Ümuma aid şeylər oğurlanırsa, bunu nə Qanun, nə də demoqogiya ilə izah etmək olar

Ümuma aid şeylər oğurlanırsa, bunu nə Qanun, nə də demoqogiya ilə izah etmək olar

Fəthullah Gülən Xocaəfəndi geniş əks-səda doğuran müsahibənin ikinci günündə 17 dekabr tarixində keçirilən rüşvət və korrupsiya əməliyyatında Camaatı günahlandırılmasına bir məna verə bilmədiyini söylədi.

KİV-də yayılan xəbərlərdə MİT-in sözügedən əməliyyatdan 8-9 ay əvvəl bir sıra şəxslərin – guman ki, bunlar İran xəfiyyələridir – nazirlərlə, nazir övladları ilə əlaqə qurduğuna dair hökümətə hesabat təqdim etdiyini, bu iddiaların hökümətə yaxın qəzetlərdə də yer aldığını xatırlatdı. Korrupsiyanın qarşısını almaq üçün tədbir görməyənlərin əməliyyatlardan sonra günahı başqalarının üstünə atmaqla bu işdən canlarını qurtarmağa çalışdıqlarını söylədi. Bəddua məsələləsi haqqında: “Heç bir şəxsin, heç bir partiyanın adını çəkmədim. “Kim ki filan işi görürsə...” dedim. O xüsusiyyətlər onlarda yoxsa, o işləri onlar görməyibsə, niyə bu qədər narahat olurlar?” deyən Gülən ona iftira atanlardan həmin duaya “Amin!” gözlədiyini vurğuladı.

Xüsusilə də, bəzi media orqanları 17 Dekabr rüşvət və korrupsiya əməliyyatlarının Camaat tərəfindən həyata keçirildiyinə dair iddialara öz səhifələrində yer verdi. Gedən proseslərin hazırkı vəziyyəti ilə əlaqədar düşüncələrinizi öyrənə bilərik?

Dəfələrlə təkzib, tövzih, təshih göndərsək də, Camaatı ittiham eləməkdən əl çəkmirlər. Yenə də deyirəm, bəzi hakimlər, müstəntiqlər və onlara tabe olan hüquq-mühafizə orqanları öz vəzifələrini qanun çərçivəsində yerinə yetirmişdir. Haradan bilsinlər ki, cinayətkarların arxasınca düşmək özü bir cinayət imiş! Yəni onlar vəzifələrini yerinə yetirdiklərinə görə hüquqlarının tapdalanacağını təxmin edə bilməmişdilər. Bir köşə yazarı, Yavuz Səmərçi bəy: “Bir gün bu insanlara medal taxacaqlar” deyirdi. Halbuki 17 Dekabr istintaqını aparan, hətta istintaqla heç bir əlaqəsi olmayan minlərlə insan yeni təyinatlarla yerindən-yurdundan edildi. O insanların və ailələrinin hüquqlarına riayət edilmədi. Heç nə olmamış kimi, Camaatı ittiham edənlər oldu. Dalbadal yalanlar danışdırlar. Hələ də danışırlar.

Əvvala, bu rüşvət və korrupsiya istintaqı yeni hadisə deyildir. MİT əməliyyatdan 8-9 ay əvvəl müəyyən şəxslərin – bunlar İran xəfiyyələri də ola bilər – nazirlərə, nazir övladlarına, hətta nazirlər kabinetinə qədər nüfuz etdiyini xəbər veribmiş. Ancaq məsələni görməməzliyə vurublar. Sonra mediada, xüsusilə də, hökümətə yaxın qəzetlərdə səhifələrlə xəbərlər çıxıb. Yenə də tədbir görməyi düşünməyiblər. 17 dekabrda sözügedən əməliyyatlar başlayınca, tutmağa bir budaq tapmayanda günahı başqasının üstünə yıxmaqla özlərini təmizə çıxamağa çalışdılar.

Əvvəllər də demişəm. Bu əməliyyatı keçirənlərlə, təşkil edənlərlə irtibatım, əlaqəm olmayıb. Dəfələrlə “Mində birini belə tanımıram...” demişəm, amma yenə də adımıza çıxmaqda davam edirlər.

