Bizə “can kardeş” deyilən məmləkətdə il dəyərində beş gün (2)

Əvvəlı “Həftəsonu”nun ötən sayinda iki günlük Ankara səfərini yekunlaşdırıb, İstanbula doğru hərəkət edirik. Ankara-İstanbul marşrutu ilə gedən avtobusa paytaxtın avtovağzal kompleksindən minirik. Qeyd edim ki, bu şəhərdəki digər tikililər kimi, avtovağzal kompleksi də öz sadəliyi və təmizliyi ilə diqqəti cəlb edir. Müşahidələrimdən belə nəticəyə gəlirəm ki, Türkiyədə sərnişin nəqliyyatı sektorunda bir neçə böyük şirkət fəaliyyət göstərir və onlar arasında ciddi rəqabət mövcuddur. Bu rəqabəti elə avtovağzalın qarşısındaca hiss etmək mümkündür. Qapıya yaxınlaşan kimi ayrı-ayrı şirkətləri təmsil edən şəxslər müştərilərə öz xidmətlərini təqdim edirlər. Avtobuslar avtovağzaldan tam vaxtında hərəkət edir. Sərnişinlərin sayı az olsa belə avtobuslar qrafikdən kənara çıxa bilməz. Əgər biz bir neçə dəqiqə gec gəlsəydik, avtobus cəmi 5-6 sərnişinlə hərəkət etməli olacaqdı. Belə demək mümkünsə, biz, 13 nəfərlik qrupumuzla avtobusun 5-6 sərnişinlə yola çıxmasına imkan vermədik. Buna baxmayaraq, avtobusun salonu yenə də boş görünürdü. Deyilənlərə görə, burada biletsiz sərnişin daşıyanlara qarşı çox sərt cəzalar tətbiq olunur. Sürücünün yolboyu əlavə sərnişin götürməməsi deyilənlərin doğru olduğunu göstərirdi.

* * *

Söhbət yoldan düşmüşkən, bir məsələni də qeyd edim ki, Türkiyədə şəhərlərarası avtomobil yollarına söz ola bilməz. Burada hər şey nəqliyyat vasitələrinin təhlükəsiz, sürücü və sərnişinlərin rahat hərəkəti üçün nəzərdə tutulub. Yolların böyük əksəriyyəti 4 və daha artıq zolaqlıdır. Avtomagistrallarda 2 zolaqlı yollara, demək olar ki, rast gəlmək mümkün deyil. Bu baxımdan Ankara-İstanbul yolu xüsusilə fərqlənir. Bu yol üzərində yerləşən və uzunluğu 3 min metrə çatan Bolu Dağı Tuneli Türkiyənin ikinci ən böyük tunelidir. Yolda yarım saat dayanmağımızı da nəzərə alsaq, Ankaradan İstanbula qədər olan 450 km-lik məsafəni təxminən 5 saata qət etdik.

* * *

İstanbulun nəhəngliyini şəhərə 50-100 km qalmış hiss etmək mümkündür. Şəhərə yaxınlaşdıqca nəqliyyatın sıxlığı artmağa başlayır. Çoxsaylı yolötürücülər bir-birini əvəz edir. İstanbula çatar-çatmaz ilk işimiz yemək üçün münasib bir yer tapmaq olur. Çünki səhər yeməyinin üzərindən artıq 7-8 saat keçirdi. Qalacağımız yerə getməzdən əvvəl yol yoldaşlarımızın təklifi ilə Haliçə (İstanbulda tarixi rayon) axşam gəzintisinə çıxırıq. Bura İstanbulun ən səsli-küylü yerlərindən biri hesab olunur. Haliç körfəzi üzərində yerləşən Qalata körpüsünün üzərindən - balıq tutanlarla onlara tamaşa edən turistlərin arasından çətinliklə keçərək 550 illik tarixi olan qədim “Qapalı Çarşı”nın (ticarət mərkəzi) bir hissəsi olan “Mısır Çarşısı”nın (burada ədviyyatlar satılır) önünə çıxırıq. İnsanlar buraya, adətən, balıq yeməyə gəlirlər. Biz də çörək arasında satılan balıq kababını yedikdən sonra qalacağımız mənzilə yollanırıq.

* * *

Səhər yeməyi üçün İstanbulun ən hündür yerlərində hesab olunan Çamlıca təpəsinə yollanırıq. Çamlıca təpəsindən baxdığınız zaman qarşımızda şəhərin möhtəşəm panoramı açılır. Eyni zamanda orada olarkən öyrənirik ki, İstanbulun çox önəmli yerlərində restoran xidmətləri bələdiyyələr tərəfindən həyata keçirilir. Məqsəd insanlara ucuz qiymətlərlə daha keyfiyyətli xidmət təqdim etməkdir. İstanbula səfər edənlər Çamlıca təpəsinə baş çəksələr, peşman olmazlar. Səhər yeməyindən sonra Türkiyənin ən böyük televiziya kanallarından olan “Samanyolu”nda (STV) oluruq.

