Fəthullah Gülənin “The Muslim World” Jurnalında Dərc Olunan Müsahibəsi

Sual: 1. İslamda şəxs-dövlət əlaqələri necədir? Fərd dövlətdə hansı mövqe və funksiyaya malikdir?

Müasir dünya və müasir düşüncə sistemlərinə görə, fərd tarixdə ilk dəfə olaraq məhz son dövrlərdə siyasətdə aktiv subyektə çevrilmişdir. Onların fikrincə, fərd dədə-babalarından görüb eşitdiyi, mənsub olduğu qrup, zümrə və camaatın irəli sürdüyü xüsuslardan kənara çıxmamış və sanki bu anlayışın məhbusuna çevrilmişdir. Bu qrup və camaatın öz anlayışını, dünyagörüşünü dəyişdirməsi mümkün olmadığına görə də, dar düşüncə qrup və camaata mənsub fərdlərin dəyişməz taleyidir.

Fərdlər isə müasir dövrün gəlişi ilə bu dar düşüncədən xilas olmuş və tam “fərd”ə çevrilmə yoluna qədəm qoymuşdur. Bu dövrə qədər o, həqiqi mənada azad olmadığı kimi, fərd də deyildi. Bu mülahizələr dünyanın bir hissəsi və bəzi mədəniyyətlər üçün keçərli olsa da, bütün din, düşüncə və camaatlara şamil etmək olmaz.

İslamın əsas prinsiplərindən biri – tövhid əqidəsi aspektindən götürəndə mütləq fərdiyyətçilik bir mənada mümkün deyildir, çünki insan ya sərazad, sərbəst, heç bir dəyəri qəbul etməyən meyarsız bir üsyankar, ya da Allaha bağlı olan, ciddi itaət şüuru ilə Onun əmrlərinə riayət edən bir quldur. Bu elə bir qulluqdur ki, o, bu qulluq sayəsində Allahdan başqa heç bir güc-qüvvət qarşısında geri çəkilməz və azadlığının zərrəsini də güzəştə getməz.

Belə insanı nə mal, mülk, sərvət, nə də bəsitliyə, səfilliyə sürükləyən və ruhu iflic edən pozulmuş adətlər, ağla qandal vuran, hər şeyi daraldan camaat əlaqələri, cürbəcür gəlir və mənfəət düşüncələri, əxlaqi dəyərləri yerlə-yeksan edən ehtiras və qazanc düşkünlüyü, zorakılığı ağıl və məntiqdən üstün tutan despotizm düşüncəsi, şəhvət, nifrət, həsəd... kimi eqoizmin təzahürləri sayılan əxlaqsızlıq heç vaxt Allahdan uzaqlaşdıra və köləyə çevirə bilməz. Bir mömin ən azı gündə 30-40 dəfə “Ey Rəbb, yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” (“Fatihə” surəsi, 5) deyərək azadlığına və fərdiyyətinə qandal vuran bütün bu zəncirləri qırır və Haqq Təalanın hər şeyə qadir olan o əzəmətli gücünə sığınır. Bu səviyyədə Yaradana sığına bilməyən fərd həqiqi mənada ideal insan olma vəzifəsini də tamamlamış sayılmır.

Ancaq İslam fərdin (Allahdan başqa) hər şeydən azad və müstəqil olmasını istəməklə yanaşı, onun bir ailəyə, camaata, millətə, hətta bütün bəşəriyyətə mənsub olduğunu da ehtiyaclara binaən bir qanun kimi qəbul edir. Çünki insan ictimai və mədəni varlıqdır, insanlarla birlikdə yaşamaq məcburiyyətindədir. Hər bir şəxs bu ehtiyac çərçivəsində bir-birinin üzvü (əzası) mahiyyətindədir və biri olmadan digəri ola bilməz.

Zərurət, ehtiyac, hətta təkmilləşməkdən asılı olan belə bir birlik fərdin həll edə bilmədiyi bir çox məsələnin həll edilməsi və təcavüzkarlardan qorunma baxımından olduqca vacibdir. Biz mütləq azadlıq tərəfdarlarından məhz bu nöqtədə fərqlənirik. Onlar insanları ənənəvi bağlardan və ənənəyə bağlılıqdan xilas etmək bəhanəsi ilə tənha, dayaqsız və istinadsız qoydular ki, bu istinadsızlıq da onları hər an zorakılığın əsarətinə sürükləyə bilər. O da bu yalqızlığın, tənhalığın cəzasını bəzən tiranların əsarətində, bəzən də ictimai despotizm altında əzilərək çəkdi. Və “fərdiyyətçilik” yolunda azadlığından da oldu, heysiyyətindən də.

Bir məsələyə də xüsusən diqqət çəkmək istəyirəm; İslam dini başqa din və ya zahirən dinə bənzəyən sistemlər kimi təkcə metafizik mülahizələrlə maraqlanan, dua, təvəccöh, konsentrasiya və ya bəzi şəxsi ibadətlərlə məhdudlaşan din deyildir. O, bütün bunlarla yanaşı fərdin ictimai, siyasi, iqtisadi, əxlaqi, hüquqi davranışlarını nizama salır, həmçinin qoyduğu qayda-qanunlara riayəti, xüsusilə axirətdə mükafatlandırma və qanunsuzluqdan çəkindirmə prinsipləri ilə tənzimləyir. Beləliklə, dini ixtisar edib təkcə inanc və fərdi ibadətlə məhdudlaşdırmaq onu bölmək, parçalamaq və Allahın istəyinə zidd çərçivəyə salmaq deməkdir. Bu, həmçinin fərdlərdə nəyi, nə vaxt, nə qədər yerinə yetirib-yetirməmə məsələsində də fikir dağınıqlığına, ziddiyyətlərə səbəb olur. Hətta bu bölgü fikir qarışıqlığına da səbəb ola bilər. Bir insan inandığı dinin bütün əsaslarını sərbəst yerinə yetirə, yaşaya bilmirsə, buna bəzi maneələr imkan vermirsə, demək, həmin şəxsin vicdan azadlığına, inandığı dəyərləri yaşamasına məhdudiyyət qoyulmuşdur. Belə halda isə insan hüquq və azadlıqlarının mövcudluğundan danışmaq mümkün deyil.

İslam dini insanın dünya və axirət həyatını tənzimləyən, əbədi səadətini təmin edən, bu istiqamətdə ona yol göstərən əsaslarla peyğəmbər vasitəsilə göndərilmişdir. O peyğəmbərin bəyanlarında dünya-axirət yan-yana, fərdi məsuliyyətlərlə ictimai mükəlləfiyyətlər iç-içədir, ibadət, övradı-əzkar, qəlbi-ruhi həyat, əxlaqi, ictimai və idarəçilik məsələləri bir vahidin müxtəlif dərinliyi şəklində bir bütövü təşkil edir. Bütün bunlarla yanaşı, hər bir müsəlman öz haqq-hüququnu dərk etdiyi qədər başqalarının da haqq və azadlığına hörmət edir, öz haqq-hüququnu müdafiə etdiyi qədər onların da haqq-hüququna həssas yanaşır.

Sual: 2. İslamda dövlət anlayışı necədir? Bu anlayış Quranda necə əksini tapır? Bir çoxları ümumən İslami dövlət qurma məsələsi haqda danışır, bünövrəsi şəriət olan dövlət anlayışından bəhs edirlər. Bu haqda fikirlərinizi bizimlə bölüşə bilərsiniz?

“İslamın siyasət və dövlətə baxışları” mövzusunda araşdırma aparan və ya bu məsələni dilə gətirənlər çox vaxt Kitab və Sünnənin ortaya qoyduğu İslamla müsəlmanların tarixi təcrübələri ilə və təbii ki, şəri (şəriətə aid) dəlillər əsasında anlatmağa çalışdığı müsəlmanlığı və hazırda baş verən hadisələri bir-birinə qarışdırır, bəzən bir Quran məalına, bəzən bir neçə seçmə hədisə, bəzən də müasir fantastiklərdən birinin düşüncə və təkliflərinə söykənərək İslama fərqli qiyafə biçir və (Müsəlmanların) əllərinə fürsət keçərsə, öz anlayışlarını hakim mövqeyə gətirəcəklərini bildirirlər.

