Valilik İqamətgahında İftar Həyəcanı

Avstraliya Mədəniyyətlərarası Dialoq Mərkəzinin (AIS) Ramazan ayında iftar yeməkləri ilə qurduğu dialoq fəaliyyətləri bu il Viktoriya Valiliyinin iqamətgahında həyata keçirildi. Əyalət Hökumətinin ən səlahiyyətli nümayəndələrinin müsəlman toplumla qaynayıb-qarışmasına, səmimi münasibətlər qurulmasına vəsilə olan iftar yeməyini hər kəs təqdirlə qarşıladı. Ramazanın məna və əhəmiyyəti ilə bağlı məlumatların da verildiyi gecədə sülh, birgə yaşama, uzlaşma, müvəffəqiyyət, xoşgörü və dialoq mükafatları təqdim edildi.

“AIS”, əvvəlki illər də Federal Parlament, Viktoriya Əyalət Parlamenti və Təhlükəsizlik Nazirliyinin ev sahibliyi ilə həyata keçirdiyi iftar ziyafətlərindən sonra bu il Valilik İqamətgahında Vali və həyat yoldaşının dəvət və himayəsində reallaşan “Government House” iftarı ilə bir yeniliyə də imza atmanın sevincini yaşadı. Təşkilat Melburnda yaşayan Müsəlman və Türk cəmiyyət liderlərini Melburn şəhərinin ən mötəbər və mühüm simaları ilə birlikdə bu dəfə də dövlətin zirvəsi yüksək rəsmi məqamı-Valilik İqamətgahında bir araya gətirdi. 17 sentyabr çərşənbə axşamı 112 mötəbər qonağın iştirak etdiyi iftar yeməyinə 1870-ci ildə tikilən Viktoriya Valiliyinin qədim binası ev sahibliyi etdi.

Kim gəlməmişdi ki?

ABŞ Prezidentinin Ağ Evdəki iftarlarından sonra dünyada yüksək səviyyəli ikinci iftar ziyafəti kimi tarixə düşən “Government House” iftarı Viktoriya Valisi Professor David de Kretser və həyat yoldaşının himayəsində gerçəkləşdi. Yüksək səviyyəli siyasi xadimlərin və müxtəlif sahələrdən mötəbər qonaqların qatıldığı ziyafətdə Avstraliya sabiq Baş Valisi Dr. Peter Holliqvorth, Viktoriya Əyaləti sabiq Valisi və Kraliçanın Mədəniyyətlərarası fəaliyyətlər üzrə Baş Müşaviri Sir James Qobbo, Əyalət Baş nazir müavini və Mədəniyyətlərarası fəaliyyətlər üzrə Nazir Ceyms Valilino, Melburn Bələdiyyə Başçısı Con So, Təhlükəsizlik Naziri Kristine Nikson və baş nazirin üç müavini, Federal Polis Əyalət Başçısı, ABŞ, İngiltərə, Almaniya, İndoneziya və Türkiyə səfirləri, universitetlərin rektor və dekanları, ən yüksək səviyyəli media nümayəndələri, din xadimləri və böyük təşkilatların rəhbər heyətləri, müsəlman cəmiyyətinin rəhbərləri və din adamları eyni masa ətrafında əzanı birlikdə dinləyib, iftar həyəcanını birlikdə yaşadılar.

