Somalidə Türk məktəbi açılır
Dünyanın bir çox ölkəsində fəaliyyət göstərən Türk məktəbləri silsiləsinə Somali də qoşulur.
Paytaxt Moqadişidə açılması nəzərdə tutulan Türk liseyi müasir laboratoriyalarla təchiz ediləcək. Üstəlik dərslər Türkiyədən gətirilən elektron lövhələrlə keçiriləcək. 120 nəfərlik şagird yeri olan məktəbə somalililər axın etdi. Təhlükəsizlik işçilərinin nəzarəti ilə sınağa mindən artıq şagird qatıldı.
Nil təhsil şirkətinin sədri Bilal Çəlik məktəbin təmirinin davam etdiyini, bir ay içində dərsə başlayacaqlarını söylədi. Məktəbin yataqxana ilə də təmin olunacağını bildirən Çəlik riyaziyyat və qabiliyyət sınağından keçən şagirdlərlə fərdi söhbət ediləcəyini diqqətə çatdırdı. Şagirdlərin kitab və digər məktəb ləvazımatlarla da təmin olunacağını qeyd edən Çəlik "Somalidə heç bir məktəbdə elektron lövhə və sinevizyonla dərs metodu yoxdur. Bu avadanlıqlar ilk dəfə Somaliyə Moqadişi Türk Liseyi sayəsində gətiriləcək. Ölkənin ən müasir məktəbini açırıq" dedi. Bu ilin tədrisi kirayəyə götürülən bir məktəbdə aparılacaq. Gələn il isə dərslər 6,5 ha ərazidə tikilən yeni binada davam edəcək. Moqadişi Türk liseyində Türkiyədən gələn 9 müəllim dərs deyəcək. Türk dili təmayüllü məktəbdə riyaziyyat, fizika, kimya və kompüter dərsləri İngiliscə, humanitar fənlər Somali dilində, din dərsləri isə Ərəbcə keçiriləcək. Türk dili dərsindən iki il sinifdə qalan şagirdlər isə liseydə oxumaq hüququndan məhrum ediləcək. Bilal Çəlik şagirdlərə verilən təhsilin dünya universitetlərinə qəbul səviyyəsində olacağını da vurğuladı.
İmtahanda ciddi təhlükəsizlik tədbirləri görüldü
Xamar Jajab məktəbində keçirilən Moqadişi Türk Liseyinə qəbul imtahanına çox sayda şagird qatıldı. Havanın isti olmasına baxmayaraq sırada gözləyən uşaqlar əsgərlərin sənəndləri yoxlamasından sonra içəri buraxıldı. Somali hökuməti məktəb ətrafında da təhlükəsizlik tədbirlərini artırdı.
- tarixində yaradılmışdır.