Möminin tətili və dəbdəbəli həyat

Sual: 1) İnsanlar, xüsusilə, yay aylarında tətil planları qurur, tətil barədə düşünürlər. Bəzən də sileyi-rəhmi (qohum-əqrəbaya baş çəkmə) də bəhanə edərək bir neçə aylıq tətil abı-havasına girirlər. Ümumi mənada möminlərin, xüsusi planda da irşad ərənlərin tətil anlayışı necə olmalıdır?

  • Əslində müsəlmanda tətil düşüncəsi olmamalıdır, çünki onun tətili o biri tərəfdə olacaq. Burada tətil edənlər axirətdəki tətil payından istifadə etmiş, onun qiymətini və dəyərini azaltmış olur. (00:55)
  • Cənabi Allah buyurur: "(İşlərini) qurtaran kimi dərhal başqa bir işə başla!" (“İnşirah” surəsi, 94/7)
  • Bu ayə müsəlmana mühüm bir hərəkət fəlsəfəsi və həyat düsturu təqdim edir. Bəli, mömin daim hərəkətdə olmalıdır. İşdə də, istirahətdə də hərəkət .. başqa sözlə, o, iş vaxtını elə tənzimləməlidir ki, həyatında boşluğa yer qalmasın. Düzü, o da bir bəşər olaraq istirahətə ehtiyacı olanda dincəlməlidir, lakin onun istirahəti aktiv istirahət olmalıdır. Məsələn, yazı-pozu ilə məşğul olanlar yorulanda başını yastığa atıb yatmaqla yanaşı, məşğuliyyətini dəyişdirməklə də dincələ bilər: Quran oxuyar, namaz qılar, yüngül idmanla məşğul olar, söhbət məclislərinə baş çəkər və s. Yorulanda da təkrar qayıdar kitabın başına... Xülasə, daim hərəkət, daim bir işi qurtarıb başqa bir işə başlama.. yəni "işləyə-işləyə istirahət, istirahət edə-edə iş" metodu... Möminə yaraşan həyat da məhz budur. (02:30)
  • Əlbəttə, daima eyni işi görmək tədricən insana bezginlik gətirir. Buna yol verməmək üçün imkan daxilində başqa bir yerə getmək, başqa işlə məşğul olmaq faydalıdır. Yeri gəlmişkən, eşqi və şövqü artırmaq, mənəvi əhval-ruhiyyəni yüksəltmək niyyəti ilə ata-babalarımızdan yadigar qalan tarixi abidələrə və Haqqa xidmət məqsədiylə açılan müəssisələrə baş çəkmək olar. Sileyi-rəhmi də bu çərçivədə dəyərləndirmək mümkündür. Beləcə insan həm istirahət etmiş, həm də ruhi-mənəvi gümrahlığını qorumuş olar. Yenə də tətilə və istirahətə vaxt ayıranda ömrün qısalığını nəzərə almaq lazımdır. Əksinə qəfləti artıran və nəfsani arzuları cuşa gətirən yerlərdə dincəlmək ruhun deyil, bədənin istirahətidir. (04:00)
  • Bir mömin üçün ən mühüm işlərdən biri də həccə getmək, ümrə etməkdir. Ancaq insan (fərz ibadəti yerinə yetirmək niyyəti istisna olmaqla) sırf mənən dərinləşmək və dincəlmək niyyəti ilə xidmətini yarıda qoyub getsə, onda da israf etmiş olar, hətta buna görə qınaqla da qarşılana bilər. Ona görə də o mübarək məkanların mənəvi həzzini belə o biri aləmə saxlamalı, ibadəti yerinə yetirər-yetirməz işimizin başına qayıtmalıyıq. Mərhum Sadullah Nutqu buna bənzər bir xəbərdarlıq eşidən kimi dərhal Türkiyəyə qayıtdığını demişdi. (05:15)
