Sivilizasiyaların anlaşması başlayır

1993-cü ildə S. Hantinqtonun “Foreign Affairs” jurnalında çap olunmuş “Sivilizasiyaların toqquşmasımı?” adlı məqaləsi ilə dünyada yeni mərhələ başladı.

1993-cü ildə S. Hantinqtonun “Foreign Affairs” jurnalında çap olunmuş “Sivilizasiyaların toqquşmasımı?” adlı məqaləsi ilə dünyada yeni mərhələ başladı. Sonralar bütün dünyada məşhurlaşan məqalədə müəllif dünyanın yeni siyasi-hərbi mərhələyə qədəm qoymasını irəli sürür, hərbi münaqişələrin artacağına diqqət çəkərək əslində bu münaqişələrin dini-mədəni xarakter daşıdığını iddia edirdi. Onun fikrincə, XX əsrin sonu XXI əsrin əvvəllərində baş verəcək qarşıdurmalar əslində islam və xristian mədəniyyətlərinin qarşıdurması olacaq. “Soyuq müharibə” başa çatandan sonra ən dərin elmi-konseptual yanaşma olan Hantinqton nəzəriyyəsi etiraf etməliyik ki, hələ də öz ideoloji təsirini saxlayır. Dünya ictimaiyyəti dövrümüzdə baş verən bütün təlatümlərə dini izah verməyə çalışırlar. Dağlıq Qarabağ, Fələstin, Əfqanıstan, İraqdakı hərbi-dini konfliktlər, Uzaq Tibet böhranı, Şimalı Qafqazdakı münaqişələr, Avropa ölkərində peyğəmbərlərə qarşı hörmətsizlik faktları, ərəb ölkələrindəki siyasi gərginlik ideoloji dairələrdə Hantinqton nəzəriyyəsi prizmasından nəzərdən keçirilir.

Lakin alternativ çıxış yolu axtarışları da gedir. Bir sıra analitiklərin fikrincə, dünyadakı qarşıdurmaların qarşısının alınması yalnız mədəniyyətlərin yaxınlaşması, dialoqun qurulması ilə səngiyə bilər. Və artıq belə bir ideoloji-mədəni hərəkat formalaşmaqdadır.

Dövrümüzün böyük fikir adamı Fəthullah Gülən tərəfindən irəli sürülərək Türkiyənin öncüllüyü ilə həyata keçirilən mədəniyyətlərarası dialoq prosesi Hantinqton yanaşmasının əsaslarını neytrallaşdıran ən tutarlı elmi-konseptual nəzəriyyəyə çevrilməkdədir. Bu praktik kulturoloji yanaşma sivilizasiyaların toqquşmasını yox, sivilizasiyaların uzlaşmasının mümkünlüyünü hədəfə alıb. 2003-cü ildən etibarən dünya ölkələrində fəaliyyət göstərən türk məktəblərinin alt bazasını formalaşdırdığı Türkiyə türkcəsində şeir, mahnı, rəqs olimpiadalarının keçirilməsi isə müxtəlif mədəniyyətlərin uzlaşmasının mümkünlüyünü ortaya qoyur. İlk baxışda standart yarışma təsiri bağışlayan bu tədbir dünyadakı bütün mədəni, dini, kulturoloji dəyərlərə hörmətlə yanaşmaqla, maraqlı aspektləri ilə diqqəti cəlb edir. Hər il keçirilən olimpiadalar müxtəlif çalarlı mədəniyyətlərə, dini hisslərə hörmətlə yanaşmanın yeni modelidir. Bu məqamları hər ilin iyun ayında Türkiyədə keçirilən olimpiadaları müşahidə etməklə anlamaq mümkündür. Olimpiada çərçivəsində ölkələri tanıtma sərgiləri təşkil olunur. Məsələn, bu il 130 ölkənin stendləri minlərlə insana nümayiş etdirildi. Hətta bu sərgidə yeri xəritədə belə çətin tapılan ölkələrə rast gəlirsən. Ən təsiredici məqam isə budur ki, bir çox ölkələrin stendləri arxasında fədakar türk insanı dayanır, həmin ölkənin milli geyimlərini geyərək folklor nümunələrini təqdim edir, maddi mədəniyyət eksponatlarını təbliğ edirlər. Bu addım mədəni tolerantlıq sahəsində yeni bir hadisədir, onu göstərir ki, türk insanının xarakter və mənəvi göstəriciləri mədəniyyətlər arasında dialoqa nail olmaq üçün ciddi istinad nöqtəsi ola bilər. Mədəniyyətin ən mühüm göstəricisi dildir, artıq 130 ölkənin Türkiyə türkcəsində yarışmalara qatılması bu dilin dialoqun dilinə - ortaq ünsiyyət vasitəsinə çevrilmək imkanlarını artırır. Bu gün müxtəlif dünya ölkələrində fəaliyyət göstərən türk təhsil ocaqları öz fəaliyyət prinsipləri baxımından məşhur bir deyimlə desək, “Türkiyənin dünyadakı sülh elçiləridir”. Mərhum Türkiyə Prezidenti Turqud Özal vaxtilə demişdi: “Mən bir prezident kimi bu məktəblərə zaminəm”. Hazırda siyasi analitiklər tərəfindən xarici ölkələrdə fəaliyyət göstərən təhsil ocaqları gələcəkdə dünyada sülhün əldə olunmasında mühüm rol oynayacaq təsisatlar kimi nəzərdən keçirilir, orada yetişən yeni təfəkkürlü nəsil isə bu prosesin əsas hərəkətverici qüvvəsi olacaq. Çünki bütün tarixi-siyasi prosesləri başlayan, onun nəticələrini hesablayanda insan və onun həyata yanaşmasıdır. Bu təhsil ocaqlarında dil, din, mədəniyyət mənsubiyyəti əsas prinsip deyil, əsas olan insanın mərhəmət, milli vicdan, həyata segvi hissləri ilə tərbiyə olunmasıdır. Məhz bu amilə görə, bu təhsil ocaqları müsəlman, xristian, hətta heç bir dinin prioritet olmadığı ölkələrdə belə fəaliyyət göstərə bilirlər.

