Kainatın Bir İntellekti
Fəthullah Gülən - Kainatın Öndə Gələn İntellekti
Müasir dünyada İslam
Amerikada çap olunan "Foreign Policy" jurnalı və İngilis xəbər agentliyi "Prospect"in bu ilin iyun ayında tərtib etdikləri, xalqın ümumi fikirini əks etdirən anketin nəticəsi hər yönü ilə sensasiya oldu. Anketin məqsədi dünya miqyasında (fərqli ölkələrdən milyonlarla iştirakçının fikirlərinə görə) qabaqcıl 20 intellekti təyin etmək idi. Anket iştirakçıları 100 namizəd içindən səs verərək 20 lideri seçdi. Sensasiya olan isə ilk 10 yerdə İslam mədəniyyətinin nümayəndələrinin olması idi. Beləliklə, İslam aləminin elmi, fəlsəfi və təhsil sahələrindəki geri qalmışlığı, həddindən artıq mühafizəkarlığı və İslam mədəniyyətini müasirləşməyə potensiyalı olmadığı kimi, qərb mədəniyyətində məşhur olan əfsanələr bir daha çürüdülmüş oldu.
Anketdən belə nəticələrin çıxması nə anketdə iştirak edən müsəlmanların çoxluğu nə də siyahıya daxil edilən şəxslərin anket üzərindəki təsiri ilə izah edilə bilməz. Hər hansı bir namizədə səs vermək istəyən iştirakçının iştirakı əvvəla iştirakçının bu anketdən xəbərdar olduğunu göstərir. İkincisi, qatılmaq istəyinin olduğunu, üçüncüsü isə səs vermə imkanının olduğunu göstərir. Dördüncüsü iştirakçılar bu anketin əhəmiyyətini yaxşı anladılar, beşinci olaraq da, - zənnimcə bu ən vacidibir,- iştirakçılar müasir elm, fəlsəfə və bu sənət sahələrində səs verə biləcək qədər məlumata sahib idilər. Yəni böyük toplumların bu və ya digər İslam mütəfəkkirinə verdikləri səs həmin İslam mütəfəkkirinin intellektual həyata həmin insanın həqiqi təsirinin bir nəticəsidir.
Sansasiya içindəki sansasiya isə bu siyahının ən başındakı ad oldu. Bu ad Türk elm adamı, teoloq, İslamın liberal-demokratik versiyasını yayan, bir çox əsərin müəllifi və jurnalist, sosioloq Fəthullah Gülən. Bu adın dünyanın öndə gələn 20 intellekti siyahısının ən başında olmasını gözlənilməz bir hadisə olduğunu İngiltərənin "Prospect" jurnalının müxbiri David Hugardın "Əvvəllər Gülən haqqında heç bir məlumatım yox idi" sözləri də təsdiqləyir. Bəli, David Hugard Gülən haqqında çox az şey bilirdi, ya da dəqiq olaraq heç bir şey bilmirdi. Halbuki, David Hugard öz sahəsi olan və özünün təşkil etdiyi bu anketin nəticəsini təxmini də olsa bilməli deyildimi? Məhz bu nəticə qloballaşmış və inkişaf etmiş xəbər alma şəbəkəsinə sahib olan dünyamızda hələ də regional, milli və mədəni stereotiplərin olduğunun güclü bir dəlilidir.
* * *
Fəthullah Gülən Türkiyənin şərqində Qorucuq kəndində 1938-ci ildə (rəsmi sənədə görə 1941) dünyaya gəldi. Qohum-əqrəbaları dini təhsil alma imkanını tapa bilməmişdir. Xalqa ənənəvi İslam elmlərini öyrətmə mövzusunda ciddi səy göstərirdilər. Məsələn Gülənin ata tərəfdən nənəsi kəndin bütün qadınlarına Quran oxumağı öyrətmişdir. Gələcəyin bu elm adamının atası da el arasında dini cəhətdən böyük təsirə malik bir insan idi. Ana və babasının da onun təhsilində çox böyük rolu var. Gülənin dünyagörüşünə ənənəvi İslamla yanaşı qərbdə "hermetik" terminlə tanınan, yəni iç İslam deyə adlandırılan "Sufizm"in çox təsiri olmuşdur.
