Fədakar ailə mükafatlandırıldı
Mübarək Ramazan ayının son axşamı İstanbulda fəaliyyət göstərən Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi bu şəhərdə təhsil alan azərbaycanlı və digər ölkələrdən olan tələbələr üçün verdiyi iftar süfrəsində Halil və Cəmilə Yeşilyurt ailəsi də iştirak edirdi. Bu da səbəbsiz deyildi, bu ailənin 3 qız övladı Azərbaycanda təhsil sahəsində xidmət göstərir. 12 il əvvəl ailənin Fatma və Tuğba adlı qızları təhsil almaq üçün Azərbaycana gəldilər, oxuyub müəllim oldular.
Ailənin üçüncü qızı Handan da böyük bacılarının yolu ilə gedərək, Azərbaycanda təhsil alaraq burada müəllimliyə başladı. Bu gün Yeşilyurt ailəsinin üç qızı Azərbaycan təhsilinə xidmət etməkdədir. Üç qızı azərbaycandakı türk liseylərində çalışan Yeşilyurt ailəsi İstanbulda təhsil alan bütün azərbaycanlı tələbələrin mənəvi valideynləridir. Hansının bir problemi, sıxıntısı olarsa, əllərindən gələn yardımı əsirgəmirlər.
İftar proqramında iştirak edən Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran bu ailənin fədakarlığından bəhs etdi. Yeşilyurt ailəsi adından Cəmilə xanım ürək sözlərini söylədi: “ Mənim 3 qızım Azərbaycana əmanət olduğu kimi, buradakı azərbaycanlı gənclər də mənə əmanətdir. Mən qızlarımın necə faydalı işlər gördüyünə burada bir daha şahid oldum. Mən ildə bir neçə dəfə Azərbaycana gedirəm. Azərbaycan mənim üçün doğma vətənim kimidir. Xüsusilə də məzuniyyət proqramlarını heç qaçırmıram.”
Azərbaycan Dialoq və Qardaşlıq Dərnəyi bu fədakar ailəni mükafatlandırdı. Təşəkkür plaketini Yeşilyurt ailəsinə baş konsul Səyyad Aran təqdim elədi.
- tarixində yaradılmışdır.