BBC Radiosunda Gülən Hərəkatı Haqqında Geniş Reportaj

BBC Radiosunun 4-cü kanalı Gülən Hərəkatı haqqında geniş məzmunlu xəbər yayımladı. Gülən Hərəkatı haqqında fərqli fikirdə olan yerli və xarici vətəndaşların görüşlərinə yer verən xəbər hərəkatın Türkiyənin inkişafında böyük rol oynadığını diqqətə çatdırdı. Hərəkatın Türkiyənin ixracatının artmasında da böyük təsirə malik olduğunu vurğulayan veriliş "Gülənə dəyən, yanır" iddialarına və buna əks fikrlərə də yer ayırdı.

"İslamın müasir siması, yoxsa gizli planı olan bir təşkilatlanma?" sualı ilə başlayan xəbərdə "Kenyadan Qazaxıstana milyonlarla tərəfdarı olan və milyardlarla dollara hökm edən bir hərəkat" sözlərinə yer verildi. BBC-nin həmkarı Edvard Storiton (Edward Stourton) bu xəbəri Türkiyədə həm Gülənə yaxın olanlarla, həm də “hərəkatı” tənqid edənlərlə görüşərək hazırlamışdır. Verilişdə "Diyanətdə vaiz işləmiş bir şəxsdən ilham alaraq 130 ölkədə mindən çox özəl məktəb, beyin mərkəzləri, qəzet, TV, radio kimi media qurumları, universitetlər və hətta bir bank" deyərək heyrətini gizlətməyən Storiton: "Bu bənzərsiz qeyri-adi şəbəkənin gözə görünən bir təşkilatlanması, rəsmi bir sistemi yoxdur. Rəsmi üzvlük sistemi də yoxdur" – dedi.

"Hərəkata dəstək verənlər İslamın sevgi və qardaşlıq dini olduğunu vurğulayaraq təhsil, dialoq və əməyə böyük əhəmiyyət verən “xarizmatik lider” Fəthullah Gülənin düşüncələrindən ilham alıb hərəkət etdiklərini bildirirlər" açıqlamasına yer verən Storiton 40 dəqiqəlik verilişində Gülənin fikirlərini mənimsəyən iş adamları tərəfindən qurulan TUSKON-nun dünyada ticarət körpüləri salmasına və bu təşkilata üzv olan iş adamlarının yardımı ilə Hərəkatın təhsil fəaliyyətlərinə dəstək verməsinə diqqət çəkdi.

“Hərəkatın Türkiyədə təqribən 10 milyon dəstəkçisi var” deyən müxbir, yeni bir araşdırmaya görə hərəkata mənsub könüllülərin aylıq gəlirlərinin 5-20 faizini xidmət fəaliyyətinə verdiyini dilə gətirdi. Gülən ardıcıllarının məscid yerinə məktəb açdığını və dünyanın hər yerində müxtəlif din və mədəniyyətə mənsub insanlarla dialoq fəaliyyətləri həyata keçirdiyini də vurğulayan “BBC Radio 4” “Dialogue Society” adlı dərnəyin İngiltərədəki fəaliyyətlətinə toxundu.

Gülənin fikirlərindən ilhamla açılan məktəblərin müasir və yüksək texniki avadanlıqla təchiz olunduğunu bildirən verilişin prodüsseri Storiton məktəblərin sekulyar olmasına baxmayaraq burada çalışan müəllimlərin siqaret, içki və s. kimi pis vərdişləri olmadığını və şagirdlər üçün "model rol" təşkil etdiyini ifadə etdi.

"Hərəkatı dəstəkləyən iş adamları Türkiyənin ixracatının artmasında Gülənin çox böyük təsiri olduğunu iddia edir" deyən müxbir Gülənin xaricdə ticarətlə məşğul olan iş adamlarına geniş düşünməyi öyrədərək üfüq göstərdiyini qeyd etdi.

Digər tərəfdən Gülənə yaxınlığı ilə tanınan media qurumlarının AKP ilə yaxın əlaqədə olması iddialarına da yer verilən verilişdə hərəkatın siyasət, dövlət və cəmiyyətdə oynadığı rolla bağlı müzakirələrə də təmas edildi. Verilişin prodüsseri Storiton Hənəfi Avcı və Əhməd Şıkın Gülən əleyhinə yazdıqları kitaba görə həbs olunduqları iddiasını dilə gətirməklə yanaşı, həbs qərarının əsl səbəbinin "çevrilişə dəstək " olduğunu bildirdi.

Verilişdə həm mətbuat azadlığı kampaniyasının təşkilatçısı Fərai Tınçın "Türkiyə jurnalistləri Gülən haqqında bir şey yazmağa qorxur" ittihamları, həm də Jurnalist və Yazarlar Vəqfinin Sədr Müavini Camal Uşşakın: "Gülənin jurnalistlərin həbsinə dəstək verməsini düşünmək çox məntiqsizdir. Belə bir şey etmək hərəkata çox böyük zərər verər" sözləri əksini tapdı. Veriliş "Gülənə dəstək verənlərin və əleyhdarların həmfikir olduğu bir cəhət var ki, o da hərəkatın ölkə daxilində və dünyada böyüyərək və güclənərək yoluna davam etməsidir" sözləri ilə yekunlaşır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.