Fəthullah Gülən: "Azərbaycan türk dünyasına açılan qapısıdır"

Türkiyədə adamların Azərbaycana sevgiləri qədərsizdir, hüdudsuzdur. "Azərbaycan" kəlməsini eşidənlərin dilindən "Can Azərbaycan" nidası qopur. Yenidən bir-birinə qovuşmuş məmləkətlərimizin sevgisini son vaxtlarda Türkiyə və Azərbaycan başçılarının dilində səslənib zərbüməsələ çevrilmiş "Biz bir millət, iki dövlətik"

Azərbaycan Türkiyə, Türkiyənin Azərbaycan üçün nə olduğunu "Zaman" qəzetinin dəvətilə bu yaxınlarda İstanbulda olarkən ağıl, düşüncə və hisslərin bütün çalarlarında anladıq, duyduq. Mayın 28-də Azərbaycan Xal Cümhuriyyətinin 80 illiyi, bir gün sonra mayın 29-da türk tarixinin öyünclü bir səhifəsi olan İstanbulun fəthinin 545 illiyi təntənələrini birlikdə yaşayarkən "türkün ən yaxın dostu türkdür" həqiqəti də bir daha təsdiqləndi.

Həmin günlərdə Azərbaycanı "Romeo Cülyettanı", "Məcnun Leylini" sevirmiş kimi istəyən bir insanla-Türk Yazarlar və Qəzetəçilər Vəqfinin fəxri sədri Fəthullah Gülən Xocaəfəndi ilə görüşmək xoşbəxtliyinə də qovuşduq. Fitri istedadı, bənzərsiz çalışqanlığı ilə həyatı, kainatın ilahi nizamını dərindən dərk etmiş bir insanla təmasda olduq. Bu pirani zəka və əməl sahibi insanlara anladıb duyduğu mətləblərlə Türkiyənin geniş dairələrində özünə milyonlarla dost qazanmışdır. Dünyanın müxtəlif dairələrində də Xocaəfəndinin şəxsiyyətinə, təbliğ və təşviq etdiyi mərama böyük maraq göstərilir. Bəşəriyyətin nicatını elmdə, təhsildə, tərəqqidə, əlbirlikdə, bütünləşmədə görən Fəthullah Gülənin dostları Türkiyədə çox sayda nümunəvi məktəblər açmışlar. Dünyanın müxtəlif ölkələrində belə nəktəblərin sayı 250-ə yaxınlaşır. Bu təhsil ocaqlarında dünyanın bütövləşməsinə və tərəqqisinə xidmət edəcək hərtərəfli hazırlıq keçən nəsil yetişir. Azərbaycanda ilk belə məktəb Heydər Əliyevin xeyir-duası ilə 1991-ci ildə Naxçıvanda açılıb. Xocaəfəndinin dostlarının çalışdığı "Çağ" Öyrətim Şirkəti Azərbaycanda 8 özəl litsey və "Qafqaz" Universitetini yaradıb. Bu təhsil ocaqları ölkəmizin bu günü və sabahı üçün misilsiz xidmət göstərir.

Fəthullah Gülən kütləvi informasiya vasitələrinin inkişafına çağırır, demokratiya aləti kimi şəbəkəsinin genişləndirməsini də fəal təşviq edir. Türkiyə qəzetləri onun bəşəri əhəmiyyətli məsələlərə aydınlıq gətirən silsilə müsahibələrini dərc edir, xarici jurnalistlər Xocaəfəndinin görüşünə düşmək üçün aylarla məqam gözləyirlər. Azərbaycana sevgi və sayğısı onunla görüşmək arzumuzu dərhal reallaşdırdı. Xəstə olsa da AXC-nin 80 illik yubileyi günlərində "Xalq qəzeti"nin və Azərbaycan Milli Televiziyasının əməkdaşlarını qəbul etdi, bağrına basdı, müstəqillik bayramına görə gözaydınlığı verdi. Bir də həmkarım Qulu Məhərrəmli ilə tərtib etdiyimiz sualları böyük səmimiyyətlə cavablandırdı. İki saat çəkən söhbətin əsas məqamlarını diqqətinizə çatdırırıq:

-Möhtərəm Xocaəfəndi, 8 il əvvəl -1990-cı ilin Qanlı Yanvarında sizin Azərbaycanda törədilən qardaş qırğını ilə bağlı fəryadınız dünyaya yayıldı. Sizi bayılmaq dərəcəsinə gətirən o ağrı Azərbaycanda böyük qədirbilənliklə xatırlanır.

