Peyğəmbərimizdən sonra onun həyatı

Doğrusunu axtarsanız, onların heç biri ilə şəxsən görüşməmişəm. Amma Gülənin həyatı haqqında çox şeylər öyrənə bilmişəm. Onun nə qədər fədakar insan olduğunu, öz həyatını xalqına, insanlığa fəda etdiyini yaxşı bilirəm. Peyğəmbərimizin həyatından sonra ən çox onun həyatını sevirəm. Bu insanlar öyrənilməli, məktəb insanlardır...

Redaksiya qonağı rubrikasında növbəti müsahibimiz tanınmış şairimiz Məmməd Aslandır.

Əslində biz Məmməd müəllimlə bu müsahibəni hələ yayın əvvəllərində eləmək fikrində idik, sadəcə, şairin səhhətinin əl verməməsi və uzun müddət rayonda qalması bu arzumuzu gerçəkləşdirməyə imkan vermədi.

Şairi baş redaktorumuz Enes Cansever qarşıladı və bu zamana qədərki redaksiya qonaqları ilə görüşlərimiz haqqında qısa məlumat verdi. Bu layihəni Yazıçılar Birliyinin sədri Anarla başladığımızı eşidən Məmməd Aslan çox məmnun oldu.

Türk dönəri, kürd pendiri

Əli Çərkəzoğlu: Məmməd müəllim, yaşı 40-50 arasında olan vətəndaşlarımız Türkiyə ədəbiyyatını, Türkiyə sevgisini sizin hazırladığınız və yazdığınız kitablardan öyrənirlər. “İki zirvə”, “Həyat suyu” kitabları ilə türk ədəbiyyatını öyrənmişik, “Ərzurumun gədiyinə varanda” kitabı ilə böyümüşük. Yəni bizim yaşlı nəslinin təsəvvüründəki Türkiyə anlayışının formalaşmasında sizin müstəsna rolunuz var. Bu sevgi bu istək sizə haradan gəldi?

Məmməd AslanMəmməd Aslan: Nə qədər təkrar deyilmiş olsa da, yenə söyləyim ki, biz eyni xalqıq. Bu gün Bakının küçələrində danışanda deyirlər ki, türklər gəldilər, türklər getdilər, türklər belə etdilər. Mən də soruşuram: bəs sən özün kimsən, türk deyilsənmi? Uzun müddət qəzetdə, televiziyada işləmişəm və heç zaman “türklər” ifadəsini işlətməmişəm, sadəcə, Anadolu türkləri, Azərbaycan türkləri, Orta Asiya türkləri demişəm. Bizim kökümüz birdir, sadəcə, coğrafiyamız fərqlidir.

Bir dəfə maşınla Yevlaxa tərəf gedirdik, yanımdakı dostlarımızdan biri dedi ki, bu Türkiyədən gələn yük maşınlarından birini saxla, oturaq, bir tikə çörək yeyək. Danışaq, hal-əhval tutaq... Mən də onun dediyi kimi elədim. Bir maşının qarşısına yeriyib əl elədim, saxladı, onları yeməyə dəvət elədim. Sən demə, bu marşrutun briqadiri də orada imiş. Təklifimi qəbul elədilər və yol kənarında yeməkxanada oturub, Allah verəndən yeyib-içdik. Bu zaman türkiyəli qardaşlarımızdan biri dedi ki, qoy gedim maşında bir az kürd pendiri var, onu gətirim. Mən də təəccübümü gizlətmədim, dedim ki, qoyun pendiri olar, mal pendiri olar, kürd pendiri nədir? Bu gün küçələrimizdə bir tərəfdə yazırlar toyuq dönəri, o biri tərəfdə yazırlar türk dönəri. Nə qədər məntiqsiz, anlamsız ifadədir.

Əli Çərkəzoğlu: Məmməd müəllim, siz ilk dəfə “tərcümə etdi” ifadəsi əvəzinə, “uyğunlaşdırdı” sözü işlətmisiniz.

Məmməd Aslan: Bəs başqa nə deyəydim ki? Kitablara baxırdım, görürdüm ki, Anadolu türkcəsindən şeirlər, hekayələr bizim dilimizə uyğunlaşdırılıb. Hamısının da qarşısından yazıblar ki, tərcümə edəni filankəs. Ay balam, sən bunun şəkilçisini dəyişmisən, buna tərcümə demək olmaz axı? Ona görə də “uyğunlaşdırdı” ifadəsini seçdim. Rəhmətlik İsmayıl Şıxlı da mənə dedi ki, 30-cu illərdə də bu ifadə işlədilib. Biz türk, onlar türk. Türk dilindən türk dilinəmi tərcümə edirik? Bu, sadəcə, uyğunlaşdırmadır, Anadolu türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdırma.

