“Türk məktəbləri Qırğızıstanın gələcəyini yetişdirir”

Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev

Gülün Bişkekə səfəri ərəfəsində Qırğızıstan Prezidenti Kurmanbek Bakiyev Türkiyənin ünvanına xoş sözlər söyləyib.

Zaman: Türkiyə Qırğızıstanın müstəqilliyini tanıyan və ona qardaşlıq əlini uzadan ilk ölkələrdən biridir. Qırğızıstan müstəqilliyini əldə etdikdən sonrakı müddətdə ölkələrimiz arasında əməkdaşlıq xeyli genişlənmişdir. Siz ölkələrimiz arasında qısa müddətdə əlaqlərin bu qədər sürətlə inkişaf etməsini nə ilə əlaqələndirərdiniz?

Kurmanbek Bakiyev: SSRİ dağılandan sonra türkdilli dövlətlər bir-birlərinin ardınca müstəqilliklərini elan etdilər. Müstəqilliyimizi elan etdikdən sonra isə bizi ilk tanıyan dövlətlərdən biri Türkiyə oldu. O dövrdə iqtisadi cəhətdən zəif olan və ağır günlərini yaşayan Qırğzıstana ilk yardım əlini uzadan Türkiyə oldu. Ötən əsrin 90-cı illərinin əvvəllərində yenicə müstəqil dövlət olan və hər hansı ölkə ilə diplomatik əlaqələrə malik olmayan və nə edəcəyini bilməyən Qırğızıstan təcrübəsiz, bığ yeri yenicə tərləməyə başlayan gənci xatırladırdı. Belə bir vəziyyətdə köməyimizə gələn Türkiyə vasitəsi ilə dünyaya qapı açdıq. Bizim türk dövlətləri və digər ölkələrlə əlaqələr qurmağımızda, diplomatik, iqtisadi əlaqələri daha da genişləndirməyimizdə Türkiyənin oynadığı rol kifayət qədər böyükdür. Ona görə Türkiyə ilə əlaqələrimiz hər cür mənfəətlərimizin fövqündə dayanır və bunu tarixi məsuliyyət kimi dəyərləndiririk. Qırğızıstanla Türkiyə arasında qısa müddətdə əlaqələrmizin belə yüksək sürətlə inkişaf etməsi eyni kökdən olmağımızdan, mədəniyyətimizin, adət və ənənələrimizin bir-birinə bənzəmsindən irəli gəlir. Hazırda biz əlaqələrimizi “Qırğızıstan Cümhuriyyəti ilə Türkiyə arasında Əbədi Dostluq” anlaşması və “Qırğızıstan ilə Türkiyə 21-ci yüzillikdə” adlı birgə bəyannamə ilə inkişaf etdiririk. 2006-cı ildə Türkiyəyə səfərim zamanı iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün bütün imkanlardan istifadə edəcəyimə hazır olduğumu söyləmiş və türk iş adamlarını ölkəmizə sərmayə qoymağa dəvət etmişdim. Burada bir məsələyə də diqqəti cəlb etmək istəyirəm: Türkiyə bizə heç vaxt ağıl verməyə, bizə böyük qardaş olmağa cəhd etmədi və əlaqələrimiz bərabərhüquqlu dövlətlər səviyyəsində inkişaf etdirilməkdədir. Türkiyənin bizə olan baxışını ifadə etmək üçün eks-prezident Dəmirəlin dedyi bir sözü xatırlatmaq istəyirəm: “Türkiyə Cümhuriyyəti olaraq müstəqilliyini yeni əldə edən türk dövlətlərinin inkişaf etməsi, iqtisadi, siyasi çətinlikləri aradan qaldırması və dünya dövlətləri sırasında öz yerini tutması üçün bu ölkələrə hər cür dəstək verməyi özümüz üçün bir iman borcu hesab edirik”. Bununla da Dəmirəl iki ölkə arasında böyük və ya kiçik fərqinin olmadığını nümayiş etdirmiş və bu da bizim yaxınlaşmığımızda önəmli faktora çevrilmişdir.

Zaman: Türkiyə ilə Qırğızıstan arasında ticari, siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdəki əlaqələri necə dəyərləndirirsiniz? İki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün daha nələri etməyi planlaşdırırsınız?

