Mehdilik iddiaları, kəramət arzusu və qulluğa riza

Fəthullah Gülən: Mehdilik iddiaları, kəramət arzusu və qulluğa riza

Sual: Gözəl yuxulardan, yəqzan və ya kəramətvari hadisələrdən məst olan bəzi möminlərlə yanaşı, İslamı doğru-dürüst yaşamayan, hətta əməlləri televiziya kanallarında nümayiş olunduqca daha da gülünc vəziyyətə düşən bəzi insanlar böyük iddialarla çıxış edir, bəzən eyhamla, bəzən də aşkara qütb, qövs (övliya) və ya Mehdi olduğunu deyir. Həm bu cür iddialar haqda düşüncələrinizi, həm də simaya baxıb ürəkdən keçənləri oxumaq və ölülərin halına vaqif olmaq kimi kəramət arzusu barədə fikirlərinizi bizimlə bölüşə bilərsinizmi?

  • Nə səviyyədə olursa-olsun, qulluq insana baxş edilmiş ən böyük şərəf və ən böyük payədir. Allah-taala mükəmməl kəlamında Rəsuli-Əkrəmi (s.ə.s.) öncə " “عَبْدُهُ” (abduhu)" sözü ilə anır, ardınca gələn " “رَسُولُهُ” (rasuluhu)" kəlməsini də o cümlənin tacı edir. Allah Təala "Yer üzünün ən şərəfli insanı"nı, "Zaman və məkanın yeganəsi"ni meracla məna aləmini şərəfləndirməyə dəvət edərkən " “سُبْحَانَ الَّذِي أَسْرَى بِعَبْدِهِ - (Qulunu (Həzrət Məhəmmədi) bəzi ayələrimizi göstərmək üçün bir gecə Məscidülhəramdan ətrafını bərəkət verdiyimiz Məscidüləqsaya aparan Allah pak və müqəddəsdir" (“İsra” surəsi, 17/1)) xitabının başında “Qul” sözünü işlərədək iltifat göstərmiş və Onun qulluğunun bu üstünlüyünü vurğulamışdır. (01:30)
  • Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) bir vəzifəsi də risalətini elan etməsidir. Məsələn, əgər O, kəlmeyi-tövhidi (lə iləhə illəllah) elan edib onunla birlikdə "Muhammədun Rasulullah" deməsəydi, vəzifəsi natamam qalardı. Ancaq bir insan qütb, qövs, Mehdi olsa belə, bunu elan etmək vəzifəsi yoxdur. Üstəlik həqiqətən Mehdi olamsına dair əlində qəti bir sübut da yoxdur. Hislərində yanılmış, əsl ilə kölgəni bir-birinə qarışdırmış ola bilər. Mehdinin bir şəxs, yoxsa şəxsi-mənəvi olması da şübhəlidir. Demək, mehdilik axtarıb tapılan, tapanda hər kəsə elan edilən bir məqam deyil. Əfsuslar olsun ki, bu gün bəzi insanlar bu məsələyə həddindən artıq əhəmiyyət verir və ortaya böyük iddialar atırlar. (02:38)
  • Səmimi bir mömin qabiliyyətlərini, əldə etdiyi müvəffəqiyyət və məqamları Allah-taalanın neməti bilməli, istidracdan qorxmalı və O, inayətini kəssə, hər şeyin yox olacağını heç vaxt unutmamalıdır. Möminin xilaskar, qütb, qövs və mehdilik düşüncəsini yuxusuna da yaxın qoymamlı, belə şeyləri şeytandan bilməli, həddini bilib sadə qulluğa razı olmalıdır. Çünki insan ancaq bu şəkildə iddiadan, eqoizmdən və mənəm-mənəmlikdən uzaqlaşıb Allah rizasını qazanar. (04:27)
  • Mənim imzam Həzrəti Ustad demişkən "heç əndər heç (heçin heçi)", sizin imzanız da "heç" olsun, özünüzü elə görün! .. (07:02)
