Əndişə, ümid və təvəkkül

Fəthullah Gülən: Əndişə, ümid və təvəkkül

  • İncitsələr də, incinmə! Söysələr də, söyməyi heç ağlından belə keçirmə! Neyronlara sözün keçirsə, yuxuna belə girməsinə imkan vermə! İnsansan, xəyalına girə bilər belə xoşagəlməz şeylər. Dərhal uzaqlaş onlardan!
  • Əgər başqalarının qeyri-insani hərəkət və davranışları bizi də qabağına qatıb həmin düşüncə və anlayışa sürükləyirsə, demək ki, iradəmizdə zəiflik var və hələ ayağımızı yerə möhkəm basa bilmirik.
  • Qoy hər kəs öz xarakterini ortaya qoysun, danışsın, yazsın, pozsun, yüz cür böhtan atsın, min cür yalan desin. “Yalan bir ləfzi-kafirdir” deyir çağın mücəddidi. Yalan həm də münafiq sifətidir (xüsusiyyətidir). Bəzi insanların saysız-hesabsız yalanları, amandır, sizi bircə yalana da vadar eləməsin! Əgər bəzi insanlar bu kafir əməldən əl çəkmirsə, bu, o demək deyil ki, sizə yalan mübahdır. Haram həmişə haramdır.
  • “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görür. Rəbbin kimin doğru yolda olduğunu daha yaxşı bilir!” (“İsra” surəsi, 17/84). Hər işi “Allah hər şeyi görür” inancı ilə görmək lazımdır. Madam ki, hər şeyi Allah bilir, demək, onları da bilir, sizi də! Hamı əməlinin əvəzini görəcək. Əgər bəzi insanların əməlləri zülm həddinə çatırsa, cəzaları dünyada veriləcək. Küfrün cəzası isə Həzərəti Piri-Muğan, Şəmi-Tabanın sözü ilə desək “məhkəmeyi-kübra (böyük məhkəmə)”da veriləcək. Biz möminə yaraşan nəzakətdən uzaqlaşmamalıyıq.
  • Belə görünür ki, imana və Qurana könül verən, milli, dini məfkurəsini bayraqlaşdırmaqdan, Həzrəti Pirin ifadəsi ilə desək, yüksək qayeyi-xəyallarını gerçəkləşdirməkdən başqa bir düşüncəsi olmayan insanlara bundan sonra da gələn badalaq atacaq, gedən badalaq atacaq. Bəziləri tora salacaq, bəziləri kələk gələcək. Ancaq siz tələyə düşməməyə çalışacaq, Allahın izni və inayəti ilə, bezmədən-usanmadan yola davam edəcəksiniz.
  • İnsanlarla münasibətdə ədəbli olmayanlardan Allaha qarşı ədəb gözləməyin. Sizə ədəbsizlik edənlərin və haqqınızda hər cür yalanı uyduranların Allaha da hörməti yoxdur.
  • Rəsuli-Əkrəm Peyğəmbərimizə aid bir kəlam: “Aza təşəkkür etməyən, çoxa da təşəkkür etməz”. Başqa bir Peyğəmbər kəlamı: “İnsanlara təşəkkür etməyən Allaha da təşəkkür etməz”. Yəni belə bir şəxs kobud, ədəbsiz və nankor bir insandır.
  • Demək ki, insan təşəkkür etməyi təbiətinə nəqş etmiş, onu mənimsəmiş, əxlaqın ayrılmaz parçasına çevirmişsə, həm insanları elədiyi yaxşılıqlara gözəl şəkildə cavab verər, həm də Allaha təşəkkür, həmd və səna edər. Bu, Peyğəmbər yolunun yolçularının, böyük mücəddidin izində gedənlərin, Həzrəti Mücəddidi-əzəmin yolunda gedənlərin şüarı olmalıdır!

Peyğəmbərimizin əndişələri

Sual: Allah Rəsulu Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) göyü qara buludlar alanda və bərk külək əsəndə nigaran olar və dua etməyə başlayardı. Biz müasir möminlərin rahat və arxayın yaşadığını, təvəkküllə laqeydliyi bir-birinə qarışdırdığını demək mümkündürmü? Hadisələri dərindən hiss eləmə ilə imanın qüvvəti arasında əlaqə vardırmı?

  • Bəli, doğrudur; Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) göyü buludlar alanda nigaran olar və dua etməyə başlayardı. Çünki bəzi qövmlər həlak edilməzdən əvvəl yaxınlaşan ilahi əzabda bu cür əlamətlər müşahidə edilmişdi. Qurani-Kərimdə buyurulur: “Onu (özlərinə vəd olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi: ) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır!” (“Əhqaf” surəsi, 46/24)
  • İnsanlığın İftixarı Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bərk külək əsəndə “Görəsən, bu,Ad qövmünü yerlə-yeksan edən külək deyil ki?” deyə nigaran olar, bənizinin rəngi qaçardı. İmanı, ümidi nə səviyyədə idisə, qorxusu, narahatlığı da o qədər idi. Allahın böyüklüyü qarşısında qəlbi məhabət və məxafət hissi ilə dolub-daşırdı. Çünki O, ehsan abidəsi idi. O (sallallahu aleyhi və səlləm), Cilinin sözü ilə desək, əsl insani-kamil idi. Hər şeyi, bəlkə də, bütün bəşəriyyətdən də dərin hiss edirdi.

