Dəyişmədən qorunmaq üçün səddi-zərai

Sual: 1) "Yağın, balın içinə atsanız, üstünə bir damcı bulaşdırmayan, ləl-cəvahiratla bəzəsəniz, qızılı, gümüşü seçə bilməyən dəyişməz insanlara ehtiyac var" buyurdunuz. Dəyişməməklə bağlı səddi-zərai sayılan xüsuslar nələrdir?

  • "Sədd" sözü "qadağan etmək", "mane olmaq" deməkdir; "zərai" də "səbəb" və "yol" mənasına gələn "zəriyə" sözünün cəm şəklidir. "Səddi-zərai" isə pisliyə, şərə və günaha aparan yollara sədd çəkmək, haram işləməyə səbəb olan hərəkətlərdən uzaq olmaq deməkdir. Məsələn, zina böyük günahdır. Harama baxmaq da bu günaha aparan bir səbəb olduğu üçün günahdır və qadağan edilmişdir. Buna binaən, Qurani-Kərim, "Zina etməyin", "Yetim malı yeməyin" əmrini "Zinaya yaxınlaşmayın", "Yetim malına yaxınlaşmayın" şəklində verərək günaha aparan ab-havadan uzaq olmağa çağırır. (01:01)
  • Fənalıqdan qorunmaq üçün ən möhkəm qala imandır. İmanı güclü olan insan hərdənbir yanılsa da, yolunu tez tapar, bəzən büdrəsə də, dərhal belini dikəldər. (03:45)
  • Həzrəti Ömərin (radiallahu anh) dövründə iffət qəhrəmanı bir gənc bir yerdə azca günaha meyl edincə birdən-birə "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar" ("Əraf" surəsi, 7/201) məallı ayəni pıçıldayır. İçində hiss etdiyi o günah meylinin şeytandan gələn bir teyf olduğunu başa düşür, gözü açılır, halına bəsirətlə göz yetirir və Allahı anır, anır və günahdan üz döndərir. Lakin qəlbi, vicdanı günahı işləmə xofuna və ehsan şüuruna zidd davranma əndişəsinə dözə bilməyib elə həmin yerdə canını tapşırır. Sonra... (04:27)
  • Bir xətanı hədislərə istinad edərək nəfsi müdafiə etmək demaqoqluq, günahı iki qat artırmaq və tövbə qapısını bağlamaq deməkdir. Məsələn, bəzi adamların çimərliyə gedib günah işləyəndən sonra "Uşaqlarınıza üzməyi, atıcılığı və miniciliyi öyrədin" hədisini misal gətirib üzməyin fəzilətindən danışmaqla bu qəbahətinə bəhanə uydurması demaqoqluq, günahı iki qat artırmaq və tövbə qapısını bağlamaqdır. (07:40)
  • Haqq Təala belə buyurur: "(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar və örtsünlər. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!" ("Nur" surəsi, 24/30). (09:22)
  • Ustad Həzrətləri "On Dördüncü Nota"nın "Üçüncü Remz"ində insan mahiyyətinə qoyulan mənəvi "cihazlar" və lətifələrin müxtəlifliyindən, bəzilərinin dünyanı da udsa, doymamasından, bəzilərinin isə bir zərrəyə belə tab gətirməməsindən bəhs edir. Bəzi lətifələrin tük qədər bir ağırlığa, yəni qəflət və zəlalətdən doğan kiçik bir halətə dözə bilməyəcəyini deyir və "Madam elədir, özünü qoru, addımını diqqətlə at, batmaqdan qorx. Bir loğmada, bir kəlmədə, bir dənədə, bir ləmada, bir işarədə, bir öpməkdə batma" deyir. (10:08)
  • Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm), "Fəna hislər səni xəyallarda yaxalasa, ilk fürsətdə dərhal onlardan qurtulmağa çalış, yoxsa bir müddət sonra səni apardığı yerdən geri qayıda bilməzsən" buyurmuşdur. (Epiktetin da buna çox yaxın bir sözü var.) Bəli, bir şeytani ox xəyalınıza saplandığı an bacarırsınızsa, dərhal geriyə dönməli və zehninizdə açılan yırtığı vaxt itirmədən tikməyə çalışmalısınız. O ox daha da dərinə işləmədən və aldığınız yara ağırlaşıb sizi öldürmədən bir sipərə sığınmalı, əzəli düşməninizin hücumlarından qorunmalısınız. Əks halda, bəzi xəyal dəryalarında yelkən açar, dalğalarında sovrular və sahildən o qədər uzaqlaşarsınız ki, sahilin yolunu tapa bilməzsiniz. Elə isə nə qədər ki yol yaxındır, iradənizin gücü yetir, fəna hiss və fəna ehtiraslardan uzaqlaşmalısınız!.. (11:14)
  • Maddi viruslar daim dəyişdiyi kimi, mənəvi xəstəliklərə səbəb olan viruslar da zaman və şəxsdən asılı olaraq dəyişir. Nur Müəllifi "Hücumatı sittə" adlı məşhur risaləsində şeytanların ən təhlükəli altı hiyləsinə diqqət çəkmiş, "hubbu-cah (şan-şöhrət arzusu), qorxu, tamah, irqçilik, ənaniyyət (eqoizm) və tənpərvərlik" şəklində sadaladığı şeytani hücumlardan müdafiə yollarını göstərmişdir. Bu cür virusların, zəf və boşluqların biri, və ya bir neçəsi hər insanda ola bilər. İnsan onu Allahın rizasına və axirət səadətinə aparan yolun təhlükəsizliyi naminə bu boşluqları tanımalı, fərqinə varmalı və hər addımını diqqətlə atmalıdır. (14:24)

