Uzaq Şərqin gələcəyini Türk məktəbləri şəkilləndirəcək

Türk məktəblərinə və pedaqoqlarına dəstək olanlardan biri də sinqapurlu təqaüdçü baş rahib dr. Yap Kim Haodur. Onun fikrincə, Türk məktəbləri digər məktəblər kimi “işçi” deyil ərdəmli “liderlər” yetişdirir.

Yaşının çoxluğuna, ağrıyan dizlərinə əhəmiyyət vermədən düşmüşdü yola. İki saatlıq təyyarə uçuşundan sonra gəlib çatdığı Kamboca ona keçmiş günlərini xatırlatmışdı. Cavanlıqda bu ölkənin kilsələrində rahibllik etmiş, kambocalılara yardım kampaniyalarında iştirak etmişdi. Neçə illər sonra bu yoxsul ölkəyə yenə əcnəbilər tərəfindın təşkil edilən bir tədbirə gəlmişdi. Uzaq Şərqdə ilk Türk universitetinin açılışına şahid olacaqdı. Tədbiri başından sonuna qədər izlədi, çıxış edən natiqləri var gücüylə alqışladı baş rahib dr. Yap Kim Hao.

Açılışdan sonra Sinqapura gedərkən axtarıb tapırıq dr. Kim Haonu. Yaxınları açılışdan sonra üç gündür evə qapandığını, Zaman Universiteti və Könüllülər Hərəkatı haqda bir məqalə yazdığını dedilər. Qeyri-adi həyatı ilə yanaşı, dərin analizləriylə üfüqümüzü genişləndirdi. Türk məktəblərini, müəllimlərini və Könüllülər Hərəkatını gəlin bir də dr. Haonun dilindən eşidin. Ancaq əvvəlcə onu bir tanıyaq.

Dr. Yap Kim Hao (83) əslən çinlidir. Özü kimi atası da Malayziyada dünyaya gəlib. Tədris proqramı İngiliscə olan Metodist (Methodist-Xristianlıqda məzhəb) məktəblərinin birində ilk təhsilinə başlayır. Ancaq doğma Çin dilini öyrənməyi də unutmur. Ali təhsil üçün ABŞ-a gedib, orada dini təhsilini tamamlayır. Bir tərəfdən Beykr (Baker) Universitetinin biologiya və kimya fakültəsində oxuyur, digər tərəfdən də rahiblik seminarlarına qatılır. 1960-cı illərin əvvəlində teologiya üzrə magistratura və doktoranturanı bitirir və vətənində kilsələrdən birində işləmək üçün geri qayıdır. Çox keçmədən Malayziya və Sinqapur Metodist kilsələrinin baş rahibi (bishop) seçilir. Myanma, Tayland, Malayziya, Laos, Kamboca və Vyetnamda sosial yardım fəaliyyətlərini təşkil edir. Mədəni bir ailədə doğulan dr. Hao son illərdə güclənən mədəniyyətlərarası dialoq fəaliyyətlərinə Asiyadan dəstək verən insanların önündə gəlir. Haonun digər Xristian din xadimlərindən bir fərqli xüsusiyyəti də təhsilə böyük əhəmiyyət verməsidir. Hansı kilsədə işləyibsə, orada bir təhsil müəssisəsi açmışdır. Erkən yaşda ailə həyatı quran dr. Hao iki qız, iki oğul atasıdır.

Məsud Çevikalp: Son məqalələrinizdə Türk məktəbləri və müəllimlərini alqışlayır, təqdir edirsiniz. Sizə nə təsir etdi?

