Hicrət və əmniyyət

Sual: 1) Tarix boyu “boyayım” deyib boyanan insanlar” da olmuşdur. Rəvayətlərə görə, Ümmü Həbibə anamızın birinci həyat yoldaşı Ubeydullah b. Cahş və Sevda anamızla nikahlanan Sekran b. Amr kimi Peyğəmbərimizin insibağına boyanan və Həbəşistana hicrətlə şərəflənən bəzi insanlar daha sonra dindən dönmüşdür. Bu mövzunu məfkurə mühacirləri baxımından dəyərləndirə bilərsinizmi?

  • Bəzi rəvayətlərdə Həbəşistana hicrət edənlərdən Ubeydullah bin Cahş və Sekran bin Amr kimi bir neçə nəfərin irtidad etdiyi (dindən döndüyü) bildirilir. Ancaq bu insanlar haqqında qəti hökm vermək doğru deyil, mülahizə dairəsini açıq buraxmaq lazımdır. Üstəlik heç bir insan haqqında Cəhənnəmi və İlahi əzabı düşünməmək, insaf və şəfqəti əldən buraxmamaq, işi-peşəsi pislik olanlara belə mürüvvətli davranıb onlara da hidayət duası etmək əsasdır. (01:23)
  • Həbəşistana hicrət əmri gələndə İslamiyyət hələ yeni nəşət etmişdi; bəzi insanlar hələ də tərəddüd edirdi və bu normal qarşılanmalıdır. Onların çoxu beş-on ayə öyrənib bu dairəyə daxil olmuşdu və Məkkənin əzab-əziyyətinə tab gətirəcək gücdə deyildi. Dolayısilə, hicrət yolunu seçmiş və dini daha rahat yaşamaq üçün Həbəşistana üz tutmuşdular. (04:00)
  • O dövrdə Bizans mədəniyyətinin təsirinə düşən Qərb Xristianlığından fərqli olaraq Şərq Xristianlığında hələ də bəzi həqiqət işarələri mövcud idi. Həzrəti Cəfərin təsirli sözlərinə qulaq asan Nəcaşinin yerə bir xətt çəkib "Sizinlə bizim aramızda bax bu qədər də fərq yoxdur!" deməsi bununla bağlıdır. Bəlkə də, İslamı hələ tam dərk etməmiş bəzi insanlar həmin incə həqiqəti anlamamış  və "Bu da Allahın dinidir!" deyib Xristianlığı seçmişdir. (08:17)
  • Əgər irtidad hadisəsi olubsa, güman ki, bunda mühacirlərə dindən dönmək üçün verilən böyük vədlərin təsiri də az rol oynamayıb. (10:25)
  • Əndəlüsə gedən müsəlmanlar kimi dünyanın dörd tərəfini fəth edən inananlar belə səmimi niyyətlə getdikləri yerlərin mədəniyyətindən bəzi şeylər götürmüş, qismən də olsa, həmin mədəniyyətin boyası ilə boyanmışdır. (11:30)
  • Son dövrdə "maddi qılınc qınına girmişdir" həqiqətinə inanıb sırf könülləri fəth etmək niyyəti ilə dünyanın hər tərəfinə yayılan məfkurə mühacirləri də kökdən uzaqlaşma təhlükəsi ilə üz-üzədir. Çünki insanlarda boşluq axtaran şeytan onlara nüfuz etməyə çalışır. Çox şükür ki, indiyə qədər (əlli-ayaqlı gedən, yıxılan) belə bir nümunə ilə qarşılaşmadım. Bəlkə də, bəzi yoldaşlar “adanmışlığ”ın şərtlərini tam şəkildə yerinə yetirmir. Ancaq milyonlarla könüllü içində bir neçə fərqli insanın olması təbiidir. Əgər belə bir hadisə olmuşsa, ümidsizliyə qapılmamalı, məsələ böyüdülməməlidir. (16:30)

Sual: 2) Bir yanğını söndürməyə, insanları qurtarmağa tələsən “adanmış ruhlar” öz əmniyyətini nə qədər düşünməlidirlər? (20:39)

  • Alovlara atılmadan əvvəl tədbir görən xilasedicilər kimi, yer üzündəki mənəvi yanğınları söndürməyə, yanan insanları qurtarmağa can atan fədakar ruhlar da tədbir görməli, həm yanğını söndürmək, həm də daha çox insana əl uzatmaq üçün özlərini mütləq qorumalıdırlar. (20:47)
  • İnsanın nəfsi ona əmanətdir. Kor-koranə ölümə atılmaq qulluğun şərtlərinə riayət etməməkdir. (22:45)
  • Vəzifənin davamı, mütəmadiliyi əmniyyətdən asılıdır. Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) vəhylə dəstəkləndiyi və Allah tərəfindən hifz edildiyi halda Uhud meydanına atılarkən tam maddi tədbiri görmüşdü, məsələn, Cəbrail əleyhissalamın xəbəri verməsi ilə zirehinin üstünə birini də geymişdi. Bu günün mənəvi xilaskarları da tədbirli tərpənməli, yanğını söndürərkən yanmamağa da diqqət etməlidir. (23:35)

Sual: 3) Aktivlik və passivlik baxımından Həbəşistan və Mədinə hicrətləri ilə müasir hicrətlər arasında hansı fərqlər var? Bir mühacirin özünü qorumasında hansı amilin təsiri var? (26:40)

  • Həbəşistan hicrəti nəticə etibarilə, çox bərəkətli olsa da, başqa xeyirlərə səbəb olsa da, ilk növbədə müşriklərin əzab-əziyyətindən qurtulma, həyati təhlükədən qorunma və əmin-aman mühitdə dini yaşama niyyəti ilə edilmişdi. (26:55)
  • -Mədinəyə hicrətdə də bir mənada müşriklərin təzyiqindən xilas olma niyyəti var idi. Ancaq bu səfərdə Aqabədə Allah Rəsuluna (əleyhissalatu vəssalam) beyət edənlərin və Həzrəti Musabın (radıyallahu anh) vasitəsi ilə müsəlman olanların dəvəti də vardı. Bu baxımdan Yəsribi Mədinələşdirmə və onu mədəniyyətin beşiyinə çevirmə qayəsi əvvəlcədən nəzərdə tutula bilərdi. (27:40)
  • Müasir hicrət Həbəşistan və Mədinə hicrətlərindən fərqlidir. İslamı daha rahat yaşamaq və dəyərlərimizi yaymaq üçün hicrət etmək bu gün də mümkündür. Ancaq getdiyimiz yerlərdə şəhərlər və özümüzə görə yeni dünyalar qurmaq düşüncəsinə qapılmaq doğru deyil. (33:35)
  • Bu gün bu fəaliyyətdə olanların sayı gələcəkdə on milyona çatsa, fəaliyyət nəzərə çarpacaq dərəcədə böyüsə və o zaman könüllülər dünyanın kiçik bir hissəsində özünə görə bir dünya qursa, bu geniş miqyaslı açılımı baltalamış və bu dünya miqyaslı müqəddəs fəaliyyətə xəyanət etmiş olarlar. Çünki "Deməli, bunların da məqsədi dünya imiş!" dedirtmək bu günə qədər səmimiyyət, sədaqət və vəfa ilə həyata keçirilən bu fəaliyyətə qarşı ən böyük xəyanətdir. (34:30)