Əlbəttə, bununla demək istəmirəm ki, İslamın prinsipləri və tarixi yeni düşüncə və yeni təkliflərə qapalı, uzaq, daşlaşmış bir tarixdir. Bəli, dinin təməl əsaslarla yanaşı, bu təməl əsaslar çərçivəsində ictihad və qiyasa söykənən geniş bir sahəsi də var ki, bu sahədə dini məsələlərin ortaya qoyulmasında, təsbit edilməsində insanın səy və cəhdləri inkarolunmazdır. Ancaq bu cür mövzularda hər bir mütəxəssisin irəli sürdüyü fikir və ictihad yalnız onun özünə şamil edilir, bunlardan hansısa məsələni isbat etmək, kimisə susdurmaq, kiməsə üstün gəlmək üçün istifadə olunmamalıdır – bu da dinin bir əmridir. İslam heç kimə öz düşüncə və təkliflərini – bu gün etibarilə həva və həvəsini[1]– həqiqət yerinə qoyub “din məhz budur” deməsinə icazə vermir və bunu zəlalət sayır.

Əvvəla, din adı ilə ortaya atılan “qanun lahiyəsi” (fikir) Kitab və Sünnə əsaslı deyilsə, bu mövzuda az və ya çox əmək sərf edən insanların sayı qədər “layihə” və “taslaq” (eskiz) ortaya çıxar ki, bu da açıq-aşkar qanunilik böhranı deməkdir. Təqdim olunan “taslaq” hər kəsin ittifaqla qəbul etdiyi tarixi təcrübələrin “rəy”ini almayıbsa, əsla uzunömürlü ola bilməz. Müasir dövrün ehtiyacını ittifaqla qəbul olunan və sayğı ilə qarşılanan doğma qaynaqlara müraciət edərək ödəyə bilmirsə, o da real və qaneedici ola bilməz.

Elə isə, istər əsas mənbələr, istərsə də mənbələrə söykənən elmi mülahizələr baxımından İslamın dövlət anlayışı necədir?

İslamda hökm və iradə Allaha aiddir. Quran bir çox ayədə hökm və əmrin Allaha aid olduğunu vurğulayır və “Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qərarı verə bilməzlər” (“Əhzab” surəsi, 33\36) deyir, beləliklə nə teokratiyada olduğu kimi bu haqqın müqəddəs və məsum ruhani rəislərə, nə onların nəzarətindəki kilsələrə, nə də hər hansı bir diyanət qurumuna aid olmadığını elan edir. İslam “Allah yanında ən hörmətli olanınız ən müttəqi olanınızdır” (“Hucurat” surəsi, 49\13) deyərək soy-nəsil, millət-tayfa, imtiyazlı sinif və s. kimi xüsusların əvəzinə təqvanı, ləyaqəti, haqpərəstlik düşüncəsini və ədalət hissini əsas götürür. Bu baxımdan Kitab və Sünnəyə söykənən müsəlmanlıqda nə mütləq monarxiyaya, nə qərbin klassik demokratiyasına, nə diktatorluğa, nə də totalitarizmə yer var. İslamda idarə edənlə idarə olunanların qarşılıqlı razılığa gəlməsi mənasını verən idarəetmə məşruluğunu (şəriətə uyğunluğunu, hüquqiliyini) hüquqdan və hüququn üstünlüyü prinsipindən alır. İslama görə hüquq idarə edəndən də, idarə olunandan da üstündür, o, Allaha aiddir, dəyişdirilə, qəsb oluna bilməz, Yaradanın əmri, Peyğəmbərin təbliğ və tətbiqi çərçivəsində yerinə yetirilir. İslam qeyri-hüquqi idarə sistemini təsdiqləmir, onu (huququ) tanımayan idarə olunanları da üsyankar qəbul edir. İslami idarəetmə sistemində ən yüksək vəzifədə olanlar belə sıravi insanlar kimi hüquqi əsaslara riayət etməklə mükəlləfdir. Bu əsasları pozmaq və onlara zidd hərəkət etmək ixtiyarı yoxdur.

Burada bir məsələyə aydınlıq gətirmək faydalı olar: bütün bunlar “qanunverici və icraedici orqanların heç bir səlahiyyəti yoxdur” demək deyildir. İslamda qanunverici və icraedici orqanlar hər zaman toplum daxilində və əcnəbilərlə iqtisadi, siyasi, mədəni münasibətlərdə zərurət, ehtiyac və faydalılıq (məsləhət) çərçivəsində ümumi hüquq normalarına müvafiq olaraq müəyyən qanunlar qəbul edib tətbiq edə bilərlər. İdarə edilənlər də ali hüquq prinsiplərinə riayət etdikləri kimi, bəşərin qoyduğu bu qanunlara da tabe olmaq məcburiyyətindədir. İslam şəri prinsiplərin şərhində ictihad, istinbat və istixraca etiraz etmir.

Əslində demokratik bir toplumda hüququn mənbəyi, rəngi, şivəsi çox da əhəmiyyətli deyil. Müasir dünyanın gəldiyi səviyyə etibarilə, əsas insan hüquq və azadlıqları siyasi iştirakın, etnik azlıqların fərd və cəmiyyətin qərar mexanizmində öz çəkisini hiss etdirməsi, hər kəsin başqasına müəyyən vasitələrlə təzyiq göstərməmək şərtilə, özünü ifadə edə bilməsi, inandığı kimi yaşaması və beynəlxalq hüquq normalarına, müqavilələrə zidd hərəkət etməməsi mənasına gəlirsə, İslam bunların heç birinə qarşı çıxmır. Beləliklə də, Quran və Sünnənin ortaya qoyduğu ümumbəşəri dəyərləri görməməzliyə vuraraq İslamı demokratiyanın düşməni, onun açıq-aşkar əksi kimi göstərmək doğru deyil.

Bir dövlət sözügedən çərçivədə hər kəsə öz dinini yaşama imkanı verir və onları istədiyi kimi düşünmə, öyrənmə və tətbiq etmədə dəstəkləyirsə, belə bir sistem Quranın təlimlərinə zidd sayılmır və belə bir dövlət ola-ola alternativ bir dövlət düşüncəsinə baş vurulmur. Əgər insan hüquq və azadlıqları natamamdırsa, – hazırda inkişaf dövrünü yaşayan demokratik sistemlərdə olduğu kimi – sistem təkrar qanunverici və icraedici orqanlar tərəfindən gözdən keçirilir, ümumbəşəri hüquq normalarına görə təshih, təcdid və tənzim edilir və daha da təkmilləşdirilir. Belə bir nizam şəriətə tam müvafiq olmasa da, onun açaq-aşkar ziddi də deyildir.

Burada bir məsələni də nəzərə çatdırmaqda fayda var: bəziləri şəriəti təkcə dini qayda-qanunlar əsasında qurulmuş bir dövlət kimi təsəvvür edir və bu sözün həqiqi məna və mahiyyətinə baxmadan ona düşmən münasibət bəsləyirlər. Halbuki şəriət din sözünün, bir mənada, sinonimi və Allahın əmrlərinə, Peyğəmbərimizin söz və davranışlarına və icmai-ümmət[2] əsaslarına söykənən dini bir həyatdır; buna görə də (şəriətdə) dövlət idarəsi ilə bağlı qayda-qanunlar ancaq beş faizə bərabərdir. Bunun doxsan beş faizini isə iman əsaslarından İslami prinsiplərə, əxlaqi qaydalara qədər digər məsələlər təşkil edir.

Sual: 3. İslam demokratiya ilə üst-üstə düşürmü? Əksər müsəlman ölkələrinin qeyri-demokratik vəziyyəti haqda nə düşünürsünüz? Və ya bu vəziyyət nə dərəcədə nöqsan sayılır?

İslamla demokratiyanı müqayisə edərkən İslamiyyətin ilahi, səmavi bir din, demokratiyanın isə bəşəri bir idarəetmə sistemi olmasını nəzərə almaq lazımdır. Dinin əsas məqsədi iman, ubudiyyət, mərifət və gözəl əxlaq kimi ümumbəşəri dəyərlərdir. Quran yüzlərlə ayəsi ilə insanları imana, Haqqa qulluğa, qulluqda dərinləşərək ihsan şüurunu qazanmağa və gözəl əxlaqa çağırır. “İman gətirmək və saleh əməl etmək” Quranın təkidlə vurğuladığı mövzulardan biri olduğu kimi, Haqqı görürcəsinə hərəkət etmə və ya Onun tərəfindən görülmə şüuru ilə Onunla vicdanən münasibətdə olma və bütün bunları gözəl əxlaqla bəzəmə də Quranın daim xatırlatdığı mövzulardandır.

