Sükutun Harayı ilə Sükunətə Dəvət
Fəthullah Gülənin son kitabı “Sükutun Çığlıkları” (Sükutun Harayı)” “Nil” Nəşriyyatında işıq üzü gördü. “Çağ və Nəsil” silsiləsinin 9-cu kitabı “Sükutun Çığlıkları” (Sükutun Harayı)” əsəri yazıldığı dövrün mənəvi ab-havasını, əhval-ruhiyyəsini, xəyalların puç olmasını, cücərən ümidlərini əks etdirdiyi qədər, gələcəyə də baxan və məzmunundan, aktuallığından bir şey əksiltməyən yazıları ehtiva edir.
“Bir Füsunkar Dünya Vardı”, “Bizim də Özümüz Olduğumuz Günlər Vardı”, “Nə İdik, Nə Olduq” kimi unudulmaz yazıların da olduğu kitab, bizi yenidən özümüzə qayıtmağa səsləyir. Gülənin bütün yazı və kitablarında əksini tapan təməl mövzuları, bu kitabda da görmək mümkündür. Cəmiyyətimizi ayaqüstə saxlayan dəyərlər; ətalətdən, fitnə, ixtilafdan uzaq olmaq və yeni bir ruhi dirçəliş üçün lazımi təchizatı qazanmaq...
Yazıların çoxu, kitabın adının da işarə etdiyi kimi, bir dövrün ağır günləri, cəmiyyətdə cücərən sülh və dialoq atmosferinin bəzi şər qüvvələr tərəfindən yox edilməsinin yaşatdığı sarsıntıları dilə gətirir. “Sükut” və “haray” təzadı, yaxın dövrün ictimai hadisələrinin insanlarda meydana gətirdiyi qabarma-çəkilmələri ustalıqla izah edən bir görüşdür. Haqsızlıqlar qarşısında haray salma ehtiyacının əvəzində, yenə ağılın və könlün dili ilə hərəkət edib mülayimliyi üstün tutmanın ucalığı... Passiv deyil, aktiv bir sükutdan bəhs edilir burada. Atılan böhtanlar qarşısında sükutla cavab verib yoluna daha sürətli, daha şüurlu davam etmə sənəti... Şair: “Sükutu bilmədiyindən deyil, ədəbdəndir/ Dil açmaz, amma nələr bilər aşiq” -deyir. O mübarək simalar yenə də küsməz, harayı bəzən içinə salar, bəzən də dilini anlayanlara pıçıldar. “Sükutun Harayı” Gülənin könül dünyasından sızan bax belə səslənişlərdir. Gülən kitab boyunca bizi bizdən uzaqlaşdıran səbəbləri sıralayır; bizi bizə qaytaracaq yolları göstərir. Və bir sükut iqliminə, hüzur diyarına çağırır. "Bir zamanlar sükut və səssizlik bizim ən təbii halımız və hər zamankı iqlimimiz idi. Bəlkə, çoxları fərqində deyildi bu hüzur atmosferinin və bu səssizlik nəğmələrinin hal-hazırda sezə bilmədikləri kimi bu zil pərdədən gurultuları," -deyir. Kim bilir, bəlkə də zamanın su kimi axdığı dünyada o sükut və sükunət günlərinin yenidən başlamasına çox qalmamışdır.
- tarixində yaradılmışdır.