  • Hələ Peyğəmbərimizin sağlığında Müseyləmətül-Kəzzab, Tüleyha, Əsvədül-Ansi və Səcah kimi bir çox saxtakar peyğəmbərlik iddiası ilə ortaya atıldığı kimi, hər dövrdə də "Axır zamanda gələn şəxs mənəm!" deyən insanlar peyda olmuşdur. Peyğəmbərimiz əbədi aləmə köçəndən sonra "Mən də Peyğəmbərəm" deyən dəccallar kimi hər dövrdə "Mən Məsihəm", hətta Allah Rəsulu haqqında – haşa − "O, Ərəblərə göndərilmişdi, mən hər kəsə" kimi şeytani iddialarla ortaya çıxan ruhi xəstələr də olmuşdur. Üstəlik Mehdidən bəhs edən hədislərdə "Ali-beytimdən bir adam zühur edəcək, adı adıma uyğun olacaq" ifadəsi keçir, yəni Mehdinin adı Peyğəmbərimizin Məhəmməd, Əhməd kimi adlarından birini daşıyacaq. Buna görə də nə qədər adam sonralar adını dəyişdirmişdir. (08:17)
  • Tarix boyu Rafizi anlayışı bir çox Mehdinin ortaya çıxmasına zəmin hazırlamışdır. Müvahhid dövlətini quranın adı Mehdidir. Əməvi və Abbasilərin hakimiyyəti dövründə meydana gələn bir çox siyasi qrupun rəhbərləri Mehdi olduqlarını iddia etmişlər. Hətta Şimali Afrikada qurulan, daha sonra Misiri də ələ keçirən Şiə Fatimi dövlətinin ilk hökmdarı da Mehdi hesab edilmişdi. Fatimi dövlətinin başına uşaq yaşda bir nəfəri gətirib “peyğəmbər nəvəsidir” deyə o uydurma xilaskarın ətrafında toplanmış və İslam aləminin Səlib yürüyüşləri ilə, ondan əvvəl də Monqol işğalçıları ilə sarsıldığı bir vaxtda müstəqillik dalınca düşüb fitnə və iftiraq çıxarmışlar. Beləliklə, Troya atının içində dövlətə sızan bu insanlar Səlib yürüşlərinə zəmin hazırlayaraq düşmən istilasını asanlaşdırmış, İslama xəyanət edib arxadan zərbə vurmuşlar. Qərmətilər də bu məsələdən sui-istifadə edərək illərlə fitnə və iftiraq salmışlar. Həsən Sabbah da bu cür mehdilərin prototiplərindəndir. (10:30)
  • Yaxın tarixə gəlincə, Somali Mehdisindən Sudanda çıxan böyük Mehdiyə -ki onu İngilislər öldürmüş, sonra yandırmış, külünü də Nilə savurmuşdular, Doktor İqbal ondan bəhs edir − Məsihi-Məvud kimi alqışlanan Bahaullahdan Hind yoqası ilə, meditasiya ilə, ruh gücünü ortaya çıxarmaqla məşğul olub hallüsinasyalar görməyə başlayan, əvvəlcə özünə mücəddid, sonra Mehdiyi-Məvud, İmami-müntəzər və axırda da özünü Məsihi-Məvud elan edən Qulam Əhmədə, ondan da Hindistanın bölünüb parçalanmasına səbəb olan, bir mənada Müsəlmanların böyük dövlət olmasına mane olan insandan həmin axının Amerikaya uzanan qollarına qədər bir çox adam Mehdilik mövzusunu sui-istifadə etmiş və fitnələrə səbəb olmuşdur. (14:00)
  • Yanıma gəlib mehdi olduğunu deyən bir çox insan gördüm. İki misal verim ... (15:10)
