Hüquq və azadlıqlar məhdudlaşdırılır

Hüquq və azadlıqlar məhdudlaşdırılır

Fəthullah Gülən Xocaəfəndi xalqı təmkinə səslədiyi müsahibənin üçüncü günündə “AKP -Camaat qarşıdurması” iddiaları haqda açıqlama verdi. İlk növbədə bu yanaşma şəklinin doğru olmadığını bildirən Xocaəfəndi son illərdə Türkiyədə hüquq və azadlıqlara ciddi şəkildə məhdudlaşdırıldığını söylədi. Siyasətin sərt və dağıdıcı üslubunun xalq arasına təfriqə saldığını, cəmiyyəti qütbləşdirdiyini vurğuladı. Bu səbəbdən də “Gəzi” hadisələrində iştirak edənlər haqqında “Çapulçu” (çapovulçu, soyğunçu – tərc.) ifadəsinin işlədilməsinə etiraz etdiyini xatırlatdı. Hizmətin siyasi partiya olmadığını və heç vaxt olmayacağını söyləyən Xocaəfəndi: “Heç bir partiyanın rəqibi deyilik. Hər kəslə eyni məsafədəyik. Buna baxmayaraq, ölkəmizin gələcəyinə dair ümid və nigarançılığımızı xalqımzla bölüşürük”, − dedi.

Xocaəfəndi Hizmət hərəkatını “örgüt” (qeyri-qanuni təşkilat – tərc.) kimi təqdim edilməsinə etirazını bildirərək: “Həyatında qarşqanı belə incitməyən, qanunlara hərfi-hərfinə riayət edən insanların örgüt kimi göstərilməsi insafsızlıqdır (təəssüf doğurur)”, − dedi. Camaatın mövqeyini də vurğuladı: “Biz dünən də, bu gün də eyni mövqedə dayanmışıq. Kim uzaqlaşıb, görürsünüz”.

Kənardan baxanda, sanki hökümətlə Camaat arasında qarşıdurma var. Bu haqda yazılar yazanlar, hadisələri analiz edənlər oldu. Bəziləri isə “Bəyənmədiyimiz partiyanı seçkilərdə dəyişdirərik, bəs Camaatı necə dəyişdirəcəyik?!” deyirlər, siz nə düşünürsünüz?

Əvvəla, qeyd edim ki, əsas məsələ APK-Camaat qarşıdurması deyil. Son bir neçə ildə əsas hüquq və azadlıqlar ciddi şəkildə məhdudlaşdırılır. Siyasətin sərt və dağıdıcı üslubu xalqın arasına təfriqə salır, cəmiyyəti qütbləşdirir. Gəzi hadisələri zamanı “Çapulçu” sözünün işlədilməsinə acizanə etiraz etmiş, “Belə deməməliyik!” demişdim. Bu yanaşma ələvilərə də aiddir (Ələvilərin hüquqları ilə bağlı fikirlərimi də dilə gətirmişdim). Onların ən normal hüquqlarını belə demokratik yolla həll edə bilmirlər. Bəlkə də, həll etmək istəmirlər. “Came-cəm evi” layihəsinə dəstək verdik, gözləmədiyimiz yerlərin sərt etirazı ilə qarşılaşdıq. huşunet

İkincisi, biz siyasi partiya deyilik, olmayacağıq. Heç bir partiyanın rəqibi də deyilik. Hər kəslə eyni məsafədə dayanmışdıq. Buna baxmayaraq ölkəmizin gələcəyinə dair ümid və nigarançılığımızı xalqımızla bölüşürük. Bu da ən təbii və demokratik hüququmuzdur. Bundan narahat olanları anlamaqda çətinlik çəkirəm. Ölkənin idarəçilərinə “Mənim belə bir fikrim var...” demək niyə cinayət sayılsın? İnkişaf etmiş demokratik sistemlərdə fərdlər və fərdlərdən təşəkkül tapan QHT-lər öz fikirlərini, etirazlarını ictimaiyyətə çatdırır və heç kim də bundan narahat olmur.

