Fəthullah Gülən Xoca Əfəndi İftar İsmarıcı Göndərdi
Əslində, ilk gündən etibarən, hər nəbi ardındakılara bir eşq əmiri olaraq rəhbərlik etmiş və onlarla münasibətini sevgi naxışları üzərində hörmüşdür. Hz. Musa qövmünü sevda nəğmələri ilə ətrafında toplamış və onları Fironun kin və nifrət atəşindən qurtarmışdır. Hz. Məsih, insan sevgisi ilə bağlı bir həyat şeiri bəstələmiş və bunu müxtəlif şəkillərdə səsləndirərək vəzifəsini əda etmişdir. Hz. Məhəmməd (Allahın səlat və salamı Onun və bütün peyğəmbərlərin üzərinə olsun) də ömür boyu şəfqətin gur səsi və güzidə, seçkin təmsilçisi kimi yaşamışdır. Kəlam sifətinin bir təcəllisi olan Əhdi-Atik, Əhdi-Cədid və Quran isə bəşəriyyəti, hətta bütün canlıları əhatə edə biləcək cahanşümul şəfqət və mərhəmətə dəvət edərək, ilahi bəyana könül verənləri yer üzündə sülh və əmin-amanlıq tarazlıq və müvazinətinin təmsilçilərinə çevirmişdir.
Səmavi din mənsubları arasındakı ayrılıqlar, ixtilaflar və buna bağlı mücadilə və müharibələr dindən qaynaqlanmamışdır. İlahi bəyanın əslinə sadiq qala bilməmiş kinin, nifrətin və mənfəətin övladları olan bəzi mübtədi din mənsublarının ortaya atdıqları səhv mülahizələrdən, təhriflərdən, həva və həvəsdən qaynaqlanmış və qaynaqlanmaqdadır.
Beləliklə, dünya dəyişib nə hala gəlir-gəlsin, elm və texnika hansı səviyyəyə yüksəlir-yüksəlsin, bəşər övladının dərrakəsi nə qədər inkişaf edirsə-etsin, din duyğusu, tarix boyu elm və düşüncə həyatının şəkillənməsində, mədəniyyətlərin doğulub-böyüməsində və insanlığın təkamülündə ən birinci amil olduğu kimi, bu gün də dünyanın böyük qismində təsir gücünü davam etdirir. Dünyada əmin-amanlıq, sabitlik və mədəniyyətlərarası sülh də, ancaq belə təsirli bir müəssisənin fədakar nümayəndələri sayəsində bərqərar ola biləcəkdir.
Əziz dostlar,
Əslində, sizlərə deyilməsini artıq hesab etdiyim bu gerçəyin ən bariz nümunəsi, əvvəllər də dəfələrlə olduğu kimi, bir daha ortaya qoyduğunuzu çox uzaqlardan da olsa, sürurla, sevinclə təsəvvür edə bildiyim bu birlik mənzərəsidir. İçinizdə ola bilməmənin və mübarək günlərin hasil etdiyi ən deruni hissləri sizlərlə paylaşa bilməmənin hicranını yaşamaqla bərabər, nümayiş etdirdiyiniz bu birlik və dostluq mənzərəsinin, artıq özümü düşünməkdən çox uzaq olduğum bu yaşımda, mənim üçün həm ölkəmiz, həm də bütün dünya miqyasında təsəlli və ümid məşəli olduğunu ifadə etməliyəm. Əvvəla, birlikdə və dostca yaşama məqsədinə xidmət göstərdiyinə inandığım “Gazeteciler ve Yazarlar Vakfı”nın bu iftarının, Ramazanın mənasına uyğun olaraq, bir tərəfdən sevgisizliyə, mənəviyyatsızlığa, hüzursuzluğa, pisliklərə, zülm və haqsızlıqlara qarşı bir imsaq; digər tərəfdən bu gün bütün insanlıq olaraq ən çox ehtiyac duyduğumuz sevgi, mərhəmət, lədunilik, hüzur, ədalət və bir yerdə yaşama həzzi naminə də, öz müstəvisində, bir iftar olduğuna ümid edirəm.
Bu duyğularla, hamınızın mübarək günlərini, həftələrini və aylarını ən səmimi diləklərimlə təbrik edir; ölkəmizdə dialoq və xoşgörünün simvollarından biri halına gələn “Gazeteciler ve Yazarlar Vakfı”nın bütün könüllülərini təbrik edir, dəvəti qəbul edib gəldiyinizə görə təşəkkürlərimi və bu münasibətlə ən dərin minnətdarlığımı ərz edir, hamınıza Cənabi-Allahdan cansağlığı diləyirəm.
Muhamməd Fəthullah Gülən
- tarixində yaradılmışdır.