Fəzilət əhlinin dörd nişanəsi

Sual: Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) belə buyurur:

أَفْضَلُ الْفَضَائِلِ أَنْ تَصِلَ مَنْ قَطَعَكَ وَتُعْطِيَ مَنْ مَنَعَكَ وَتَصْفَحَ عَمَّنْ شَتَمَكَ (وَتَعْفُو عَمَّنْ ظَلَمَك

"Ən üstün fəzilət: qohumluq və dostluq bağlarını kəsənlə əlaqə saxlamaq, əl uzatmayana yaxşılıq etmək, söyüb təhqir edənə səbir etmək və (bir rəvayətdə də) zülm edəni bağışlamaqdır."(Əhməd b. Hənbəl, Müsnəd, III, 438) Bu hədisi-şərif hansı həqiqətləri ehtiva edir və bizə nəyi öyrədir?

  • Fəzilət yüksək məziyyətə, xeyirxahlığa, elmə, imana və ürfana malik olma, dini və əxlaqi qaydalara kamil mənada riayət etmə və gözəl əxlaqa yiyələnmə deməkdir. "Fəzilət" kəlməsi artmaq, çoxalmaq, üstün olmaq, üstünlük və ehsan mənalarına gələn “fəzl” sözündən törəmişdir ki, bu baxımdan da hər şeyin çoxuna malik olmaq kimi bir qəhrəmanlığın ünvanıdır. Müasir dövrdə bu sözün yerinə "ərdəm" kəlməsini istifadə etsələr də, fəzilət məna etibarilə ərdəmdən daha əhatəlidir. Sözügedən hədisi-şərifdə Peyğəmbərimiz (əleyhi əkməlüttəhaya) ən üstün fəzilət kimi dörd məziyyətə diqqət çəkir: (01:13)
  • 1. Qohumluq və dostluq bağlarını kəsənlə əlaqə saxlamaq. "Silei-rəhm" başda qohum və yaxınlar olmaqla dost-tanışlara baş çəkmə, hal-əhval tutma, onların sevindirmə və əlaqəni kəsməmə deməkdir. Silei-rəhm şirindilli, gülərüzlü olmaqdan salamlaşmağa, hal-əhval tutmaqdan insanların yaxşılığını istəməyə, onlara baş çəkməkdən kömək etməyə, dərdlərinə şərik olmaqdan maddi yardım etməyə qədər bir çox xeyirxah əməlləri ehtiva edir. Xüsusilə indiki vaxtda bu cür xeyirxahlıqlar, demək olar ki, unudulub, qohumluq əlaqələri tamamən kəsilib. Fəzilətli insanlar ana-atadan başlayaraq nənə-babaya, əmi-bibiyə, dayı-xalaya silei-rəhm etməyə borclu olduğunu bilməli, üstəlik əlaqələri kəsənlərlə belə əlaqə saxlamaq üçün yollar axtarıb tapmağa çalışmalıdır. (02:00)
  • 2. Əl uzatmayana yaxşılıq etmək. Fəzilətli insan hər kəsə səxavətli olar. Allahın verdiyi bütün nemətləri hər kəslə bölüşməyə çalışar. O, heç kimin xəsisliyinə məhəl qoymadan təmənnasız mal-mülkündən keçib insanlara hər cür kömək edər, onlara qayğı göstərib təqdir və təbrikini əskik etməz, təbəssümdən hədiyyəyə qədər heç bir yaxşılığı onlardan əsirgəməz. (03:47)

