Qəflətin böyüyü və "Yanğın var!.."

Sual: 1) "İnsanı qəflətdən oyadan bir iksir varsa, o da zikrullahdır" buyurmuşdunuz. Qəflətin səbəb və növlərinin çoxluğunu nəzərə alanda hər növ qəflətə görə bir zikr varmı?

  • Qəflət dalğınlıq, diqqətsizlik, özündə olmama, aqibətdən əndişələnməmə, qafil də ətrafda baş verənlərdən bixəbər, şaşqın və insanlarla münasibətdə diqqətsiz olan insan deməkdir. O baxıb görməyən, eşidib anlamayan elə şaşqın, elə dalğın insandır ki, bəzən ətrafda qopan qiyamətdən belə xəbərsiz qalır. (00:50)
  • Qəfləti dağıdan səbəblər çoxdur. Bəzən bir ayə, bəzən bir hədis, bəzən də səmimi qəlbdən oxunan bir azan qəflət pərdəsini yırta bilər. Həzrəti Ustadın əsərləri insanı təzəkkür, tədəbbür[1] və təfəkkür yamaclarında gəzdirərək qəflətdən oyadan həqiqətlərlə doludur. (01:27)
  • İnsanı qəflətdən oyadan ən təsirli iksir zikrdir. Sufilərə görə, zikr Allahın isim və ünvanlarını bir-bir, ya da bir neçəsini birlikdə anmaq, təkrar etməkdir. Zikir anmaq, xatırlamaq, varlığın dəhlizlərində gəzərkən hər əşyada Allahı müşahidə etmək və Onu ins-cin – hər kəsə elan etmək deməkdir. Zikr Cənabi-Haqqı mübarək isimləri ilə yad etmək, sifəti-Sübhaniyəsi ilə anmaq, ilahi feillərini xatırlamaq və "Allahın hər işdə min bir hikməti var" deyərək təqdir və minnət hislərini ifadə etməkdir. (03:50)
  • Qurani-Kərimin bir adı da "Zikr"dir, çünki o hər ayə ilə Allahı və ülvi həqiqətləri xatırladan nəsihətçi və xəbərdaredicidir. (07:24)
  • Zikr yalnız Allahın (cəllə cəlaluhu) isim və ünvanlarını bir-bir, ya da bir neçəsinin birlikdə təkrarından ibarət deyildir, o, anmaq, xatırlamaq və yad etmək mənalarına da gəlir ki, bəzən - məsələn - Həzrəti Sad ibn Muaz, ya da Musab bin Umeyr kimi səhabələri yad etmək də qəfləti yox edir. (07:40)
  • İnsanı qəflətdən uzaqlaşdıran və qəflətə mane olan (əgər varsa) ən mühüm amillərdən biri də laübaliliyə qarşı diqqətli olmaq, hər görüşü müzakirə məclisinə çevirməklə faydalı əsərlər oxumaq və mühavirəni[2] söhbəti-Cananla süsləməkdir. Və həmçinin unutmamalıyıq ki, Coşqun mərifət əldə etməkdə, fikir və duyğu mübadiləsi ilə ürfan alovunu körükləməkdə, beləcə Allah eşqini və Ona iştiyaqı qəlblərdə canlı saxlamaqda bir-birimizə görə məsuliyyət daşıyırıq. (10:17)

Sual: 2) Bir söhbətdə axirətə hazırlaşmama, məsuliyyətsizlik, İslam aləminin pərişan vəziyyətinə laqeydlik, hər şeyi səbəbdən bilmə və Müsəbbibül-Əsbabı unutma kimi qəflət növlərindən bəhs etmişdiniz. Bu dövrdə bizim üçün ən təhlükəli qəflət hansıdır? (13:33)