-Bir soydaş, eyni zamanda duyğu, düşüncə dostu, qardaş, qonşu və bu qonşuluğu qorumuş bir ölkəyə qarşı bu ölçüdə duya biləcəyimiz eşqi, həyəcanı, hicranı tam mənası ilə duyduqmu, duymadıqmı?-bilmirəm. Bəlkə də, belə acı hadisə qarşısında insan özündən getməli, bayılmalıdır. Türkiyədə o duyğu və düşüncəni bölüşəcək başqaları da var.

Əlbəttə, soydaşlığın təsiri çox mühümdür. Eyni kökdən gəlirik, eyni məna köklərini və eyni taleyi paylaşırıq. Bu eyni ağrının, əziyyətin eyni yumurta cütləri kimi yaşanması da ola bilər. Millətin başına dəyən yumruğu, gürzü biz də eynən vicdanımızda duymuş ola bilərik. Bu haqsızlığa müştərək məruz qalma duyğusu idi.

Vaxtilə Türkiyə həm Qərbdən, həm Şərqdən təqiblərə məruz qalanda eyni ağrını Azərbaycan da çəkib. Üstündən xeyli keçib, o vaxtkı duyğuları yenidən canlandırmaq təbii ki, çətindir.

-Siz o vaxt bu zülmün yerdə qalmayacağını söyləmişdiniz.

-"Allah insanlara zülm etməz, lakin insanlar özlərinə zülm edərlər". Azərbaycana pislik edən insanlar, bəlkə də, onun neçə qat əzabını çəkdilər. Hətta bir zaman çar Rusiyası ətrafındakı türk dövlətlərinə etdiyi pisliklərin daha sonra kommunizmdə, bəlkə də, neçə qat əzabını çəkdi. Bu tarixin verdiyi bir dərsdir.

Söhbət burada tarixi təkrarlar içərisində hadisələrin arxasında dayanan İlahi nizamlardan və qanunlardan gedir. Azərbaycanın 200 ildən bəri əvvəlcə çar Rusiyasına qarşı, sonra kommunizmə qarşı mübarizə apararaq azadlığa qovuşması təqdirəlayiq bir işdir. Azərbaycan ortaya bir millət kəfarəsi qoymuşdur, bir millət qəhrəmanlığı göstərmişdir.

-Prezident Heydə Əliyevin anadan olmasının 75 illiyi ilə bağlı göndərdiyiniz təbrik məktubunda və əvvəlki məktublarınızda Azərbaycanın gələcəyi ilə bağlı nikbinlik duyulur. Ümumiyyətlə, Azərbaycan bu gününüzü və gələcəyini siz necə görürsünüz?

-Türkiyə gələcəyi üçün yaşadığım nikbinliyi Azərbaycan üçün də yaşayıram. Eyni taleyi bölüşdürürük, eyni ağrıları yaşamışıq, eyni proseslərdən keçmişik və keçirik. Biz müstəqilliyimizə, azadlığımıza daha əvvəl qovuşmuşuq. Türkiyə müstəqilliyə qovuşarkən səsinə səs verəcək heç kimi yox idi. İndi Azərbaycan mstəqilliyyini əldə etdiyi bir dövrdə yanında bir qardaş Türkiyə var. Əgər bəziləri bu iki dövlətin arasında bəzi problemlər meydana gətirərlərsə, bir-birinə söykənərək bunları həll edə bilərlər. Allahın mərhəməti və kərəmi ilə...

Azərbaycan Türkiyənin təcrübəsi və köməyi ilə onun 30 ilə qət etdiyi yolu 10 ilə keçə bilər. Bu baxımdan Azərbaycanın gələcəyini parlaq görürəm. Türkiyənin də, Azərbaycanın da bir çox problemləri var. Qarabağ problemi var Azərbaycanın. Bu təbii ki, bizim Cənub-şərq məsələsinə bənzəməz. Cənub-şərq heç vaxt ayrılmadı, başqasının əlinə düşmədi, Azərbaycan bir köç təzyiqi altındadır. Ancaq Qarabağ problemi də həll edilməz deyil.