Demokratiya isə öz-özlüyündə bir idarəetmə sistemi deyil. Hətta demək olar ki, daha çox dolaşıq və mudilldir. Buna görə də, sözügedən ifadə (demokratiya) az-az hallarda təyinsiz işlənir. Çox vaxt “ictimai”, “liberal”, “xristian”, “radikal”... və s. təyinlərlə işlədilir ki, praktikada bəzən bunlardan biri digərini demokratiya kimi qəbul etmir.

Ancaq bu gün “demokratiya” sırf yalın demokratiya kimi götürülür, təyinlərinə baxılmır. Əksinə “din”-dən danışanda isə əksəriyyət demokratiyanın dindəki yerinə, mövqeyinə baxmadan onu dinin şöbələrindən biri sayılan siyasətlə əlaqələndirirlər. Məhz bu iki mülahizə İslam və demokratiyanın uyğun gəlib-gəlməməsi məsələsində fərqli fikirlərin ortaya çıxmasına səbəb olmuşdur. Bunlar (İslam və demokratiya) bir-birinə tam zidd və ya əks olmasalar da, aralarında ciddi fərqlər var.

Bu mütaliələrdən birinə görə İslam bir din olmaqla yanaşı, eyni zamanda bir dövlət sistemidir. O, fərdi, ailəvi, ictimai, iqtisadi, siyasi – hər sahəni əhatə edir, etmişdir. Bu baxımdan onu təkcə iman və ibadətdən ibarət saymaq onun müdaxilə və təsərrüf (idarə etmə) sahəsini daraltmaq deməkdir. Bu icmali mütaliə ilə bağlı yeni-yeni fikirlər ortaya çıxmış və çox vaxt İslamın da siyasi ideologiya kimi başa düşülməsinə səbəb olmuşdur. Hətta bəzilərinə görə bu düşüncə tərzi İslamı adi bir siyasi ideologiya səviyyəsinə endirmişdir. Bu isə, bütünlüklə hüquqa söykənən, təməl prinsipləri etibarilə heç bir təbəqəyə təzyiq göstərməyən, hətta açıq-aşkar buna qarşı çıxan və icraatını daima xalqın fikirlərinə uyğun – rəy caiz olan sahələrdə – həyata keçirən İslamın ruhu ilə ziddiyyət təşkil edir. Həmçinin bu fikrə əsaslananlara görə, İslamı bir ideologiya kimi təqdim etməkdənsə, demokratiyanı tamamlayan bir faktor kimi təqdim etmək daha yaxşı olardı. İslamın bu şəkildə təqdim edilməsi Müsəlman dünyasında demokratiyanın yerli formalarını zənginləşdirməyə və insanların maddi və mənəvi dünyaların qarşılıqlı əlaqəsini daha yaxşı anlamasına kömək edə bilərdi. Mənə elə gəlir ki, İslam əbədiyyətdən və əbədi bir Zatın təvəccöhündən başqa heç bir şeylə qane olmayan insan oğlunun bu sonsuz ehtiyaclarını təmin etmə baxımından demokratiyanı zənginləşdirə bilərdi.

Bəli təəssüf ki, İslam aləmində, xüsusilə, bizim ölkəmizdə din-demokratiya əlaqələrinə toxunan, həm din adından danışan, həm də bəzi anlayışları formalaşdıranların bir hissəsi, həm də demokratiya tərəfdarlarının bəzisi eyni səhvə yol verməkdə birləşirlər: O da “demokratiya ilə din əsla uyğun gəlməz” düşüncəsidir. Çünki din Allahın hakimiyyətinə, demokratiya isə millətin rəyinə söykənir. Ancaq, zənnimcə, burada bir məqam ehmala, laqeydliyə qurban gedir: o da hakimiyyətin qeyd-şərtsiz millətə aid olmasının – haşa – Allahın əlindən alınıb insanlara verilməsi deyil, Allahın insanların idarəsinə verdiyi bir səlahiyyətin hər hansı bir şəxs, bir müstəbid, bir diktatorun əlindən alınıb xalqa verilməsidir ki, bu da bir mənada Raşid Xəlifələr dövrünün icraatına müvafiqdir.

Şübhəsiz ki, Allahdır kosmoloji mənada hər şeyə hakimdir; bizim düşüncələrimiz, planlarımız hər zaman o Qüdrəti-Qahirənin idarəsi altındadır. Ancaq bu, insanın iradə, təmayül və seçimdən məhrum olması mənasına gəlmir. İnsana şəxsi həyatda bəzi seçimlərə ixtiyar verildiyi kimi, müəyyən ictimai-siyasi məsələlərdə iradələri ilə, bir mənada, təkbaşına buraxılmışdır. Qanunverici və icraedici orqanlar müxtəlif metodlarla seçilə bilər. Səadət əsrində də bir növ seçim üsulundan istifadə olunmamışdır. Hz. Əbubəkir ayrı yolla, Hz. Ömər fərqli üsulla, Hz. Osmanla Hz. Əli də başqa sistemlə seçilmişdir. Düzünü Allah bilir.

Üstəlik demokratiya mükəmməl bir sistem də deyil, onun inkişaf yolu heç də hamar deyil, tez-tez nöqsanları aradan qaldırılmış, bəzən gözdən keçirilib düzəlişlər aparılmış, otuz növündən bəhs edilmişdir.. Və bəzilər hələ də demokratiyaya keçdiyi təkamül yolunun bu ziqzaqlı macərasına görə şübhə ilə yanaşır. İslam aləminin demokratiyadan çəkinməsinin bir səbəbi də, bəlkə də, budur. Çəkinməklə yanaşı, demokratiyanı təhlükə sayan bəzi despot idarəçilərin zorakılığa əl atmasını da demokratiyanın yolunu kəsən bir maneə kim görmək olar.

Sual: 4. “Siyasi İslam” ifadəsinin geniş yayıldığı bir dövrdə İslam-siyasət əlaqələrini necə görürsünüz?

Digər mövzularda olduğu kimi, məncə, din-siyasət əlaqələrində də ifrata, və ya təfritə yol verilir: Kimiləri “dinin bu və ya digər şəkildə siyasətlə qətiyyən əlaqəsi yoxdur” deyir, kimiləri də çoxşaxəli və müxtəlif dərinliyə malik din sistemini tamamilə siyasət kimi göstərir. Qurani-Kərimdə idarəçilik və siyasətlə bağlı bir çox ayə olduğu kimi, Peyğəmbərimizin fəaliyyətləri də bu mövzuda böyük əhəmiyyət daşıyır. “Üluləmr[3]“, üluləmrə itaət (tabeçilik), müşavirə, hərb-sülh qərarları, qəzayi-hökm (hökmün icrası)... və s. kimi bir çox məsələlər siyasət və idarəyə aiddir.

Ancaq İslamda nə idarəni, nə də siyasəti ərkani-imaniyə (imanın rüknləri) və əsasati-diniyədə (dinin əsasları) olduğu kimi, bir qəlibə salmaq mümkün deyil. Tarix bizə İslam dünyasında Səadət Əsrindən bu yana – seçki, seçkinin xüsusiyyətləri.. və s. kimi şeylər istisna – bir çox dövlət formasının olduğunu göstərir. Bu sistemlər arasında üsulda (əsaslarda) ciddi fərqlər olmasa da, təfərrüatda o qədər çox fərqlilik var ki, bu işin incəliyini qavraya bilməyənlər bu idarə sistemlərindən hər birini fərqli bir sistem kimi görə bilər, görmüşdürlər də. O cümlədən bunu da qeyd edim ki, bu fərqlər dinin şərhə açıq yönləri və ictihad sahələri ilə bağlıdır.

Bu mövzu ilə əlaqədar düzgün məlumat və müsbət nəticələr əldə etmək üçün dinin təməl qaynağı olan Kitab və Sünnəyə müraciət etmək zəruridir. Eyni zamanda tarixi təcrübələr də bu mövzuda mühüm bir istinaddır.

