Gülən hərəkatına aid gerçəklərə baxış
“International Herald Tribune” qəzetinin 18 aprel tarixli sayında Dan Baylafski (Dan Bilefsky)-Şəbnəm Arsu imzası ilə dərc olunan "Kölgə güc Türkiyədə böyüyür" adlı yazıda Fəthullah Gülən və Türkiyənin yaxın tarixi ilə bağlı verilən məlumatların çoxu doğrudur, lakin jurnalistlər yalnız zəif nəticələri ön plana çəkərək kinayəli bir üslubda məsələyə kölgə salmışlar.
Xüsusən də tez-tez təkrarlanan, amma heç vaxt ispatlanmayan "Gülən tərəfdarları xain niyyətlərlə polisə sızdı" kimi iddialar qərəzli ittihamlardan başqa bir şey deyil. Amerika polisində katoliklər olduğu kimi, şübhəsiz, Türkiyə polisində də Gülənin tərəfdarları vardır. Ancaq fakt-sübut olmadan ortaya atılan “gizli niyyətləri var” kimi iddialar əsassızdır.
O cümlədən Amerika səfirliyinin Türkiyə polisinin Fəthullah Gülən tərəfdarları tərəfindən nəzarətdə saxlanması barəsindəki hesabatı haqqında "isbat etmək mümkün deyil, ancaq heç kimin də buna şübhəsi yoxdur" deyib buna kinayəli həqiqət kimi baxmağın da heç bir hüquqi qiyməti yoxdur. Sübut edilməmiş bir məlumatı nə haqla həqiqət kimi göstərirlər?!
Fəthullah Gülənin səkkiz illik (2000-2008) məhkəmə işi ilə bağlı bir kitab qələmə aldım. F. Gülən polisə sızmaqla da ittiham olunurdu. Sözügedən yazıda da öz əksini tapan (şəriət dövləti qurmaq kimi) bir çox ittihamları kitabıma daxil etdim. Üç hakimdən ibarət məhkəmə 48 səhifəlik qərarnamə ilə ortaya atılan iddiaların əsassızlığını bir-bir sübuta yetirərək bəraət qərarı verdi. Apelyasiya məhkəməsi (Yarqıtay Cəza Baş Qurulu) də bunu təsdiq etdi. Dövlətin təyin etdiyi hakimlərinin verdiyi qərar olduqca cəsur bir addım idi, çünki onlara açıq-aşkar F. Gülənin həbs edilməsi barədə siqnal verilmişdi. Əslində sözügedən yazıda deyilənin əksinə hakimlər Fəthullah Gülənin lentə alınmış söhbətinin orijinal deyil, montaj olduğu haqda qərar vermişdi. Məhkəmə qərarı kitabımla əlaqədar İngilis və Türk dilində hazırlanan “Gulentrial.org” saytında yerləşdirilib. Yazını yazan jurnalistlər bu məlumatı rahatlıqla əldə edə bilərdilər.
Görəsən, yazını qələmə alan jurnalistlər niyə bu məhkəmənin mahiyyətini sirr sayır? Hər halda “tezisləri”nə əl vermədiyi üçün! Xəbərə qol qoyanlar Fəthullah Gülənin tərəfdarlarının insan hüquq və azadlıqlarının təminat altına alındığı 12 sentyabr 2010-ci il tarixli konstitusiya referandumunu dəstəkləməsini də görmək istəmir. Referendumda əhalinin 74 faizi iştirak etdi və 58 faizi konstitusion dəyişikliklərə səs verdi.
Başa düşə bilmirəm ki, keçmişdə "qeyr-legitim siyasi dəyişikliklərlə də qarovul" rolunu oynayan Hakimlər və Prokurorlar Ali Qurumu (HSYK) tərəfindən təyin edilmiş hakimlər və prokurorların apardığı Ergenekon və Balyoz məhkəmələrini Gülən hərəkatı ilə necə əlaqələndirirlər! Konstitusion orqan olan HSYQ bu gün hərbçilərin istintaq işinə baxırsa, bu, böyük irəliləyişdir. Halbuki, bir neçə il əvvəl belə bir şey mümkün deyildi. Avropa Birliyi (AB-yə girmək istəyən) Türkiyədən bunu tələb edir. Fəthullah Gülənin tərəfdarları da bir çox Türk vətəndaşları kimi, bu prosesi dəstəkləmiş ola bilər, amma “bu prosesi onlar nəzarət edir” deyə bilməzsiniz.
Hərəkata bağlı olan “Zaman” qəzetinin insan hüquqları, mətbuat və söz azadlığı mövzusunda Baş Nazir Rəcəb Tayyib Ərdoğana ünvanlanmış kəskin tənqidlərini də sözügedən yazıda görmək olmur. “Zaman” qəzetinin köşə yazarları jurnalistlərin ‒ Ergenekona daxil olsalar belə, ‒ həbs olunmasını mütəmadi tənqid etdilər.
Yazıda toxunulmayan digər məsələ isə Gülən Hərəkatının vətəndaş hüquq və azadlıqlarını möhkəmlədən, konstitusiya sistemini Avropa Birliyi standartları səviyyəsinə gətirən və dünyəvi dövləti dindən ayıran AB üzvlüyünü əvvəldən dəstəkləməsidir. Şəriət dövləti qurmaq istəyəndən hər-halda belə bir şey gözləmək olmaz.
Mən hərəkatın müdafiəçisi deyiləm, amma qənaətimcə, hərəkat ümumən Türkiyənin demokratikləşməsində müsbət rol oynadı və dünyanın digər bölgələrində gözəl işlər gördü. Bir jurnalist də ədaləti yazmalı idi.
J.Harrinqton Ostində insan hüquqları üzrə vəkil işləyir. Texas Universiteti Hüquq fakültəsinin müəllimidir. "Söz azadlığı ilə mübarizə, Türkiyədə din azadlığı və demokratiya: siyasi məhkəmələr və Fəthullah Gülənin mövqeyi" (University Press, 2011) adlı kitabın müəllifidir. Məhkəmə haqqında fikirləri İngilis və Türk dilində sözügedən kitabla bağlı saytda yayımlanmışdır: http://gulentrial.org/
Bu yazı “Today s Zaman” qəzetinin 26 aprel 2012-ci il tarixli sayında çap olunmuşdur.
- tarixində yaradılmışdır.