Bunu da əlavə edim ki, dostlarımızın qurduğu hər bir müəssisə dövlətin nəzarətində, qanunlara müvafiq fəaliyyət göstərir. Yəni söhbət tamamən şəffaf bir sistemdən gedir. Son aylarda ortaya çıxan sənədlər eracif əslində kimin şəffaf olmadığını ortaya çıxardı. Hizmət könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Həyatında qarışqanı belə incitməyən, qanunlara hərfi-hərfinə riayət edən insanların qanunsuz təşkilat kimi təqdim edilməsi insafsızlıqdır. Dövlətin bütün qurum və idarələrində hər cür düşüncə və əqidəyə mənsub insan çalışa bilər. Sağçı, solçu, ələvi, sünni, müsəlman, qeyri-müsəlman, Kürd, Türk dövlətin tapşırdığı vəzifəni yerinə yetirər. Əsas məsələ bu insanların qanunlara riayət edərək öz vəzifəsini yerinə yetirməsidir. Dövlət müəssisələrində çalışan insanların − hansı əqidədə olur-olsun, − təqibə edilməsi, sənəd-sübutsuz ittiham olunması onların haqq-hüquqlarına təcavüzdür. Ortada cinayət olmaya-olmaya, bircə dəfə “paralel təşkilat var” desəniz, bu vəhmlərlə min paralel görərsiniz. Dolayısilə, məsum insanlara zülm etmiş olarsınız.

Bir partiyanın tərəfini tutmaq başqa, demokratik fəaliyyətlərə dəstək vermək başqa...

“On iki il dəstək verdiyiniz partiyaya indi niyə etiraz edirsiniz?” deyirlər. Yoxsa AKP ilə Camaat arasında mənfəət üstündə qurulan bir ittifaq vardı?

Heç kimlə bir mənfəət ətrafında ittifaq qurmamışıq. Həmişə gözü-könlü tox olmuşuq. Quran və sünnə bizə bu yolu göstərmişdir. Məqam-mənsəb arzusuna qapılmağa ömrüm boyu dəyərlərimizə xəyanət kimi baxmışam. Başqalarının ictihad və fikirlərinə heç nə demərəm. Ancaq dünua mənfətini, şan-şöhrət arzusunu axirətimin düşməni kimi görmüşəm. Dostlarım da həmçinin... Bizim heç vaxt müdirlikdə, qaymaqamlıqda, valilikdə, nazirlikdə gözümüz olmayıb. Bunu arzulayan çıxıbsa, – Mən belə bir adamın çıxdığını xatırlamıram – onun bizimlə əlaqəsi yoxdur. Olubsa da, artıq yoxdur. Bu düşüncəmi dövlət rəsmilərinə də çatdırmışam.

Biz demokratiya, hüquq və azadlıqların inkişafı kimi məsələlərə səmimi şəkildə dəstək verməyə çalışmışıq. Antidemokratik dövrə son qoyulması, plüral demokratik mədəniyyətin bərqərar olması istiqamətində əmin addımlar atan hər bir partiyaya dəstək verərik. Bir partiyanın kor-koranə təəssübünü çəkmək başqa, demokratik fəaliyyətlərə dəstək vermək başqa şeydir.

Biz dünən də, bu gün də eyni mövqedə dayanmışıq. Kim uzaqlaşıb, özünüz şahidsiniz. Bir neçə il bundan əvvəl əsas hüquq və azadlıqlar mövzusunda demokratik addımlar atan bir siyasi partiya bu gün internetə qadağa qoymaqdan, “kəşfiyyat dövlət”inə xas addımlar atmaqdan çəkinmir. Sərt və incidici dillə cəmiyyətini əmin-amanlığını pozanlara və qeyri-demokratik addımlar atanlara necə dəstək verə bilərik? Bu addımlar təkcə Camaata qarşı olsa, bəlkə də, dişinizi sıxıb dözərsiniz. Ancaq hazırkı vəziyyəti daha geniş aspektdən analiz etmək lazımdır. Təəssüf ki, Türkiyə dünyadan qopur, tənhalaşır. Demokratik zənginliyini itirən qapalı bir ölkə təkcə xalqımıza deyil, ona etimad edən, ondan nümunə götürən hər kəsə zərərdir.