Dualarla keçən gecələr

  • Peyğəmbərimizin (aleyhi əfdalüssalati vəttəslimat) bu əndişələrini adi narahatlıq hisləri ilə bir tutmaq olmaz. Onun qorxusu canavardan, zəlzələdən qorxmağa oxşamır. O ümməti üçün nigaran idi. “Görəsən bir nöqsana yol verməmişik ki?” deyə düşünürdü. Çünki müqərrəbin (Allaha yaxın insanlar) öz qüsurlarına Allahla irtibat pəncərəsindən baxırlar. Bu səbəbdən bərk külək əsəndə, göyü buludlar alanda, şimşək çaxanda, göy guruldayanda “Görəsən, Cənabi-Allah bununla bizə xəbərdarlıq edir, yoxsa bizə cəza göndərir?!” deyər və ümmətinin başına bəla gəlməsindən qorxardı.
  • Müşfiq Nəbi bir gecə, kim bilir verilən hansı işarəyə və nigarançılığına görə elə sarsılmışdı ki, günlər və gecələr boyu dilindən düşməyən Həzrəti İbrahimin: “Ey Rəbbim! Onlar (bütlər), həqiqətən, çox insanı (haqq yoldan) azdırıblar. İndi kim arxamca gəlsə, o, şübhəsiz ki, məndəndir. Kim mənə qarşı çıxsa, şübhəsiz Sən (günahları) bağışlayansan, (bəndələrinə) rəhm edənsən!” (“İbrahim” surəsi, 14\36) duasını və Həzrəti İsanın: “Ya Rəbbim! Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət sahibi, hikmət sahibisən” (“Maidə” surəsi, 5\118) duasını səhərədək oxumuş, əllərini qaldırıb “Allahım, ümmətimi (bağışla), ümmətimi (bağışla)!” deyə yalvarıb ağlamışdır. Daha sonra Allah-taala: “Ey Cəbrail! Məhəmmədin yanına get və Ona de ki: “Biz Səni ümmətin barədə razı edəcəyik və Sən əsla üzülməyəcəksən” buyurmuşdu. Həmin gecə neçə vaxtdır çəkilən dərdin, iztirabın, edilən dua və tökülən göz yaşlarının finalı idi, bir mənada “final gecəsi” idi.

Peyğəmbərimiz “Ümmətim arasına ixtilaf və iftiraq düşməsin!..” dedi, ancaq...

  • Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) başda səhabələr olmaqla qiyamətədək bütün ümmətindən nigaran idi. Məsələn, İnsanlığın İftixarı Peyğəmbərimiz “Ümmətim arasında ixtilaf və iftiraq düşməsin!..” deyə inildəyərək dua edərdi.
  • Vifaq və ittifaq (həmrəylik və birlik) ilahi yardımın ən böyük vəsiləsidirsə, Muhyiddin ibn Ərəbi həzrətlərinin “müqabileyn” düsturuna əsasən ixtilaf və iftiraq da bir mənada, məğlubiyyətin ən böyük səbəbidir.
  • Kainatın Fəxri Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) yenə bir gün ümmətinin dərdi ilə Rəhman və Rəhim olan Allahdan üç şey diləmişdi; ümmətin aclıqla cəzalandırılmaması, keçmiş qövmlər kimi kütləvi həlaka məruz qalmaması və təfriqəyə düşməməsi!!! Allah-Təala Rəsuli-Əkrəmin ilk iki duasını qəbul etmiş, lakin üçüncüsünü müəyyən hikmətlərə görə məqbul saymamışdı. Cənabi Allah məalən belə buyurmuşdu: "Həbibim, Mən bir hökm verdimsə, artıq o həyata keçməlidir. Sənə əhdim olsun ki, ümmətini ümumi qıtlıqla cəzalandırmayacağam, kütləvi həlaka məruz qoymayacağam və varlığına son qoyacaq bir düşməni onların başına bəla etməyəcəyəm. Lakin onlar öz aralarında müharibə edib bir-birini qıyacaqlar!.." Bəli, başqa qövmlər üsyan dənizinə daldıqca Allahın səmavi və ərzi fəlakətləri onları yer üzündən silmişdi, lakin Məhəmməd ümməti belə bir aqibətdən hifz edilmişdir. Ancaq inanan insanların da günah işlədikcə bir-birinə düşmən olmaları, birlik və bərabərliyi itirmələri, ixtilaf və iftiraqlarla (ayrılma,parçalanma) əzilmələri qaçılmazdır. Peyğəmbərimiz (əleyhi əlfü əlfi salatin və salam) belə bir fəlakət və müsibətin ümmətindən uzaq olması üçün də dualarla yalvarmış, ancaq bildiyimiz və bilmədiyimiz bir çox hikmət səbəbi ilə Cənabi-Haqq Həbibinin bu niyazına "qəbul" möhrü vurmamışdır.
  • Gəldiyim qənaətə görə, bu hikmətlərdən biri insan iradəsinə diqqət çəkmək və ittifaqın iradədən asılı olduğunu bildirməkdir. Vifaq (həmrəylik) və ittifaqın təmin edilməsi üçün insanlar iradələrini ortaya qoymalıdır. Şübhəsiz, "hissi qardaşlıq" da əhəmiyyətli bir əsasdır, ancaq bu kafi deyil. Üxuvvət (qardaşlıq) və ittifaq məsələsi hissilikdən daha çox əqli, məntiqi və iradidir, reallaşması üçün də qərar, əzm və səy lazımdır. Möminlərin razılığa gəlib birləşmələrində və bir-birini sevmələrində əsas amil duyğu, düşüncə, inanc və etiqad birliyinin ictimai razılığı doğuran məntiqi qardaşlıqdır. Buna əsasən, Nur Müəllifi məsələnin daim məntiqi yönlərini və dinamikalarını nəzərə çatdırmışdır. Məsələn, "Xaliqiniz bir, Malikiniz bir, Məbudunuz bir, Raziqiniz bir, bir, bir... Minlərlə bir, bir. Peyğəmbəriniz bir, dininiz bir, qibləniz bir... Bir, bir, yüzlərlə bir, bir!.." demişdir. Elə isə, insan bütün bu ortaq cəhətləri nəzərə almalı, ittifaq və üxüvvətin zəruriliyini qavramalı və sonra da onun təsis edilməsi üçün iradəsini ortaya qoymalıdır.
  • “İllah da mən, mənim sözüm, mənim düşüncəm, mənim mülahizəm, mənim dəstəm, mənim komandam...” dediyiniz zaman özünüz də bilmədən bəzi kəsimləri özünüzə düşmən edərsiniz. Siz bu xasiyyətdən əl çəkmədikcə sizə ədavət bəsləməyən qalmaz. Bu gün bəzi insanlara diş qıcayır, bir mənada bu xasiyyətinizlə ortaya çıxır və bunu xarakterinizə çevirirsinizsə, başqaları da qorxsun, çünki onlara da diş qıcıyacaq, onları da dişləyəcəksiniz, Allah eləməsin. Ona görə yenə də mülayimlik, mülayimlik, mülayimlik.

Nurunuz sönməz, heç kim onu söndürə bilməz, amma...

  • Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) təkcə dualarına baxanda, adama elə gəlir ki, Onun işi-gücü dua etmək imiş. Onun bu cəhətini mücəddidlər, böyük övliyalar və dövrümüzdə də Həzrəti Pir təmsil edib.
  • Biz möminlərin çox arxayın yaşadığını, hətta təvəkküllə laqeydliyi bir-birinə qarışdırdığını demək mümkündürmü? Bəzi insanlar haqqlında “Bəli” demək mümkündür. Əksinə bu məsələni dərindən duyanlar da var. Dilindən dua düşməyən insanlar da var. Namazdan sonra yeməyə gedərkən belə yol üstü vaxtı boş keçirməmək üçün dua edən insanlar var.
  • Bu gün bəlalar leysan kimi başımıza yağır. (Füzulinin sözünü azca dəyişdirərək deyim) “Dərdliyəm dersən, bəlayi-dərddən ah eyləmə / Ah edib ahından əğyarı agah eyləmə”. Ah çəkməmək sizə iki qat savab qazandırar. Ancaq bəlaların başımıza leysantək yağdığı belə bir dövrdə təzərrö və niyaz etmək, daim inilti ilə dua etmək çox vacibdir. Bəlaların yağdığı belə bir dövrdə bir dəqiqəmizi belə boş keçirməməli və başqa işlərlə məşğul olarkən belə fikrən Cənabi-Allaha yönəlib dua etməliyik.
  • Yeri gəlmişkən, dəvahi (bəla və müsibətlər) çox böyükdür. Tamamən tənkilə (kökümüzü qazımağa) qərar veriblər. Ancaq əmin olun ki, əgər bu iş Cənabi-Allahın sizə lütfüdürsə, heç kim onun kökünü quruda bilməyəcək, Allahın izni və inayəti ilə. “Təqdiri-Hüda qüvveyi-bazu ilə dönməz / Bir şəma ki, Mövla yaxa, üfləməklə sönməz” (Ziya Paşa). Sönməyəcəyinə, söndürülməyəcəyinə qəlbən iman edərək yolunuza davam edin, Allahın izni və inayəti ilə.
  • İnsan imanının gücü nisbətində qorxası şeylərdən qorxar, sevinəsi şeylərə sevinər. Bu hiss imanın gücü ilə düz mütənasibdir. İnancınız nə qədər güclüdürsə, aqibətinizdən də bir o qədər nigaran olarsınız. Aqibətindən qorxmayanın aqibətindən qorx!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.