Ramazanda qürbətdən qürbətə

Sual: 1) Ramazan ayının gündüz və gecələri qürbət  (Allaha yaxınlaşmaq) üçün ən böyük vəsilə hesab olunur. Həmçinin "Hər qürbətin iksiri Haqqa qürbətdir" buyurulur. “Qürbət” nə deməkdir və ona necə çatmaq olar? "Qürbəti-fəraiz" və "qürbəti-nəvafil" təbirlərinin mənalarını izah edə bilərsinizmi? (00.33)

  • Ramazani-şərif qədər gecələri nurlu və gündüzləri işıqlı ikinci bir ay yoxdur. İnsan hər Ramazanla bir daha Quranı bütün təravəti ilə və Onun səmavi qaynağını, tüllənən ilahi mərifəti və Onun kövnü-məkanlara səpələnmiş işarələrini, Allah eşqini və Onun çöhrələrdə buraxdığı tərtəmiz izləri görür, duyur və sezir. Bu müqəddəs zaman kəsiyində möminlər oruc tutmaqla yanaşı təravih namazını da qılırlar. "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir..." (“Bəqərə” surəsi, 2/185) ilahi bəyanı istiqamətində ramazanı Quran ayı kimi dəyərləndirir və çoxlu Quran oxuyurlar. (01.00)
  • İnsan fərz ibadətləri keyfiyyətinə müvafiq yerinə yetirərək Allah Təalaya yaxınlaşır. Allaha yaxınlaşmaq üçün ən sağlam yol fərz ibadətləridir. Çünki fərzlər dinin zərurətidir, əvəzolunmaz əsaslarıdır. Həqiqi zərurət imanın əsasları, bir mənada da İslamın şərtləridir. Bəli, fərz qürbət üçün mühüm vəsilə sayılır. Buna görə də, fərz ibadətləri layiqincə yerinə yetirməklə Haqqa yaxınlaşmağa "qürbəti-fəraiz" deyilir. (02:58)
  • Nafilə ibadətlər isə "cəbrən lin-nöqsan", yəni "natamamı tamamlama, yaranı sarıma, boşluğu doldurma" mahiyyəti daşıyır. Fərzlərdə nöqsanı, boşluğu, qüsuru olanlar bunu nafilələrlə tamamlayıb arzuladığı nəticəni əldə edə bilər. Demək, ibadət xalısının ərişi (əsası) fərz ibadətləri, arğacları, yəni əriş üstündə vurulan naxışları isə nafilələrdir. Beləliklə də, fərzlərdə yol verilən nöqsanları nafilələrlə “düzəldərək” dərinləşib Haqqa yaxınlaşmaq "qürbəti-nəvafil" adlanır. (03:11)
  • Ramazani-Şərifin mükafatına layiq görülmək üçün yemək-içməkdən vaz keçməklə yanaşı, malayiniyyat[1], ləğviyyat[2] və ləhviyyatdan[3] da uzaq olmaq lazımdır. Beləcə insan ağzına və qarnına oruc tutdurduğu kimi, başqa sözlə, mədəsini yemə-içmədən məhrum etdiyi kimi, başqa vaxtlarda da uyğun olmayan şeylərdən uzaq olmalı, hətta faydasız şeylərə belə yaxınlaşmamalı... bunları da ləğviyyat və ləhviyyat hesab etməli, yaxın getməməlidir. Beləliklə, böyüklər demiş, bütün əza və cəvahirə (ayaq, əl və s. kimi üzvlərə) oruc tutdurmalı, zahiri və batini hislərə orucun ləzzətini daddırmalıdır. Əks halda insan aşağıda keçən hədisi-şərifin təhdidinə tuş gələr: "Elə oruc tutanlar var ki, onlara tutduqları orucdan yalnız aclıq və susuzluq qalar" (06:48).