Qurani-Kərimdə Allaha qulluq vəzifələrini müəyyənləşdirən, məzmun baxımından təəbbüdilik[4] ifadə edən ayələrlə yanaşı, insanların qarşılıqlı münasibətlərini də tənzimləyən ayələr var. Hər iki mövzuda gələn əmr və tövsiyələr Allaha məxsus olmasına baxmayaraq, Zati-Üluhiyyətə aid vəzifə və məsuliyyətlərimizi tənzimləyən ayələr Peyğəmbərimiz və Səhabələrinin anlayıb qəbul etdiyi şəkildə qorunub saxlanmış, hal-hazırda da qorunur. İkinci kateqoriyada keçən ilahi fərman və peyğəmbər bəyanları isə, insanların ictimai, iqtisadi, siyasi və mədəni əlaqələri ilə bağlı bəzi əsasları tənzimləməklə yanaşı, dolaylı və ya xülasə şəklində o xüsusların bəzi hikmət, məsləhət və faydasına da təmas edirlər. Məsələn, Quranın ədalət, haqq-hüquqa riayət, yalan danışmama, mərhəmətli və şəfqətli olma, hər işi məşvərətlə görmə, iffətli yaşama, heç kimi aldatmama... və s. kimi mövzular buna örnək ola bilər.

Bu xüsuslar bir bütöv kimi götürülüb düzgün mütaliə edilsə, müsəlmanların üzləşdiyi bu kimi problemlərin həllində mütəxəssislərə bir ipucu verə bilər. Şərhçilər bunlara istinadən bəzi şərhlər verər, müctəhidlər onlardan müəyyən qədər faydalanarlar. . və s. və i.

Qurani-Kərim və Sünnədə şərhi, izahı zamana həvalə edilən bir çox mövzu vardır. Bu məsələlərin təfsilatının müəyyən vaxta saxlanılması göstərir ki, bu xüsuslar haqda təfsilatlı əmr və tövsiyə yoxdur. Buna görə də siyasət, dövlət, xalqa rəhbərlik və s. kimi mövzulara aid ayə və hədislərdə verilmiş icmali əmr və tövsiyələr izah edilərkən fərqli şəkil və formalarda bəzi fikirlər ortaya çıxmışdır. Siz istər bunu zamanı da mühüm bir təfsirçi kimi qəbul edərək ona həvalə edilməsi şəklində anlayın, istərsə də bəşəriyyətə “Hənefiyyeyi-Səmha (asanlıq prinsipi)” ilə gəlmiş bu dinin ümumbəşəriliyinə həvalə edin, – hər ikisi də doğrudur. Bəli, Quranın xitab etdiyi kütlə içində ən bədəvisindən ən mədənisinə, çox az inkişaf etmiş toplumlardan ən inkişaf etmiş millətlərə, bəzi quru izdihamlardan çox yaxşı təşkilatlanmış ziyalı camaatlara qədər çox fərqli təbəqələr var. O bütün bu təbəqələrə onların baxış, görüş, anlayış, hətta həyat tərzini nəzərə alaraq səslənmişdir. Yeri gələndə insanın Haqq-Təala ilə münasibət mövzusu haqda icmali (məlumat) verməyi seçmiş və diqqətə çatdırmaq istədiyi mövzunun təfsilat və izahını zamana və o zamanın böyüklərinə həvalə etmiş, yeri gələndə də insanların qarşılıqlı əlaqələrində təfsil edib və açıqlayaraq möhkəm istinadın xüsusiyyətini vurğulamışdır.

Bu baxımdan ikincidə – bəzi sapqın firqələrin izahları istisna olaraq – həmişə fikir birliyi mövcud olmuşdur. Birincidə isə, şərtlərə, zamana, dünyanın ümumi şəraitinə görə, bir xeyli fərqli şərhlər meydana gəlmişdir. Şübhəsiz bu fərqlilik qanunverici və icraedici orqanlara da əks etmişdir.

Bütün bunlara baxmayaraq Quranda bilavasitə və birinci dərəcədə açıq-aydın siyasətin İslam dinin “olmazsa-olmaz” təməl ünsürlərindən biri olduğunu və möhkəmat (mənası açıq-aşkar olan mütləq hökmləri) səviyyəsində dinin maraq dairəsinə girdiyini iddia etmək doğru deyil. Çox güman ki, Quranda əksini tapan bəzi hökmlərin siyasət, dövlət quruluşu və rəhbərliklə əlaqəsi, bir az da onunla maraqlanan şəxsin və ya şəxslərin dünyagörüşü, İslami həyəcanı, məsələlərə yalnız tarixi təcrübə prizmasından yanaşması və “İslam toplumunun problemləri siyasət və idarə yolu ilə daha rahat həll olunar” düşüncəsi ilə hərəkət etməsi bu yanlış yorumlara gətirib çıxarmışdır. Bu mülahizələrin hər birinin, şübhəsiz ki, özünə görə bir mənası var, lakin bu da aydındır ki, gerçək sırf bundan ibarət deyildir.

İctimai münasibətlərin tənzimində fərd, ailə və cəmiyyət ahənginin təşkilində idarə və hakimiyyətin təsiri danılmaz olsa da, yenə də bunlar Qurani dəyərlər silsiləsində ikinci dərəcədə qalır. Çünki “ümmühat (birinci dərəcədə əhəmiyyətli olan mövzular)” adlandırdığımız iman, İslam, ihsan və ilahi əxlaqın cəmiyyətə mənimsədilməsi kimi mövzular həm qaynaq mövzulardır, həm də idari, iqtisadi, siyasi.. məsələlərin əsası mahiyyətindədir. Bu yanaşmaya əsasən Quranda siyasət nəzəriyyələri, müxtəlif dövlət modelləri axtarmaq, və ya o müqəddəs kitab təkvini əmrlərin əzəli bir tərcümanı, qeyb və şəhadət aləmlərinin təfsiri, yer və səmada təcəlliləri ilə yayılmış ilahi isimlərin təfsirçisi, İslam aləminin müxtəlif dərd və problemlərinin həlli, dünya və üqba səadətinin yeganə rəhbəri, axirət yolçularının dünya və axirətlə əlaqəli yanıltmaz dəlili və insan oğlunun bitib tükənməyən fəyyaz (feyzli) hikmət mənbəyi… olmasına baxmayaraq onu yalnız siyasi görüşlərə alət etmək ona qarşı hörmətsizlik olduğu kimi o bərəkətli qaynağın digər dərinliklərindən istifadə edilməsinə də maneədir.

Ancaq bu da bir həqiqətdir ki, Qurani-Kərim insanların ruhunda hasil etdiyi ənginlik və dərinliklə aqil siyasətçilər yetişdirərək siyasətin bir qumar və ya şahmat oyununa çevrilməsinə imkan vermir.

Sual: 5. Xilafətin ləğv edilməsindən sonra İslam aləmində bir çox xilafət hərəkatı ortaya çıxdı, xüsusilə də, Hindistan müsəlmanları arasında. Sizcə, bu qədər sürətlə dəyişən dünyada xilafətin bərpası mümkündürmü? Yoxsa, bunu gözləmək xəyalpərəstlik olardı?

Xilafətin ləğv edilməsinin lehinə və əleyhinə müxtəlif fikirlər səsləndirilmişdir. İlk çıxışlarında Ziya Gökalp və onun kimi düşünənlər: “Dayağı Türkiyə Böyük Millət Məclisi olan xilafət məqamı müsəlmanların uca məqamıdır. Yer üzündə xilafət məqamı olmasa, İslam aləmi imaməsiz qalıb dağılmış pərişan təsbehə dönər” deyirdilər. Seyid Bəy və onun kimi düşünənlər isə: “Xilafət hikmətdir, birbaşa millət işidir və zamanın tələbatından asılıdır. Peyğəmbərimiz vəfatından əvvəl əshabi-kirama xilafətlə bağlı heç bir şey açıqlamamışdı. Qurani-Kərimə baxsaq, bu məsələ haqda heç bir ayə olmadığını görərik” deyir və Quranda dövlətlə bağlı məşvərət, şura, ülul-əmrə itaət mövzularına üstünlük verir.. bunların siyasət və idarəçiliyin iki mühüm amili olduğunu vurğulayır.. xilafətin Həzrəti Əli ilə hicrətin otuzuncu ilində sona yetdiyini söyləyir.. məzhəb imamları və əqaid ustadlarının fikirlərindən örnəklər gətirir.. xilafətin qayə və məqsədini götürüb buna əsasən bir iş görmək lazım olduğunu və xilafətin də bir mənada tarixiliyini xatırladır və bu mərhələnin “həqiqi xəlifələr” adlandırdığımız şəxslərlə sona yetdiyini deyirdi. Ondan sonra tarix səhifəsinə çıxan xəlifələrin həqiqi deyil, zahiri və formal xəlifə olduqlarını dilə gətirir.. və beləcə bəzi müxaliflərə baxmayaraq məclisin “Xəlifə taxtdan salınmışdır. Xilafət hökumət və cümhuriyyətin məna və məfhumunda əksini tapdığına görə xilafət məqamı da ləğv edilmişdir” bəyanı ilə xilafət ləğv edilir.