Bu təhsil ocaqlarının ən böyük mədəni əhəmiyyəti Türkiyə türkcəsini dünyada yayılmasına xidmətidir. Hazırda dünyanın 100-dən çox ölkəsində mövcud olan 500-dən çox təhsil ocaqlarında əsas ünsiyyət vasitəsi Türkiyə türkcəsidir. Təxmini hesablamalara əsasən, hər il 160 minə yaxın əcnəbi gənc bu dilin incəliklərinə yiyələnir. 88 ölkənin universitetlərində türk dili fakültələri var, bu fakültələrdə 4 min əcnəbi Türkiyə türkcəsini öyrənir. Hər il orta hesabla 10 min gənc türkcə olimpiadalarda yarışmaq üçün bu dildə şeir, mahni, rəqs təlimi görürlər.

Ümumiyyətlə, türkcə olimpiadaları bu gün dünyada öz istiqamətinə görə, keçirilən yeganə, alternativsiz mədəni-kütləvi aksiya hesab olunur. Və ən əsası da budur ki, ildən-ilə öləzimir, canlanır, əgər 2003-cü ildə ilk olimpiadaya 17 ölkə qatılmışdısa, sonrakı il iştirakçı sayı 24-ə, bir il sonra 41-ə, 2006-ci ildə isə 81-ə çatdı. 2010-cu ildə bu möhtəşəm mədəniyyət aksiyası 120 ölkəni, bu il 130 ölkəni öz əhatə dairəsinə aldı. Olimpiadaların Təşkilat Komitəsinin rəhbəri, professor M. Sağlam məsələnin əhəmiyyətini belə izah edir: “Türkiyə türkcəsi sülh və sevgi dili olacaq. Eyni dili danışan insanların bir-biri ilə sevgi bağı qurması, əsas məqsədimizdir. Sevərək bu dili öyrənən gənclər öz ölkələrinə dönəndə Türkiyənin xoşməramlı elçilərinə çevrilirlər. Aparılan proses gələcəkdə Türkiyə türkcəsinin elmi dil olmasını təmin edəcək”.

Beləliklə, dünya Hantinqtonun irəli sürdüyü “Sivilizasiyaların toqquşmasımı?” sualına cavab vermək üçün ciddi arqumentlər əldə etməkdədir. Hər il keçirilən türkcə olimpiadalar bir neçə ildən sonra “Sivilizasiyaların toqquşmasımı?” tərəddüdündən yox, “Sivilizasiyaların anlaşması” nəzəriyyəsindən söhbət açmağa imkan verəcək.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.