Kurmanbek Bakiyev: Açığını demək istəyirəm: Sosial, təhsil və mədəni sahələrdə əlaqələrimizdən məmnunam. Ancaq təəssüflə deməliyəm ki, ticari, iqtisadi və digər sahələrdə əlaqələrimiz ürəkaçan deyil. Belə ki, 2008-ci ildə ticari əlaqələrimizin həcmi cəmi 136 milyon dollar olub. Bu rəqəm əvvəlki illərlə müqayisədə 40-45 faiz artsa da, bu, bizim xarici ticarət dövriyyəmizdə məqbul hesab edilə bilməz. Halbuki bizim ticari imkanlarımız, iqtisadi potensialımız böyükdür. Son illərdə qlobal iqtisadi böhran da münasibətlərimizə öz təsirini göstərməkdədir. Məsələn, Türkiyə Qırğızıstandan idxal etdiyi lobya, pambıq və yun məhsullarının həcmini xeyli azaldıb. Halbuki Qırğızıstan MDB xaricindəki dövlətlər arasında Türkiyəyə böyük sərmayəçi ölkə kimi baxır. Ancaq son illərdə Türkiyənin Qırğızıstana qoyduğu sərmayələrin də həcmi azalmağa başlayıb. Son illərdə Qırğızıstanda baş verən mitinqlər, nümayişlər və siyasi sabitliyin tez-tez pozulması təhlükəsi ölkəyə sərmayə qoymaq istəyən ölkələri, deyəsən, qorxutmağa başlayıb. Amma bunlar müvaqqəti hallardur. Mən bir daha qırğız xalqı adından ona yardım əlini uzadan və uzatmaqda davam edən türk qardaşlarımıza minnətdarlıq, təşəkkür etməyi özümə borc bilirəm. Türkiyə hər il bizə 1 milyon dollar dəyərində hərbi, hərbi-texniki yardım göstərir və bunun sayəsində ordumuzu müasir hərbi tələblərə uyğun qurmağa çalışırıq. Bundan əlavə, türk qardaşlarımız başqa məsələlərlə bağlı da bizə yardımlar göstərirlər. Məsələn, son illərdə ölkəmizdə baş verən təbii fəlakətlər zamanı Türkiyə bizə yardım əli uzadan ölkələrin başında gəlir. İqtisadi və ticari sahələrdə əlaqələrimizin səviyyəsi məni qane etməsə də, təhsil, sosial və mədəni sahələrdə iki ölkə arasında olan əlaqələrin inkişaf səviyyəsindən məmnunam. Bunun ən önəmli faktı kimi TÜRKSOY-un ölkəmizə göstərdiyi yardımlarını misal çəkmək istəyirəm. Dünya şöhrətli yazıçımız Çingiz Aytmatovun adının Ankaradakı bir parka verilməsi Qırğızıstana verilən dəyərin nümunəsidir. Önümüzdəki günlərdə iki ölkə arasında qarşılıqlı olaraq mədəniyyət günləri keçiriləcək ki, bu da bizi indidən məmnun etməkdədir.

Zaman: Qırğızıstanda təhsil sahəsində Səbat Təhsil Qurumlarına bağlı olan məktəblər, Beynəlxalq Atatürk Alatoo Universiteti, Qırğızıstan-Türkiyə Manas Universiteti fəaliyyət göstərməkdədir. Bu təhsil qurumlarının Qırğızıstanın maarif sistemindəki yerini və əhəmiyyətini necə dəyərləndirərdiniz?

Kurmanbek Bakiyev: Bu təhsil ocaqlarının yeri və əhəmiyyəti böyükdür və onların fəaliyyətləri ilə həmişə yaxından maraqlanıram. Bu təhsil ocaqlarının Qırğızstan təhsilinə verdiyi töhfələri gündəmə gətirərək onlara layiq olduğu qiyməti vermişəm. Məsələn, Səbat Təhsil qurumu 17 ildə Qırğızıstanın təhsilinə 80 milyon dollardan çox cərmayə qoyub. Təbii ki, burada önəm daşıyan işin maddi tərəfi deyil. Bu təhsil qurumu Qırğızıstanın gələcəyi üçün çox önəmli kadrlar yetişdirməkdədir. Onlar təhsilimizi beynəlxalq səviyyəyə qaldırmaq üçün çox səylər göstərir və bu sahədə digər analoji qurumlara nümunə göstərirlər. Buna kimi keçmiş təhsil sistemindən istifadə edən qurumlarımız Səbatdan nümunə götürərək öz fəaliyyətlərini beynəlxalq standartlara uyğun qurmaq üçün yarışa giriblər. Səbat həm də gənclərimizdə özünə inam formalaşdırır, onlara saf tərbiyə verilməsində önəmli rol oynayır və buna görə də bu məktəblərin fəaliyyətini həmişə təqdir edirəm.

Qırğız-Türk Manas universiteti tələbələrə müasir biliklər verilməsinə xidmət edən texniki imkanlara malikdir və ölkəmizin ali məkətbləri arasında istər kadr, istərsə də yüksək səviyyəli tələbə hazırlamaq baxımından ən yüksək yerlərdən birini tutmaqdadır. Mən bu universitet üçün planlanan tələbə şəhərciyi fikrini dəstəkləmişəm. Bunların xaricində bizim yüzlərlə gəncimiz Türkiyənin müxtəlif ali məktəblərində təhsil alır. Mən Türkiyənin öz ali məktəblərində qırğız gənclərə hər il daha çox yer ayırdığını da xüsusi qeyd etmək istəyirəm.

Zaman: Türkiyə Prezidenti Abdullah Gülün Qırğızıstana edəcəyi səfər sizcə, iki ölkə arasında əlaqələrin inkişafına necə yardım edəcək?

Kurmanbek Bakiyev: Mən söhbətimin əvvəlində dedim ki, Türkiyə inkişaf edən və dünyada öz yeri olan bir ölkədir. Məşhur qırğız atalar sözündə deyildiyi kimi, yaxşılıq edəni yaxşı, pislik edəni də pis günlər gözləyir. Bizim Türkiyədən nümunə götürərək dünya ilə rəqabət edə biləcək ölkə halına gələ biləcəyimizə inanıram. Buradan Türkiyəyə, türk xalqına səslənərək tarixdə çox maneələri aşan xalqınıza xoşbəxt bir həyat, dünya ölkələri arasında daha yaxşı yerlərdən birini tutmasını arzu edirəm.

Pin It
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.