İbni Haldun “Müqəddimə”sində xilafətlə bağlı təsbitlərini yazır: “Xilafət haqqında üç fərqli görüş var:

1. Xilafət ilahi bir müəssisədir və zəruridir.
2. Xilafət ehtiyacdan asılıdır.
3. Xaricilərin iddia etdikləri kimi, xilafətə ehtiyac yoxdur.

Bu gün xilafəti lüzumsuz sayanlar bir çox milli dövlətlərin qurulmasını, istiqlaliyyət düşüncəsinin ön plana çıxmasını və xilafətin də artıq öz təsir qüvvəsini itirməsini əsas gətirərək ona ehtiyac qalmadığını söyləyirlər.

Müsəlmanlar arasında birliyin qurulmasında rolu, müxtəlif millətlərin öz ölkələrinin imkanlarından daha yaxşı yararlanması, sadə xalq kütlələrinin dini məna daşıdığına görə xilafətin ətrafında daha rahat toplanma ehtimalı və s. kimi xüsuslara görə də onun (xilafətin) hələ də təsirli bir güc olduğunu irəli sürənlər var.

Ancaq onu (xilafəti) yenidən ayağa qaldırmaq çox çətin olduğu kimi, bütün müsəlmanlara qəbul etdirmək də qeyri-mümkün görünür. Üstəlik belə bir təşəbbüsü müasir dünya necə qarşılayacaq, bu da çox əhəmiyyətlidir. Bütün bunlara əsaslanaraq bir nəticə çıxarıb məsələyə bu aspektdən yanaşmağın faydalı olacağını düşünürəm.

Sual: 6. Bəzi amerikalı yazarlar Qərbin inkişafını renessansla əlaqələndirirlər. Sizcə, İslam dünyasında renessans mümkündürmü? Və ya buna ehtiyac varmı? Bu mövzuda fikirlərinizi bölüşə bilərsinizmi?

Yenidən doğulma, diriliş və intibah mənasına gələn “Renessans” əgər bəzilərinin dediyi kimi, antik dövrün formal və ruhi-mənəvi dəyərlərini təkrar canlandırma hərəkatı, qədim mənbələrə qayıdış və onları təkrar oxuma, dəyərləndirmə cərəyanı, siyasi, hüquqi və əxlaqi mövzularda qədim dövrün əsas götürülməsi və araşdırmaların klassik mətnlərə yönəlməsi, bəzi əfsanəvi qəhrəmanların ideal seçilməsi deməkdirsə, belə bir yenidən dirilişin bəzi cəhətləri təqdirəlayiq olsa da, onu bütünlüklə qəbul etmək, məncə, doğru deyil.

Əgər Renessans deyiləndə Mişle (Michelet) kimilərinin səyi, təsiri və rəhbərliyi ilə Orta Əsrlər dövrünün ilahiyyatçı hakimiyyətinə və diyanətin (dinin əməl yönü) nüfuzuna qarşı etiraz, bir az azadlıqsevər, bir az tənqidçi və tamamilə dindən uzaqlaşma mahiyyətli fərdiyyətçilik mərhələsi nəzərdə tutulursa – bəziləri bu hərəkatın inkişafını İtaliya ilə, Dante, Cotto və s.-lə əlaqələndirir – bunu da bu formada insanlıq üçün faydalı hesab və təsdiq etmək mümkün deyil. O dövrdə Qərbin fikir keşməkeşindən böhrana düşən bəzi mütəfəkkirlərin ifrat Humanizmə yönəlməsini və müvazinətin pozulmasına səbəb olmasını da təsdiq edə bilmərik.

Əgər Renessans itirilən insani dəyərlərin yenidən tapılıb ortaya çıxarılması, insanların yenidən ümumbəşəri əxlaqi dəyərlərə yönəlməsi, despot idarə və idarəçilərin hesaba çəkilməsi, hətta bəzilərinin bərtərəf edilib demokratik anlayışa addım atılması, sənət və estetikada yüksəliş, o günədək laqeydliyə qurban gedən təkvini əmrlərin diqqətlə oxunub şərh edilməsi, həqiqət eşqi, araşdırma şövqü, elmə məftunluq kimi məziyyətlərin inkişaf edib geniş yayılması, dini dəyərlərin əvəzolunmazlığının dövrə uyğun yeni bir tərz və üslubla yenidən səsləndirilməsi isə… İslam coğrafiyasında bu mənada bir renessans Hicri üç və dördüncü əsrlərdə ən parlaq formada həyata keçirilmiş və bir mənada Qərb Renessansına da nümunə təşkil etmişdir.

Biz bütün səmimiyyətimizlə həmişə belə bir Renessans anlayışına tərəfdar olmuş və olacağıq və belə bir inkişafı – ona ağıl, qəlb, ruh və təfəkkürdə diriliş də deyə bilərik – reallaşdırmağa çalışırıq. Amma nə vaxt bu cəhd və səyin meyvəsini dərmək qismət olar, onu indidən kəsdirmək mümkün deyil. Hər şeyin bir vaxtı-vədəsi var, gözləyib görəcəyik, “Günəş doğulmadan gecənin bətnindən nələr doğar.”

Sual: 7. Son bir neçə əsrdə İslam dünyasında intellektuallar (ziyalı) yetişməməsinin səbəbi nədir? Bu nə ilə bağlıdır? Gələcəkdə bunu aradan qaldırmaq mümkündürmü?

“İntellektual”la nəyin nəzərdə tutulmasına baxır. “Varlığın mənbəyinin düşüncə olduğunu, ağlın isə hiss və iradədən üstün olduğunu iddia edən” (insan) mənasına gələn intellektualın olmaması İslam dünyası üçün itki sayılmır. Amma bu da danılmazdır ki, bu dünyada (İslam dünyasında) öz varlığının şüurunda olan (onu dərk edən), varlığı düzgün oxuyub düzgün şərh edən, dövrünü dərk edən və onunla hesablaşmağa bacaran, yeri gələndə bildiyini tərəddüdsüz dilə gətirən ziyalı insan mənasında intellektual yoxdur. Ancaq burada bəzi məsələlərə aydınlıq gətirmək faydalı olar:

Əvvəla, İslam dünyasında tənəzzül və durğunluq yalnız ona xas xüsusiyyət deyil: Tarix neçə-neçə dünəni çox parlaq, bu günü dərbədər və pərişan millətlərə şahid olmuşdur. Bu tarixi təkərrür ümumən hər millətin taleyidir. Alovun od saçıb ətrafa hərarət verəndən sonra sönməsi, işlənən əşyanın tədricən korlanıb sıradan çıxması, dünyaya gələn insanın böyüyüb, yetkinləşib sonra da ölməsi kimi müxtəlif mədəniyyət və millətlər də belə bir taleyə malikdir. Yenilənmə ilə ömrü uzatmağa çalışmaq lazımdır ki, bunun da şərtləri olduqca ağırdır...

İkincisi, İslami ruhun üç mühüm əsası var; bunlardan birinə qarşı göstərilən laqeydlik müəyyən mənada digər dinamik əsaslara da təsir edərək o ruhu iflic edir. Bu əsaslar “tədvin dövrü”ndə olduğu kimi, dini elmləri təməl qaynaqlar əsasında dövrün idrakına (anlayışına) uyğun şərh etmə; kəlam sifətindən gələn Qurani-Mubin kimi, qüdrət və iradənin Kitabı-Kəbiri sayılan kainatı və bu möhtəşəm kitabın təkvini qanunlarını düzgün oxuyub dəyərləndirmə; maddə qədər mənaya, cisim qədər ruha, dünya qədər üqbaya və fizika qədər metafizik mülahizələrə də açıq olub bütün bu xüsuslar arasındakı tarazlığı qoruma şəklində xülasə oluna bilər.. Bir dünyada ki, ağıla laqeydlik göstərilir, qəlb bir kənara atılır, həqiqət və elm eşqi sönür və ya söndürülür, orada elit insandan və intellektualdan danışmaq əbəsdir.