Bir sosioloq, ictimai tarixçi, fəlsəfə tarixçisi kimi nəsə söyləyə bilmərəm. Amma mənə elə gəlir ki, cənab Heydər Əliyev çox bəsirətli, dövlət təcrübəsi olan insandır. Bir neçə dövrü yaşayan insandır. Yəni millətinin əsarətini görmüş, yaşamış, ağıllı mübarizə aparmışdır. Milləti təhlükəyə atmadan mübarizə aparmışdır. Bu gün də o, mübarizəsini davam etdirir.

Azərbaycan müstəqilliyə, azadlığaqovuşduqdan sonra müəyyən eniş-yoxuçalar olmuşdur. Sabitliyə ehtiyac olsa da müxtəlif hakimiyyət dəyişiklikləri baş vermişdir. Tez-tez belə dəyişikliyə zərurət yoxdur. Böyük layihələr, proqramlar bir az daimi idarə ilə, daimi dövlət ilə həyata keçir. Bu baxımdan artıq Azərbaycanı bəsirətli bir insan idarə edir.

Qarabağ mövzusunda, imkan varsa, ermənilərlə bir dialoqun faydalı olacağına inanıram. Ermənistan bizə orada bir məktəb açmaq təklifi etdi. Azərbaycanın razılığı olmadan bu işi görmək olmaz. ABŞ-da Corc Taun Universitetində mənə məruzə imkanı vermişdilər. "Mən dövlətimdən soruşmadan bunu etmərəm" dedim. Azərbaycana daxil olan hər bir məsələ də mənim üçün eyni dərəcədə əhəmiyyətlidir.

Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında insancasına bir dialoq mühümdür. Bu məsələdə Türkiyə ilə Rusiyanını xoş davranması da faydalı olar. Çünki biri Azərbaycanın, o biri Ermənistanın arxasında dayanır.

Qarabağ əsrlik bir problemdir, mütəmadi olaraq körüklənmişdir, düşmənçiliklər meydana gəlmişdir. "Qarabağı işğal edin!", hətta "Bakını işğal edin!" deyilmişdir. İndi böyük kin, nifrət, qəzəb yığını var. İnsanları yumşaltmaq çox da asan deyil. Bu illər tələb edir. Amma Heydər Əliyevin bu məsələdəki səbri, səbatı, dövlət təcrübəsi bu işləri aşmağa yetər kimi gəlir mənə.

-Müxtəlif söhbətlərinizdə Azərbaycandan tez-tez söhbət açır, bu diyara indiyədək gedə bilmədiyinizdən təəssürlənirsiniz. Azərbaycan bu vaxtadək getdiyiniz yerlərdən həm könülcə, həm də məsafəcə çox-çox yaxındır.

-Çox doğrudur. Bu məqamda "Romeo və Cülyetta" yada düşür. Bu süjetdə müdhiş bir atəşdən bəhs edir. Bəli, qovuşmaqdan, vüsala çatmaqdan bu eşq çox şirindir. İndi mən türk dünyasına qarşı belə bir eşq yaşamış, bu atəşdən qorxmuş bir insananam. Əl-ələ verəndən, vüsala yetəndən sonra mənim yediyi-xəyalım nə olacaq, mən nəyin həsrətini çəkəcəyəm, hansı ümidlə yaşayacağam, içimdə hansı hicranın gərilməsini duyacağam?

Doğrusu, Amerikadan, İngiltərədən daha çox mən öz dünyamı gəzmək istəmişəm. Bakıdan başlamış ta Səmərqəndə, Daşkəndə qədər... Çünki mənim soyumun qızıl ağacının cücərdiyi yerlərdir oralar. Lakin dostlarımız-istər tacir, sənayəçi, sərmayəçi, istərsə təhsil işçiləri təşviqlə, tövsiyyə ilə gedir o yerlərdə iş görürlər. Bu çox çətindir. Xüsusi vurğu ilə qeyd edirəm ki, türklərin gedib Azərbaycanda məktəb açmaları, universitet açmaları bir fədakarlıqdırsa, Azərbaycanın bu işə bağrını açması, sevinclə qucaqlaması ikiqat fədakarlıqdır. Bu fədakarlıq mənim gözlərimi doldurur. Bu işləri görən millətimizdir. Sanki bu işdə mənim də rolum varmış kimi, o məsələnin qəhrəmanı kimi oralarda görünmək mənə çox toxunardı. Məndən əvvəl dostlarımızın o yerlərdə çəkiyə gələn işlər görməsi daha önəmlidir.

