Fəthullah Gülənin ideyası bir insanlıq layihəsidir

Fəthullah Gülən hərəkatının mahiyyəti, həyata keçirmək istədiyi fəaliyyətlər barədə şübhəli və ya şübhəsiz bütün suallara həmişə o cavab verir. Səbəbi sadədir: “ilklər”dən olması, uzun illər jurnalistika kimi ictimai əhəmiyyətli sahədə çalışması, hərəkatın fəlsəfəsini özünəməxsus şəkildə yüksək ustalıqla şərh etməsi və ən əsası Fəthullah Gülənlə davamlı görüşləri. İstanbulun sərin axşamlarının birində, “Mehtab TV”-də efirə hazırlaşdığı əsnada görüşüb söhbətləşirik. Beləliklə, müsahibimiz "Qəzetçilər və Yazarlar Vəqfi"-nin İdarə Heyətinin üzvü, publisist Hüseyn Gülərcədir.

Fəthullah Gülən hərəkatının mahiyyəti haqqında müasir ölkələrin elm ocaqlarında tətqiqat işlərinin aparılmasına, ortaya atılan iddiaların ciddi, əsaslı arqumentlərlərlə cavablandırılmasına baxmayaraq, hələ də “bunun axırı şəriət dövlətidir” iddiasına rast gəlirik.. Bu haqda sizin fikrinizi bilmək istərdik.

Hüseyn Gülərcə -Hər şeydən əvvəl bu iddianı irəli sürənlərin niyyətinə baxmaq lazımdır. Türkiyədə dinini yaşamaq istəyənlərə qarşı iki arqumentlə hücum olunur: dünyəvi dövlət quruluşunu yıxacaqlar və onun yerinə şəriət dövləti quracaqlar. Birincisidən başlasaq, hazırda dünyada mövcud olan ölkələrin çoxu demokratik quruluşludur, başqa sözlə, dünyəvidir. Dünyəvilik müxtəlif dini, irqi, etnik dünyagörüşlərin bir yerdə yaşaması üçün ən əlverişli zəmindir. Bu mənada, Türkiyəni də nəzərdə tutaraq, hesab edirəm ki, dəyərləri birləşdirən dünyəvi quruluş prosesindən geri dönmək imkanı olmadıgı üçün Türkiyə müsəlmanları da dünyəvi quruluşa birliyin ən əlverişli tapıntısı kimi baxırlar. Bu gün üçün fərqli inanclı insanların bir arada yaşamağının başqa bir formulu və zəmini yoxdur. Dünyəviliyi dinə əks qütb kimi təqdim edənlərin mənsubiyyəti göstərir ki, onların əsas məqsədi əllərindəki status-kvonu qorumaq, fəaliyyət imkanlarını daha da genişləndirməkdir. Türkiyədə AKP-ni bağlamaq iddiaları ortaya çıxanda bunu qabardanlara Avropa Birliyi ölkələrindən maraqlı bir cavab gəlmişdi: ”Siz dünyəviliyin mahiyyətini düzgün ifadə etmirsiniz. AKP-nin fəaliyyəti heç də demokratik dünyəviliyə qarşı deyil”. Bizim müdafiə etdiyimiz tezis də avropalıların bizə izah etməyə çalışdığı məqamdır: biz dindar olaraq demokratik dünyəviliyi irəli sürürük, bütün inaclardan, irqlərdən, etnoslardan olan insanları birləşdirən sistemi. Deyə bilərik ki, Türkiyədə dindar insanlarla bağlı demokratik dünyəvilik baxımından heç bir problem yoxdur, gedən söz-söhbətlər süni və məqsədli şəkildə şişirdilir. Mənim də idarə heyətində təmsil olunduğum Qəzetçilər və Yazarlar Vəqfinin yaradılması günü - 1994-cü il iyun ayında İstanbulda Dedeman otelində keçirilmiş tədbirdə hörmətli Fəthullah Gülən açıq şəkildə bildirdi ki, dünyada və Türkiyədə demokratik inkişafdan geri dönüş yoxdur. Demokratiyanı, Türkiyənin AB üzvülüyünü müdafiə edən bir insanın şəriət dövləti qurması nə qədər inandırıcıdır? Şəriət dövləti qurmaq istəyirsə, onda niyə bizim gələcəyimizi Avropa ilə birgə görür, niyə dünyanın 110 ölkəsində müasir təhsil sisteminə söykənən məktəblərin açılmasını təşviq edir. Yəni Fəthullah Gülən Afrikada, Kambocada, Veyetnamda, Laosda şəriət dövlətimi quracaq? Çox səmimi və açıq deyirəm: Fəthullah Gülənin ideyası bir insanlıq layihəsidir. Bu layihənin əsasında türklük dayanmır, çünki müasir geosiyasi sistemdə heç kim millətə söykənən addım ata bilməz .Çoxlarının iddia etdiyi kimi bu islami bir hərəkat da deyil. Əksər ölkələrdə “islami terror”un cövlan etdiyi bir dövrdə super güclər belə bir hərəkatın yaranmasına imkan verə bilməzlər. Hörmətli Fəthullah Gülən bütün bunları çox yaxşı bilən biridir. Bu mövzu ilə əlaqədar yaxın görüşlərimizin birində onun özündən maraqlı bir fikir eşitmişdim. Dedi ki, Qurani-Kərimdəki ayələrin doxsan beş faizi əxlaqla, insani münasibətlərlə bağlıdır, çox az bir hissəsi idarəetmədən bəhs edir ki, bunları da demokratik dünyəvi sistemlə əlaqələndirmək mümkündür. Amma çox təəssüf ki, bu gün Müsəlman dünyasında demokratik bir islam ölkəsi yoxdur ki, onu nümunə göstərib deyək ki, “Baxın, bu ölkədə dinlə demokratiyanın münasibətləri dünyəvi dəyələrə uyğundur”.