Məmməd İsmayılla gizli gəzinti

Mən uşaqlıqdan türk adının vurğunuyam. Bir dəfə Məmməd İsmayılla bir-birimizə qoşulub dedik ki, gedək Türkiyə səfirliyinin həndəvərində dolaşaq, görək bir nəfər türkiyəli ilə görüşüb kəlmə kəsə bilərikmi? Getdik və səfirliyin ətrafında dolaşarkən iki nəfərin Türkiyə türkcəsində söhbət elədiyini eşitdik. Az müddətdə söhbətimiz alındı və oturub dərdləşə bildik. Gördük ki, nə qədər doğma, nə qədər yaxın insanlarıq bir-birimizə.

Türkiyəyə ilk səfər

Əli Çərkəzoğlu: Məmməd müəllim, ilk dəfə Türkiyəyə nə vaxt getmisiniz?

Məmməd Aslan: Heç yadımdan çıxmaz: 1983-cü il, avqustun 19-u idi. Təyyarə ilə Türkiyəyə uçurdum. Aşağı baxdım və bir anlığa heyrətdən dondum. Gördüm ki, göy qübbəsi yerdədir. Sonra anladım ki, biz Qara dənizin üstündən uçuruq və göy qübbəsinin əksi sularda görünür. Çox gözəl mənzərə idi. Özümə söz verdim ki, bir yazı yazım, adını da qoyum “İkiləşən göy qübbəsi”. Onda 43 yaşım vardı və o səfərimlə Türkiyədə 43 gün gəzdim. Türkiyəni çox sevirəm. Sadə insanlarını, zəhmətkeş, fədakar vətəndaşlarını çox sevirəm. Bu zamana qədər Türkiyə haqqında çox kitablar, yazılar yazdım, amma bu qardaş ölkə haqqında xoşa gəlməyən bircə kəlməni belə qələmimə almadım. Türkiyənin mədəniyyəti də böyükdür, insanı da, bütün ölçüləri də. Mən Türkiyənin o üzünü çox sevdim, onunla fəxr elədim. Amma indi o böyük kişilərin cır nəvələri ortaya çıxıb elə əcaib mahnılar oxuyurlar, elə danışırlar ki, bilmirsən nə deyəsən. Biz sevginin ülviliyini, gözəlliyini başqa cür qəbul eləmişik, indi isə bir gənc “Kahr olasan seni, Allah seni kahr elesin, ay filan” deyə-deyə elə sərsəm şeylər oxuyur ki, adamın əti tökülür, əsəbiləşməyə bilmirsən. Avropanı təqlid eləməyə başlayıblar, eyni şey burada da görünməkdədir. İstanbulda bir toplantıda belə demişdim: “O günkü həsrət bugünkü vüslətdən daha şirindir”.

Bir xatirəmi də söyləyim sizə: bir dəfə Çanaqqalada dostumla gəmiyə minib bu sahildən o sahilə keçirdik. Birdən çiynimə bir əl qondu. Dönüb baxdım, 40-45 yaşında bir adam idi: “Əfəndim, siz Məmməd Aslanmısınız?” deyə soruşdu. Təəccüblə: “Bəli”, - dedim, - “Haradan bildiniz?” O, köksünü ötürdü: “Əfəndim, bizi məhv etdilər, televizionlar, qəzetələr əxlaqımızı çeyneyir. Siz isə milli dəyərlərimizi təbliğ edirsiniz. Türk dünyasının gözəlliklərini yayırsınız”.

Doğrusu, Türkiyə vətəndaşının məni bu cür tanıması və gördüyüm işləri təqdir etməsi xoşuma gəldi.

Əli Çərkəzoğlu: “Şöhrət” ordeniniz var.

Məmməd Aslan: İlk dəfə təltifi eşidəndə utandım və dedim ki, Məmməd İsmayıl, Musa Yaqub məndən daha çox layiq idilər.

Əli Çərkəzoğlu: Məmməd müəllim, sizi həm də dilimizin sərrafı, təbliğatçısı, keşikçisi kimi tanıyırıq. Amma etiraf edək ki, son vaxtlar dilimizə də haram əllər uzanır.

Məmməd Aslan: Bu, mənim yaralı yerimdir. Sözümüz kəsərdən düşüb sanki. İndi qadağan demirlər, qəti qadağan deyirlər. Balın yanına xalis sözünü qoşurlar, elə bil hər şeyə dönə-dönə and içirlər, inandırmağa çalışırlar. Çünki sözü yıpratmışıq. Əslinə qalanda “qadağan” ifadəsi kifayətdir, amma qabağına “qəti” də qoyuruq ki, bir az da güclənsin. İşin gerçəyinə baxsan, yıpranan özümüzük, içimizdir. Hələ bunlar nədir ki? Avropa mənşəli sözlər gəlir dilimizə. İndi “maşallah”, “bərəkallah”, “əhsən” demirlər, “mersi” deyirlər, “pardon” deyirlər. Bir artist televiziyada “mersi” demişdi və mən də sərt bir məqalə yazıb onu biabır elədim.

Əli Çərkəzoğlu: Dərd nədir Məmməd Aslan üçün?

Məmməd Aslan: Sarı Aşığın belə bir bayatısı var:

Dərdü-naləm,
Artıbdı dərdü-naləm.
İstərəm dərdbilməzin
Əlindən dərdin alam.