İnşaallah, gün gələr mən də sevimli Azərbaycanıma qovuşaram. Azərbaycanı Türkiyədə, Türkiyəni Azərbaycanda təmsil edənlərə, bu birliyi təmsil edənlərə dərin təşəkkürümü bildirirəm. O birliyi-bərabərliyi pozmadan uzun zaman davam etdirsinlər. Öz dostlarıma bir təbliğ, təşviq nəzərilə Azərbaycanda qüsursuz fəaliyyətlərini genişləndirməyi arzu edirəm. Bir millətin yenidən doğulması, eynən insanda olduğu kimi, əlbəttə, ağrı-sancı istəyir. Azərbaycan hələ də belə bir doğuluş ağrısı çəkir. Başladığımız prosesi davam etdirsək, Azərbaycan da, biz də XXI əsrə qazanclı çıxacaq.

Fəthullah Gülən Xocaəfəndi ilə söhbətimiz o qədər maraqlı, şirin, xoş gedirdi ki, əvvəlcədən razılaşdığımız vaxtın necə əridiyini duymadıq. Dəftərçəmizdəki sualların isə hələ verə bilməmişdik. Xocaəfəndi ilə belə asan görüşməyimizə kömək etmiş Türkiyə Qəzetəçilər və Yazarlar Vəqfinin sədri Harun Tokak və «Zaman! Qəzetinin Azərbaycan təmsilçiliyinin rəhbəri Ərsin Dəmirçi də son vaxtlar xəstəlik və qayğılardan üzülmüş müsahibimizi, sanki, çox yormağımızdan narahat idilər. Lakin nə Fəthullah Gülən, nə də biz ayrılmaq istəmirdik. Qeyri-adi həssaslığı ilə bunu duyan Xocaəfəndi 5-10 dəqiqə dincini alıb daha 1 saat bizimlə söhbət etdi. Təkcə Türkiyənin, türk dünyasının deyil, bütün bəşəriyyətin gələcəyi ilə bağlı problemlərlə yaşayan bu insan bəşər sivilizasiyasında Şərq və Qərb mədəniyyətlərinin yeri, «İslam fundamentalizmi» və «türk milliyətçiliyi» barədə Qərbdəki yanlış təsəvvürlər, dünyanı bütünləşdirəcək «yeni insan» ideası ilə bağlı son dərəcə orijinal açıqlamalardan sonra daha bir neçə konkret sualımıza cavab verdi:

- Siz «Asiya Türkiyəni gözləyir» deyəndə nəyi nəzərdə tutursunuz?

- Bu, mənim şəxsi mülahizəmdir. Bu, mənim soy-kökümün çıxıb gəldiyi yerlərə rəğbətimlə bağlıdır. Mən Asiyanın qapılarının aralandığı anadək dəfələrlə hıçqıra-hıçqıra ağlamışam. Soydaşlarım, qardaşlarım, vətəndaşlarım demişəm... Azərbaycan Asiyaya açılan qapı oldu. Dostlarım Özbəkistana, Qazaxıstana, Türkmənistana, Qırğızıstana gedərkən həmişə Azərbaycandan keçdilər. Azərbaycan türk ailəsinin bir-birinə qaynayıb-qarışması üçün bir körpü oldu. Bir neçə əsrlik həsrətə, hicrana son qoyuldu. Bir neçə əsrlik əsarətdə əzilən soydaşlarımızı ayağa qaldırmaq üçün indi 75 il respublika olan bir Türkiyə var.

Anadolu türkü öz ata-babalarına qarşı vəfa borcunu Asiyada yerinə yetirməlidir. O, əsarətdən qurtarmış qardaşlarının yenidən başqalarının istismarı altına düşməsinə imkan verməməlidir. Qardaş ölkələr bir-birinə söykənib inkişaf etməlidirlər. Yenidən fikir, ağıl, düşüncə işğalı ola bilər. Ona görə də Türkiyə hər zaman Asiyadakı qardaşlarının yanında, xidmətində olmalıdır. Kökdən gələn bir mədəniyyətimiz var. Bizə başqa dəyərlər aşılasalar, inkişaf edə bilmərik. Əksinə elm, sənət, texnika, metodologiya alınıb inkişaf etdirilməlidir. Mənəviyyat, mədəniyyət niyə özgədən alınmalıdır?