Fəthullah Gülən hərəkatının bir insanlıq hərəkatı olduğunu bildirdiniz. Bu baxımdan türk dövlətlərinin yeri necə qiymətləndirilir?

Bu məsələdə hörmətli Fəthullah Gülənin yanaşması çox sadədir. Necə ki, müasir dünya sistemində ortaq mədəni-mənəvi dəyərlərə malik olan ölkələrin yaxınlaşması, məsələn, Cənubi Amerika ölkələri birlik qururlar, Qara dəniz sahili ölkələr birləşirlər və ya Avropa ölkələri bir araya gələ bilirlər, bu minvalla ortaq türk dəyərlərinə malik dövlətlərin bir masa ətrafında toplaşması da çox təbiidir. Burada əsas məsələ türk birliyini beynəlxalq münasibətlərdən təcrid edərək düşərgəyə çevirməməkdir. Turqut Özalın dövründə Türkiyədə belə bir yanlış yanaşma olmuşdu: Çin dənizindən Adriatik dənizinə qədər böyük bir arealda yaşayan türklər birləşməli və Türkiyə də onların böyük qardaşı rolunu həyata keçirməli idi. Bizcə, heç bir maddi-mənəvi dəyərlərin yaxınlığı ətraf aləmdən təcrid olunma nəticələnməməlidir. Hörmətli Fəthullah Gülənin dediyi kimi, türk dünyasında mövqeləri güclənən Türkiyə Avropaya, Avropada söz sahibi olan Türkiyə isə türk dünyasına lazımdır. Bunlar bir-birindən ayrı təsəvvür olunmamalıdır.

Fəthullah Gülən hərəkatını xarakterizə edən fikirlərdən biri belədir: bu hərəkat insanlığın xilası üçün çalışır. Bu fikirdə axirət, yoxsa dünya  həyatı nəzərdə tutulur?

Dinimiz həm dünyanı, həm də axirət həyatını əsas götürən bir dindir. Dünyada yaşayarkən axirətin qazanılması da əsasdır. Amma dinin bizə tövsiyyə etdiyi budur: Sanki, heç zaman ölməyəcəksən deyə dünyaya bağlanma. Peyğəmbər Əfəndimizin dediyi kimi, hər an öləcəkmiş kimi axirət üçün çalışmaq lazımdır. Bu mənada müqəddəs kitabımızda ana-ataya hörmət, yalan danışmamaq, vəfa, qonşuluq, qohum-əqrabaya hörmət kimi yardımlaşma, mərhəmət, şəfqət, ədalət, təvazökarlıq kimi hislər Cənabi-Haqqın insana buyurduğu əxlaq qaydalarıdır. Bunlara əməl olunduqca insanın dünya həyatı gözəlləşir. İnsanlıqla əlaqədar layihə deyəndə biz daha çox bunun siyasiləşmiş dinlə heç bir əlaqəsinin olmamasını nəzərdə tuturuq. Hörmətli Fəthullah Gülən də deyir: “Biz hər şeydən əvvəl insanıq. Cənabi-Haqq insanı əziz qılmışdır, insanca davranış Yaradanın əmridir”. Bu əmrin mənasını belə başa düşməliyik: bütün müsəlmanlar inanc qardaşıdır, amma inancımızda olmayanlar da insanlıq baxımından bizim qardaşlarımızdır. Pisliklərə yaxşılıqla cavab vermək dinimizin mühüm prinsipi olduğu kimi bizimdə inandığımız dəyər olmalıdır.