Üçüncüsü, Bugünkü Qərb kimi İslam dünyasının da parlaq dövrü olmuşdur. Belə bir dövrün müsbət yönləri ilə yanaşı, bəzi həyati dinamiklərə laqeydlik nəticəsində ortaya çıxan mənfi yönləri də var. Bəzən, maddi gücdən arxayınlaşmağa, nizam-intizamlı sistem sezilməz korluğa; zəfər və uğurlar həyat eşqinə, tənpərvərliyə (öz rahatlığına düşkün olmaq), zövqü-səfaya, hətta bəhimiyyətə (heyvan kimi həyat sürmək) səbəb ola bilər. Belə ağır şəraitin hökm sürdüyü bir coğrafiyada isə intellektual yetişməz.

Dördüncüsü, müasir elmlər İslam üləmasının tədqiq, təcrübə və araşdırmasının səmərəsi deyil. Bütün elmlər, tamamilə pozitivist, naturalist və rasionalist anlayışa söykənir. Bu dünyada araşdırma və analizlər, tamamilə Qərb anlayışı çərçivəsində həyata keçirilir. İslam dünyasında varlığı yenidən şərh edən, öz düşüncə süzgəcindən keçirən və (bunları) yenidən təsis edən “cins beyinlər” yetişənə qədər də, görünür, bu iş belə də davam edəcək.

Sual: 8. İslam dünyasında ictihad mövzusu uzun müddət müzakirə olunmuşdur. Kimiləri onun “qapısını bağlı” hesab etdi. Bir durğunluq yaşandı. Bu müəssisənin (ictihadın) istifadəsində hansı kriterilər əsas götürülməlidir?

Əziyyətli və çətin bir işi görmək üçün bütün güc və qüvvəti ortaya qoymaq mənasına gələn “ictihad” bir termin kimi zənni (İslamın qəti hökmləri ilə deyil, təfərrüatı ilə bağlı məsələlər) dini hökmləri təfərrüatlı dəlillərindən çıxarıb ortaya qoymaq üçün bütün qüvvəni sərf etmək deməkdir. İctihad edənə “müctəhid”, ictihad olunan hökmə də “müctəhədun fih” deyilir.

İctihadın iki əsas şərti var. Birincisi, ehkamla bağlı ümumi şəri dəlilləri bilmək, ikincisi də, həmin dəlillərin ruhuna nüfuz edən zəka və fiqh məntiqinə sahib olmaq və hökmlərin zaman və məkana uyğun verilməsidir. Beləliklə, bu cür insanların ortaya qoyduğu və zaman və məkana uyğun gələn ictihad mötəbərdir. Əksi isə etibarlı sayılmır.

Üstəlik bəzilərinin zənn etdiyi kimi, ictihad təkcə müqayisədən ibarət deyildir. Qiyas üsulu ilə yanaşı, şəri nəslərin dəlil, eyham və işarələrinə, Kitab və Sünnənin lüğəvi yönünə, ədəbi istifadə və bəyanına əsaslanaraq istidlal (dəlil gətirərək) metodu ilə ictihad etmək olar.

Ən sonuncu və ümumbəşəri din olan İslam müxtəlif dövrlərdə və fərqli coğrafiyalarda yaşayan bəşər övladının rastlaşdığı problemlərə həll yolu göstərmək üçün Kitab və Sünnənin məhdud nəslərindən hüdudsuz məsələlərə uzanmağın bir ünvanıdır. Peyğəmbərimizin dövründən başlayaraq, xüsusilə də hicri üçüncü və dördüncü əsrlərdə bu gözəl fəaliyyət ictihad, rəy, istidlal, qiyas, istinbat adları ilə həmişə davam etdirilmiş, dinamik sistem olan İslamın yaşanmasına paralel daim canlı saxlanılmış və çox bərəkətli olmuşdur.

İslam dünyasına xas çox zəngin və olduqca orijinal bu hüquq mədəniyyəti, ictihadın səmərəli məqamı bir tərəfdən bu aktiv sistemin gündəlik həyatdan qismən də olsa uzaqlaşdırılması, digər tərəfdən də o əski gümrah beyinlərin, ilahi ərməğanlara açıq fəyyaz ruhların, Quran və Sünnəyə aşina mühakimələrin yerini dərk etməyən/edə bilməyən bəzi dar mühakiməli, Quran və Sünnədən dayaz bilikli və ruhu ilhama yad ləyaqətsizlərin alması ilə təqlidçiliyin, əzbərçiliyin və şablonçuluğun ümidinə qaldı.

Siyasi təzyiqlərin, daxili münaqişələrin, bəzi batil və sapqın cərəyanların bu mövzunu məqsədindən uzaqlaşdırması, əcdaddan miras qalmış o bərəkətli xəzinəyə güvənilərək “yenisinə ehtiyac yoxdur” deyilməsi, mövcud sistem və ahəngin insanları kor etməsi, sapqın cərəyanlara tətbiq edilən təhdidlərin bəzən istedadlı və qabiliyyətli möminlərə də tətbiq edilməsi, əvvəlcə ictihad ruhunun yox olmasına, sonra o qapının bağlanmasına səbəb olmuşdur. Əslində o qapını heç kim bağlamadı, dini həva-həvəsinə görə izah edənlərə meydan verməmək və məsələyə vaqif olmayanların həvalarını (nəfsani istəklərini) hüda (ilahi murad) kimi göstərməməsi üçün bəzi haqpərəst üləmanın bu istiqamətdə (yəni ictihad qapısını bağlı saxlamaq haqda) kiçik bir arzusu olsa da, o qapı öz-özünə naəhillərin üzünə bağlanmışdır. İctihad qabiliyyətinə malik insanların yetişməməsini görəndə ictihada qarşı çıxanlara haqq verməmək olmur.

Bu gün insanlar daha çox yalnız dünyanı düşünürlər. Fikirlər və qəlblər xeyli dağınıq, zehin mənəviyyata yaddır, din və diyanət sələf dövründə olduğu kimi, insanların ən ümdə mövzusu deyil, “olsa da olar, olmasa da” səviyyəsindədir. İnsanlar olduqca laübalı və dinin zərurətləri isə ayaq altındadır. İman və İslamın rüknlərinə şübhə ilə yanaşırlar. “Din xarab, iman türab olmuş”. Əksəriyyət İslam çərçivəsində ömür sürmə cəhdindən uzaqdır. Belə bir şəraitdə siz o qapını açsanız da, o dəyərdən layiqincə istifadə edən insanların çıxması mümkün görünmür.

Lakin bütün bunlara baxmayaraq, ümid edirik, hal-hazırda İslam dünyasında din və diyanət istiqamətində nəzərə çarpan dirçəliş, inşaallah, çox yaxında ləyaqətli insanların o qapını açması ilə yekunlaşacaqdır.

Vaxtı-vədəsi gəlincə, o fəyyaz ruh və cins beyinlərin ciddi bir məsuliyyət hissi ilə öz aralarında müxtəlif elm sahələrinin mütəxəssislərindən ibarət ictihad heyətləri, dini şuralar təşkil edərək o boşluğu dolduracağına inancımız tamdır. Hələ qoy bir az da bu xəmiri yoğuraq, görək Mövlam neylər...

Sual: 9. İslamiyyətdə qadın-kişi münasibətləri ən çox mübahisə mövzusu olan məsələlərdən biridir. Qadının cəmiyyətdə mövqeyi haqda fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

Quran insanları ailə həyatına çağırır, evliliyin bir çox hikmət və faydasına təmas edir: “Allah sizin üçün özünüzdən zövcələr yaratdı, zövcələrinizdən də sizə övladlar və nəvələr bəxş etdi və sizə pak ruzilər verdi. İndi onlar batilə inanıb Allahın nemətini inkarmı edirlər?” (“Nəhl” surəsi, 16/72) Qurani-Kərim evliliyə qadın və kişi arasında bir müqavilə, ciddi bir təminat kimi baxır: “Əgər bir arvadın yerinə başqa bir arvad almaq istəsəniz, onlardan birinə yığın-yığın mal vermiş olsanız belə, heç bir şey geri almayın! Məgər (verdiyinizi) böhtan atmaq və açıq-aşkar günah işlətməkləmi geri alacaqsınız? Onu necə geri ala bilərsiniz ki, siz bir-birinizlə yaxınlıq etmişdiniz və onlar da sizdən möhkəm əhd-peyman almışdılar?” (“Nisa” surəsi,4 /420-21); Üstəlik Kitabı-Mubin prinsip olaraq mərufa (yaxşılığa) üstünlük verir və ər-arvadın yaxşı dolanmasını israrla vurğulayır: “Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. (Qadınlar) açıq-aşkar yaramaz bir iş görməyincə, onları verdiyiniz mehrin bir hissəsini geri almaq da sıxışdırmağınız da halal deyil. Onlarla xoş rəftar edin. Əgər onlar xoşunuza gəlməzsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizə çoxlu xeyir nəsib etmiş olsun” (“Nisa” surəsi, 4/19). Ailənin qoruması mövzusunda qadından çox kişiyə məsuliyyət yükləyir.