  • Dövrdən asılı olaraq, “xidmət” özünəxas keyfiyyəti və üslubu ilə harada varsa və mücadilə harada aparılırsa, orada olmaq və o mübarizədə iştirak etmək lazımdır. Buna görə Həzrəti Pir "Biz orada belə olsaydıq, Türkiyəyə dönməliymişik" deyir. (08:17)
  • Bir möminin tətil düşüncəsi "Allahın sənə verdiyi ilə Axirət yurduna can at. Dünyadakı nəsibini də unutma!" (“Qasas” surəsi, 28/77) bəyanından kənara çıxmamalı, onunla üst-üstə düşməlidir. Bu ayədə Quran "Axirət yurdunu can at" deyəndə "ibtiğa" sözündən istifadə edir ki, bu da "Bütün varlığınla axirətə yönəl və axirətə axirət ağırlığında dəyər ver" deməkdir. Demək ki, bütün imkanları axirət istiqamətində səfərbər etməli, dünya ilə əlaqədar da "nəsibini unutma" prinsipinə sadiq qalmalıyıq. (09:13)
  • Bu il Ramazan ayının tətil vaxtına düşməsi də Cənabi Allahın bir lütfüdür və bunu bir fürsət bilib yaxşıca dəyərləndirməliyik. (13:55)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə buyurur: "Oruc nə qədər ki (sahibi, yəni oruc tutan) onu qırmır, qalxandır." (17:10)

Sual: 2) İmkanların yaxşılaşması ilə paralel olaraq "Allah quluna lütf etdiyi nemətləri(n əlamətini, nişanəsini) onun üstündə görmək istər" hədisi də əsas götürülərək Qurani-Kərimdə "mütrəfin" adlanan insanlara xas həyat tərzi geniş yayılmağa başlamışdır. Neməti izhar etməklə (öz üstündə göstərmək) “mütrəf”lik arasında tarazlıq hansı əsaslara bağlıdır? (18:15)

  • Allah Rəsulu (s.ə.s.) buyurur: "Yeyin, için, sədəqə verin və geyinin. Ancaq kibirlənməyin (təkəbbürlənməyin) və israf etməyin. Həqiqətən, Allah (cəllə cəlaluhu) nemətini qulun üstündə görmək istər." (Buxari, Libas 1; İbnu Macə, Libas 23.) (17:42)
  • Sözügedən hədis ümumi mənada Cənabi Haqqın hər bir nemətini Onun rizası istiqamətində sərf etmək, xüsusi planda da mal-mülk yığmaq, imkan ola-ola başqalarına əl açmaq və kənz (malın müəyyən əllərdə toplanması), möhtəkirlik kimi işlərdən çəkinmək zərurətindən bəhs edir. İslam israfçılıqla xəsislik arasında orta yolu göstərmiş, nemətin qədrini bilib şükür etməyin vacibliyini öyrətmiş, şükrün tərifini də "bəxş edilən duyğu, düşüncə, əzalardan yaradılış məqsədinə uyğun istifadə etmək" şəklində vermişdir. Beləliklə, möminlər bir tərəfdən israfçılıqdan uzaq olmalı, digər tərəfdən də heç vaxt xəsislik etməməli, qənaətcil olmalı, eyni zamanda infaq etməyə can atmalı və bəxş edilən bütün nemətləri Cənabi Haqqın rizasına çatmaq üçün bir vəsilə saymalıdır. (18:55)
  • İslam həm yemək-içmək, geyim-kecim, minik vasitəsi, ev-eşik və məişət əşyaları kimi maddi ehtiyacların təmin edilməsində, həm də hər bir ruzidən istifadədə israfçılığa yol verməməyi və orta yoldan çıxmamağı əmr edir; bədxərclik xəstəliyindən, təmtəraq ehtirasından və dəbdəbə axtarışından qaynaqlanan hər cür israfı qadağan etmişdir. Beləliklə, "səvadi-əzəm"in (sırati-müstəqimdə olan əksəriyyətin) güzəranı, məişəti necədirsə, ona müvafiq hərəkət etmək, o cür geyinmək, yemək və içmək əsasdır. (19:20)