Məni ən çox üzən şərəfli və dürüst bildiyim bəzi siyasətçilər oldu. Keçmişdən tanıdığım, dininə və vicdanlarına zidd hərəkət etməyəcəklərinə inandığım, etimad etdiyim bu şəxslərin səssiz qalmayacağını düşünürdüm. Məkanı cənnət olsun, mərhum Özalın bu cür çirkli işlərə göstərdiyi reaksiyanı onlardan da gözləyirdim. Ancaq olmadı... Onlar səsini çıxarmayınca “bir” edənlər “min” etməkdən çəkinmədilər. Cümhuriyyət tarixində görünməmiş bir yol icad etdilər. Qanun pozuntuların əvəzinə, bu kimi halları istintaqa cəlb edənlərin üstünə getdilər.

İslamiyyət bu cür hadisələrin qarşısının alınması üçün müəyyən cəza tədbirləri ortaya qoymuş, əxlaqi prinsiplərlə bu məsələyə qarşı çıxmışdır. Heç bir qanun pozuntusuna bəraət qazandırmaq olmaz. Bu işi görənlər də gec-tez öz cəzasını tapacaqdır. Bu işdə əxlaqi bir məsələ də var. Fərdi günahlar, xətalar, yanlışlar cəmiyyətə zərər vermədikcə İslam belə insanları bağışlamağı tələb edir. Bu insanların ləyaqət və şərəfi ilə oynamağı caiz görmür. Bu iki xüsusu bir-birinə qarışdırmamaq lazımdır. Yəni əgər bir yerdə insanların hüququna təcavüz edilirsə, bir yerdə qanun pozuntuları varsa, İslamiyyət buna etiraz edərək günahkarları cəzalandırır. Məsələn, Həzrət Ömər İyaz ibn Ğanəmi vəzifədən azad etmişdir. Valiyi, bölgə valisini, Afrika valisini vəzifədən azad etmişdir, Amr ibn Ası da vəzifədən azad etmişdir.

Bir şey axirətimi məhv edəcəksə, onu necə söyləyərəm?!

Həmçinin məşhur bir valini də – bu şəxs eyni zamanda iranlılarla aparılan Qadisiyyə meydan müharibəsinin fatehidir – vəzifədən azad etmiş, Mədinəyə çağırmışdır. Əslində bu şəxsin heç bir günahı yoxdu, sadəcə barəsində dedi-qodular yayılmışdı. “Barəsində dedi-qodular yayılan insan vali ola bilməz, xalqa sözü keçməz, etibarı zədələnmiş adamdan vali çıxmaz” deyə Mədinəyə çağırmışdı. Həmçinin qanun pozuntusuna yol verdiyi düşüncəsi ilə Xalid ibn Vəlidi Yermük kimi mühüm bir müharibə ərəfəsində, hətta qızğın döyüşlərin getdiyi bir vaxtda vəzifədən azad etmiş, sarığı boynunda Mədinəyə çağırmışdı. Ağlınıza Xalid ibn Vəlid haqda başqa fikir gəlməsin. Bu əzəmətli sərkərdə dünyasını dəyişəndə at və qılıncdan başqa bir şeyi yoxdu. O, nəhəng insan... abid, zahid insan... Bəli, yəni demək istəyirəm ki, Həzrət Ömər bu kimi hadisələrə biganə yanaşmamışdır. Əksinə tədbir görmüşdür.

Əgər xalqın hüququna təcavüz edilirsə, rüşvət, korrupsiya, vəzifədən sui-istifadə halları, tenderlərdə qanun pozuntuları varsa və bunun üstünü örtürlərsə, Allah buna görə sorğu-suala çəkər. Görəsən, nə gözləyirdilər... Əgər bu istintaq işini aparanların içində Hizməti təqdir edənlər varsa, mən bu insanlara “Göz yumun!”mu deməliydim? Bilmirəm, mənə elə gəlir, bunu umanlar var. Məndən bunu istəyirlər? Bir şey axirətimi məhv edəcəksə, onu necə söyləyərəm?! Başqa cür necə hərəkət edə bilərəm?

Yenə də təkrar edirəm. “Paralel”-filan deyərək ləkələməyə çalışdıqları bu insanlar qanuna və nizamnaməyə zidd hərəkət etmişlərsə, bugünədək niyə cəzalandırılmayıblar? On minlərlə insanın yeni təyinatlarla yerindən-yurdundan edildiyini eşitdim, amma vəzifədən sui-istifadə etdiyinə görə, qanun-qaydanı pozduğuna görə hansınınsa istintaqa cəlb olunduğunu eşitmədim. Bilmirəm, siz eşitmisiniz, yoxsa yox.