STV-nin əməkdaşı Bayram bəy (Bayram Karcı) bizi qarşılayaraq televiziya barədə ətraflı məlumat verdi. Türkiyədə və dünyada “Samanyolu”na bağlı olaraq fəaliyyət göstərən ondan çox televiziya kanalının mövcud olduğunu da Bayram bəydən öyrənirik. STV-dən ayrıldıqdan sonra paroxodla İstanbul boğazında (Qara dənizlə Mərmərə dənizini birləşdirir) saatyarımlıq gəzintiyə çıxırıq. Böyüklər üçün boğaz gəzintisinin qiyməti 12 lirə (bizim pulla 6 manat) olsa da, bir neçə dəqiqəlik sövdələşmədən sonra 12 nəfər üçün 100 lirə (50 manat) ödəyərək paroxoda daxil ola bilirik. Boğaz gəzintisi ilə İstanbulun bir çox tarixi məkanını saatyarım ərzində seyr etmək mümkündür. Hesab edirəm ki, İstanbula qısa müddətli səfərə gedənlər üçün boğaz gəzintisindən əlverişli heç nə ola bilməz.

* * *

Axşama doğru Türkiyənin ən çox satılan qəzeti ZAMANı ziyarət edirik. Gündəlik tirajı 1 milyona yaxınlaşan ZAMAN haqqında ətraflı məlumat aldıqdan sonra bizi axşam yeməyi üçün yeməkxanaya dəvət edirlər. Əslində həmin axşam İstanbulun məşhur Haliç Beynəlxalq Sərgi, Konfrans və Mədənyyət Mərkəzində təşkil olunan IX Türk Dili Olimpiadasının mahnı müsabiqəsində iştirak etməliydik. Ancaq etdiyimiz bütün cəhdlərə baxmayaraq, müsabiqəyə bilet tapa bilməmişdik. Kimə müraciət edirdiksə, biletlərin bir neçə həftə əvvəldən paylanıb qurtardığını bildirirdi. Lakin ZAMANda yemək yediyimiz zaman xəbər gəldi ki, bilet tapılıb və biz mahnı müsabiqəsində iştirak edə bilərik. Yemək süfrəsindən tələm-tələsik ayrılıb, Haliç Konfrans Mərkəzinə yollanırıq. Sən demə, vaxtilə ölkəmizdə müəllim işləyən, hazırda Türkiyədə yaşayan daha bir azərbaycansevər - İsmət bəy (İsmət Gürər) bizi Haliç Konfrans Mərkəzinə keçirə bilmək üçün bir neçə saat əziyyət çəkməli olub. İsmət bəy Konfrans Mərkəzinin qapısında duraraq ərki çatan insanlardan bizim üçün bilet istəyib. Nə az, nə çox, düz 12 nəfər mahnı müsabiqəsində iştirak etməkdən vaz keçərək öz yerini bizə verib. Təbii ki, biz bunları konsertdən sonra öyrənirik. İsmət bəyə və həmin şəxslərə bir daha təşəkkür edirik. Onu da qeyd edim ki, olimpiadanın mahnı müsabiqəsində ölkəmizi təmsil edən Qafar Şamilov öz sazı ilə tamaşaçıların böyük rəğbətini qazansa da, münsiflərin qərarı onu ilk üçlükdən uzaq saldı.

* * *

Səfərimizin son günü Osmanlı dövlətinin 380 il ərzində (1478-1858-ci illər) idarə olunduğu Topqapı sarayına yollanırıq. Təxminən iki ay əvvəl İstanbulda olarkən Topqapı sarayının qapısına qədər getsəm də, içəriyə daxil olmamışdım. O zaman sarayın qapısından geri qayıtmağımda bələdçimizin də böyük “əməyi” olmuşdu. Ancaq bu dəfə içəri daxil oluram. Bəzi həmkarlarımla bərabər, jurnalist vəsiqəsini təqdim edərək pulsuz bilet alıram. Digər həmkarlarımızın vəsiqələrində məşhur “Press” kəlməsi yazılmadığı üçün bilet üçün 20 TL (bizim pulla 10 manat) ödəməli olurlar. Yeri gəlmişkən, qeyd edim ki, Türkiyədə jurnalist vəsiqələri dövlət qurumu (Nazirlər Kabineti yanında Mətbuat və İnformasiya Baş İdarəsi) tərəfindən verilir və rənginə görə “sarı basın kartı” adlandırılır. Türkiyədə bu kart sahibləri üçün böyük güzəştlər nəzərdə tutulub. “Sarı basın kartı” olanlar ictimai nəqliyyatdan pulsuz istifadə edə bilirlər. Eyni zamanda muzeylərə, sərgilərə, stadionlara pulsuz daxil olurlar. Bundan başqa, digər güzəştlərdən yararlanırlar. Ancaq həmkarlarımın diqqətinə çatdırmaq istəyirəm ki, bizim jurnalist vəsiqələri ilə Türkiyədə bu güzəştlərdən istifadə etmək olmaz. Topqapı sarayından pulsuz bilet almağımızın tək səbəbi kassirin diqqətsizliyi oldu. Türkiyə qanunlarına görə, yuxarıda qeyd etdiyim güzəştlərdən yalnız “sarı basın kartı” olanlar istifadə edə bilərlər. Necə ki, getdiyimiz bir çox yerdə üzərinə böyük hərflərlə “Press” yazılan vəsiqələrimiz heç bir işə yaramırdı.

* * *

İstanbula gedib alış-veriş etmədən geri dönmək olmaz. Hər dəfə olduğu kimi, bu səfərimizi də ticarət mərkəzinə baş çəkməklə yekunlaşdırırıq. İstanbulda olduğumuz son saatları 4 mərtəbəli ticarət mərkəzində keçiririk. Elə bu səbəbdən də ticarət mərkəzindən ayrıldıqdan sonra birbaşa hava limanına yollanmalı oluruq. Son.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.