Sual: 2) İmana və Qurana xidmətdə yerinə yetirdiyimiz vəzifələr bizi müəyyən mövqelərə gətirir və haqqımızda hüsnü-zənnə vəsilə olur. Bu mövqe və müsbət düşüncələrin bizdə mənfi dəyişikliyə səbəb olmaması üçün nələrə diqqət yetirməliyik? (20:30)

  • İnsanın könül dünyasını yavaş-yavaş xarab edən, mənəvi mələkələrini bir-bir sıradan çıxaran xəstəliklərdən biri də hər fürsət düşəndə tərif və mədh edilməyi sevməkdir. Daim üstün vəsflərlə anılmaq, mədh-sənalarla yad edilmək və tez-tez yaxşılıq, üstünlük və uğurlarla diqqətə çatdırılmaq arzusu çətin müalicə olunan qəlb mərəzidir. Mədhiyyə yazılmasını, təriflər yağdırılmasını özü üçün arzu edən möminlər də ola bilər, lakin kibr, qürur və eqoizmdən qaynaqlanan təriflənmə istəyi daha çox müşrik və münafiqlərdə müşahidə edilən mənəvi mərəzdir. (20:54)
  • Həqiqi mömin təvəccöh, iltifat və tərifdən xoşlanmamalı, ona mədh-səna ünvanlayanları xəbərdar etməlidir. O, bu mövzuda qərarlı olmalı, hətta mədh edilməyi özünə təhqir saymalıdır. Nəfsin xoşuna gələn, onu sərin meh kimi oxşayan mədh-səna, təqdir-təltif əsintilərini ruhi-mənəvi etirazlarla qarşılamalı, onu girdab, sunami bilib ondan qurtulmağa çalışmalıdır. (22:05).
  • Həzrəti Əbu Bəkir (radiallahu anh) uzadılan bir bardaq soyuq su ilə iftar edir, sonra da gözlərindən qan-yaş axıdır. Elə hönkürür ki, yanında olan insanları da ağladır. Bir qədər sonra dostları "Niyə belə ağlayırsan?" deyə soruşurlar. Deyir ki: "Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) əli ilə nəyisə itələyir və "Məndən uzaq ol, məndən uzaq ol!" deyirdi. Soruşdum, "Ya Rəsulullah! Kimisə uzaqlaşdırmağa çalışırsınız, amma mən heç kimi görə bilmirəm?!" Buyurdu ki: "Dünya bütün dəbdəbəsi ilə qarşımda təcəssüm etdi və mənə özünü qəbul etdirmək istədi, mən də ona "Məndən uzaq ol!" dedim. O, dönüb gedəndə, "Vallah, sən məndən xilas olsan da, səndən sonra gələnlər əlimdən qaça bilməyəcək. Sənə özümü qəbul etdirə bilmədim, amma sonrakılar arxamca qaçacaqlar" dedi". "Dünya bu bir bardaq soyuq su ilə özünü mənə qəbul etdirdimi?" deyə əndişələndim və buna görə ağladım. (25:05)
  • İltifatları, təqdirləri, mübaliğəli bəyanları təkərin havası hesab etmək, bir tərəfinə toxunan kimi "fıss" eləyib boşalacaq qədər dəyərsiz saymaq... Bəli, Allahla əlaqəsi olmayan şeylərin qiymət və dəyəri yoxdur. (27:22)
  • Bədiüzzamanın ifadəsi ilə, "Bir dirhəm ixlaslı əməl xalis olmayan batmanlarla (8 kq. yaxın ölçü vahidi) əməldən üstündür". Onun üçün bu xidmətdə əsas məqsəd birbaşa, yalnız və yalnız Haqq Təalanın rizası olmalı; böyük-kiçik hər bir iş Onun xoşnudluğu üçün yerinə yetirilməlidir. (28:52)