Dünyanın 110-dan çox ölkəsində Türk dilini sevən nəsillər böyüyür
Ötən bazar günü İstanbulda VI Türk Dili Olimpiadasının final mərhələsi tamamlandı.
Dünyanın 110 ölkəsindən gəlmiş müxtəlif irqlərə, dinlərə, mədəniyyətlərə sahib 550 şagirdin nümayiş etdirdiyi mənzərələr təkcə Anadolu türklərinin deyil, bütün türk dünyasının köksünü qabartdı. Dünyanın ən müxtəlif bucaqlarında türk dilində danışan, Türkiyəni sevən nəsillər böyüyür. Siyasətdə saç ağartmış, dünyanın get-gəlini yaxşı anlayan dünyagörmüş adamlar bu mənzərələr qarşısında göz yaşlarını saxlaya bilmədilər, milli qürur hissinin verdiyi ən səmimi duyğularla bu şagirdləri alqışladılar.
13 nominasiya üzrə qaliblər elan olundular və onlar hədiyyələrini ölkənin tanınmış şəxslərinin əllərindən aldılar. Mahnı yarışmasında Azərbaycanı təmsil edən Xədicə Əlizadə birinci yerə layiq görülüb.
Altıncı Beynəlxalq Türkcə Olimpiadası ötən bazar günü İstanbulda keçirilən təntənəli mərasmimlə başa çatdı. Mərasimdə 13 nominasiyada qalib yerləri tutan şagirdlər mükafatlandırılıldı. Xatırladaq ki, bu möhtəşəm tədbirdə 110 ölkədən gəlmiş 550 şagird türkcə məharətini nümayiş etdirdi. Yarışda cənub-şərqi Asiyadan, Afrikadan, Avropadan, müxtəlif irqləri, dilləri, mədəniyyətləri təmsil edən şagirdlər iştirak etdilər. Hamısı da türkcə oxudu, söylədi, yarışdı. Qaradərili afrikalının Türkiyə türkcəsində şeir söyləməsini dinləmək nə qədər xoş təsir bağışlayırdısa, vyetnamlı və ya rusiyalı şagirdin də bu dildə mahnı oxuması o qədər gözəl idi.
Tədbirdə müxtəlif ölkələrin rəsmiləri, millət vəkilləri, media mənsubları iştirak edirdilər. Türkiyə tərəfi isə daha böyük heyətlə bu yarışmalara qatılmışdı. TBMM-in sədri Köksal Toptan, təhsil naziri Hüseyin Çelik, ədliyyə naziri Mehmet Ali Şahin, dövlət naziri Mehmet Şimşek, İstanbulun bələdiyyə başçısı Qədir Topbaş, şəhər valisi Muammer Gülər, çox sayda millət vəkilləri, partiya başçıları, universitet rektorları, sənətçilər, idmançılar, tanınmış qələm adamları, strateji araşdırmaçılar, ölkənin məşhur şəxslər, yarışları izləyənlər arasında idilər.
Azərbaycan birinci oldu
Mahnı yarışmasının hər üç qalibi qızlar oldular. Birinci yeri azərbaycanlı Xədicə Əlizadə, ikinci yeri türkmənistanlı Abadan Halmedova, üçüncü yeri isə Tacikistandan Suman Qurbanova tutdular. Qalibləri mükafatlandırmaq üçün səhnəyə çıxan TBMM sədri Köksal Toptan bu yarışın Türkiyə üçün çox böyük əhəmiyyət daşıdığını vurğulayaraq, onun təşkilatçılarına təşəkkürlərini ifadə etdi. Şeir yarışında isə birinci yerə albaniyalı Adeila Selemaj Arif Nihat Asya Peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.s.) şəninə yazdığı nətlə layiq görüldü. İkinci yeri indoneziyalı, üçüncü yeri isə sudanlı şagird qazandı.
Folklor rəqsində isə vyetnamlı şagirdlər birinci, azərbaycanlılar ikinci, moldovalılar üçüncü yeri tutdular.