Sözə fikir verirsinizmi? O dərdi çəkə bilmir, yaşaya bilmir, hayıf edir, zay edir. Aşıq da istəyir ki, dərdi ondan alıb doya-doya, yaşaya-yaşaya çəksin. Əslində dərd bir mənada həm də İlahi nemətdir. İstəyirsiniz Füzuliyə baxın, istəyirsiniz Yunus Əmrəyə, istəyirsiniz Mövlanaya. Füzuli deməyibmi ki, “mən istərəm bəlanı, çü istər bəla məni”.

Əli Çərkəzoğlu: Ölümdən qorxursunuzmu?

Məmməd Aslan: Ölümdən yox, başqalarına əziyyət verməkdən qorxuram. Bilirsiniz ki, şəkərim yüksəkdir. Şəkərlilər də bəzən gözdən, əldən məhrum qala bilirlər. Məni qorxudan budur. Köhnə kişilər kimi hərdən dua edirəm: Allah-Təala məni dirigözlü qəbir evinə aparsın.

Əli Çərkəzoğlu: Ölümü sevmək olarmı?

Məmməd Aslan: Ölümü yox, amma ölüb qovuşacağın məkanı, Allahı və Onun Rəsulunu sevmək şərtdir. Sevgilərin başı Allah sevgisidir, Peyğəmbər sevgisidir. Əgər sən sidq-ürəkdən Allahı və Peyğəmbərini sevə bilirsənsə, bu sevgi səni bir tərəfə çıxaracaq.

Əli Çərkəzoğlu: Məmməd müəllim, bu gün dünyada xeyli türk dövlətləri var. Siz bu sahədə zəhmət çəkmiş və gerçəklərə vaqif olmuş bir yazar kimi, ziyalı kimi əlaqələrimizin sabahını necə görürsünüz? Türkiyə ilə Azərbaycan arasında münasibətlərimiz sizi qane edirmi?

Məmməd Aslan: Bir qırğız Türkiyədə çıxış edirdi və dedi ki, mən bura gələndən telekanalları izləyirəm və görürəm ki, bir-birinizi qırırsınız. Nə qədər çox problemləriniz var imiş. Siz öz içinizdə birləşə bilmirsinizsə, bizimlə necə birləşəcəksiniz?

O qırğızın dediklərində müəyyən qədər həqiqət var. Yəni öncə içimizdəki problemləri çözməliyik, sonra birləşməliyik. Ən böyük uğurumuz odur ki, hər kəs birləşməli olduğumuzu anlayıb. Əslində bu, böyük nailiyyətdir. Bu şeirə fikir verin:

Tutsaq, olar,
Türk necə dutsaq olar?
“Qurtuluş olmaz” demə,
Əl-ələ tutsaq, olar.

Həqiqətən də, əl-ələ tutmaq zamanıdır, birlik-bərabərlik zamanıdır, tarixin bizə verdiyi bu misilsiz imkandan istifadə etməyin zamanıdır. Bu mənada sizin təmsil elədiyiniz “Zaman” qəzetinin xidmətlərini yüksək qiymətləndirirəm. Siz hələ Azərbaycan müstəqillik qazanmamışdan öncə bura gəlmisiniz və hər zaman da ölkələrimiz arasında dostluğun, qardaşlığın inkişafına xidmət eləmisiniz. Başa düşürəm, hərdən sizə də söz atanlar, dil uzadanlar olur, amma karvan gərək sağ-soluna fikir verməyə, yolunu gedə. Bu mənada “Zaman” təbrikə layiqdir. Son zamanlar qəribə ifadələr çıxarıblar: “Adriatikdən Çin səddinə qədər”. Amma təkcə sözlə, şüarla iş olmur, ciddi addımlar atılmalı, işlər görülməlidir.

Əli Çərkəzoğlu: Ən çox kimləri oxuyursunuz, kimlərdən öyrənirsiniz?

Məmməd Aslan: Birisi mənim haqqımda demişdi ki, Fəthullah Güləni və Osman Nuri Topbaşı Azərbaycana Məmməd Aslan gətirib. Yəni mən onların yazılarını dilimizə uyğunlaşdırıb çap eləmişəm, təbliğ eləmişəm. Əslində onlar sevilməyə, hörmətə layiq gözəl insanlardır. Doğrusunu axtarsanız, onların heç biri ilə şəxsən görüşməmişəm. Amma Gülənin həyatı haqqında çox şeylər öyrənə bilmişəm. Onun nə qədər fədakar insan olduğunu, öz həyatını xalqına, insanlığa fəda etdiyini yaxşı bilirəm. Peyğəmbərimizin həyatından sonra ən çox onun həyatını sevirəm. Bu insanlar öyrənilməli, məktəb insanlardır. Ərzurumu çox sevirəm, hər dəfə Ərzuruma gedəndə elə bil ki, Gülənlə görüşürəm. Əslində ərzurumlular da məni çox sevirlər.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.