Kraliçanın qonaq salonunda namaz qılındı

Mərasim Valinin qonaqları salamlaması ilə başladı. Əyalət Valisi Professor David de Krester iftar ziyafətnin açılışı ilə bağlı çıxışına dəvətini qəbul edib gələn qonaqlara təşəkkür edərək başladı: "Viktoriya Əyaləti və Melburn müxtəlif mədəniyyətlərin çox yaxşı münasibət içində yaşadığı hüzur dolu bir şəhərdir. Ramazan ayının və orucun İslam dinindəki yerini və bu iftarların insanların bir araya gətirilməsində və münasibətlərin daha da yaxşılaşmasında xüsusi əhəmiyyət daşıdığını bilirəm. Avstraliya Mədəniyyətlərarası Dialoq Mərkəzlərinin rəhbərliyi və dəstəyi ilə gerçəkləşən bu axşamkı iftara və Valilik İqamətgahında yaranmış bu səmimi dostluq ab-havasına görə özümü çox xoşbəxt hiss edirəm. AIS son illərdə Melburnda və Avstraliyadakı cəmiyyətlərin bir-biri ilə qaynayıb-qarışması, yanlış anlaşılmaların aradan qaldırılmasında, din və mədəni cəmiyyətlərlə dövlət orqanları arasında möhkəm və yaxın əlaqələrin inkişaf etdirilməsində çox əhəmiyyətli rolu və ciddi layihələri olan mühüm bir NGO-dur. Hüzurunuzda “AIS”-in səlahiyyətli nümayəndələrinə əyalətimizdə həyata keçirdiyi bu mühüm fəaliyyətlərinə görə təşəkkür edirəm. İkinci nəsil müsəlman Türklərin qurduğu “AIS” nümunəvi fəaliyyətlər gerçəkləşdirir", -dedi. Əyalət Valisinin həyat yoldaşı Jan de Krester isə: "Son iki il yarımda ilk dəfə bu səviyyədə və bu böyüklükdə Valilik İqamətgahında rəsmi yemək ziyafəti verilir. Həyat yoldaşım və mən sizlərdən daha həyəcanlıydıq. İlk dəfə bir iftar ziyafəti ilə müsəlman toplumları və Melburnun ən nüfuzlu, mötəbər şəxslərini, liderlərini, diplomatlarını qəbul edəcəyimizə görə bir az narahatlıq keçirdik. Hal-hazırda süfrə arxasında gördüyüm səmimi söhbətlər təsəvvürümə belə gətirə bilmədiyim çox qeyri-adi bir səhnədir. Məni heyrətləndirdiniz. Bu fəaliyyəti çox bəyəndik və mütəmadi olmasını arzulayırıq", – şəklində çıxış etdi.

İftar vaxtının girməsi ilə salonda əzan oxundu və iftar duasının ardınca axşam namazı qılındı. Valiliyin qonaq salonunda namaz üçün ayrılan məkanın məhz İngiltərə Kraliçasının Melburn səfərində qonaqlarını qəbul etdiyi salon olması diqqət çəkdi. İftar yeməyindən sonra rəsmi hissə Məhəmməd Sezginin oxuduğu Qurani-Kərimlə başladı. Quran oxunma ilə paralel olaraq ayələrin ingiliscə məalı da barkovizyonda (böyük ekranda) əks etdirildi. “Monash Universiteti”nin müəllimi Dr. Saleh Yücəl “Ramazanın ictimai və fərdi inkişafdakı rolu" mövzusunda çıxış etdi. Olduqca böyük maraqla dinlənilən bu çıxışın ardınca, Avstraliya Sufi Musiqi Qrupunun verdiyi qısa konsert isə qonaqları valeh etdi. Qısa da olsa qonaqlara unudulmaz bir təsəvvüf musiqisi təqdim edən Sufi musiqi qrupunun kiçik konsertindən sonra isə proqrama sərbəst kürsü müzakirələri şəklində fasilə verildi. Proqram haqqında fikirlərin sərbəst şəkildə ortaya qoyulduğu bu fasilə zamanı isə tarixi çıxışlar edildi.

“Fəthullah Gülən” Xüsusi Mükafatı Əyalət Valisinə verildi

“AIS” uzun illərdir əlaqədə olduğu müxtəlif təbəqələrdən nüfuzlu şəxslərə cəmiyyət naminə qurduqları sülh, birgə yaşama və xoşgörü zəmininə görə plaketlər təqdim edir. 2008-ci ilin yüsək müvəffəqiyyətə görə mükafatları bu il Vali tərəfindən sahiblərinə təqdim edildi. Mükafatların birincisi “AIS” Qadınlar Bölümü Kordinatoru Türkan Çiçək tərəfindən müsəlman cəmiyyətlərin sosial inteqrasiyası və ümumi toplumla ayaqlaşmasında göstərdiyi böyük dəstəyə görə Valinin həyat yoldaşı Jan de Krestserə təqdim edildi.

Daha sonra “AIS”-in bu il ilk dəfə verdiyi Fəthullah Gülən xüsusi mükafatı əyalət miqyasında müxtəlif toplumların bir-birinə yaxınlaşmasına, uyğunlaşması və uzlaşmasına verdiyi töhfələrə görə Əyalət Valisi Professor David de Krestserə verildi. Valiyə mükafat “AIS “ Baş Müşaviri Orxan Çiçək tərəfindən təqdim edildi.