  • Çox yaşlı və xəstə olanlar səkkiz rükətə gücü çatırsa, heç olmasa təravihi səkkiz rükət qılmalı, ancaq sağlam olan müəkəlləf möminlər təravih namazını mütləq iyirmi rükət qılmalıdır. Alimlərə görə, təravih namazını Qurani-Kərimi ən az bir dəfə xətm etməklə qılmaq sünnət, birdən çox xətmlə qılmaq isə fəzilətdir. Sələfi-salehin Ramazan boyunca təravih qılarkən Quranı xətm etmiş (başdan ayağa oxumuş) və ya oxuyanlara tabe olub namaz qılmışdır. Ancaq sonrakı dövrlərdə isə camaatın durumu nəzərə alınmış, təravih namazını insanları məsciddən uzaqlaşdırmayacaq şəkildə qıldırmağın daha doğru olması fikri üstünlük təşkil etmişdir. (08:39)
  • İnsan üçün ən vacib məsələ qürbətdir, yəni Allaha yaxın olmaqdır. Allaha yaxınlıq cismin cismə yaxınlığı deyil, mənəvi yaxınlıqdır. Üslubumuza riayət edərək mütəşəbəhata[4] girmədən qürbəti belə izah edə bilərik: qürbət insanın öz uzaqlığını dəf etməsidir. Uzaqlıq cismaniyyətlə, bədənlə, nəfslə bağlı bir xüsusdur. Şəhvət, qəzəb, hirs, kin, nifrət, ehtiras və inad... kimi qüvvələrin sui-istimalı uzaqlaşdırıcı amillərdir. Bu baxımdan, yaxınlıq bu qüvvələrin ifrat və təfritini aşmaq, istiqamətdən uzaqlaşmamaq, gözəl əxlaqla süslənmək, Allah-Təalanın yaratdığı əsl fitrəti qorumaq, əgər o itirilibsə, böyük səy və cəhd göstərək təkrar əslə, əsasa qayıtmaq deməkdir. (10:33)
  • Yeri gələndə qürbət (qəriblik, vətəndən uzaqlıq) də bir nemətdir. Belə ki, Allah Rəsulu (sallallahu əleyhi və səlləm) bir bəyanı ilə qəribləri müjdələmişdir (məal): "İslam qərib başladı (qəribələrlə təmsil edildi), gün gələcək yenə qərib olacaq. Hər kəsin fitnə-fəsadla məşğul olduğu dövrlərdə abadlıq və islah fəaliyyətlərini davam etdirən qəribələrə müjdələr olsun!" (10:46)
  • Hər bir qürbətin iksiri Haqqa qürbətdir. Qurani-Kərim və Sünneyi-səhihə Cənabi-Haqqa müxtəlif yaxınlaşma yollarından bəhs edir. Məsələn, Həzrəti Əbu Hureyrənin (radiyallahu anh) rəvayət etdiyi bir hədisi-şərifdə Peyğəmbərimiz (əleyhissalatu vəssalam) buyurur: "Allah Təala belə fərman etdi: "Kim Mənim bir vəlimə düşmənçilik edərsə, şübhəsiz, ona hərb elan edərəm. Fərzdən daha sevimli heç bir əməl qulumu Mənim qürbiyyətimə qovuşdura bilməz. Üstəlik qulum nafilələrlə Mənə yaxınlaşdıqca yaxınlaşar... nəhayət, elə bir səviyyəyə çatar ki, Mən onu sevərəm. Və Mən qulumu sevəndən sonra onun eşidən qulağı, görən gözü, tutan əli olaram (Yəni o, birbaşa xüsusi iradə halqasında eşidər, görər, tutar, yeriyər). Belə bir qul Məndən nə istəsə, şübhəsiz, verərəm. Mənə sığınarsa, hifz edərəm." (13:46)
  • Ali himmətli olmaq özünü böyük görməkdən fərqli bir xüsusdur. Mömin daim ali himmətli olmaqla yanaşı, özünü kiçik görməlidir. (16:15)