Təqribən 60 ildir, vəzü-nəsihət edirəm. Eyni şeyləri təkrar edirəm. Vəsiyətim olsun. Fəqiri (özünü nəzərdə tutur), – layiq olmasam da, – sevən, məhəbbət bəsləyən dostlar nə bu cür işlərin kənarından-küncündən keçsinlər, nə də belə hadisələrin üstünü örtsünlər. Haqq, hüquq və ədalət nəyi tələb edirsə, onu yerinə yetirsinlər. Qurani-Kərim bu cür qanun pozuntularını “ğülul” adlandırır. Haqqı çatmayan bir şeyə əl uzatmaq, ondan şəxsi mənafe üçün istifadə etmək, xalqın malını mənimsəmək, əmanətə xəyanət etmək və s. mənalar var. Dövlətin malından sui-istifadə etmək belə bir günahdır. Bəzən bir-iki quruş, bəzən 3-5 dollar, bəzən də dövlət xəzinəsinə aid bir kisə pul... Bəzən bir insanın layiq olmaya-olmaya haqsız yerə əldə etdiyi vəzifə... İnsanın haqqı çatmadığı halda, mənimsədiyi, qeyri-qanuni yollarla qazandığı hər şey ğüluldur.

Ümuma aid şeyləri çapıb-talayırlarsa, bunu nə Qanun, nə də demoqogiya ilə izah etmək olar

Bu cür əməllərlə fərqinə varmadan dinimizə böyük zərbə vururuq. Ən böyük faciə budur. Şəxsi həyatımızda sədaqət və doğruluqdan uzaqlaşmaqla fərqinə varmadan qarşı tərəfin dinimizə olan etimadını sarsıdırıq, onların bizə qarşı düşüncələrinin dəyişməsinə səbəb oluruq. Siyasi məqam-mənsəblər bu cür qənimət və komisyonlara rəvac verəndə həmin bu vəzifələrə rəğbət artır. Nəticə etibarilə, tenderi bu yollarla qazanan podratçı və ya iş adamı da bir yol tapıb bunu dövlətin “cib”indən çıxarmağa çalışır. Ammə (ümumun, xalqın) haqqı, eyni zamanda Allah haqqıdır. Nə İslamın hüquq sistemi, nə də müasir hüquq sistemi buna zərrə qədər güzəştə getmir. Ümuma aid şeyləri çapıb-talayırlarsa, bunu nə Qanun, nə də demoqogiya ilə izah etmək olar. Siz kadrlarınızla dünyanın qarşısına müsəlmanlığın dürüstlük və doğruluq bayrağı ilə çıxsanız da, fərqinə varmadan qaranlıq yollara sapmış ola bilərsiniz. Sizə ümid bəsləyənlərin də xəyllarını puç edərsiniz.

İcazənizlə bunu da qeyd edim: insanlara mərhəmət etmək lazımdır. Peyğəmbərimiz: “Zalım da olsa, məzlum da olsa, qardaşına kömək et!” buyurur. “Ya Rəsulallah! Məzlumu başa düşdük, bəs zalıma necə kömək edək?” Allah Rəsulu: “Onu zülmdən çəkindirməklə...” cavabını verir. Hədis zülmə, təcavüzə, cinayətə qarşı çıxmağı tövsiyə edir. Bu cür əməllərin günah olduğunu izah edərək insanları belə şeylərdən çəkindirmək lazımdır. Bundan düşmənçilik və təfriqə deyil, əksinə birlik və məhəbbət ortaya çıxar.

Duama “Amin!” gözləyirdim

Bəzi media qurumları məsələni çox təhrif elədi. “Bizə bəddua edildi...” deyə mitinq meydanlarında insanları yanıltdılar. Bu, həqiqətən, bəddua idi?