Ailədaxili münaqişə ilə əlaqədar da cəmiyyətin üstünə bəzi məsuliyyətlər qoyur. Münaqişələr axır həddə gələndə isə, çarə kimi “Allahın ən sevmədiyi iş olan” boşanma yolunu göstərir: “Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın. Rəbbiniz olan Allahdan qorxun və xüsusilə, qadınlarınızın hüquqlarını pozmaqdan çəkinin! Onları açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin. (Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, (Allah) çıxış yolu göstərər.” (“Talaq” surəsi, 65/1-2); “Boşadığınız qadınları gözləmə müddəti sona çatanadək öz evinizdə saxlayın. Onlara evdən getsinlər deyə zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin. Öz aranızda süd haqqını şəriətə uyğun müəyyənləşdirin. Əgər çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər. Varlı olan öz varına görə (süd haqqını) çox versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq əta edər.” (“Talaq” surəsi, 65/6-7)

Demək ki, Quran hər mövzuda olduğu kimi bu mövzuda da ər-arvadın haqq və hüququnu, bir-birinə qarşı vəzifələrini izah etməklə yanaşı, təkidlə təməl insani əxlaqa üstünlük verir, insanları Allaha qarşı sayğılı və bir-birinə qarşı da fəzilətli olmağa çağırır. Kamil insani və hüquqi münasibətlər də ancaq belə bir hörmət və fəzilətlə mümkün ola bilər. Çünki ailə kimi özünəxas xüsusiyyətlərə malik gizli və məhrəm bir “müəssisə”nin kənardan idarə edilməsi müşkül, hətta qeyri-mümkündür.

Lazım gələndə məhkəməyə müraciət də edilir, amma əsas məsələ ailədə problemin meydana gəlməsinə imkan verməmək və ya bu problemi başlanğıcdan həll etməkdir. Bu isə tərəflərin şəxsiyyət, əxlaq və xarakterləri ilə bağlıdır. Könüllərdə Allaha iman, mühasibə (özünü hesaba çəkmə) duyğusu, insana hörmət hissi olmaayandan sonra qanun, nizam və müxtəlif fəlsəfi düşüncələrlə ailədə ahəngin təmin edilməsi çətindir.

Quran müxtəlif ayələrində oxşar üslubla: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!” (“Rum” surəsi, /21) kimi xüsusları vurğulayaraq yuvanın o isti ab-havasını diqqətə çatdırır.

İslam qadını da, kişini də bir insan kimi qəbul etdi və onu uca bir varlıq səviyyəsinə yüksəltdi. Onu (qadını) qazanc aləti olmaqdan qurtarıb yüksək payə ilə şərəfləndirdi – cənnəti ayaqlarının altına sərdi. Artıq bu nadir varlıq zinaya, föhşə, iffətsizliyə məcbur edilməyəcək və qətiyyən alınıb-satılan mal olmayacaqdı. Ona yan gözlə baxılmayacaq, alçaldılıb böhtan atılmayacaqdı: “İsmətli qadınla zina isnad edib, sonra (dediklərini təsdiqləyəcək) dörd şahid gətirə bilməyən şəxslərə səksən çubuq vurun və onların şəhadətini heç vaxt qəbul etməyin. Onlar sözsüz ki, əsl fasiqlərdir. Bundan (namuslu qadınlara atdığı böhtandan) sonra tövbə edib özlərini islah edənlər istisna olmaqla. Çünki Allah (tövbə edənləri) bağışlayandır, rəhmlidir! Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir. Beşinci dəfə: “Əgər yalan danışıramsa, Allah mənə lənət eləsin!” (deməlidir)” (“Nur” surəsi, 24/4-7). Qız uşaqları alçaldılmayacaq və əsla öldürülməyəcək: “Yoxsulluqdan qorxub övladlarınızı öldürməyin. Biz onların da, sizin də ruzinizi veririk. Onları öldürmək, həqiqətən, böyük günahdır!” (“İsra” surəsi, 17/31). Onun kiçik fiziki fərqləri təhqir edilməsinə səbəb olmayacaqdı.

Quranın bəyan etdiyi yaradılış fərqi ilk növbədə Hz. Adəmin, sonra da ondan, onun mayasından zövcəsinin yaradılmasından ibarətdir (“Ənfal” surəsi, 7/189). Bu təsvirin məqsədi qadın-kişi ayrı-seçkiliyi etmədən hər ikisinin də insan olduğunu xatırlatmaqdır. Və mövzuya Quranın təsviri nöqteyi-nəzərindən baxsaq, bu iki varlığın bir-birini tamamlayan mühüm fenomen olduğunu açıq-aydın görərik. Aralarında müəyyən fərqlilik olsa da, bu, bir çox məsləhətlərə əsasən planlanmış xüsusi dizayn olub əsla ontoloji fərqlilik deyil. Qurani-Kərimdə kişinin qadından üstün olması hissini doğuran ayələr fərqli istedad və qabiliyyətləri diqqətə çatdırmaq üçün buyurulmuşdur. “Allahın birinizi digərindən üstün tutduğu (birinizə digərinizdən artıq verdiyi) şeyi ummayın. Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır”

İslamda insan olma və Allaha qulluq baxımından qadın-kişi arasında heç bir fərq olmadığı kimi, haqq, hüquq və məsuliyyət baxımından da heç bir üstünlük yoxdur. Qadının inanc və fikir azadlığı, yaşama hüququ, mülkiyyət və bundan istifadə hüququ, qanun qarşısında bərabərlik və ədalət prinsipi ilə rəftar görmə hüququ, ailə qurma hüququ, şəxsi həyatın gizliliyi və toxunulmazlığı hüququ... kimi mövzularda kişidən heç bir fərqi yoxdur. Kişi kimi onun da malı, canı, isməti təminat altındadır və bunlara ziyan vuranlar üçün ağır cəzalar nəzərdə tutulmuşdur.

Bəli, qadın da hüquqən azad və müstəqil şəxsiyyətdir. Onun qadınlığı heç bir hüququnun məhdudlaşdırılması, ləğv edilməsi mahiyyətində deyil. Hüququ pozulduqda, kişilər kimi haqqını tələb edə bilər. Başqasının himayəsində bir haqqı varsa, onu istəyə bilər.

İslam dinində qadın və kişinin xüsusiyyətləri nəzərə alınaraq müəyyən qanunlar qoyulmuşdur. O cümlədən: Qadın əsgərlik, müharibə, yaxınların məişətini təmin etmə kimi ağır mükəlləfiyyətlərdən azad edilmişdir. Tez-tez başa qaxılan qadının şahidliyi məsələsinə gəlincə, bəli, Quran fərman edir ki: “Əgər iki kişi olmazsa, razı olduğunuz şahidlərdən bir kişi və iki qadını (şahid tutun) ki, biri yanılanda o birisi yadına salsın.” (“Bəqərə” surəsi, 2/282). Ancaq bunu “qadın kişidən insanlıq və dəyər baxımından aşağı səviyyədədir” mənasında anlamaq doğru deyil. Burada əsas məsələ haqq-ədalətin gerçəkləşdirilməsidir. Qaldı ki, bu məsələ təkcə qadına xas deyil, haqq-ədalətin təmin olunmasına əngəl olacaqsa, bədəvi kişilərin şahidliyinə da şamil olunur. Şahidlərin (qadınların və ya bədəvilərin) cəmiyyətin hər sahəsində ola bilməməsi – bu gün də qadını cəmiyyətin bütün sahələrində görə bilmirik – hər şeyi görə bilməməsi, çox məhrəm məsələlərə şahid ola bilməməsi kimi hallar həmişə mümkündür.