Sual: 2) Son illərdə Ramazani-şərif deyəndə ilk olaraq ağıla təmtəraqlı iftar süfrələri və bayramsayağı verilişlər gəlir. Lakin Ramazanla bağlı bəzi yazılarda sükunət, dərinlik və zəriflik üfüqü göstərilir. Qürbətə vəsilə olmaq üçün Ramazan mərasim kimi, yoxsa sükunət içində qəlbə yönəlik keçirilməlidir? (19:23)

  • Bizimlə bağlı yönünə baxanda, nümayişkaranəlik və təmtəraqdan uzaq olmaq, təvazö və mahviyyətə yönəlmək, zahirən hər an yıxılma ehtimalı olan, ancaq qəlbi və ruhi dərinlik baxımından göylər yerə düşüb parçalansa, belə möhkəm dayanan insan kimi olmaq əsasdır. (19:23)
  • Ancaq əgər insanlara müəyyən həqiqətləri çatdırmağı, bizə xas gözəllikləri nümayiş etdirməyi düşünürüksə, bu zaman ictimailiyi ön plana çəkməli və xəlvətiliyə müqabil cəlvətiliyə[5] üstünlük verməliyik. (21:19)
  • Ramazani-şərifdə hazırlanan bayramsayağı verilişlər, mükəmməl iftar süfrələri, çeşid-çeşid yeməklər və təbəssüm saçan çöhrələr əgər Allahla insan arasındakı maneələri aradan qaldırırsa və onları uca həqiqətə doğru aparırsa, möminlər bununla cihad savabı qazana bilərlər. (23:27)

Sual: 3) Referendum yaxınlaşdıqca Dörtyol və İnəgöldə baş verən hadisələr kimi təxribatların artması ehtimalı var. Həmçinin Türkiyənin Şərqində cərəyan edən dükanları qıfıllama hadisələri daha böyük planlardan xəbər verir. Möminlər Ramazani-Şərifin mərhəmət dolu ab-havasını bu istiqamətdə dəyərləndirmək üçün hansı xüsuslara diqqət yetirməlidir? (24:22)

  • Ramazani-şərifin həmrəy və yumşaq ab-havası var. O, insanlara ciddi müsbət təsir göstərməklə yanaşı, anarxiya buludlarının çəkilməsində və əmin-amanlığın bərqərar olmasında böyük rol oynayacaq. Çünki terror törədənlər və ya terror hadisələrinə alət edilənlər arasında da Allaha inananlar var; onların bəzisi əhli-imandır. Hər-halda belə insanlar, heç olmasa oruclu-oruclu o işlərdən uzaq durarlar. Ramazanın isti qucağı və sirayətedici ab-havası bu şər düşüncələrin qarşısını alar. Həmçinin bəlkə də,  onların bəziləri "Heç olmazsa Ramazanda gedim" deyib məscidə gedəcək, namaz qılacaq, söhbətlərə qatılacaqlar. Bütün bunlar şər hislərin, pis niyyətlərin qarşısını ala bilər. (24:51)
  • Ramazan boyu xüsusən Diyanət İşləri Nazirliyinin nümayəndələri qətiyyətli olmalı, bütün insanların imanına səslənməlidir. Türkiyənin şərqindən qərbinə qədər hər yerdə, xüsusən də, anarxiya üçün “əlverişli” bölgələrdə bu istiqamətdə ciddi işlər görmək və məsciddən məktəbə qədər hər yerdə bunu vurğulamaq lazımdır. Xüsusilə, Diyanətin nümayəndələri, Təhsil Nazirliyində çalışanlar, universitet müəllimləri, səhiyyə işçiləri və təhlükəsizlik nümayəndələri hər fürsəti dəyərləndirərək vicdanlara səslənməli və şərə meyillənmənin qarşını almağa çalışmalıdır. (24:51)
  • Əlamətləri görünən bəzi xoşagəlməz hadisələrə gəlincə, qeyd etdiklərimlə yanaşı, bu məsələ dövlət siyasəti çərçivəsində nəzərdən keçirilməli, təhlükəsizlik üçün lazımi tədbirlər görülməli və xalqın haqq və hüquqlarını tapdalayanlara əsla imkan verilməməlidir. (27:11)
  • Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) "Ramazan ayı girəndə Cənnət qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirə vurulur" buyurur. Bəli, bu mübarək ayda "mərədə şeytanlar" zəncirlənir. "Mərədə" inadkarlıq edənlər, tutduğunu buraxmayanlar deməkdir. Bu ifadə ilə ən azğın, ən ipə-sapa yatmayan şeytanlar nəzərdə tutulur. Bununla yanaşı, Ramazani-şərifdə də xətalar, günahlar edilir və böyük səhvlərə yol verilir. Lakin bu Quran ayında möminlərin əldə etdiyi böyük savabı düşünəndə və şeytanın buna razı olmayacağını, qəzəbdən dəliyə dönəcəyini və insanları günaha sürükləmək üçün bütün hiylələrə əl atacağını göz qabağına gətirəndə aydın görünür ki, mərədə şeytanlar Ramazanda zəncirlənir. (33:18)

[1] Boş, əbəs, nahaq

[2] Boş söz, bihudə söz

[3] Oyun, əyləncə, eyş-işrət

[4] İzaha ehtiyac olan

[5] 16-cı əsrdə Əziz Mahmud Hüdayinin qurduğu təriqət