Yanlış anlamaqdan əl çəkmək istəmədilər. Bir misal verim. Təsəvvür edin ki, bir nəfər dəfələrlə eyni yalanlarla sizə hücum çəkir. Sonra elə bir həddə gəlirsiniz ki, səbir kasanız daşır və: “Əgər mən sənin dediyin kimiyəmsə, Allah mənə bəla versin, yox əgər deyiləmsə, bəlanı bu yalan və böhtanı atana versin” deyirsiniz. Ogünkü dua da bu məzmunda idi. Heç bir şəxsin, heç bir partiyanın adını çəkmədim. Bəzi xüsusiyyət və əməllərdən danışdım. “Kim filan-filan işləri görürsə...” dedim. O xüsusiyyətlər onlarda yoxsa, o işləri onlar görməyibsə, niyə bu qədər narahat olurlar, özlərinə götürürlər? Məkrli planlara, əsassız iddialara söykənən bu cür iftiraları səsləndirənlərdən, bu haqda qəzetlərdə səhifə-səhifə məqalə dərc etdirənlərdən duama “Amin!” gözləyirdim. Amma deyə bilmədilər. Əksinə bu duadan sui-istifadə etdilər. Mən yenə eyni fikirdəyəm. “Əgər biz “çətə”yiksə, “örgüt”üksə, Allah bizə bəla versin, əgər “paralel” dövlətiksə, bizə bəla versin. Yox əgər deyiliksə, bu işləri məsum camaatın üstünə yıxanlara bəla versin!” Bu duaya rahat vicdanla “Amin!” deyə bilməyənlər aqibətlərindən qorxsunlar.

Barı digər kurslara dəyməyəydilər

Bülənt Arınc Baş Naziri “Ya hazırlıq kurslarından əl çəkəcəksiniz, ya da sizin axırınıza çıxacağıq!” deyə təhdid edildiyini, onun da: “Nə varsa tökün ortaya, əlinizdən gələni əsirgəməyin, sözümdən dönən deyiləm” deyə cavab verdiyini söyləmişdi. Bu haqda nə düşünürsünüz?

İlk öncə deyim ki, kim bunu iddia edirsə, istinadını, dəlil-sübutunu ortaya qoymalı və məhkəməyə verməlidir. İctimaiyyətə də çatdırmalıdır. “Filan kəslər gəldi, bizi təhdid etdi” şəklində. Höküməti şantaj etmək böyük cinayətdir. Yox hansısa vəhmlərini bu şəkildə dilə gətirirlərsə, buna cavab verməyə ehtiyac görmürəm.

Sizin də bildiyiniz kimi, hazırlıq kurslarının bağlanma məsələsi son 2-3 ayda ortaya atılmayıb. Belə ki, ötən günlərdə sabiq təhsil nazirlərinin adını çəkərək “O bacarmadı, bu bacarmadı, o da bacarmadı, indiki nazir bunu həyata keçirəcək!” də demişdi. Demək ki, bu məsələni çoxdan planlayırlarmış. Bəlkə də, kiməsə söz veriblər. Hətta verilən söz haqda məxfi sənədlər olduğuna dair xəbərlər çıxdı qəzetlərdə. Açıq-aşkar məlum oldu ki, hazırlıq kursları heç də təhsilin səviyyəsini yüksəltmək niyyətilə bağlanmır. Aşkar görünür ki, Camaatın təhsil fəaliyyətlərinə mane olmaq istəyirlər. Mitinq meydanlarında da məramlarını dilə gətirir, “Övladlarınızı özəl məktəblərə, hazırlıq kurslarına göndərməyin” deyirlər. Yəni əsas niyyətləri ilk öncə hazırlıq kurslarını, sonra da məktəbləri bağlamaqdır. Növbəti addım başqa ölkələrdəki məktəblərin bağlanmasına cəhd eləməkdir. Nazlı (İlıcaq) xanımın bu haqda fikirləri ağlabatan görünür. Onun fikrincə, çox güman ki, istintaqdan xəbər tutan hökümət hazırlıq kurslarını bağlamaq şantajı və psixoloji təzyiqi ilə bizim bu əməliyyatların qarşısını alacağımızı gözləyirmiş.

Başa düşə bilmirəm, cılız mənfəətlər uğrunda ölkənin birliyini nə haqla təhlükəyə atırlar?

Yeri gəlmişkən, kaş ki niyyətlərini açıq şəkildə dilə gətirəydilər, “Sizin bu işlə məşğul olmağınızı istəmirik” deyəydilər. Heç olmasa, Camaatla əlaqəsi olmayan kurslara dəyməyəydilər. Varını-yoxunu xərcləyib, güc-bəla ilə hazırlıq kursu açan insanların halına üzülürəm. Deyilənə görə, 3800 hazırlıq kursundan 3000-nin Camaatla heç bir əlaqəsi yoxdur. Açıq desəydilər, biz də: “Yaxşı, madam ki, bu məsələ sizin üçün bu qədər əhəmiyyətlidir, xahiş edək, dostlarımız müəyyən müddətə bağlasınlar” deyərdik. Qurunun yanında yaş da yanmayaydı.