  • Qurani-Kərim yeməkdə-içməkdə, yatmaqda-qalxmaqda həddən artıq aristokratlıq edən, şan-şöhrət, vəzifə, rifah və iqtidardan istədiyi qədər yararlanan, tədricən yolundan çıxıb həyasını itirənləri "mütrəfin" adlandıraraq onların həlakına gətirib çıxaran amilləri göz önünə sərmişdir. İlahi qəzəbə tuş gələn bölgələrdə mütrəfinlərin hökm etdiyini və yeganə qayəsi yemək-içmək, dəbdəbəli həyat və əyləncə olan bu insanların ilahi xəbərdarlığa (qəzəbə) səbəb olduğunu diqqətə çatdırmışdır. (20:50)
  • Hər şeyi dünyada sağa-sola sovuran "mütrəfin" "Siz dünya həyatınızda pak nemətlərinizi sərf edib qurtardınız və onlardan zövq aldınız" (“Əhqaf” surəsi, 46/20) qınağına tuş gələr və axirətin nemətlərini dünyada yeyib qurtararaq o biri tərəfə əliboş gedib acınacaqlı aqibətlə üzləşə bilərlər. Bu ayə kafirlər barədə nazil olsa da, Həzrəti Əbu Zərr və Ömər ibn Əbdüləziz kimi böyüklər belə bir aqibətə düçar olmaqdan qorxmuş və çox təmkinli hərəkət etmişlər. (21:30)
  • Qurani-Kərim mütrəfinin bir xüsusiyyətini də nəzərə çatdırır: "O kəslər ki, bilə-bilə dünyanı axirətdən üstün tutur..." (“İbrahim” surəsi, 14/3). Həzrəti Ustad sözügedən ayənin bu dövrü də təsvir etdiyini deyir: "Bu əsrin bir xüsusiyyəti də odur ki, bilə-bilə dünya həyatını əbədi həyatdan üstün tuturlar. Yəni bir şüşə parçasını göz görə-görə əbədi almazlardan üstün tutmaq bir qaydaya çevrilmişdir. "(23:50)
  • İslam varlı-kasıb tarazlığını qoruyub cəmiyyəti tənzim edən bir çox prinsiplərə malikdir. Məsələn, zəkat, sədəqə, qurban, kəffarə, hibə, qərzi-həsən və s. Tarix şahiddir ki, bu əsasların işlək olduğu dövrlərdə indiki kimi nə ictimai təbəqələr arasında uçurum, nə də kin və nifrət vardı. Çünki müsəlmanlar, belə demək mümkünsə, özlərini Allahın məmurları sayır, vaxtlı-vaxtında zəkatlarını, lazım gələndə də sədəqələrini imkansızlara əl və könül açıqlığı ilə paylayırdılar. Buna görə də bir yanda bir təbəqənin var-dövlət və firavanlıq içində üzməsi, o biri yanda isə digər zümrənin yoxsulluq və aclıq içində qıvrılması kimi hallar (əsl) müsəlman cəmiyyətinə yaddır (ziddir). Digər tərəfdən hansı cəmiyyətdə mütrəfin çox olub, orada həmişə siniflərarası qarşıdurmalar və ictimai inqilablar baş vermişdir. (24:55)
  • Dövlət və millətlərin süqut səbəblərini sıralayan Qurani-Kərim əksər yerdə bir "mütrəfin" zümrəsinin olmasından, yəni firavan yaşayan, əndazədən çıxmış aristokrat təbəqədən bəhs edir ki, belələri axirəti tamam yaddan çıxarmış, zövqü-səfadan başqa bir şey düşünməyən, cismani arzu və ehtiraslarının əsirinə çevrilmiş insanlardır. Belə bir cəmiyyətin tənəzzülü qaçılmazdır. Təəssüflər olsun ki, bizim tariximiz də bu bədbəxtlər və bu kimi bədbəxtliklərdən xali olmamışdır. O halda bu gün "Zövqə dalmaq bir yana dursun, vaxtımız yox matəmə! / Tərpənin, çünki rüsvay olduq bütün bir aləmə" (M. Akif) düşüncəsi ilə hərəkət etməliyik. (30:15)
