İlk illərdə vədlərinə müvafiq fəaliyyətlər həyata keçirdi və camaat mənsubları tərəfindən dəstəkləndi. Ancaq 2011-ci ildə üçüncü dəfə seçiləndən sonra demokratik nailiyyətlərə zidd fəaliyyətlərə başladılar. Məsələn, mətbuata təzyiq göstərdiyini, MİT-ə hədsiz səlahiyyətlər verdiyini, köhnə Şərqi Almaniyanın xəfiyyə təşkilatı Ştazinin siyasi metodlarını tətbiq etdiyini, məhkəmə qərarlarına əhəmiyyət vermədiyini, demokratik çərçivədə etirazlarını bildirən insanlarla amansız rəftar etdiyini və bir çox bu kimi halları göz önünə gətirsək, demokratik nailiyyətlərdən nə qədər uzaqlaşdığını açıq-aydın görərik. Və nəhayət, hökümət məni düşmən elan edib ki, qanunsuzluqların üstünü örtə və avtoritar rejim qura bilsin. Amma bizdə bir söz var: “yalançının şamı yatsıya qədər yanar”.

Ərdoğanla birlikdə Türkiyədə ordunun siyasi nüfuzunu zəiflətdiniz. Bunlar keçmişdə qaldı?

Keçmişdə Türkiyədə hərbi xuntalar dörd dəfə siyasətə müdaxilə etdilər və nəticədə seçki ilə iqtidara gələn hökümətlər devrildi, on minlərlə insan istintaqa cəlb edildi, həbsə atıldı, əksəriyyətinə işkəncə verildi. AB-yə üzvlük mərhələsində ağlasığmaz hadisələr baş verdi. Hərbi çevrilişlərdə iştirak edən hərbçilərin mülki məhkəmələr tərəfindən mühakimə edilməsinə dair konstitusional dəyişiklik üçün 2010-cu ildə referendum keçirildi və Türk xalqının 58 faizi buna dəstək verdi. Ordunun hegemonluğuna son qoyulandan sonra AKP hər şeyi icra orqanlarının səlahiyyətinə verib nəzarət-təftiş qurumlarını təsirsiz hala gətirdi. Ardınca da məhkəmə sisteminin müstəqil fəaliyyətinə son qoyaraq partiya hegemoniyası qurdu. Bir vaxtlar ordunun hegemonluğuna etiraz etdiyimiz kimi, bu gün də partiyanın hegemonluğuna qarşı çıxırıq. Bizə “xain” damğasını da bu səbəbdən vurdular.

Türkiyədəki gedişata necə baxırsınız?

Son dövrlərdə Türkiyə Cümhuriyyəti demokratik, dünyəvi, sosial-hüquq dövlətindən daha ziyadə və bundan çox geridə qalmış, bir partiya tərəfindən, hətta bir adam tərəfindən idarə olunan dövlət təəssüratı oyadır. Güclər ayrılığı prinsipi hələ də müstəqilliyini saxlayan ali məhkəmə qurumlarının bir qismi istisna olmaqla qüvvədən düşmüşdür. Türkiyənin daxilində qütbləşmə gedir, ölkə get-gedə dünyada etibarını və tərəfdarlarını itirir. Ölkənin hazırkı vəziyyətinə üzülürəm.

Ərdoğan dindar nəsil yetişdirmək istədiyini söyləyir. Sizin də arzunuz bu deyil?

Dindar nəsil yetişdirmək dövlətin vəzifəsi deyildir. Çünki bu, müəyyən bir fikri fərqli düşüncələrə mənsub insanlara zorla yeritmək deməkdir. Din azadlığı əsas insan hüquqlarından biridir. Dövlət dinindən asılı olmayaraq, vətəndaşlara inanclarını yaşamaq və öyrətmək üçün şərait hazırlamalıdır. Ərdoğan 12 illik hakimiyyəti dövründə qanunda dəyişikliklər edərək dini azlıqların bu hüquqlarını qorumalı idi. Bunun nə səviyyədə həyata keçirilib-keçirilməməsi ayrıca müzakirə mövzusudur. Dindar bir insan hüquq və ədaləti də heç nəyə güzəştə getməməlidir. Mən belə bir dindar nəsil arzulayıram. Əgər bununla dinindən bixəbər, xalqın arasına təfriqə salan, nifrəti yayan, bir nəsil nəzərdə tuturlarsa, mənim cavabın konkterdir: Xeyr!