Yap Kim Hao: Keçən il İstanbula getdim və bəzi məktəbləri gəzmək imkanı oldu. Özünəxas, orijinal bir təhsil sisteminə sahib olduqlarını gördüm. Müəllimlər, məktəb idarəçiləri, elə bil ömrünü insan yetişdirməyə həsr ediblər. Sinqapura qayıdıb burada olan Türklərlə əlaqə qurdum və Uzaq Şərqdə açılmış həmin məktəbləri ziyarət etdim. Burada da türkiyəli müəllimlər də həvəslə işləyirlər. Şagirdləri yetişdirməyə, onların xarakter və dünyagörüşünü formalaşdırmağa çalışırlar. Şagirdlərə elmlə yanaşı, əxlaqi dəyərlər də öyrədirlər. Gördüklərim mənə çox təsir etdi. Onlar fərqli inanclara xoşgörü ilə yanaşırlar ki, bu da dünyanın hər yerində fəaliyyət göstərməyə, insanlarla münasibət qurmağa imkan verir. Müəllimlər bu təhsil sistemiylə get-gedə eqoistləşən insanlara kamilliyə xas dəyərləri öyrədirlər. “Əsl insan necə olmalıdır?” sualının cavabını yaşayaraq öyrədirlər. Qeyri-adi iş görürlər. Mən də yazılarımla onları təqdir edirəm.

Məsud Çevikalp: Uzaq Şərqdə fəaliyyət göstərən Türk məktəblərinin çoxunu gəzmisiniz. Sizcə, bu məktəblərin bölgəyə töhfəsi nədir?

Yap Kim Hao: Təəssüf ki, Cənubi-Şərqi Asiydakı digər məktəblərin əksəriyyəti şagirdlərə sırf təhsil verir, iş tapmasını, kariyera qurmasını təmin etməyə çalışır. Bəziləri şagirdlərin qabiliyyətlərini inkişaf etdirməkdə səriştəli olsa da, məqsədi çox dayazdır. Uzaq Şərqin mövcud təhsil sistemi keyfiyyətli işçi yetişdirməyə istiqamətləndi, insan yetişdirməyi unutdu. Məsələn, Sinqapurda elmi və texniki istiqamətdə yaxşı təhsil verən məktəblər var. Ancaq Türk məktəblərinin hədəfi şagirdlərin bilik və qabiliyyətlərini inkişaf etdirməklə yanaşı, xarakterini formalaşdırmaqdır. Bu məktəblər şagirdləri əxlaqi yöndə də inkişaf etdirir. Uzaq Şərqdə buna bərabər bir nümunə yoxdur. Tanış olduğum Türk müəllimlər cəmiyyətin gələcəyini düşünən insanlardır. Olduqları ölkənin rifahını istəyən insanlardır. Biz neçə illərdir, işçi yetişdiririk, sizlərsə dünyanı idarə edəcək keyfiyyətli, əxlaqlı insanlar yetişdirməyə çalışırsınız. Türk məktəblərində işləyən müəllimlərin əksəriyyəti Müsəlmandır. Ancaq başqa dinlərin dəyərlərinə də hörmət edirlər. Əxlaqi dəyərlərə əhəmiyyət verən, fərqliliyi qəbul edən Türk müəllimləri qərəzsiz, sülhsevər nəsil yetişdirir. Müsəlman ölkələrində də bu məktəblər var, amma təkcə Müsəlman şagirdlərə təhsil vermir. Məsələn, Buddizmə inanan Vyetnamda da şagirdləriniz var. Yəni məktəblərin qapısı hər kəsin üzünə açıqdır.

Məsud Çevikalp: Asiyalıların qısa müddətdə bu məktəblərə sahib çıxmasını, dəstək olmasını necə izah izah edirsiniz?

Yap Kim Hao: Əlbəttə, başlanğıcda ölkə rəhbərliyi Türk məktəblərinin məqsədindən tam əmin deyildi. Məsafə saxlayırdılar. Amma indi onların nəsil yetişdirmək üçün buralara gəldiyini başa düşürlər. Çox mədəniyyətli sistemə malik olduğunu gördülər və sahib çıxırlar. Keyfiyyətli təhsilini təqdirlə qarşılayırlar. Türk məktəblərinin fərqliliyi qəbul etməsini, digər inanclara xoşgörü ilə yanaşmasını, əxlaqi dəyərlərə əhəmiyyət verməsini təqdir edirlər.

Məsud Çevikalp: Kambocada Türk məktəblərini ziyarət edib araşdırdığınızı bilirəm. 14 illik keçmişi olan Türk məktəbləri Kambocaya hansı töhfələri verir?