  • Rahat həyata düşkünlük və dəbdəbə ehtirası hər insanı özünə əsir edə bilər, odur ki, daima ehtiyatlı olmalıyıq. Allah Rəsulu və Həzrəti Əbu Bəkir kimi yaxın dostları ən kasıb yaşayan insanlardı. Üstəlik bu həyatı özləri seçmişdilər. İstəsəydilər, bolluq içində yaşaya, hamıdan çox var-dövlətə sahib ola bilərdilər. Belə ki, Rəsuli-Əkrəm təkcə özünə gələn hədiyyələri paylamayıb yığsaydı, dövrünün ən varlı insanlarından olardı, ancaq O, bunu heç ağlına da gətirmədi. Ümmətini halal qazancla zəngin olmağa təşviq etdi, özü isə həm qiyamətə qədər bütün irşad ərənlərinə örnək olmaq, həm də axirət nemətlərini əbədi aləmə saxlamaq üçün kasıb və zahidanə həyata üstünlük verdi. Hər bir mömin qənaəti və göz-könül toxluğunu özünə həyat düsturu seçməli, xüsusən də, adanmış ruhlar yemək-içmək, geyim-kecim, ev-eşik, minik və məişət əşyaları kimi bütün ehtiyaclarını zərurət prinsipi əsasında təmin etməli və hər məsələdə sadəliyə üstünlük verməlidir. Əks halda əhli-dünyanın minnətini götürüb onların qul-köləsinə çevrilə bilərlər. (34:28)
  • Yaşama ehtirası olan yerdə yaşatma mücadiləsi yarımçıq qalar. Özünüzü yaşamağın şirin qoynuna atsanız, yaşatma idealınızı itirərsiniz. (36:40)
  • Bu gün də zövqə düşkünlüyə, rahat həyat arzusuna və dəbdəbə ehtirasına aldanıb yolundan dönən xidmət mürtədləri, əməl mürtədləri və ya əqidə mürtədlərinin çıxması mümkündür. Nə irtidad, nə də bu kimi dindən dönmə hadisələri təkcə tarixə xas deyil, daim təkrar olunur. Ancaq belələri bir meydan sulasalar da, vaxt gələcək, əməlləriylə birlikdə bir-bir həyat səhnəsindən silinib gedəcək, yalnız O və Onun yoluna sadiq dostları qalacaq. Bu ayə həmin həqiqəti özündə əks etdirir: "Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allahın lütfü boldur, (O, hər şeyi) biləndir!" (“Maidə” surəsi, 5/54) (37:00)
  • Cənabi Allah dinini daima "cədid", mənən sönməmiş, köhnəlməmiş, paslanmamış, qəlbən ölməmiş, daim təravətli və ruhən gümrah insanlara təmsil etdirir. Odur ki, Qurani-Kərimdə iki yerdə: "Əgər (Allah) istəsə, sizi yox edib yerinizə cədid bir qövm gətirər" (“İbrahim” surəsi, 14/19; Fatir surəsi, 35/16) buyurur. Ayədə keçən "cədid bir qövm" ifadəsini “dini dirçəltmək üçün ilk dəfə tarix səhnəsinə çıxan yeni bir qövm” şəklində də, köhnəlməmiş, ölgünləşməmiş, ətalət basmamış, dinin özünəxas təravətini dərindən hiss edən Haqqa adanmış ruhlar və həyəcan dolu insanlar kimi də başa düşmək olar. (41:16)