Ərdoğanın yeni sarayı barədə nə düşünürsünüz?

Hər bir dövlətin fəaliyyətlərini davam etdirmək üçün binalara ehtiyacı var. Min otaqlı bir saray tikməkdənsə mövcud binaları genişləndirmək olardı. Baş Nazir mane olmasa idi, məhkəmə tikintini dayandıracaqdı. Bu cür hərəkətlər vətəndaşın hüquq və ədalətə sayğısına xələl gətirir. Osmanlının ən dəbdəbəli sarayları tənəzzül dövründə tikilmişdir. Hal-hazırda dünyanın bir çox dövlət rəhbərləri çox sadə binalarda çalışır. Halbuki bu saray məsələsi Türkiyənin etibarına xələl gətirdi. Türk xalqının 60 faizi saraya xəclənən pulların israfçılıq olduğunu düşünür. Məsələyə dini aspektdən baxanda bu tikili haramdır.

Ərdoğan dövlətə sızdığınızı iddia edir...

Bir ölkənin vətəndaşı dövlət qurumlarına sızmaz, girib orada işləyər və vətəninə xidmət edər. Qoyulan tələblərə cavab verən hər bir fərd dövlət məmuru ola bilər. Bunları narahat edən hələ də onlara beyət etməyən insanlardır? Hazırkı siyasi sistem təkcə Hizmətə könül verənləri deyil, cəmiyyətdə iqtidara məsafəli dayanan və ya iqtidarla əlaqələr qurmaq istəməyən, demək olar ki, bütün insanları dövlətə zərərli qüvvələr hesab edir. Bunun adı “cadı ovu (cadugərlər ovu)”dur.

Vəzifədən alınan məmurlardan neçə nəfəri Hizmət mənsubudur?

Hərəkata mənsub insanların heç 10 faizini belə tanımıram. Bir gün sözügedən vəkillərin, polislərin və müəllimlərin əksəriyyətinin bizimlə heç bir əlaqəsi olmadığı ortaya çıxacaqdır. Bunu çox güman ki, iki məqsədlə edirlər. Birincisi, bu qədər insanı Hizmət mənsubu sayaraq Hizməti böyük təhlükə kimi göstərmək istəyirlər. İkincisi də, fərqli dünyagörüşünə malik insanları “təmizləmək” istəyirlər. Bunu bu yaxınlarda AKP-nin rəhbərlərindən biri də etiraf etmişdi.

Rüşvət və korrupsiya iddiaları haqqında nə deyirsiniz?

Hüququn işləməsinə imkan verilmədiyi üçün məsələnin əslini-astarını heç kim öyrənə bilmədi. Avropada olsa idi, hökümətlər bu iddialara davam gətirməzdi. Ancaq Ankara bütün avtoritar rejimlər kimi, bu hadisəni “xarici qüvvələrin məkrli planı” kimi təqdim etdi.

Hizmət hərəkatının gücü zəiflədimi?

Dövlətin nəzarətində olan KİV vasitəsilə həyata keçirilən mənfi təbliğat nəticəsində Hərəkata baxışın (Hərəkat haqqında düşüncələrin) müəyyən qədər zədələndiyini inkar etmək olmaz. İnsanları qorxudurlar ki, övladlarını bizim məktəblərimizə göndərməsinlər və maddi dəstək verməsinlər. Yalanlara söykənən bu qaralama təbliğatının təsiri bir gün onların yalanları ortaya çıxanda əks nəticə verəcəkdir.

Türkiyədə bütün məktəblərinizi bağlamaq istəyirlər...

Məktəblərimiz bugünədək təqdirlə qarşılanıb, mükafatlar qazanıb. Əgər Türkiyə bir hüquq dövlətidirsə, biz belə bir şeyin olacağına inanmırıq. Əks halda zərər yenə Türkiyəyə dəyəcəkdir.