  • Hazırda bu kimi iddialarla ortaya çıxanların sayı əvəllki dövrlərə nisbətən daha çoxdur. Ümumən insanlar təmiz niyyətlə yola çıxsalar da, çağdaş nəsillərə düzgün ruhi tərbiyə verilmədiyinə görə, təməl prinsiplər öyrədilmədiyinə görə, xüsusilə rəhbər yoxluğundan əksəriyyət yolunu azır. Demək ki, təkcə sirati-müstəqimə girmək bəs eləmir, əsas olan yarı yolda qalmadan və istiqaməti itirmədən Cənnətə, Camalullaha və Rizvana çatmaqdır. Qula yaraşan təvazökarlıq, məhviyyət və xəcalətdir. Əks halda, Allah eləməsin, müasir Sabbahlardan olmaq ehtimalı da var. (17:10)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Həzrəti Əbu Bəkir, Həzrəti Ömər, Həzrəti Aişə ... özlərini hansı səviyyədə görürdü!.. Kimdir bu insanlar və nələr etmişdilər, özlərini necə görürdülər! .. Mənəviyyat aləminin sultanları – Haqq dostları özlərini adi bir mömin hesab edir, ancaq Allahın inayəti sayəsində doğru yolda olduqlarına səmimi qəlbdən inanır, iddialı sözlərdən uzaq gəzir, ən kiçik qüsurlarını belə həddindən artıq böyüdüb daim göz yaşı tökürdülər. Bizə də yaraşan yüksək təvazökarlıq və xəcalətdir. Allah xatirinə, təvazö və xəcalət! .. Bundan qeyri bütün hislər şeytani vəsvəsə və zəlalətə sürüklənməkdir. (19:23)
  • İmanın hüzurunu kövsər kimi duyub hiss edən həqiqi möminlər "Öləndə hesabı necə verəcəyəm, axirətə necə gedəcəyəm?" qorxusundan tir-tir əsmişlər. Çünki aqibətindən qorxmayın aqibətindən qorxarlar. Dini düzgün anlayan və onu yaşayan səhabeyi-kiram, tabiun və təbeyi-tabiun imanın bəxş etdiyi hüzuru duysalar da, aqibətdən qorxardılar. Abdullah ibn Cahş həzrətlərinin bu mövzuda fikirlərini hər kəs bilir. Tərtəmiz bir mühitdə yetişən və ömrünü ibadətlə keçirən Əsvəd b. Yezid ən-Nəxayi də ölüm ayağında çox qorxur, çox ağlayırdı. Həzrəti Əlqamə yanına girib soruşur: "Bu nədir, niyə ağlayırsan, yoxsa günahlarından qorxursan?" O böyük Haqq dostu: "Xeyr, xeyr, məsələ çox ciddidir. Mən günahdan, ölümdən deyil, küfür içində ölməkdən qorxuram", − deyə cavab verir. Bəli, qorxmayanın aqibətindən qorxarlar, əndişələnməyənin aqibətindən əndişələnərlər. (22:05)
  • Möminliyə oyuncaq kimi baxan, şeytanın fısıltılarına aldanıb özlərini yüksək məqamlarda görənlər, Allah qorusun, şeytanın əlində oyuncağa çevrilmiş bədbəxt insanlardır. (25:18)
  • Bir digər məsələ, qütb, qövs, mehdi olduğunu iddia etməsə belə, əgər bir insan ətrafındakıların hüsnü-zənninə, bu kimi söz-söhbətlərə göz yumur, bu düşüncələrinə səsini çıxarmırsa, bu zəlalətə bir mənada şərik olur. Ağlı başında, Kitabı və sünnəti bilən bir mömin nə belə şeyləri qəbul edər, nə də belə söz-söhbətlərə səssiz qalar. Dediyim kimi, o, belə şeyləri zəlalət sayar, susmağı da dilsiz şeytanlıq qəbul edər. Həzrəti Ustad kimi "Mən özümü bəyənmirəm. Məni bəyənənləri də bəyənmirəm" deyərək təqdir və iltifatlara etirazını açıq şəkildə ortaya qoyar. (26:50)
