Məhkəmə əsassız iddialara son nöqtəni qoydu Fəthullah Gülənə bəraət verildi

Fəthullah Gülən haqqında 8 il öncə açılan, hüquqi baxımdan mübahisəli məhkəmə bəraətlə sonuclandı.

Əvvəlcə Ankara 11-ci Ağır Cəza Məhkəməsi, sonra isə Ali Məhkəmənin 9-cu cəza dairəsi bəraət qərarı çıxardılar. Dünən isə Apelyasiya Məhkəməsinin kollegiyası işə bir daha baxdı və Gülən haqqında çıxarılmış bəraət qərarlarını təsdiqlədi. Apelyasiya Məhkəməsi iddiada irəli sürülən ittihamların heç birinin əsası, sübutu olmadığını vurğulayaraq, bundan sonra hər hansı bir etirazın da əsaslı sayılmayacağını qeyd etdi. Beləcə, bəlli dairələrin məqsədli bir şəkildə gündəmdə saxlamağa çalışdığı iddiaların doğru olmadığı məhkəmə qərarı ilə təsdiqlənmiş oldu.

Sonuncu dövlət çevrilişi, daha doğrusu, qansız-qadasız baş tutan son hökumət çevrilişinin nəticələri çox da uzaq tarix deyil. Ərbakan hökuməti istefa verdi, yerinə DSP, MHP və ANAP-dan ibarət koalisiya hökuməti gəldi. O hökumət dövründə Türkiyə üçün çox acı hadisələr yaşandı. Elə həmin mərhələdə də Fəthullah Gülən haqqında cinayət işi açıldı, onun irticaçı, gerilikçi, cümhuriyyət düşməni olması ilə əlaqədar iddialar gündəmdən düşmədi. Açılan cinayət işi 8 il davam elədi. Əgər diqqət yetirmisinizsə, Türkiyədə hər dəfə seçki ərəfəsində və sonrasında Fəthullah Gülən adı bəzi çevrələr tərəfindən davamlı olaraq gündəmə gətirilir. Bu hadisələr də elə həmin ərəfəyə düşmüşdü.

Fəthullah Gülənin “suç”u

Didik-didik araşdırdılar, çıxışlarını, nitqlərini dinlədilər, əllərinə bir şey keçmədi. İddialarının altını doldurmağa dəlil tapa bilmədilər. Amma dediklərindən də dönmədilər: “İrticaçıdır, dünyəviliyə qarşıdır, ölkəni geriyə aparır”.

Avropada xətrini istəyənlər olmasaydı, Papa ilə dinindən, mənsub olduğu mədəniyyətdən asılı olmayaraq, hər kəslə səmimi görüşə bilib, fikir alış-verişi aparmasaydı, “görüşmək üçün insan olması kifayətdir” düsturu ilə davranmasaydı, adını radikal cərəyanlarla bağlayacaqdılar, terrorçularla bir cərgəyə yazacaqdılar, amma yaza bilmədilər. Avropanın və ABŞ-ın tanınmış təşkilatları keçirdikləri rəy sorğularında Fəthullah Gülənin zəmanəmizin ən böyük intellektlərindən olduğunu ortaya qoydular. Hətta bu günlərdə dünyada məşhur olan “Foren polisi” (xarici siyasət) dərgisinin keçirdiyi rəy sorğusunda Gülən dünyanın 100 intellekti arasında birinci olmuşdu.

Ayrı-seçkilik qoymadı, hər kəslə insan kimi davrandı, qarşı tərəfə ehtiram göstərdi. Qərb bu cür bir ziyalını yetişdirdiyi üçün Türkiyə haqqında xoş sözlər söylədi, amma Türkiyədə onu həzm eləməyənlər də tapıldı. Çox fikirləşdilər, bu dəfə də onu Avropaya, Amerikaya agentlikdə ittiham eləməyə başladılar. Əslində dediklərinin yalan olduğuna hər kəsdən daha çox özləri inanırdılar. Amma nə etmək olar, qaralamalıydılar axı?

Türkçülüyü

Fəthullah Güləni ümmətçilikdə ittiham elədilər, dedilər ki, türklüyə qarşıdır, dini təməllər üzərində dövlət qurmaq istəyir. Amma o bəsirətsizlər bilmədilər ki, bu gün dünyanın 100-dən çox ölkəsində türk dilinin tədris olunmasında Fəthullah Gülənin rolu az deyil. Bəli, onun təşəbbüsü və istəyi ilə dünyaya yayılan Anadolunun gənc ziyalıları Afrikadan, Amerikadan tutmuş, dünyanın 5 qitəsində türk dili öyrədir, türk dostları yetişdirirlər. Bundan böyük dostluq olarmı? Əgər türkçülük bu deyilsə, bəs nədir?

Yaxın keçmişdə İstanbulda Avropadan, Afrikadan gəlmiş müxtəlif irqlərə mənsub uşaqların türk dilində şeir, mahnı oxuduqları milyonlarla insanı kövrəltdi. Dövlət rəsmilərindən tutmuş, sıravi vətəndaşlara qədər neçə-neçə insan bu mənzərə qarşısında göz yaşı axıtdı. Bəli, o, qürurun, milli ləyaqətin göz yaşları idi və o ləyaqət hissində, o ruh hissində Gülənin böyük payı var.

Təmənnasızlığı

Ömrü boyu bu dünyadan bir təmənnası olmadı, kimsənin qapısına gedib özü üçün bir şey xahiş eləmədi, istədiyi insanların doğru-düzgün həyat yaşaması, ulusunun yüksəlməsi, bəşərin gerçək səadətə qovuşmasıdır. Başqa bir təmənnası olsaydı, nə özünün, nə də sözünün bu qədər rəğbəti olmazdı, amma o, təmənnasızdır və təmənnasız olduğu üçün də bu qədər insan onu sevir, sözünü tutur.

Dönüşə əngəl qalmadı

Sonuncu məhkəmə qərarından sonra Fəthullah Gülənin vətənə dönüşünə əngəl qalmadı. Ancaq illərdən bəri müxtəlif xəstəliklərdən əziyyət çəkən Gülənin Türkiyəyə nə zaman dönəcəyini söyləmək çox çətindir. Bəzi çevrələr artıq indidən bu dönüşlə bağlı da ssenarilər uydurmağa başlayıblar. Onun Türkiyəyə “Xomeyninin İrana döndüyü kimi” dönəcəyini söyləyirlər. Amma bu zamana qədər dövlətdə və sərvətdə gözü olmayan Gülən haqda söylənilən bu ifadələrin də nə qədər qərəzli və iftira ilə dolu olduğu onu uyduranlara da, eşidənlərə də məlumdur.

Bəli, onun Türkiyədə sevənləri çoxdur. Amma baş tutacaqsa, bu dönüşün çox sakit, bir qədər də gizli şəkildə gerçəkləşəcəyi variantı daha ağlabatandır.

Səkkiz illik bir iftira məhkəmənin son qərarı ilə aradan qaldırıldı. Əgər o saxta iddianın altında həqiqətə oxşar bir şey tapsaydılar, qarşı tərəfdə daş üstə daş qoymazdılar. Araşdırdılar, araşdırdılar, nəhayət, həqiqəti təsdiq elədilər. Gözü götürməyənlər ağzına gələni danışmasınlar. Çünki onlar nə qədər araşdırsalar da, məhkəmə qədər məlumat toplaya, öyrənə bilməzlər. Kininizi içinizə gömün.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.