On iki il yanaşı addımladığınız insanlar korrupsiya əməliyyatından sonramı pis oldu?

Hizməti “örgüt” və “çətə” (qeyri-qanuni dəstə − tərc.)” olmaqda ittiham edirlər. Hətta seçkilərdən sonra istintaqa cəlb olunacağını iddia edirlər...

Təəssüf ki, qəzəb insana çox şey dedirir. Demədikləri həqarət qalmadı. Çox şey itirdilər. İnsafa, vicdana sığmayan ittihamlar ortaya atdılar. “Örgüt”, “çətə” kimi sözlərlə məhkəmələri də işə cəlb etmək istəyirlər. Hər şeyi açıb-ağartılar, hətta mitinq meydanlarında belə məhkəməyə vermə niyyətlərini açıq-aşkar dilə gətirirlər. Ortada bir cinayət yoxsa, hər yola əl atıb bir qanunsuzluğa rastlamayıblarsa, qanuna zorla müdaxilə etmək ədalətdirmi? “Paralel təşkilat” kimi müəmmalı və mücərrəd bir məfhumu cəmiyyətin hər təbəqəsinə, hər kəsiminə şamil etmək olar. Yəni dövlət məmurlarını inanc, ideologiya, camaat, təriqət, partiya mənsubiyyətinə görə ittiham etməyin axırı yoxdur. Bir gün sən bir camaatı “paralel” elan edər, onlara “çətə” deyərsən, o biri gün bir başqası da durub o birilərinə “paralel” deyər... “Paralel təşkilat” bəlası dövlətdə çalışan, eyni zamanda sosial, siyasi, dini bir topluluğa sevgi bəsləyən hər kəsin başına gələ bilər. Hətta bu gün bu məsələni tez-tez dilə gətirənlərin bir gün oxşar bir ittihamla üzləşməyəciyini kim iddia edə bilər? İnsanları bu cür insanlar haqqında şübhə oyadandan sonra ortada nə nizam qalar, nə də ədalət.

Bir dövlət məmuru rəisinin əmr və tapşırıqlarına əməl eləmirsə, hüquqda bunun cəzası var. Qanunlar çərçivəsində bunun cavabını verər. Ancaq hüquq çərçivəsindən kənara çıxaraq minlərlə insana ləkə yaxıb ordan bura, burdan ora göndərən və günahsız insanları istintaqa cəlb edib zülm işləyənlər bunun hesabını nə tarix qarşısında, nə də axirətdə verə bilərlər.

Məhkəməyə təzyiq göstərərək zorla cinayət işi açmaq iki qat zülmdür və xalq sizi buna görə hesaba çəkər. Üstəlik, uydurma istintaqlarla qanuni nəticə əldə etmək mümkün deyildir. Qaldı ki, qanunlara riayəti həyat tərzi bilən bu ölkənin insanına “örgüt” desəniz, sizə də sual verərlər: “12 ildir, bu insanlarla çalışmısınız, illərdir, əmrinizdə olublar. Onda yaxşı idi, rüşvət və korrupsiya əməliyyatından sonra pis oldular?” Hər cümə xütbədə oxunan “Allah ədaləti əmr edir...” ayəsini unutmamaq lazımdır. Ayədə qul haqqını yeməmək, insanların hüququna təcavüz eləməmək əmr olunur.