  • Cənabi-Allahı yaxşı tanıyaq. Ayeyi-təkviniyəni hər gün ələk-vələk edək. "Namazın səcdəsində başım Ərşin sütunlarına toxunar deyə amandı, təmkinli olmalıyam .. bu məsələni bu səviyyədə bilməliyəm".. Allahdan bunu istəyə bilərsiniz. Ancaq: "Allahım, qurban olum .. bəxtinə düşdüm .. mənə qeyri-adi şeylər vermə! Özünü mənə çox yaxşı tanıt. Elə bir ömür yaşat ki, hər an Səni duyum, ürəyim əssin.. baxışlarım bulansın.. gözlərim qaralsın .. Ancaq insanın ürəyini oxumaq, gözlərinə baxıb mənalar çıxarmaq, gələcəkdən xəbər vermək, belə şeyləri istəmirəm .. qurban olum .. bunları istədiyinə ver!" deməli, Allahın Üluhiyyətini bu səviyyədə təsdiq etməliyik. Buna müqabil ciddi übudiyyət göstərməliyik. (30:10)
  • Allaha imanı dəlicəsinə arzulamalı .. mərifətullahı dəlicəsinə istəməli .. məhəbbətullahı dəlicəsinə diləməli .. zövqi-ruhaniyə gəlincə isə, məqsədimiz o olmamalıdır. Əməlimiz Allah üçün, Allahın rizası üçün olmalı və bu əməllərlə İlahi rizadan başqa bir şey ummamalıyıq. Bəli, məqsəd zövqi-ruhani olmamalıdır. “Məktubat”da sıra ilə "imanı-billah, mərifətullah, məhəbbəttullah, zövqi-ruhani" deyə keçsə də, orada nəticədən bəhs edilir. Yəni zövqi-ruhani əməlin məqsədi deyil, səmərəsidir. Əməllər zövqi-ruhani üçün olarsa, qarşılığı və məqsədi zövqi-ruhani olar, əməlin bir dəyəri qalmaz. Çünki Allah Allah olduğu üçün Məbuddur, ibadət edildiyi üçün deyil. Bizim Ona ibadətimiz Onun haqqıdır. Qulluqda nə varsa, Onun haqqıdır. (31:40)
  • Zövqi-ruhani, kəşf və kəramət kimi şeylər Allahın ərmağan və hədiyyələridir. Ancaq insan qətiyyən bunlara bel bağlamamalı, əlini qaldırıb belə şeylər üçün dua etməməlidir. Əgər qeyri-ixtiyari bu kimi şeylərlə qarşılaşsa, sınağa çəkildiyini düşünməli, qətiyyən bununla fəxr etməməli, öz nəfsinə pay çıxarmamalı, özünə bəxş edilən bir lütf kimi nümayiş etdirməməlidir. Bir insanın zövq, vəcd və kəramət kimi şeyləri üstünlük sayması və fəzilətinə görə verilən bir lütf kimi qəbul etməsi məhrumiyyətdir, hüsrandır və yanlışlıqdır. Sırf Allah üçün edilən qulluğu, bu cür ülvi və bərəkətli əməli çox kiçik İlahi hədiyyələrə qurban vermək deməkdir. Başını o hədiyyələrlə qatıb hədiyyə paylayan Cəvvadü-Kərimi unutmaq deməkdir. Halbuki, biz yalnız Allahı istəməli, yalnız Onun rizasını arzulamalıyıq. (32:15)
  • Ustadın "Sünuhat" əsərində verdiyi bir meyara görə, ictimai həyatda hər kəsin görmək və görünmək üçün bir pəncərəsi vardır. Boyu uzun olanlar pəncərədən görünmək üçün əyilirlər, boyu qısa olanlar da görünmək üçün barmaqlarının ucuna qalxırlar. Allah dərgahında həqiqi böyüklüyüngöstəricisi başı aşağı, təvazökar olmaqdır. (34:38)
  • Alqış gözləmək kompleksdir .. gördüyü işlər müqabilində təqdir gözləmək kompleksdir, alçaqlıq hissidir, bu, Allahla irtibatın zəifliyindən xəbər verir. Həzrəti Ustad "Qəbrimi bir-iki tələbəmdən başqa heç kim bilməməli!" deyə vəsiyyət edərək bizə ixlas dərsi verir. Səmimi bir mömin "Sən toxum at get, onu kim yığır yığsın" düşüncəsini özünə şüar seçməlidir. (35:10)