“İslami dövlət modeli”nə münasibətiniz... Bu anlayış hazırda dünyada tez-tez səslənir..

Tarixə baxdığımızda görürük ki, İslamın dövlət layihəsi yoxdur. Mədinə müqaviləsi İslam dövlətinin yaranması hesab olunsa da, bunun mahiyyətində də belə bir şey olmayıb. Əgər yəhudilər müqavilənin maddələrinə əməl etsəydilər, Mədinədə birlikdə idarəetməni həyata keçirəcəkdilər. Amma onlar sözləşməni pozdular, yalnız bundan sonra təbii olaraq Mədinədə dövlət quruldu. Məkkənin fəthi də dövlət qurmaq təşəbbüsü ilə bağlı olmayıb: müəlmanların tələbləri çox sadə idi, ibadətə imkan verin və dinimizi yaşamağa müdaxiləyə etməyin. Lakin onlara bu imkanlar verilmədi. Dediklərimizdən əsaslanaraq, inancımız budur: müsəlmanların hansı ölkələrdə yaşamasından asılı olamayaraq, o ölkələrin hakimiyyətini ələ keçirməsinə ehtiyac yoxdur. Fərq yalnız əxlaqda, davranışda olmalıdır. Əgər istənilən ölkədə inancını yaşama imkan verilirsə, bütün dini hüquqlar bərpa olunursa, o halda inancı siyasiləşdirməyə səbəb nədir? Dinin mahiyyətini düzgün başa düşmək lazımdır. Bunu bacaran insanlara heç bir zaman siyasi iddialarla çıxış etməyib. Məsələn, Mövlanə Səlcuqlular dövründə sultan olmağı deyil, könüllərin sultanı olmağı düşünmüşdü. Fəthullah Gülən də onun kimi. Prezident, baş nazir olmaq ağlının ucundan da keçməmişdir, belə iddiaları özünə qarşı ən böyük həqarət hesab etmişdir. Onun yeri könüllərdir, könüllərin fəthidir, bu fəthdə insanı, insanlığa qazandırmaqdır.

Müsəlman olmayanlar üçün dialoqda birləşək deyirik. Bu dialoqun da mənası hər kəsin mövqeyinə, dəyərlərinə sayğılı olmaqdır. Belə bir məqsədi olan insanın dövləti ələ keçirmək, hakimiyyətə sızmaq kimi niyyəti ola bilməz. Olarsa, əstəğfurullah, insanları deyil, Allahı aldatmış olur. İnsanlar onlar haqda belə bir düşüncəni ağıllarına da gətirməməlidir. Çünki belə insanlar dini düzgün anladıqları üçün dünyanı da doğru anlayıblar. Fəthullah Gülən əxlaqı bir insanın könlünü fəth etməyi baş nazirliyindən üstün tutan əxlaqdır. Qəribədir ki, hörmətli Fəthullah Gülən bu mövzularda fikirlərini açıq şəkildə birdirdiyi halda əsassız iddialar hələ də səslənir. Demək ki, hər kəs könlündəkini danışır. Zəkatdan, fitrədən danışan insanların ”Niyə başqasına pul paylamalıyam ki?..” sualı kimi. ABŞ-da aparılmış sosioloji sorğular zamanı məlum olub ki, insanları xoşbəxt edən ən böyük hiss başqalarına yardım etməkdir. Yaradanın bütün müqəddəs kitablarda buyurduğu da elə bu deyilmi? Yardımlaşın, gücünüzü birləşdirin... Hörmətli Fəthullah Gülən buna başqaları üçün yaşama deyir ki, bu da ərdəmli insanların əxlaqıdır. Məncə, hörmətli Fəthullah Gülənin insanlarımızda canlandırdığı ən böyük hiss budur: yardımlaşmaq duyğusu. Bu gün Fəthullah Gülənin təşviqləri ilə yardım kompaniyaları aparan iş adamlarının adlarını çəkməyə ehtiyac yoxdur, amma təqaüd hesabına təhsil alan minlərlə tələbələr sabahın yardımsevər insanına çevriləcək. Bax, onda istər maddi, istərsə də mənəvi yardım olsun, bu, insanların əxlqı olacaq. Bu yaxınlarda Antaliada on il həkim işləyən gənc bir xanımla tanış oldum. Dənizlidə tələbə yataqxanası tikdirirmiş. Dediyi söz hər kəs üçün mənalıdır: “Mən özüm ailəmin maddi sıxıntılar çəkdiyi dövrdə bursla (təqaüdlə) oxudum, bunu unuda bilməzdim. Mən də başqalarına yaxşılıq etmək istədim”. Buna biz xeyirdə yarışmaq deyirik. Hörmətli Fəthullah Gülənin hərəkatında yetişən nəsillər sabah öz töhvələrini türkiyəlilərə deyil, Kambocanın, Veyentnamın, Kenyanın, Azərbaycanın və yüzlərlə ölkənin insanlarına verəcək. Bununla da insanlığın xilasında bir cığır açılmış olacaq.