Üstəlik Qurani-Kərimdə keçən bu məsələ yalnız maliyyə hüquqları və borclar haqda şifahi şahidliklə əlaqəlidir. Yoxsa bəzi fiqh alimlərinə görə, ehtiyac olanda yazılı sənədlə qadının şahidliyi keçərlidir.

Sual: 10. Bu gün ən çox müzakirə edilən mövzulardan biri də İslamın terrorla əlaqələndirilməsidir. Terror bir mücadilə üsulu ola bilərmi? İslam mücadiləyə alternativ olaraq nəyi təklif edir?

Bu gün müsəlmanlıq kifayət qədər tanınmır. Müsəlmanlar qalxıb: “Həqiqi müsəlmanlıqda terror yoxdur” deməli idilər. Çünki İslam bir insanın öldürülməsini küfrə bərabər sayır. Bir insanı öldürə bilməzsiniz. Döyüşdə belə günahsız insanlara toxuna bilməzsiniz. Bu mövzuda heç kim fətva verə bilməz. Heç kim xüsusi yetişdirilmiş intihar əsgəri ola bilməz. Heç kim üstünə bomba bağlayıb günahsız insanların arasına girə bilməz. Bu insanlar hansı dindən olur-olsun, caiz deyil. Döyüşdə belə – orada tarazlığı o qədər qorumaq olmur – buna icazə verilməmişdir. “Uşaqlara zərər verməyin, kilsədə ibadət edənlərə toxunmayın” deyilir. Bu təkcə bir dövrdə deyilmiş, o dövrdə də qalmış məsələ deyil. Peyğəmbərimizin dediyini, Hz. Əbu Bəkir də deyib, Hz. Əbu Bəkirin dediyini Hz. Ömər də deyib, onun dediyini sonrakı dövrlərdə Səlahəddin Əyyubi deyib, Alparslan deyib, Qılıncarslan deyib. Fateh də bunu deyib. Dediyi üçün də qarmaqarışıqlığın, hərc-mərcliyin hökm sürdüyü Kostantinapol İstanbula çevrilib. Yəni nə Rum Erməniyə bir şey edib, nə Erməni Ruma. Nə də ki müsəlmanlar onlara bir şey edib. İstanbulun fəthindən sonra Patrikxanada (Yepiskoluqda) Fatehin böyük bir portreti vardı. Onun dövründə çəkdirib asıblar. O dövrün yepiskopunu çağırıb, açar verib. Böyük hörmətlə yad edirlər. Bütün fikirlərə hörmət etmişlər. Amma indi hər şeydə nöqsan olduğu kimi, bir mənada müsəlmanlıq başa düşülməsində də nöqsan var.

Üzüntü ilə deyirəm ki, İslam aləmində bəzi fanatik mollaların, xam müsəlmanların başqa silahı yoxdur. Müsəlmanlıq haqq dindir, düzgün yaşanmalıdır. Ona doğru gedərkən batil yollardan istifadə etmək qətiyyən doğru deyil. Hədəf doğru hədəf olduğu kimi, o hədəfə çatmaq üçün istifadə edilən bütün üsullar, yollar da doğru olmalıdır. Bu baxımdan, adam öldürərək cənnətə getmək olmaz. Müsəlman "mən adam öldürüm, cənnətə girim" deyə bilməz. Adam öldürməklə Allahın rizası qazanılmır. Bir müsəlmanın ən böyük hədəfi Allahın rizasını qazanmaq, Allahın uca adını bütün dünyaya çatdırmaqdır.

Narazı, küskün gənclər mənəviyyatını itirdi. Bəziləri bu gənclərin narazı halından istifadə edir, onları bir-iki dollara robotlaşdırır. Onlara dərman verirlər. Bu məsələ bu günün aktual mövzularındandır və mediada da öz əksini tapdı. Bu gənclərdən sui-istifadə edildi və aldadıldı. Onlardan bəzi çılğın ideallar naminə bir qatil kimi istifadə etdilər. Bəzi şeytanı insanlar bu gəncləri istismar edib bəzi məqsədlərə nail olmağa çalışdılar. Bir insan öldürmək çox qorxunc bir şeydir. Bir insanı öldürmək bütün insanları öldürmək kimidir, – deyir Qurani-Kərim. İbn Abbas insan qatilinin cəhənnəmdə əbədi qalacağını söyləyir. Bu (əbədi cəhənnəm hökmü), kafirlərə aiddir. Demək ki, insan qatilinə kafirin cəzası verilir. Yəni Allahı, peyğəmbəri qəbul etməyən insan barədə (ateist də demək olar) axirətdə verilən hökm insan öldürənə şamil olunur. Madam dinin əsas prinsipi budur, elə isə bunu təhsillə vermək lazımdır.

İslamı qəlbən qəbul etmiş heç bir insan bilərək, üstəlik təkrar edərək əsla terrora əl atmaz, ata bilməz. Bu günə qədər müsəlmanların adına çıxılan terror bəzən müsəlmanlığın özünəməxsus dərinliyini mənimsəyə bilməmiş xam ruhların rəhbərliyi ilə həyata keçirildi. Hərçənd terror adından da göründüyü kimi, qarmaqarışıq bir hadisədir, dolayısilə, izahı elə də asan deyil. Asan olmasa da, terror həm mahiyyətcə çirkinliyinə, həm də müsəlmanlara aid edildiyinə görə mütləq ciddi yanaşılmalı, idari qurumlar, təhlükəsizlik xidmətləri hərəkətə gətirilməli, səbəbkarlar müəyyən edilməlidir. Bütün bunlar terrora qarşı beynəlxalq mübarizəyə böyük dəstək olacaq.

Əks halda natamam məlumat, yanlış dəyərləndirmə və s. kimi xüsuslar məsələnin həllini düyünə salacaq və bəzi mədəniyyət, millət və qeyri-hökumət təşkilatları daima təhdidlə üzləşəcək. 11 Sentyabrdan sonra məsələlər bir az da bu istiqamətdə dəyərləndirildi. Terror qorxusu toplumda qorxunc paranoyyaya çevrildi. Hər gün bir az da artan templə həm bəzi terror mərkəzlərini təhrik edərək, həm də ümumi hiss və həyəcanla oynayaraq məqsədə çatmaq üçün terrordan istifadə etdilər.

Məncə müsəlmanlar elm və texnologiyada geri qalsalar da, belə alçaq işlərlə məşğul olacaq qədər də alçaq deyillər. Bu insanların çoxu sadəlövhdür, beynəlxalq arenada oynanılan o böyük oyunları anlaya bilmir. Terrorun kökündə yatan əsl səbəb dünya mənfəətləridir və indiyə qədər də yer üzündə oynanılan bu böyük şahmat oyunun arxasında həmişə bu səbəblər olmuşdur. Əsl səbəbləri görməməzliyə vuranda də məsələ gəlib dini üstünə cəmlənir.

İslam coğrafiyasında mənfəət mübarizələri, qruplararası toqquşmalar, antidemokratik icraatlar və insan hüququnun tapdalanması kimi problemlərə görə böyük narazı qruplar meydana gəlmişdir ki, onların da çoxu dünyagörüşsüz, avam, tez hövsələdən çıxan, bu xüsusiyyətlərinə görə, bəzi güclərin toruna rahatlıqla düşən insanlardır. Bəzi insanlar bunlardan istifadə edərək hədəflərinə doğru addım-addım irəliləyir.

Üstəlik gizli və açıq fəaliyyət göstərən bəzi beynəlxalq təşkilatlar bütün planlarını təxribatçılıq üstündə qurduqlarına görə daima dünyanın problemlərini, yaralarını qaşıyır və hər kəsi bir şeylə məşğul edərək hərəkət və fəaliyyət sahələrini genişləndirirlər.

Bu məqamlar nəzərə alınmadan, fövqəladə lütf və təcrübə ilə terrora səbəb kimi göstərilən bəzi xüsuslar aradan qaldırılsa belə, başqa ad və ünvanla məlun əməllərini davam etdirəcək.

[1] Nəfsin istəkləri, nəfsani arzular.
[2] Eyni əsrdə yaşayan müctəhidlərin şəriətin bir məsələsi haqqında verilən hökmdə həmfikir olması.
[3] Müsəlmanları şəriətlə idarə edən xəlifə, qazı, İslam rəisi, padşah, sultan, rəis, müdir və s. kimi şəxslər.
[4] İbadətə aid olub sırf əmr olunduğu üçün yerinə yetirilən.

The Muslim World, İyul 2005, Cild 95, Sayı 3

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2021 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.