Yap Kim Hao: Kamboca çox yoxsul ölkədir. Türk məktəbləri həm texniki təchizatı, həm də keyfiyyətli təhsili ilə ölkənin böyük bir boşluğunu doldurur. Kamboca xalqının məktəbəqədərki, ibtidai və orta məktəb səviyyələrində təhsil verən Türk məktəblərinə sahib çıxması onların uğurunu göstərir. Gələcək Kambocanın liderlərinin Türk məktəblərində yetişəcəyini düşünürəm. İndi də bir Türk universiteti açıldı. Artıq bundan sonra Kamboca gənclərinin əksəriyyəti keyfiyyətli təhsil almaq üçün xaricə getmək məcburiyyətində qalmayacaq. Türk universiteti təkcə Kamboca üçün deyil, region ölkələri üçün də olduqca əhəmiyyətlidir.

Məsud Çevikalp: Siz də açılışda idiniz. Beynəlxalq Zaman Universitetinin bu bölgə üçün nə ifadə edir?

Yap Kim Hao: Keçmişdə vətəndaş müharibələri ilə üzləşən Kambocada keyfiyyətli universitetlərin sayı çox azdır. Paytaxt Pnom Pendə açılan Zaman Universiteti ilk öncə bu boşluğu aradan qaldıracaq. Öz dəyərlərindən uzaqlaşmadan keyfiyyətli, əxlaqlı bir nəsilin yetişməsinə zəmin hazırlayacaq. Xalqa xidmət etməyi, qaynaqları bölüşməyi düşüncən insanlar yetişdirəcək. Bu nəsil dövlətin idarəsində iştirak edəndə ölkə sülh şəraitində daha sürətlə inkişaf edəcək. Bununla yanaşı, iki ölkəni bir-birinə yaxınlaşdıracaq. Kamboca bu xidmətə görə Türkləri təqdir edəcək. Zaman Universiteti Vyetnam, İndoneziya, Laos kimi digər Asiya ölkələrinə də nümunə olacaq.

Məsud Çevikalp: Sinqapurda hələTürk məktəbi açılmayıb. Açmağa çalışırlar.

Yap Kim Hao: Təəssüf ki, Sinqapurda Türk məktəbi yoxdur, bu, bir talehsizlikdir. Burada təhsil xərci çox yüksəkdir, məktəb açmaq, müəllimlərə şərait hazırlamaq çoxlu pul tələb edir. Burada məktəblər şirkət kimi, iqtisadi prinsiplərlə idarə olunur. Hindistan, Kanada, Fransa, hətta Avstraliyadan gəlib burada məktəb açanlar var. Onlar ilk öncə Sinqapurda yaşayan öz tolumlarına, sonra da digər millətlərin nümayəndələrinə təhsil verirlər. Türk məktəblərinin zehniyyəti çox fərqlidir. Ümid edirəm, ən qısa zamanda burada da bir Türk məktəbi açarsınız.

Məsud Çevikalp: Bu ölkədə Türklər bir mədəniyyət mərkəzi qurub. Bunu necə dəyərləndirirsiniz?

Yap Kim Hao: Türk Mədəniyyət Mərkəzi Sinqapurda mədəniyyətlərarası dialoqa böyük töhfələr verir. Ən əhəmiyyətlisi İslamın düzgün anlaşılmasını təmin edir. Müxtəlif dinlərə mənsub insanların birlikdə yaşaya bildiyini, biləcəyini göstərir. Bölüşmə ruhunu yaşadır. İslamın gerçək dəyərlərini sinqapurlulara çatdırır.

Məsud Çevikalp: 10 il əvvəl Uzaq Şərqə gələn müəllimlər bu gün Türk diplomat və iş adamlarını da bölgəyə gətirir. Türk dövlətinin bu regionun ölkələri ilə siyasi və iqtisadi əlaqələr qurmasına dəstək verir. Bu fəaliyyətlər Türkiyənin bölgədəki imicinə müsbət təsir göstərirmi?

