Lordlar Palatasında Fəthullah Gülənlə bağlı beynəlxalq konfrans keçirilib
İngiltərə parlamentinin Lordlar Palatası önəmli bir konfransa ev sahibliyi edib.
İki gün öncə öz işinə başlayan "Dəyişən İslam dünyası: Fəthullah Gülən hərəkatının təsiri" adlı beynəlxalq toplantıda dünyanın müxtəlif ölkələrindən gəlmiş elm adamları, sosioloqlar, jurnalistlər, Lordlar Palatasının üzvləri və nazirlər iştirak ediblər. Konfransda Fəthullah Gülənin fikirləri, onun səyi nəticəsində inkişaf etməkdə olan təhsil və sülh naminə dialoq fəaliyyəti müzakirə olunub.
Açılış tədbirində çıxış edən Lordlar Palatasının yeganə müsəlman üzvü Lord Əhməd Fəthullah Güləni yeni və müasir dünyagörüşü olan İslam alimi adlandırıb: "Fəthullah Gülən göstərdiyi fəaliyyət nəticəsində yeni və müasir dünyagörüşlü İslam alimi olduğunu sübut edib. Onun ətrafında formalaşan və inkişaf edən hərəkata heç kim laqeyd qala bilməz. Hərəkat şərqlə qərb arasındakı boşluqda körpü rolunu oynayır".
Derbi Universitetinin müəllimi professor Paul Veller Fəthullah Gülənin terror adı ilə İslamı ləkələyənlərə açıq şəkildə meydan oxuduğuna diqqət çəkərək, onun din adından istifadə edərək məsum insanları öldürənləri lənətlədiyini deyib.
Konfransda Çikaqo Universitetini təmsil edən Professor Marsiya Hermansen "Fəthullah Gülən kimdir?" başlıqlı nitqində, Güləni mənəvi müəllim və geniş dünyagörüşü olan lider kimi təqdim edib. Din aliminin Türkiyə mədəniyyətindən bəhrələndiyini deyən amerikalı akademik Gülənin təşəbbüsü ilə Türkiyədən başlayaraq dünyaya yayılan türk məktəblərinin fəaliyyətindən danışıb. O, qlobal layihəyə çevrilən Gülən hərəkatının uğurunu üç əsas faktorla - müəllimliyə verilən önəm, tolerans mədəniyyəti və təmənnasız fəaliyyətlə əlaqələndirib.
Lord Əhmədlə Gülən hərəkatı çərçivəsində Türkmənistan və Azərbaycanda açılan liseyləri gəzdiyini deyən ingiltərəli siyasətçi Dr. Harvey Marşal isə müəllimlərin keyfiyyətindən və təhsil müəssisələrində dörd dil öyrədilməsindən təsirləndiyini söyləyib və eyni şeyləri İngiltərədə açılan məktəblərdə də gördüyünü qeyd edib. Marşal, xüsusilə bu tədris müəssisələrinin fəaliyyətində valideynlərin iştirakının onu heyran etdiyini, məktəblərin türk və ya İslam məktəbi kimi qələmə verilməsinin doğru olmadığını vurğulayıb.
Konfrans öz işini London Universitetində və məhşur "London School of Economics"də (London İqtisad Məktəbi) təşkil olunacaq tədbirlərlə davam etdirəcək.
- tarixində yaradılmışdır.