Sərbəst Kürsü çıxışları

Əyalət Başçısının Müavini və Mədəniyyətlərarası fəaliyyətlər Naziri Valilino, Valinin bu iftar dəvətinə və ziyafəti təşkil edən AIS-ə təşəkkür etdi. Gələn həftə AIS-in xüsusi ev iftarlarına qatılacağını, iftarları ilk dəfə gördüyünü və ev iftarının onu çox həyəcanlandırdığını ifadə etdi.

Viktoriya Yəhudi Toplum Şurasının Rəhbəri Anton Bolock isə salonda olan bəzi qonaqlarla daha əvvəl də başqa bir proqramda birlikdə olduğunu ifadə edərək: “Belə yığıncaqlarla qərəzlərdən xilas oluruq. Söhbət etdik və hamımız bir-birimizdən fərqli olduğumuz halda birlikdə ola bildiyimizi gördük” -dedi.

Melborn Katolik Lideri Baş yepiskop Denis J. Hart duyğularını:“Müsəlmanlar bu axşam burada bizə ibadətin və paylaşmanın əhəmiyyətini göstərdilər. Viktoriyada hamımız bir-birimizə dəyər veririk. Artıq qardaş olduq. Əl-ələ verib gələcəyə doğru irəliləyirik”, - şəklində ifadə etdi.

Anqlikan Baş rahibi Filip J. Nevman: “10 il əvvəl vəziyyət çox fərqli idi. Bir-birimizə həmişə yad idik. Amma indi tez-tez bir araya gələ bilir, nələr edə biləcəyimizi müzakirə edə bilirik. Dini və ictimai məzmunlu proqramlar çox əhəmiyyətlidir. Birlikdə ola bilmək bir başqadır. Müsəlmanların müsəlman olmayanlara göstərdiyi qonaqpərvərlik də çox gözəl və sevindirici bir haldır. Ölkənin ən yüksək məqamındakı Valiliyin belə bir dəvəti çox təsiredici və düşündürücüdür, qürur duyduq”, -dedi.

Hume Bələdiyyəsi Məclis Üzvü Yetiş Atmaca isə müsəlman olmasına baxmayaraq bələdiyyədə Avstraliyada ən çox katolik yaşayan Greenvale bölgəsini təmsil etdiyini söylədi. Atmaca: “Bölgəmizdə müxtəlif cəmiyyətlər yer alıb məktəb və digər mərkəzlər açırlar. Cəmiyyətdən mənə buradakılarla əlaqədar sual verəndə, onlar da bizim filan qardaşlarımızdır, deyirəm” -şəklində çıxış etdi.

Avstraliya Buddist Şurası Rəhbəri Brian Ashen isə: “Yuxu hamımız üçün eynidir. Meditasiya şəkillərimiz fərqli ola bilər. Belə bir axşamda bənzərliklərimizin fərqinə vardıq,” -dedi.

TC Melborn Baş Konsulu Aydın Nurhan da Valiyə, onun həyat yoldaşına, həmkarlarına və salondakı digər qonaqlara təşəkkür edərək: “Gözəl gözlər və çirkin gözlər var. Gözəl gözlər gözəl görər, çirkin gözlər də çirkin”, -dedi.

Bu mənalı və maraqlı çıxışların ardından proqramın əsas hissəsinə keçildi.

Müsəlman cəmiyyət rəhbərlərinin çıxışları

Somali Think Tank Rəhbəri Dr. Berhan Ahmad

“Müsəlman toplumların Melburnda bir çox fəaliyyətləri var. Ancaq “AIS”-in fəaliyyətləri müsəlmanların birliynə və özlərini ən yüksək səviyyədə tanıtmalarına vəsilə olur. Onlar müsəlmanlara liderlik edirlər. Bu axşamki iftardan qürur duydum”.

Viktoriya Müsəlman Qadınlar Şurasının Rəhbəri Tasneem Chopra

“AIS” bu ölkəyə iftarları gətirdi və çox əhəmiyyətli məkanlarda bizləri və ölkənin çox mötəbər insanları ilə tanış etmə imkanını təmin etdi. Vali tərəfindən iftar veriləcəyi və bu möhtəşəm Valilik İqamətgahında olmaq heç ağılımıza gəlməzdi. Çox gözəl bir duyğudur. Əsl öyrənmək istədiyim şey isə “AIS” buradan daha önəmli başqa harada iftar verəcək, görəsən?”

Viktoriya İslam Şurası Rəhbəri Ramzi əl Sayed

“AIS” biz müsəlmanları və çox tanınmış dövlət adamlarını iftarda bir daha bir araya gətirməyə nail oldu. Valilik İqamətgahında və Əyalət Valiliyinin himayəsində reallaşan bu iftar çox qürurvericidir, səbəbkar olduğunuz üçün çox təşəkkürlər”!