Yap Kim Hao: Türkiyə, xüsusilə son illərdə iqtisadi cəhətdən xeyli inkişaf etdi. Artıq keçmişdəki kimi immiqrant göndərən, xaricdən mal idxal edən ölkə deyil Türkiyə. Başqa ölkələrə yardım etməyə başladı. Ticari əlaqələr qurduğu ölkələrin vəziyyətini yaxşılaşdırmaq üçün öhdəsinə daha çox məsuliyyət götürür. Türk iş adamlarının yeganə məqsədi də qazanc əldə etmək deyil. Təkcə pul qazanmaq üçün gəlmirlər buralara. Əlbəttə ki, bu bölüşmə anlayışı iqtisadi cəhətdən güclü olan ölkənin mənfəətindən çox hər iki ölkənin mənafeyinə fayda verir. Bununla yanaşı, Türk iş adamlarının iş qurduqları ölkələrdə fəaliyyət göstərən təhsil müəssisələrinə dəstək verməsi də əhəmiyyətli faktordur. Məktəblərə təkcə inancı üçün deyil, həmin ölkənin daha yaxşı səviyyəyə çatması üçün dəstək verirlər. Başqa inancda olsalar belə... Məhz bu ruhun, bu anlayışın tayı-bərabəri yoxdur dünyada.

Məsud Çevikalp: Müəllimlərə uzaq diyarlara getməyi məsləhət görən Fəthullah Gülən Xocaəfəndi idi. Din adamı olaraq onu və fikirlərini necə dəyərləndirirsiniz?

Yap Kim Hao: Onu daha çox oxuyub öyrənməyə çalışıram. Gülənin fikirlərinin dünyanın hər yerində qəbul edilməsi mənə çox təsir edir. Onun təlimləri ardıcıllarının yolunu işıqlandırır. Onu sevən müəllimlər bu ruhla ölkə xaricində məktəblər açır, iş adamları dünyanın hər yerində ticari fəaliyyətlər həyata keçirir. Bunu da təkcə şəxsi rifah üçün deyil, bütün dünyanın firavanlığı üçün edirlər. Fəthullah Gülənin fikirləri güclü koloniyalar qurmağı, və ya yoxsul ölkələri istismar etməyi deyil, imkanları başqalarıyla bölüşməyi nəsihət edir. Başqa ölkələrdən dəstək təmənnası da yoxdur. Eyni dəyərləri başqa insanlara da çatdırmaq üçün təhsilə üstünlük verirlər. Dolayısilə bu hərəkat qlobaldır, hədəfi bütün insanların tərəqqisidir. Buna görə Gülən və ardıcılları insanlığın gələcəyi üçün hamıdan çox səy göstərirlər.

Məsud Çevikalp: Türkiyənin Uzaq Şərqə açılması hər iki tərəfə necə təsir edir?

Yap Kim Hao: Türkiyənin asiyalılarla münasibət qurmasına çox əhəmiyyət verirəm. Son illərdə Asiyaya önəm verməyə başladı. Əslində Türkiyə tarixi və coğrafiyası ilə həm asiyalı, həm də avropalıdır.

Məsud Çevikalp: Sinqapurdan baxanda Türkiyənin Orta Şərqdə öhdəsinə götürdüyü rol necə görünür?

Yap Kim Hao: Türkiyə Orta Şərq ölkələri üçün çox əhəmiyyətlidir. Bölgədə sülh atmoseferinin bərqərarını təmin edən bir dövlət oldu. Hətta bütün çətinliklərə baxmayaraq bu ölkələrdə köhnə rəhbərliyin dəyişməsi üçün səy göstərir. Demokratiya ilə İslamı eyni zəmində azad seçimlə yaşadan Türkiyə region üçün bir modeldir əslində. Sahib olduğu texnologiya və demokratiya təcrübəsiylə də İslam dünyasının inkişafına öndərlik edir. Xristian dünyası daxil olmaqla, digər dinlərin də İslama baxışlarını yenidən gözdən keçirməsinə, öz baxışlarına tənqidlə yanaşmasına zəmin hazırlayır. Məsələn, bizi gerçək Xristianlığı, yaxşı Xristian olmağın nə demək olduğunu dərindən düşünməyə, araşdırmağa vadar edir. Xristian dünyası da Türkiyədəki kimi güclü dini müəssisələr qura bilər. Bu yeni qurumlar qlobal sülh və rifahı genişləndirəcək. Türkiyə dünyada bənzərsiz rola sahibdir. Təkcə İslama deyil, digər bütün dinlərə də öz töhfəsini verir. Dolayısilə Türkiyənin varlığı çox mühümdür.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.