Dialoq təşəbbüsü niyə müxtəlif dini camaatlar arasında narahatlıq doğurur? Fərqli yanaşmalar nə ilə baglıdır?

Peyğəmbər Əfəndimizin dövründə baş vermiş bir hadisə: cənazə gələrkən Allah Rəsulu ayağa qalxır. Səhabələr: ”Ey Allahın Elçisi, bu, yəhudi cənazəsidir,” – deyirlər. Allah Rəsulunun cavabı: Düzdür, amma o, bir insandır.

Bir dəfə Nəccar xristianı Allah Rəsulunun hüzuruna gəlir. Gəldikləri gün bazar günü olur. İbadət üçün yer istəyəndə Allah Rəsulu: ”Buyurun, bizim məscidimiz,” – deyir. Xristianlar bu təklifi qəbul edərək Məscidi-Nəbəvidə ibadət edirlər. Bu cur misalları çox çəkmək olar. Əgər sən öz inancından, dəyərlərindən, imanından əminsənsə, dialoqda heç bir şey itirməyəcəksən. Başqa aspektdən, qloballaşan dünyada dialoqdan başqa alternativ yol yoxdur axı. Azərbaycan müstəqilliyini qurarkən: “Aman ölkəyə amerika şirkətləri gələcək, çinlilər gələcək,” – deyə bu addımı atmamalı idimi? Tez-tez Türkiyədə “Anadolunun müsəlmanlaşdırılması” cümləsini eşidirik. Bu necə olub? Əvvəlcə alpərənlər gəlib, daha sonra tacirlər, ardınca başqaları. Onların İslamı gözəl təmsil etməsi, əhali ilə qurduqları dialoq sayəsində İslam bütün bölgəyə yayılıb. Hazırki dialoq da bu cürdür: sən sənsən, məndə mən. Birlikdə bu dünyada yaşamaq məcburiyyətindəyik. Həyatımızdakı çətinlikləri asanlaşdırmaq üçün nələri paylaşa bilərik, bir-birimizə necə yardımçı ola bilərik? İnsanlığın birgə çözə biləcəyi problemlər var, bura ekoloji problemlərdən tutmuş maddi-mənəvi problemlərə qədər. Bu gün dünya qlobal narkotik qaçaqmalçılığı, uşaq-qadın ticarəti, cəmiyyətdaxili zorakılıqlarla üz-üzədir. Bəlkə, bütün bunların həll yolu elə dialoqdur. Başqa bir məqam. 11 sentyabr hadisəsi ilə dünya kommunizdən sonra dini ikinci böyük təhlükə görməyə başladı. Bizim qarşımızda böyük bir vəzifə durur. Hörmətli Fəthullah Gülənin dediyi kimi, İslamın Fəthullah Gülən üzünü bütün dünyaya göstərmək. Odur ki, dialoqa qarşı çıxanlara belə bir sualımız var: dialoqa getməyək, bəs nəyə gedək? Onda bizə bir yol göstərin. Fəthullah Gülən dialoq təşəbbüslərini özündən icad etməyib. Bunun həm Peyğəmbərimizin,  həm də səhabələrimizin həyatında ciddi əsasları var. Elə öz tariximizə baxaq: Fatih Sultan Mehmet Konstantinopolu fəth edərkən bütün xristianlar edam qərarını gözləyirdi, amma o, bütün monastrları ibadət üçün açıq elan etdi. İstanbuldakı Rum Patrik Monastrına girənlər diqqətlə fikir versələr: divardakı rəsmləri görə bilərlər: Fateh o vaxtkı patriklə bir yerdə, monastırın açarlarını ona verir. Əgər əcdadımız bu addımı atmışsa, deməli, burada ciddi hikmətlər var. Qloballaşan dünyada dialoqun alternativi yoxdur. Bütün əməllər niyyətə bağlı olduğu kimi əgər bu dialoq çalışmalarının əsas mayası insanlıq naminədirsə, bunun axırda mənfi nəticələr doğuracağını zənn etmirəm.