  • Qəflətin növləri var: aqibəti düşünməmək, axirəti unutmaq və o bir dünyaya hazırlanmamaq ən təhlükəli qəflətlərdir. Halbuki, insan bir yolçudur; uşaqlıqdan gəncliyə, gənclikdən qocalığa, qocalıqdan qəbirə, qəbirdən həşrə, həşrdən əbədiyyətə qədər səfərdədir. Dolayısilə, insan gedəcəyi və əbədiyyən qalacağı yer üçün mütləq hazırlıq görməlidir. (14:01)
  • Vəzifəyə qarşı diqqətsizlik və məsuliyyətsizlik də bir qəflətdir. "Olduğu qədər olar" mülahizəli dunhimmətlikdən[3] plan və proqramsız iş görməyə, populist düşüncələrlə hərəkət etməkdən macərapərəstliyə, bir işin nəticəsini nəzərə almamaqdan görülən işlərin qəlb və ruh üçün nə ifadə etdiyini hesaba qatmamağa, xülasə, vəzifədə kiçik bir dalğınlıqdan ən böyük işlərdə bəsirətsiz davranmağa qədər qəflətin növləri var. (16:02)
  • İslam aləminin və müsəlmanların bugünkü pərişan halını görməmək və ümməti-Məhəmməd (sallallahu əleyhi və səlləm) üçün qövli və feli dua etməmək çox böyük qəflətdir. Bu qəflət diyərqəmlik[4] və peyğəmbəranə əzmkarlıq gözlədiyimiz könül ərənləri üçün ən böyük təhlükədir. (19:53)
  • İnsan yanır.. ailə yanır.. məktəb yanır.. bir mənada məbəd yanır.. aləmi-İslam yanır.. hətta bu gün dərya (!) belə yanır. Bu böyük yanğına qarşı laqeydlik nə böyük qəflətdir!.. (22:12)
  • Hər şeyi səbəblərdən bilərək Müsəbbibül-Əsbabı unutmaq da bir qəflətdir. (25:25)
  • İstər dünya çapında, istər müəyyən bir coğrafiyada dialoq və təhsil fəaliyyətlərindəki uğurlara diqqətlə baxanda bu işlərin minlərlə səbəbin cəmindən həyata keçdiyini və buna Allahdan başqa heç kimin qadir olmadığını yəqinən anlayırıq. Sövqü-ilahini və Allahın inayətini görməmək və müvəffəqiyyəti səbəblərə və bəzi şəxslərə aid etmək ancaq qafillərin işidir. (28:01)
  • Hər müvəffəqiyyəti Müsəbbibül-Əsbabdan bilmək bu Fəaliyyətdə iştirak edən insanları tamamən inkar etməyi tələb etmir. Könül ərənlərinə manəvi gümrahlığı artırmaq üçün, - əgər qiymətini bilsələr və şükür etsələr - Allahın böyük lütfünə məzhər olduqlarını bəzən xatırlatmaq lazımdır. Lakin mübaliğəli sözlərlə onların ənaniyyətini qabartmamalı və Peyğəmbərimizin ifadəsi ilə “boyunlarını qırmamalıyıq”. Təqdir və sevgimizi onlara boylarından böyük payələr verməklə deyil, sədaqətlə göstərməliyik. (30:50)

Sual: 3) Allah-Təala “Kəhf” surəsinin 28-ci ayeyi-kəriməsində belə buyurur:

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلاَ تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلاَ تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا

Bu ilahi bəyanın son hissəsində qəflət-zikr nöqteyi-nəzərindən işarə olunan qafillər yalnız müşriklərdir? (33:17)

  • Cənabi-Haqq bu ayeyi-kərimədə məalən buyurur: "Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!" (34:45)
  • Qureyşin bəzi “əyan-əşrəf”i Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) Əshabi-kiramdan kasıb olanları yanından qovmağı və özləri üçün xüsusi vaxt ayırmağı təklif etmişdilər. İctimai quruluş baxımından onların müsəlman olması bir çoxlarının müsəlmanlığı qəbul etməsinə səbəb ola bilərdi, ancaq kəmiyyət hər şey demək deyildi və Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) keyfiyyətcə çox qiymətli olan sadiq dostlarını heç kimə dəyişməzdi. Həmin ayə Peyğəmbərimizin fikrini təsdiq edən səmavi bir bəyandır. Bu ayə Allah rizasının əsas olduğunu bir daha vurğulamış, kəmiyyətin o qədər də əhəmiyyətli olmadığını xatırlatmış və Peyğəmbərin yanına şərt qoyub gəlmək istəyən insanların dünyapərəst və qafil insanlar olduğuna diqqət çəkmişdir. (38:58)
  • Əslində bu ayə Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) timsalında ümmətə bir tənbeh və bir nəsihətdir. Ayaqüstə dayanmaq üçün heç kəsi və heç bir sistemi qoltuqağacı kimi istifadə etməyə ehtiyacı olmayan İslam filan aristokratın, filan imkanlının onu qəbul etməsi ilə şərəf, etibar və ya güc qazanmaz. O daim öz dinamizmi ilə var olmuşdur və olmaqda da davam edəcəkdir. (39:28)
  • Məsləyimizin əsası irşaddır, təbliğdir, haqq və həqiqəti göstərməkdir. Biz həm vəzifəmizdə səbir göstərib məsləyimizin tələbini yerinə yetirməli, həm də bu yolda gedən yoldaşlarımıza sadiq olub onların hər halına səbir etməliyik. Gözlərimiz başqa şeylərə baxmamalı, başqa arzular arxasınca düşməməliyik. Yəqindən məhrum olanların istiqamətləndirməsi ilə ora-bura atılan çör-çöp, hər yerdə rahatlıqla istifadə edilən məxluqlara çevrilməməliyik. "İki əlimiz var, dörd əlimiz də olsaydı, bu işə ancaq bəs edərdi" mülahizəsi ilə fikrimizi işimizə cəmləməliyik. (41:30)
 

[1] Bir şeyin aqibətini düşünmək, tədbirli olmaq

[2] Danışıq, söhbət

[3] Alçaq niyyətlilik

[4] Başqalarının dərdini çəkmək, canıyananlıq