Bir vaxtlar öz tərəfdarlarına “Hərbçiləri diz çökdürdük” söyləyənlər həbsdə olan zabitlərə “Biz deyil, camaat elədi” dedilər

Xeyli vaxtdır, hökümət nümayəndələri ölkədə və xaricdə mənfi nə varsa Camaatın üstünə yıxır, demokratik və müsbət fəaliyyətləri isə öz adlarına çıxır. “Ergənəkon” təqsirliləini təxliyəsində də oxşar üsula əl atdılar, bunu da “Camaat”ın adına yazdılar. Bu təbliğatla bəzən nəticə də əldə edirlər... Siz nə düşünürsünüz?

Bu cür iftiralarla xalqın mühüm kəsimlərini aldatmağa çalışdılar. Məsələn, bəzi media qurumlarına “Bizim sizinlə işimiz yoxdur, amma Camaat sizin əleyhinizədir”, − dedilər. İndi internetdə çıxan səs yazılardan görürük ki, sən demə, ölkə idarəçiləri iş-güclərini qoyub bu insanları məhkum etməklə məşğul imiş. Tenderə çıxarılan layihələri qanuni yolla qazanan insanlara belə birbaşa müdaxilə etmiş, layihələrini əllərindən almışlar. Təəssüf ki, bu cür əməlləri məsum bir kütlənin üstünə yıxaraq dəhşətli bir günaha girirlər. O qədər qeybət edir, o qədər iftiralar atırlar ki, üzülməmək olmur.

Ən çox da hərbçilərlə bağlı məsələyə üzülürəm. Bağlı qapılar arxasında “Hərbçiləri diz çökdürdük, ordunun hakimiyyətinə son qoyduq...” deyənlər hərbçilərə: “Bu işi biz həll edə bilərik, amma Camaat mane olur”, − dedilər. Halbuki bir-iki günə MİT-in rəhbəri Hakan Fidan üçün qanun çıxardılar. İstəsəydilər və səmimi olsaydılar, sabiq Baş Qərargah rəisi cənab İlkər Başbuğ və o biriləri üçün də bir gecədə qanun çıxarardılar.

Bu yerdə bir məsələ ilə əlaqədar sizinlə hislərimi bölüşüm. Dostlarım dəfələrlə şahiddir: təqaüddə olan o hərbçilərin həbs edilməsi ürəyimi göynədib, gözlərim dolub. “Ah, kaş bu şərəfli formanı geyinən insanlar bu cür hallarla qarşılaşmayaydılar...” demişəm. Ancaq mənim hüquqa müdaxilə etməyim və ya kiməsə təzyiq/təsir göstərməyim mümkün deyil. Çevriliş ittihamı ağır bir ittihamdır və müvafiq orqanlar buna görə qanun çərçivəsində istintaq aparmağa məcburdur. Ona heç nə deyə bilmərəm. Ancaq kaş yaşı ötmüş, uzun illər ehtiram görmüş insanların yaşı, səhhəti nəzərə alınaydı, başqa bir hüquqi yol tapılaydı.

Duyğu-düşüncələrim bu yöndədir. Həmişə də belə olub. İndi onların bu vəziyyətə düşməsinin günahını Camaatda axtarmaq həqiqətlərlə daban-dabana ziddir. Ötən günlərdə təqaüddə olan yüksək rütbəli bir təhlükəsizlik işçisi bir qəzetə müsahibə verib. Dostlar mənə internətdən oxudular. Deyir ki: “Hansı əməliyyat keçirmişiksə, cənab Baş Nazirin əvvəlcədən xəbəri olub”. Bildiyim qədər, köşə yazısında gedən bu açıqlamanı heç bir qurum təkzib etmədi. Bu sualı verməyə, yəqin, haqqımız çatır: “Madam ki, keçirilən bütün əməliyyatlardan xəbəriniz olunur və bu işləri sizi məlumatlandıraraq görürlər, niyə “kumpas” dan (tələ − tərc. “Orduya tələ quruldu”) danışıb insanları ittiham edirsiniz? Bu, böyük bir günah deyilmi? Belə bir “kumpas” vardısa, niyə müdaxilə etmədiniz? Əgər bilib müdaxilə etməmisinizsə, siz də bu “kumpas”a ortaq olmamısınızmı?”

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.