Fəthullah Gülən hələ uşaq yaşlarında Quranı Ərəbcə (Ərəbcə dərslərini atası verirdi) əzbərə öyrənmişdi, 20 yaşında imtahan verərək bir məsciddə imam oldu. Əsgəri xidmətini bitirdikdən sonra həyatı boyu arzuladığı dini-aydınlatıcı (tələbələrlə dərslər və vaizlik) peşəsinə geri döndü. Hər keçən gün bir az da artan populyarlığına və müvəffəqiyyətinə baxmayaraq bu işə davam edir. Məscid vəzləri, Quran təfsiri və Quranın izahı, dini dərslər, söhbətlər və eyni zamanda ədəbi nəşrlər və xalqı maarifləndirmə və bütün bunları öz həyatına tətbiq. Bu da, F. Gülənin həyatını həsr etdiyi yolun qısa izahı.
Hələ keçən əsrin 70-ci illərində belə onun vəzlərinin dinləyənlər arasında dövlət böyüklərinin olması Gülənin ölkəsindəki təsiri və şöhrətinin bir göstəricisidir. 90-cı illərdə Papa ilə xüsusi görüşü, beynəlxalq dini mədəni təşkilatlarda fəaliyyəti, Avropa və Amerikada bir çox reportajı da Gülənin Türkiyə xaricində təsir və nüfuzunu göstərir. Kitabları bir çox Avropa dilinə və Ruscaya tərcümə edilir. Slavlar arasında isə Gülən yalnız Bosniya müsəlmanları arasında deyil, ümumiyyətlə tanınır. Məsələn 2005-ci ildə Moskvada təşkil edilən beynəlxalq və dinlərarası "Terrordan cahanşümul sülhə" forumunun aktiv iştirakçılarından biri Gülən idi. (Fəthullah Gülən belə bir foruma qatılmadı - fgulen.com)
* * *
Yaxşı, bəs nədir Gülənin sadəcə Türkiyə daxilində deyil, beynəlxalq səviyyədə olan, sadəcə müsəlmanlar arasında deyil bütün insanlar arasında olan, fərqli görüşə sahib insanlar arasında belə olan, Qərbdə və son zamanlarda Şərqi Avropa ölkələrində yəni bizim aramızda olan şöhrətinin və nüfuzunun səbəbi? Zənnimcə bunun bir-biri ilə əlaqəli iki səbəbi var. Birincisi çox zəngin və terminolgiya baxımından inkişaf etmiş İslam teologiyasını müasir dövrün insanının anlaya biləcəyi dilə çevirməsi, üstəlik sadəcə müsəlmanların deyil, bütün insanların xidmətinə təqdim etməsi. İkincisi isə İslamın müasir qlobal dünyadakı tərifini insanlığa təqdim edərək indiki dövrdə məşhur olan liberal-demokratik dünyagörüşü ilə ziddiyyət təşkil etmədiyini, hətta əksinə uyum içində olduğunu göstərməsidir. Məsələn İslama şamil edilən terror problemini ələ alaq. Gülən bu mövzunu dəqiq və qətiyyətlə həll edir: "Dünyanın müxtəlif yerlərində törədilən terror hadisələri insanlığın qürur və dəyərinə böyük bir zərbə vurmuş və fərqli inanclar arasında nifrətə səbəb olmuşdur. Bu gün insanlar terror hadisələrinin çıxış nöqtəsini və səbəbini bilmədən İslamı günahlandırırlar. İnsanın həyat, yaşama haqqını müqəddəs sayan və qatili dinsiz deyə adlandıran bir din necə terrorizm ilə günahlandırıla bilər?! Bir daha ifadə edirəm ki, terror problemlərin həll yolu ola bilməz. Həqiqi müsəlman terrorist ola bilməz, terrorist isə müsəlman ola bilməz… Mən təkrar, hər zaman etdiyim kimi, açıq şəkildə kim olur-olsun, terroru lənətləyirəm, ölənləri rəhmətlə yad edir, yaxınlarına və bütün İslam aləminə baş sağlığı verirəm". Gülən buna bənzər çıxışı Nyu York, London və Misirdəki hadisələrdən sonra da etmişdi.