Orta Asiyada Hizmətə aid məktəbləri bağladılar. Bu işdə Ankaranın barmağı varmı?

Türkiyə höküməti hansı bölgədə, hansı arqument daha effektivdirsə, ondan istifadə edir. Köhnə Sovet ölkələrində “Amerika agenti”, Amerikada “fundamentalist”, müsəlman ölkələrində “bunlar övladlarınızı dinsiz yetişdirir” kimi bir-birilə təzad təşkil edən böhtanlar atırlar. Tamamən praqmatik bir yoldan istifadə edirlər. Ancaq, təəssüf ki, bununla Türkiyənin dostluq körpüləri dağıdılır, ölkənin beynəlxalq əlaqələrinə xələl yetirilir. Bu şəkildə Türk parannoyası xaricə ötürülür.

Sabiq ABŞ səfirlərindən biri sizin haqqınızda “Türkiyənin ən nüfuzlu ikinci şəxsi” demişdi. Siz özünüz haqqınızda nə düşünürsünüz?

Əstəğfirullah. Məni az-çox tanıyan hamı bilir ki, ömür boyu tanınmaq düşüncəsindən uzaq olmuşam. Heç vaxt bununla maddi-mənəvi mənfəət əldə etməyə çalışmamışam. 76 illik həyatım buna şahiddir. Əgər Hərəkatın alqışalanası nailiyyətləri varsa, o da bu yolun fədakar insanlarına aiddir.

Hərəkat sizdən sonra davam edəcəkmi?

Bizim dünyagörüşümüzün yüzdə birinə belə şərik olmayan insanlar bizi dəstəklədilər. Ortaq fikrimiz isə həmişə ümumbəşəri dəyərlər olub. Afrikada heç tanımadığım insanlar bizim məktəb və xəstəxanalarımıza maddi dəstək verdilər. Bu varlı insanlardan biz bir şey gözləmirdik. Hər gecə yatağa girəndə “Bəlkə də, bir daha oyanmaram” deyə düşünürəm. Ancaq bu Hərəkatın gələcəyindən zərrə qədər nigarançılığım yoxdur.

Türkiyəyə qayıtmağı düşünürsünüz?

Vətənimdən ötrü çox darıxıram. Mən kövrək adamam. Türkiyədə qohum-əqrəbalarım və dostlarım var. Daşdan-ağacdan çıxmamışam ki? Bu yaxınlarda qardaşım dünyasını dəyişdi, yasında iştirak edə bilmədim. Bundan əvvəl bir qohumumun da yas mərasiminə gedə bilməmişdim. Həyatımın 60 ili Türkiyədə keçib. Həssas insanam, məkana və əşyalara çox bağlıyam. Qorucuq kəndi, atamın, babamın və nənəmin qəbirləri, uzun illər qaldığım, hər qarışında min bir xatirənin həkk olunduğu Bozyaxa və Yamanlar, oradakı kitablarım gözümün qabağından getmir və göz yaşlarıma hakim ola bilmirəm. Qayıtsam, bəzi yüksək səlahiyyətli şəxslər bundan öz pis niyyətləri üçün istifadə edə bilərlər.

Ərdoğanla barışmağınız mümkündürmü?

Bu çəkişməni biz başlatmamışıq. Ona görə də ilk addımı onlar atmalıdırlar. Əgər bir gün Ərdoğan “Söylədiyim sözlərin hamısı yalan və iftiradır” desə, onda barışmağa razı olaram.

Bütün bu hadisələrə baxmayaraq sizi sevindirən bir şey varmı?

Mən heç vaxt uzun müddət rahat olmamışam. Hər hərbi çevrilişdən sonra təqiblərə məruz qalmışam. Ancaq hal-hazırda yaşadıqlarım daha dəhşətlidir. Hadisələrin gözəl tərəfi isə almazın kömürdən yavaş-yavaş ayrılmasıdır. Dünya artıq bu Hərəkatı anlamağa başlayır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.