Dini, dili, etnosu fərqi ayrı ölkələrdə təhsil fəaliyyətlərinin keçirilməsi mənəvi dialoqun bir vasitəsidirmi?

Müasir dünyamızda dioloqun ağır mənəvi, siyasi, etnik mənaları var. Bu baxımdan dioloq havasına yaxın nəsillərin yetişdirilməsi daha məqbuldur. Bugunki nəsillər müxtəlif siyasi dönəmlərin təsiri ilə xakarektercə davakar yetişiblər, onlarla istənilən mövzuda ortaq məxrəcə gələmək çətindir. Yarım əsrə qədər davam etmiş kommunist-kapitalist bloklararası soyuq müharibənin psixoloji təsiri çağdaş nəsilləri xaraktercə davakar edib. Mən özüm ötən əsrin altmışıncı illərində universitetdə təhsil aldığım dövrü xatırlayıram. Hər gün solçu tələbə yoldaşlarımızla ideoloji fikir ayrılığına görə mübahisə edirdik, eyni münasibəti solçular da bizə göstərirdi. Bu iş öldürməyə qədər gedib çıxırdı. 12 mart 1971-ci il hərbi çevrilişə qədər Türkiyədə orta hesabla hər gün iyirmi universitet tələbəsi öldürülürdü. O illərin təsirini yaşı 55-i  haqlamış hər bir insanla söhbət edəndə hiss etmək mümkündür. Hələ da başımızda “vay kommunistdir, vay millətçidir” xaosu qalır. Qurulan yeni təhsil sistemi sülhsevər, ortaq məxrəcə gəlməyi bacaran bir nəsil yetişdirməyə imkan verəcək. Xatırlayıram, illər əvvəl “Bizim xəyalımız” adlı bir yazı yazmışdım. Düşünün, bir vaxt, Türkiyə və ya Azərbaycanın səfiri BMT kürsüsünə çıxdığı zaman müxtəlif ölkələrdə diplomat kimi çalışan yüzlərlə türk liseyi məzunu salonda ayağa qalxıb onu hərarətlə alqışlasalar necə bir mənzərə yaranar? Mən bunun xəyal olmadığına inanıram. Məsələn, son olimpiadada 110 ölkədən 550 uşaq iştirak etdi, hamısı bizim dilimizdə danışdı, mahnılarımızı ifa etdi, türkülərimzi oxudu, oyunlarımızı oynadı. ”Harmandalı” oynadılar, Konyanın “Qaşıq” havasını oynadılar, Ərzurum havalarını göstərdilər.. Demək ki, bizi seviblər, sevməsəydilər bunu etməzdilər. Əvəllər, amerikan, ingilis məktəblərində oxumaq üçün çoxsaylı müraciətlər olurdu. İndi eyni şeyi bizim liseyləri timsalında görürük. Elə hal olur ki, 50 yerə beş min müraciət olur uşaqlarını bizim məktəblərdə oxutmaq üçün. Demək ki, insanları inandıran bir davranışımız var, işin mayası tutub. Dəfələrlə xarici ölkələrdə olmuşam. Tanımadığım valideynlərdən eşitmişəm: “uşağımızı türk məktəbinə verdik, çox dəyişdi, pis adətlərini buraxdı, hətta danışarkən bizdən icazə istəməyə qədər həssaslaşdı, əvvəllər belə deyildi, övladlarımızı dövlətinə, millətinə, ailəsinə faydalı insan olaraq yetişdirirsiniz.” Beləcə, içi-ürəyi dolu nəsillər gəlir arxadan və biz buna təhsil sahəsində nail olacağıq. Bu qədər böyük bir insan lahiyəsi olan bir insana “çu”, ”çi” şəkilçilərini yapışdırmaq mümkün deyil. Hörmətli Fəthullah Gülən bu məsələyə çox həsas yanaşır, hətta başqaları ilə ünsiyyətdə olanda İslam dininə mənsub olmasını biruzə vermir. ”Mən əvvəlcə insanam, sonra müsəlmanam” - deyir. Onun üçün ortaq məxrəc nöqtəsi qlobal insani dəyərlərdə birləşməkdir. Bu qədər böyük hədəfi hanasısa bir təriqətə, cərəyana sığışdırmaq mümkündürmü?

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.