  • Bir gün mələklər Cənabi-Allaha Xəlilullah kimi tanıdıqları Həzrəti İbrahimin var-dövləti barədə soruşur, peyğəmbərliklə zənginliyin necə üst-üstə düşdüyünü öyrənmək istəyirlər. Onların məqsədi ‒ haşa ‒ etiraz etmək deyil, məsələnin hikmətini öyrənməkdi. Mələklər Allahın izni ilə Həzrəti İbrahimə baş çəkirlər. Uzun yoldan gələn, saçı-saqqalı bir-birinə qarışan, üstü-başı toz-torpaq içində olan bir qonaq libasında İbrahim Nəbinin yanına gəlir və yavaşca "Subbuhun Quddusun Rabbul-məlaikəti vər-ruh" ‒ deyirlər. Qəlbi məna aləminə aşina olan İbrahim Əleyhissalam Cənabi-Allahı təsbeh və təqdis etmək üçün çox gözəl seçilmiş bu sözləri və onların səsindəki lahutiliyi eşidəndə hədsiz sevinir, "Aman Allah, bu, nə gözəl sözdür!" deyə heyranlığını dilə gətirir və "Sərvətimin üçdə biri sizin olsun, o təsbehi bir də deyin!" deyir. Mələklər, özünəxas səs ahəngi ilə təsbehi təkrar edir. Bu sözün dərinliyi Allahla münasibət etibarilə təsbehə, təzimə və vəhyə aşina olan Xəlilurrəhmanın ruhunu ehtizaza gətirir. Təsbehi təkrar eşitmək üçün var-dövlətin hamısını verməyə razı olur. Nəhayət, mələklərə "Madam ki siz mənə bu təsbehi dinlədib öyrətdiniz, artıq mən də sizə kölə oldum!" deyir. (05:00)

    Təmənnasız vermək və gözlədiyimizi görə bilmədiyimiz insanlara belə xeyirxahlıq etmək ilahi əxlaqdır. Bir mənqibədə Həzrəti İbrahim (əleyhissalam) yanına gələnlərə inanıb-inanmadıqlarını soruşur; inananlara süfrə açır, inanmayanları da əliboş geri qaytarır. Cənabi-Allah "Ey İbrahim, onlar illərdir Məni inkar edir, Zatıma şərik qoşurlar. Amma Mən heç vaxt onların ruzilərini kəsməmişəm!" deyərək bu həqiqəti Həzrəti Xəlilə xatırladır. (07:00)
  • 3. Söyüb təhqir edənə səbir etmək. Bir nəfər Mövlana Cəlaləddin Rumi həzrətlərinə "Sən Xristianlara qucaq açır, Yəhudilərlə görüşür, günahkarlara belə "gəl" deyir, əyyaşa əl uzadırsan... İslamın izzətinə xələl gətirirsən, şərəfini ayaq altına atırsan. Sən dinsizin birisən, səni Cəhənnəm də qəbul etməz!.." deyərək onu təhqir edir. Həzrəti Mövlana isə ona yalnız "Sən də gəl, sənə də ürəyim açıqdır!" deyə cavab verir. (08:16)

    Söyüş və həqarət söyüş və həqarətə zəmin hazırlamaqdır. Quran belə buyurur: "Onların Allahdan başqa yalvardıqları ilahları təhqir edib söyməyin ki, onlar da cahillik edərək hədlərini aşıb Allaha həqarət etməsinlər!" (“Ənam” surəsi, 6/108). Bəli, möminin vəzifəsi çirkin sözlər danışmamaq, nalayiq ifadələr işlətməmək və heç kimi rəncidə etməməkdir. (10:50)

    Peyğəmbərimiz də (sallallahu əleyhi və səlləm) bir insanın öz ana-atasına söyməsinin böyük günah olduğunu bildirmiş, bunu "Adam heç ana-atasına söyər?" deyə təəccüblə qarşılayanlara da belə cavab vermişdir: "Bəli, sən bir nəfərin atasına söyərsən, (nalayiq sözlər deyər), o da qayıdıb sənin atana söyər; sən birinin anasına söyərsən, o da sənin anana söyər" (Buxari, Ədəb 4). (11:55)
  • 4. (Sənə) zülm edəni bağışlamaq. Əfv etmək ilahi əxlaqın bir dərinliyidir. Cənabi-Allah günahkar qullarını bu dünyada dərhal cəzalandırmaz, üstəlik, şirk istisna olmaqla, tövbə edənləri də ümid edirik ki, əfv edər. Biz də o Rəhməti Sonsuzdan nöqsan və qüsurlarımızı bağışlayaraq günahlarımızı əfv etməsini diləyirik. Madam ki, Ondan özümüz üçün əfv diləyirik və madam "Allahın əxlaqı ilə əxlaqlanmaq" mühüm bir əsasdır, elə isə qüsurlarının faş olmasını istəməyən, xətalarına müsamihə ilə baxılmasını diləyən və axirətdə əfv fərmanı almağı ümid edən biz möminlər də ilahi əxlaqa riayət edib insanları bağışlamalı, kin, nifrət hislərindən uzaq durmalıyıq. (12:55)