Təhsil Nazirliyi, hətta hökümət imkanlarını daha ciddi məsələlərə sərf etməlidir. İctimai böhranların, mədəni eroziyaların fərdləri, ailələri əsarət altında aldığı bir dövrdə yaşayırıq. Bu yaxınlarda bir tədqiqatçı dostumuzun məqaləsində oxumuşdum. Səhv xatırlamıramsa, intihar hadisələri son 12 ildə 36% artmışdır. Orta məktəblərdə narkotik istifadəsi gündən-günə artır, şagirdlərin 32% spirtli içki qəbul edir. Bir qadın psixiatrın verdiyi məlumata görə narkotik aludəçilikdən müalicə olunanların sayı son 10 ildə 17 dəfə artmışdır. Bu məlumatlar onu göstərir ki, cəmiyyətin əxlaq və dəyərləri ciddi təhlükədədir. Təhsilimizi, hətta ölkənin gələcəyini təhlükə ilə üz-üzə qoyan bu qədər ciddi problemlər ola-ola hazırlıq kurslarını bağlamaqla təhsili inkişaf etdirmək arasında nə əlaqə var?! Yoxsa kursları bağlayaraq bu ictimai bəlaların qarşısını alacaqlar? Bildiyim qədər, camaata aid edilən bu məktəb və kurslar təhsil verməklə yanaşı, sözügedən ictimai problemlərlə də mübarizə aparırlar. Türkiyənin cənub-şərqində meydana gələcək boşluğu düşünəndə ürəyim ağzıma gəlir. Başa düşə bilmirəm, bu ölkənin idarəçiləri cılız mənfəətlər uğrunda ölkənin birliyini nə haqla təhlükəyə atırlar?

Mən də haqsızlığa məruz qalmışam, kim telefonları qeyri-qanuni dinləyirsə, hüquq qarşısında cavab versin

Ortaya çoxlu səs yazıları çıxdı. Xüsusilə, bəzi kəsimlər bu işdə Camaatı günahlandırır.

Bu cür ittihamlar ilk dəfə deyil, ancaq əllərində heç bir sənəd-sübutları yoxdur. Bu məsələdən mütəmadi şəkildə sui-istifadə edilir, amma ortaya heç bir dəlil qoyulmursa, demək, bu işdə məqsəd tamam başqadır.

Bu haqda hərə bir söz deyir. Bir az qarışıq bir məsələdir. Ortada həm məhkəmə qərarı ilə qeydə alınan, həm qeyri-qanuni əldə edilən səs yazıları var. Hansı yolla olur-olsun, telefonları qeyri-qanuni dinləyənlər tapılmalı və cəzalandırılmalıdır. Kim olur-olsun, kimin tərəfində durur-dursun, fərqi yoxdur. Mən də, dostlarım da bu barədə haqsılığa məruz qalmışıq. Xeyli vaxtdır ki, haqqımızda məhfi ictimai rəy formalaşdırmağa çalışırlar, əsassız ittihamlar ortaya atırlar, mediada açıq-aşkar ittiham edirlər. Bütün bunlarla ancaq hüquq çərçivəsində mübarizə apara bilərik. Qaydasız, qanunsuz, hətta qanunun qoyduğu sərhədləri pozaraq telefon dinləyənlər varsa, məhkəmə qarşısında cavab verməlidir. Həmçinin, bunu da xatırlatmalıyam ki, böyük bir kütləni sübut-dəlil olmadan telefonları dinləməkdə ittiham edənlər də qanun qarşısında cavab verməlidir. Qanun onları “Haradan bilirsən?” deyə sorğu-suala çəkməli. Qanunsuzluğu qanunsuzluqla aradan qaldırmaq mümkünsüzdür. Sərf etməyəndə haqsızlığa məruz qaldığını, qanunsuz dinlənildiyini demək, sərf edəndə də o səsyazılarından faydalanmaq, fikrimcə, həm hüquqi, həm də əxlaqi baxımdan qəbuledilməzdir...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.