Əgər həqiqətən yaxşı, sivil bir cəmiyyət düşünürüksə, bu bizə aid olan qaynaqlar vasitəsilə həyata keçirilə bilər. Bu, bir-birimizi dinləməklə mümkün ola bilər.

Həqiqətən XXI əsr türk əsri olacaq. Bu, «türklər dünyaya hakim olacaq, millətləri əzəcək» demək deyil. Onlar özlərini ifadə etmək imkanı tapacaqlar. Onların da sözləri, fikirləri nəzərə alınacaq.

Çox zəngin mədəniyyətlərimiz bir-birinə qovuşmalıdır. Bu zənginliyi gələcəkdə bu günün Amerikası kimi görürəm. Körpülər qurulmalı, maneələr götürülməlidir. Amma Azərbaycan Azərbaycandır, Türkmənistan Türkmənistandır, Türkiyə Türkiyə... Bu şəkildə dünyada tale birliyinə nail olmalıdır.

- Fəthullah Gülənin Roma papası ilə görüşü dünyada əks-səda doğurdu. Bu barədə hələ də söhbətlər bitib-tükənmir. Həmin görüş sizin və soydaşlarınızın hansı mənəvi ehtiyacına cavab idi?

- Əslində, dinlər insanlar arasında dialoq yaratmaq üçün meydana gəlmişdir. Bu mənada kimlərsə dinləri şərh etmək məsələsində öz fitrətlərinə, öz məntiqlərinə əsaslandıqlarından qarşıdurmanı dinlər deyil, onlar yaratmışlar. Yəni səlib yürüşləri insanların beyinlərində yaranan bir təfəkkürün müharibəsidir. Xristiyanlıq aləmi tarixi boyu həm daxildə, həm xaricdə müharibələr aparmışdır. Amma Həzrəti İsa deyirdi ki, «üzünə bir şillə vursalar, dön o biri üzünə də vursunlar». Bu məntiqlə gələn bir dinin insanları müharibəyə sövq etməsi qeyri-mümkündür.

Sülhsevərlik, həmrəylik, səmimiyyət dinlərin əsas prinsiplərini təşkil edir. Din xadimlərinin bir-birilə xoş davranması, ortaq məxrəcə gəlməsi, uzlaşa bilmələri hərtərəfli əlaqələr qurmağa, müəyyən birgə layihələr həyata keçirməyə yol açır. Biz dünyanın taleyinə hökm edəsi bir ittifaq, bir bağlaşma təsis edə bilərik. Son əsrlərdə dinlər müharibələrə aparan bir əsas kimi mənalandırılmışdır. Lakin mənim dinimi müharibə edən, insanları öldürən bir din kimi qiymətləndirməyə heç kəsin haqqı yoxdur. Bu cür düşüncəni aradan qaldırmaq mənim borcumdur. Xristianlarla görüşməklə dinlərin ruhunda müharibə olmadığını ortaya qoymaq mənim din qarşısında məsuliyyətimdir.

Vatikan, müxtəlif xristian məzhəbləri dünya miqyasında müəyyən dialoq platforması qurmuşlar. Türkiyə də, qardaş Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır. Bu işin içində olmasan, dialoq naminə söylənənlər havada qalar. Biz insanlara sərbəst gəzmək, bir-birinə bələd olmaq, birgə iş görmək imkanı verməliyik. Müharibələr bir-birinə bələd olmamaqdan, duyğuları ortaqlaşdırmamaqdan irəli gəlir. Müharibələri doğuran amilləri əl-ələ verməklə yox etmək olar. Mən bu mülahizələrlə Vatikana getdim. Türkiyədə, başqa yerlərdə, sağda, solda bununla bağlı narahatlıqlar oldu. Lakin Peyğəmbərimiz özü buyurub: «asanlaşdırın, çətinləşdirməyin», «müjdələyin, uzaqlaşdırmayın», «nifrət oyatmayın». Uçurumları bağlamaq lazımdır, qarşlıqlı keçidə və diffuziyaya nail olmaq lazımdır.

- Dünyanın və insanların bir-birini anlamasına çağırışınız bəzən kimlərəsə xoş gəlmir. Siz buna necə baxırsınız?