Mütəfəkkir humanizmlə dini bir-birindən ayırmır. Gülənin düşüncəsinə görə humanizm maraqların uyum sənətidir, əvvəla insanlar arasında və sonra da insanla dua arasında. Bir reportajında belə deyir: "Həqiqətən, bizim varlığımızın ən önəmli səbəbi sevgidir. Hər insan kainatda ifa olunan cahanşümul simfoniyanın bir üzvü olaraq Yaradandan aldığı sehirli melodiyasını Onun sevgi nəğməsində səsləndirir. Və sevgi inanalar arasında dünya sülhünə təsir edə biləcəyi kimi, İlahi iradəyə sığınan insan iradəsi də tam azadlığa qovuşacaqdır. Beləliklə, sevgi simfoniyasına qatılmış insan kainata və ətrafındakı hadisələrə bu gözlə baxıb özünə səadət və sülh yolunu seçəcək. Nəticədə də həm ətrafındakı insanlara, həm də təbiətə yardımlaşma gözü ilə baxacaq. Simfoniyadakı bu ahəngin qorunması üçün hər kəs sevgi gücünü gözəl şəkildə istifadə edəcək."
Gülən demokratiya tərəfdaşı olaraq və demokratiyanı bu günün dünyasına uyğun bilərək, dini humanizmi demokratiya dəyərləri ilə birlikdə şərh edir. Despotluğu və zor tətbiq etməyi problemlərin həlli olaraq deyil şəxsi, milli və ictimai eqoizm olaraq görür. Məsələn zorakılıq və despotluğa qarşı xoşgörünü, tolerantlığı uyğun görmür, heç olmasa bundan imtina edənə qədər, azadlığı isə başqa insanların azadlığını məhdudlaşdırmayacaq şəkildə qəbul edir. Bu görüşlər dövrümüzün demokratiya anlayışları ilə tamamilə uyğunlaşır. Eyni şəkildə, dünyanın müxtəlif bölgələrində aclıq və kasıblığa heç bir bəhanəni qəbul etmir və dünya birliyinin, heç olmasa bu cür yerlərdəki minimum ehtiyacı ödəməli olduğunu vurğulayır. Bununla birlikdə mütəfəkkir günümüzdəki heç bir sistemi ideal görmür və demokratiyadakı çatışmazlıqların düzəlməsinin onun inkişaf etdirilməsi ilə mümkün ola biləcəyini deyir. Gülənin qadın haqqları və qadınların dini və ictimai həyatları, dini fundamentalizm və dogmatizm və buna bənzər bir çox aktual mövzu haqqındakı fikirləri də ümumiyyətlə indiki dövrdə qəbul edilən görüşlərə çox yaxındır, bunu yazdığı kitablarda və verdiyi reportajlarda daha yaxşı anlaya bilirik. Gülən dini həyat mövzularında da demokrat və kozmopolitdir. İslam dünyası terminini qəbul etmir. Bunun tarixdən gələn primitiv bir termin olduğunu deyərkən şəxsi müsəlmanlığı qəbul edir və bunu insanın bir seçimi olaraq dəyərləndirir.
Fəthullah Gülənin sadəcə ictimai yönünü ələ almaq səhv olar. Onun populyarlığının iki əsas səbəbindən birincisini xatırladaraq ifadə etmək istəyirəm ki,onun İslam metafizikası, dini mövzulardakı ən mühüm sualların şərhləri ilə əlaqəli bir çox əsəri var. İslamın metafizikası ilə əlaqəli dərin məlumatlara sahib olmasına baxmayaraq yazılarını bunlarla doldurmur, ancaq zərurətə görə oxucunun mövzunu daha yaxşı qavraya bilməsi üçün istifadə edir. Oxucularına vermək istədiyi ən əhəmiyyətli fikir ateizm və fəlsəfi materializmin müasir dövrün insanının ruhunu pozduğudur. Yalnız İslam metafizikası deyil, eyni zamanda teologiya və müasir elmlər sahəsində dərin biliyə sahib düşüncələr kimi düşüncələri çürüdür. Bu baxımdan Gülənin olduqca ənənəvi görüşləri din alimlərinin min il əvvəl söylədikləri ilə üst-üstə düşür. İnsan Allah tərəfindən yaradılmış xüsusi bir varlıqdır, onun təbiətində təsadüfi meydana gəlmiş heç bir şey yoxdur, bizim ateist təhsil sistemimizdəki məlumatlara görə isə batil inanc obyektidir. Həm dünyanın yaradılışı, həm insanın yaradılışı, Yaradanın istəyi olmadan meydana gəlməsi qeyri-mümkün olan möcüzələrin heç biri bəşəri elmlə izah edilə bilməmişdir, sadəcə izah etmə cəhdləri olmuşdur. Məhz bu izahlar da yaxşı şərh edə bilməyənləri yanıltmışdır.
Konstantin Zinovyev - Favorit, Odessa, 2008-ci il avqust nömrəsi.
- tarixində yaradılmışdır.