Türk cəmiyyət liderlərinin çıxışları

Avstraliya Milli Görüş Təşkilatları Rəhbəri Cəlal Varsan

“Bu axşam Viktoriya Valiliyi tərəfindən başda müsəlman cəmiyyəti olmaq üzrə, xristian və yəhudi cəmiyyət liderlərinin də qatıldığı bu iftar mərasimi Viktoriya Əyalət Valiliyinin cəmiyyətlə nə qədər iç-içə olduğunun bir nişanəsidir. Viktoriya Valiliyinin bu gözəl dəvəti və mövqeyi Türk cəmiyyətini də qürurlanıdırmışdır. Buna bənzər iftar ziyafətləri əvvəllər Parlament Binasında təşkil edilirdi. Amma bu il Viktoriya Valisinin iftar mərasimini öz iqamətgahında verməsi, həqiqətən çox manidardır. Müsəlman cəmiyyətə göstərdiyi bu nəzakətli dəvətə görə çox təşəkkür edirəm”!

Avstraliya Türk Sənayeçi və İş adamları Dərnəyi Rəhbəri Mehmet Əli Karaməmiş

“Çox özəl bir iftar yeməyi oldu. Zəhmətini çəkənlərdən Allah razı olsun. Ölkəmizə də bu cür iftar proqramlarının təşkil edilməsini diləyirəm. Viktoriya Hökumətinin ən mötəbər binasında yemək yedik. Bu dəvətə görə Vali bəyə və bütün səbəbkarlara təşəkkür edirəm”!

Avstraliya Türk İş Şurası Rəhbəri Hüseyn Mustafa

“Çox gözəl bir proqram idi. İlk dəfə belə bir yeməyə qatılıram. Çox məmnun oldum. Viktoriyanın ən yüksək mövqeyində olan bir adamın bu gecə bizimlə bərabər olması çox qürurverici bir haldır. Görürük ki, Avstraliyada müxtəlif mədəniyyətlilik daha da inkişaf edir”.

İş adamı Kazım Atəş

“Avstraliya Türk cəmiyyəti illərlə həyata keçirilən fəaliyyətlərin meyvəsini görür. Bu gün Vali bəyin dəvəti ilə buradayıq. Bu asan-asan gerçəkləşən bir hadisə deyil. Əslində çok çətin də deyil, amma istəməyi bacarmaq və bu mövzuda çox çalışmaq lazımdır. Yoxsa Viktoriya Valisi çox xoşgörülü və səmimi bir insandır. Cəmiyyət arasında körpülər qurmaq lazımdır. Bunu həyata keçirə bildiyi üçün də ayrıca “AIS” təşkilatına və səlahiyyətli nümayəndələrinə təşəkkür edir, davamını diləyirəm”!

Katolik Universiteti Gülən Şöbəsinin Müəllimi Prof. İsmayıl Albayrak

“Bir sözlə, möcüzə idi. Həqiqətən, Türk və müsəlman cəmiyyəti adına çox əhəmiyyətli olduğunu söyləyə bilərəm. Son illərdə buna bənzər fəaliyyətlər getdikcə artır. Xüsusilə bu cür dəvətlərə qeyri-müsəlmanların çox böyük maraq göstərdiyini görürük. Buna görə də bütün bunlar həm dinimiz, həm özümüz, həm də müsəlmanların Avstraliyadaki gələcəyi adına çox böyük işlərdir. Onun üçün bu cür proqramlar daim dəstəklənməlidir. Natiqlərin də müsbət ifadələri bizlərə ayrıca cəsarət verməli və bu iftar yeməklərinin sayını çoxaltmağa çalışmalıyıq. Cənabi-Haqq sayını çoxaltsın, inşallah”!

Səlimiyə Vəqf Başçısının Müavini Dr. Gürsel Alpay

“Hal-hazırda olduğumuz bu məkan və bu mərasim hər halda Avstraliyada yaşayan müsəlman toplumunun tarixində ilk hadisədir. Bu iftardan bizim alacağımız çox əhəmiyyətli dərslər var. Bu iftarda fərqli dinlərə mənsub cəmiyyət liderlərinin bir araya gələrək dialoq içərisində bir-birilərini tanımaları və iftar yeməyini birlikdə paylaşmları çox gözəl oldu. İnşallah, davamını diləyirik”!!!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.