- Mənim kimi insanların səhvi ola bilər. Lakin elə qədirbilməzlər tapılır ki, təkcə mənim kimi kiçik insanlara deyil, peyğəmbərlərə qarşı belə ədəbsiz olmuşlar. Allahın dostlarına, böyük dövlət memarlarına, qurucularına qarşı eyni hərəkətləri etmişlər.

Həyatlarını münaqişə üzərində quran və münaqişədən xeyir görən bəzi adamlar cəmiyyətlərin, insanların bir araya gəlməsində narahatlıq duyurlar. Münaqişəsiz onların mövcudluğunun mənası olmur. Onlar səmimiyyətdən də, dialoqdan da xoşlanmazlar. Onlar yetkin insanların dinə hörmətlə yanaşmasından da xoşlanmazlar. Siz göylərə nərdivan uzadın, işıqdan yollar salıb onları cənnətə daşıyın, bunu siz etdiyiniz üçün narahatlıq duyacaqlar. Hər məsələyə həssaslıq göstərənlər də var ki, onlar da bəzən sapı samana qatırlar. Onların həssaslığı hörmətə layiqdir. Amma bu elə bir həssaslıqdır ki, ayaqlarına ipək toxunanda elə bilirlər ki, ayaqqabı ayaqlarını əzir. Belələrinin müəyyən mənfi məsələlərə həssaslığına haqq vermək lazımdır. Mən inanıram ki, ümumiyyətlə, insanlarımız insaflıdırlar. İnsaf uzun müddət insafsızlıq kimi qələmə verilə bilməz. Zənn edirəm ki, bəşəriyyət üçün gərəkli işlər gec-tez öz layiqli qiymətini alacaq.

- Sizin ağrılı məsələlərdən hətta ağlamağınız da olur. «Gəli bütün bəlalarımıza son vermək üçün birlikdə ağlayaq!» deməklə siz nəyə ümid edirsiniz?

-Ağlama, əvvəla, insanın ciddi bir sıxıntı qarşısında, sanki, boşalması deməkdir. Başqa bir çarə bulmayan ağlamaqla ən azı ağrısını azaldır. Bizim şair Mehmet Akifimiz deyir: «Ey, sıxılmaz, ağlamazsan, barı gülməkdən utan!» Bəzən də insan mövcud çarələrə baş vurub əliboş qalanda düşüncələrini qələmlə kağız üzərində bir şeir kimi deyil, göz yaşları ilə bir şeir şəklinə salır. Bəzən də bizi bir gəmidəki əsir kimi hara istəsələr aparırlar, heç bir rəyimizi soruşmurlar. Bu məqamda ağlamaq haqsızlığa bir işarədir. Ağlamaq insanın şəxsi həssaslığıdır. Bir Mövlana Cəlaləddin kimi, bir Yunis Əmrə kimi, bir məsum qürur kimi. Onlar gəzmiş, ağlamış, xalqın hisslərini, duyğularını tərənnüm etmiş insanlardır.

- Bir şeirinizdə deyirsiniz: «Beynim eynən bir sorğular xırmanı». Siz bu gün dünyadan daha çox nələri sormaq istərdiniz?

- Əvvəla, haradan gəlib hara getdiyimizi soruşmalıyıq. Bu dünyada daimi qalmağa yox, buradan keçməyə gəldiyimizi bu dünyaya xatırlatmaq lazımdır. Bu dünyanın eynən bir tarla, əkilib-becəriləsi bağ-bağça olduğunu ona xatırlatmaq lazımdır. Dünyanın əsl simasının əbədiyyət olduğunu ona xatırlatmaq, yür üzündə münaqişəsiz də yaşamağın mümkün olduğunu onun yadına salmaq lazımdır. «Təbarəkə» surəsində necə gözəl deyilir: «Çiyinlərində gəzin dünyanın, Allahın nemətlərindən istifadə edin».

- Dəyərli söhbətə görə sağ olun. Sizə və dostlarınıza gərəkli işlərinizdə uğurlar diləyirik.

Söhbəti hazırladı:
Tahir AYDINOĞLU
İstanbul-Bakı

Bu müsahibə "Xalq" qəzetinin 18 iyun 1998-ci il tarixli nömrəsində dərc edilmişdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.