Tarix unutmayacaq
Bu yarışmanın final mərhələsində çox duyğulu anlar yaşandı. İnsanların göz yaşları ekrandan açıq-aydın görünürdü. Türkiyə türkcəsinin dünyanın 110 ölkəsində tədris olunması, öyrənilməsi, ən müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin, irqlərin təmsilçilərinin bu dildə mahnı oxuması, şeir söyləməsi insanın könlünü qürur hissi ilə doldururdu.
Bir-birinin ardınca söz alan tanınmış ictimai-siyasi xadimlər, ziyalılar bu tədbirin Türkiyə üçün çox böyük tarixi xidmət olduğunu vurğuladılar. Əsl vətənpərvərliyin bu tablolarda aydın göründüyünü dilə gətirən natiqlər türk dilinin dünyanı bu cür sivil yolla, sevgi kanalları ilə yayılmasından məmnunluqlarını, qürur hissi duyduqlarını bildirdilər.
DYP sədri Süleyman Soylu:
- Ölkəmiz və millətimiz üçün illər uzunu həsrətlə gözlədiyimiz bir mənzərədir.
Keçmiş mədəniyyət naziri Namiq Kamal Zeybək:
- Bu tədbir bizim millətimizin qüdrətinin nümayişidir. Bu olimpiadanı keçirənlər dünyadakı böyük dövlətlərin belə bacarmadığı xidməti yerinə yetiriblər.
Professor Ahmet Davudoğlu:
- Türkcə olimpiadaları Türkiyənin və türkcənin dünyada tanıdılması üçün möhtəşəm bir tədbir, böyük tarixi hadisədir.
Baş nazirin təbriki
Partiyasının Kızılcahamamda keçirilən toplantısında iştirak etdiyi üçün bu olimpiadaya qatıla bilməyən Ərdoğanın adına verilmiş mükafatı təhsil naziri Hüseyin Çelik aldı. Ərdoğan isə Kızılcahamamdakı çıxışında türkcə olimpiadası haqqında yüksək sözlər söylədi və bu olimpiadaya qatılan gənclərin dünyamızın sabahı üçün sülh elçiləri olacağını vurğuladı və bu möhtəşəm tədbiri hazırlayanlara təşəkkürlərini bildirdi.
Təhsil naziri Hüseyin Çəlik də öz çıxışında: "Türkcə olimpiadaları insanlığın üfüqünü işıqlandırır. Bu tədbiri hazırlayanların alnından, əllərindən öpmək lazımdır. Onlar türk dilinin, türk mədəniyyətinin, türk insanının gözəlliyini, ürəyimizdən daşan sevgini dünyaya yaymağa çalışırlar. Sözlə vətənpərvərlik olmaz, şüarla millətçilik olmaz. Vətənpərvərlik Türkiyəni sevmək, Türkiyəni də, türkcəni də dünyaya tanıtdırmaq, sevdirməkdir. Türkcə olimpiadaları bu məqsədə xidmət edir", - söylədi.
TBMM sədri Köksal Toptan isə öz çıxışında bu olimpiadaların iki əhəmiyyətini xüsusi vurğuladı: "Bu cür gözəl tədbirlər nəticəsində türk dili dünyanın hər yerinə yayılır və dünya dilinə çevrilir və dünyanın 110 ölkəsindən gələrək bu tədbirlərə qatılan uşaqlar dünyamızın aydın sabahı üçün ümid verirlər, işıq saçırlar".
Xatırladaq ki, tədbirdə Azərbaycandan millət vəkilləri Fəttah Heydərov, Nizami Cəfərov, Qənirə Paşayeva, Azay Quliyevin, Vidadi Məmmədov, Mill Televiziya və Radyo Şurasının sədri Nuşirəvan Məhərrtəmli, Jurnalistlər birliyinin sədri Elçin Şıxlı, "Çağ" Öyrətim İşlətmələri MMC-nin prezidenti Ənvər Özərən, Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi Adəm Önal, şirkətin məsul əməkdaşı Ağarəsul Məmmədov, çox sayda qəzet və xəbər agentliyinin də qatıldığı yüksək səviyyəli nümayəndə heyəti iştirak etmişdir.
- tarixində yaradılmışdır.