    Möminlər xətaları böyütməməli, əldən gəldiyi qədər qüsurların üstünü örtməli və ən ağır qəbahətləri belə bağışlamalıdırlar. Lakin heç bir mömin Allah hüququnu tapdalayanlar, dinə və dindara düşmənçilik edənlər barədə "Mən hər şeyi bağışladım, Allahım, Sən də bağışla" deyə bilməz. Ömür boyu Allahı inkar edən, dinə təhqir edən, İnsanlığın İftixarının əleyhinə nalayiq sözlər deyən, Qurana dil uzadan bir insan üçün əfv diləmək heç kimin həddi deyil, bu, ilk növbədə Allaha hörmətsizlikdir. Möminlər yalnız "Mən digər haqları haqq sahiblərinə həvalə edərək öz haqqımdan imtina edirəm" deyə bilərlər. (13:03)

Çay söhbətində həqiqət damlaları…(14:06)

  • Həzrəti Əbu Bəkir Həzrəti Ruhu-Seyyidil-Ənam Peyğəmbərimizdən (əleyhi əlfü əlfi salətin və saləm) o qədər təqdir, iltifat və müjdə almasına baxmayaraq, iddiasız yaşamış, sadə qulluğa üstünlük vermiş və özünü həmişə möminlər içində ən axırıncı sırada saymışdır. Həzrəti Siddiqin "Cud bi lütfikə ya İlahi mən ləhu zadün qalil / Müflisün bissidqi yəti ində babikə ya Cəlil!.." misraları ilə başlayan minacatı onun ruh aləmini çox gözəl əks etdirir: "Allahım, zahirəsi (bir yerdə istifadə olunmaq üçün götürülən azuqə) azalan bu quluna lütfü-kərəmindən bol-bol nemət ver, müflisləşmiş olsa da, sədaqətlə qapına gəlmişdir, mərhəmətinlə böyüklüyünü göstər! Bəli, o günahı çox zavallı bir bəndə, Səndən başqa kimsəsi olmayan bir qəribdir. Sən böyük günahlarını bağışla və bu biçarəni sevindir. Ondan üsyanlar, xətalar, Səndən isə fəzlü-ehsan və ətalar, bu qul artıq nə desin, qapında necə inləməsin: “Rəbbim, günahlarım səhrada qum, hansını deyim, mənimlə o gözəl müsamihənlə rəftar et və məni bağışla, bütün günahlarımı əfv et nə olar!" Bəli, bu ürəkyaxan misralarla edilən təzərrö və niyaz Həzrəti Əbu Bəkrin insanlıq səmasında ən yüksək yerlərdən birini tutsa da, heç bir payə, məqam  iddiasında olmadığını, hədsiz məhviyyətlə yaşadığını, ilahi inayət olmadan, Nəbinin şəfaət əli yetişmədən Cənnətə girə bilməməkdən əndişələndiyini göstərir. Həzrəti Ömər, Həzrəti Osman və Həzrəti Əli kimi əshabi-kiramın (radiyallahu anhum əcmain) məna aləmi belə idi: Yüksək bir himmət, idealla zirvələrə qanad açmaq, lakin daim özünü sadə bir qul saymaq. (20:46)
  • Həzrəti Ömərin (radiyallahu anh) dövründə böyük bir qıtlıq baş verir. Vəziyyət o həddə çatır ki,  insanların aclıqdan ölməməsi üçün qida nizamnaməsi hazırlanır və hər kəsə müəyyən miqdarda qida paylanır. Ömrü sadəlik içində keçən Böyük Xəlifə həmin nizamnaməyə daha həssas riayət edir. Qıtlıq günlərində dilinə ət, balıq və s. kimi şeylər dəymir, hətta müsibəti özündən bilir və "Allahım! Mənim günahlarımın ucbatından Məhəmməd ümmətini aclıqla həlak etmə!.." deyə dua edir. Həzrəti Ömərin yanından ayrılmayan Həzrəti Əsləm deyir ki: “Əgər qıtlıq bir az da uzansaydı, Möminlərin Əmiri kədərindən öləcəkdi!.. Onu çox vaxt səcdədə görürdüm, gizli-açıq, səsli-səssiz dua edib ağlayırdı. Bəzən hönkürtü ilə "Allahım! Quraqlıq və qıtlıq, yəqin, mənim günahlarım üzündən baş verir. Nə olar, mənim ucbatımdan Ümməti-Məhəmmədi həlak etmə" deyə inildəyir və hüznündən tir-tir əsirdi. (21:57)
  • Həzrəti Əlinin (kərrəmallahu vəchəhu) “əl-Qulubüd-Daria”da da yer alan Qəsideyi- Məcdiyyəsində keçən bu sözlər onun özü barədə düşüncələrini çox gözəl əks etdirir:

    إِلَـهِي لَئِنْ لَمْ تَعْفُ عَنْ غَيْرِ مُـحْسِنٍ
    فَمَنْ لِمُسِيءٍ فِي الْـهَوَى يَتَمَتَّعُ


    "Allahım, əgər Sən əhli-ihsandan başqasını əfv etməyəcəksənsə, (mənim kimi) nəfsin istəklərinə dalmış büdrəyə-büdrəyə yol gedən günahkarlara kim mərhəmət göstərəcək, onların üzünü kim güldürəcək!.." (23:12)
  • Qövsi necə də gözəl söyləyir:
    "Sən təcəlli etməzsən pərdədə mən var ikən,
    Şərti-izharı-vücudundur adim olmaq mənə..."
    (24:45)
  • Bir insan "Yaxşı bir yerdə xidmət edirəm" deyə illah da özünə bir fəzilət payı çıxarmamalıdır. Əksinə insan bütün bunların Allahın neməti olduğunu bilməli və buna əsasən hərəkət etməlidir. Çünki başlanğıcda verilən nemətin əbədi olması barədə heç kimin zəmanəti yoxdur. Buna görə də, bu böyük nemətin kəsilməməsi üçün insan gərək həmişə dualarla Allaha yalvarsın. Üstəlik insan verilən nemətin istidrac olmasından qorxmalı və bunun üçün daim Cənabi-Allaha sığınmalıdır. Ondan uzaqlaşdıran hər şeydən tir-tir əsməli və bu cür təmkin və təyəqqüz anlayışı ilə yaşamalıdır. Bəli, indi çox mühüm və çox parlaq xidmətlərin başında ola bilərik. Ancaq heç birimiz müzəqqa, yəni təzkiyeyi-nəfsə müvəffəq deyilik, demək ki, özümüzü "Allah bu dini facirlə də (günahkar) gücləndirər" (Buxari, Cihad 182) hədisi-şərifində keçən o racülü-facirdən bilməliyik. Şübhəsiz, başqası haqqında belə düşünmək doğru deyil. Ancaq hər insan gərək özü haqqında belə düşünsün və son nəfəsinə qədər heç vaxt unutmasın ki, bütün bu gözəlliklərin həqiqi sahibi Cənabi-Allahdır. (27:00)
  • Dünya təmsil qəhrəmanlarını gözləyir. İnsanlıq Qurani-Kərimə, ondan da çox canlı Quranlara möhtacdır. Quran var, o, həmişə başımızın tacıdır.. əsas məsələ İnsanlığın İftixarının təmsil etməkdir... Həzrəti Ustad da buna diqqət çəkir: "Əgər biz İslam əxlaqının və iman həqiqətlərinin kamilliyini əməllərimizlə göstərsək, digər din mənsubları, əlbəttə, İslamiyyəti qəbul edəcəklər, hətta yer kürəsinin bəzi qitələri və dövlətləri də İslamiyyətə daxil olacaqlar". (30:00)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.