Gül və bülbül

Fəthullah Gülən: Gül və bülbül

  • “Allahım! Bizi Səndən uzaqlaşdıran və Sənsizliyə məhkum edən bütün nəfsani arzu-istəklərdən qoru”. Budur bizim sözümüz. Ola bilsin, bu sözlə Cənabi-Allahın bizi arındırması arasındaki əlaqəni tam şəkildə qavramırıq. Onsuz Onun əltafi-sübhaniyəsi ilə (nöqsandan sonsuzca uzaq olan Allahın lütfləri, ehsanları) ibadətlərimiz arasında heç vaxt bir əlaqə olmayıb?! Nə vermişik ki, O bizi insan olaraq yaradıb? Nə vermişik ki, əvəzində O bizə düşünmə qabiliyyətini verib? Nə vermişik ki, mömin olmuşuq? Ümməti-Məhəmməddən (sallallahu aleyhi və səlləm) olmaq üçün nə vermişik? İnsanlığın İftixarı Peyğəmbərimizin “Qardaşlarıma salam!..” deyə səsləndiyi bəxtəvərlər arasında yer almaq, boyunduruğun yerə qoyulduğu bir dövrdə dünyaya gəlmək və o boyunduruğu təkrar qaldırma şüuruna vaqif olmaq üçün nə vermişik?
  • Bu, insanların sınağı keçməklə keçməmək arasında dayandığı bir məqamdır. Buna biz “dönüş nöqtəsi” deyirik. İnsan ya imtahanı qazanacaq, ya da qazanmayacaq. Axırzamanda boyunduruğun yerə qoyulduğu və hamıdan ümidin kəsildiyi bir dövrdə (imtahanı) qazanmaqla qazanmamaq arasında incə bir pərdə vardır. Bu dönüş nöqtəsində düzgün qərar vermək lazımdır, bu imtahanı qazanmağa çalışmaq lazımdır.

Əlayi-illiyun və əsfəli-safilin arasında dayanan insan

  • İnsanın əlayi-illiyuna yüksəlmə imkanı ola-ola, onun işıqları gözümüzü qamaşdırdığı halda gedib əsfəli-safilinə yuvarlanması... Allah belə bir aqibətdən bizi qorusun. Ona görə də, Cənabi-Allahın qoyduğu qanunlara, hərfiyən riayət edərək, olduğu kimi əməl etmək lazımdır.
  • “Tin” surəsində keçən: “Biz insanı ən gözəl biçimdə yaratdıq! Sonra da onu qaytarıb əsfəli-safilinə atdıq!” (“Tin” surəsi, 95/4-5) məallı ayədə göstərildiyi kimi, insan oğlu zahiri və batini istedad və qabiliyiyyətləri, Allah-taalanın bəxş etdiyi gözəllərdən gözəl surəti, əngin vicdanı, zəngin mahiyyəti ilə əhsəni-təqvim abidəsidir. Ancaq o ona əmanət edilən insan mahiyyətini layiqincə qorumaz, zahiri-batini hislərini məqsədyönlü istifadə etməz / edə bilməzsə, dini və dünyəvi işlərdə Haqqın rizasını məqsəd tutub mümkün qədər fitnə-fəsaddan uzaq durmaz və başda insanlar olmaqla hər kəsə və hər şeyə həssas davranmazsa, yeri əlayi-illiyun ola-ola, şaki kimi əsfəli-safilinə yuvarlanar.
  • Cənabi-Allah: “Yalnız iman gətirib yaxşı əməllər edənlərdən başqa! Onları (saysız-hesabsız) mükafat gözləyir” (“Tin” surəsi, 95/6) buyurur. Bəli, ürəkdən Allaha iman edən, imanını izana (təslim olub itaət etmək), onu da yəqinə (şəkk-sübhəsiz inanmaq) yüksəldən... üstəlik imanını təbiətinə nəqş etmək üçün əməldən/aksiyondan qalmayan, nəqş etdikcə nəqş edən, nəqş etdikcə nəqş edən, nəqş etdikcə nəqş edən insanlardan başqa... Onlara sonsuz mükafat vardır.

Çətinliklər, arzular və təhlükəsiz yol

  • İbadətləri qeyri-ixtiyari şəkildə yerinə yetirmək bizim məqsədimiz olmalıdır. Bu məqsədə çatarsaq, işimiz müəyyən qədər asanlaşmış olacaq.
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurur: “Cənnətin dörd ətrafı nəfsin xoşuna gəlməyən şeylərlə əhatələnib, Cəhənnəm isə (cismani arzu-istəkləri oyadan) şəhvətlə...” Bəli, Cənnət məkareh, insan təbiətinə zidd, ağır və çətin şeylərlə əhatələnmişdir. Bu tikanlı tarlalardan keçmədən mənzilə çatmaq mümkün deyil. Cəhənnəmə gələndə isə, o da cismani, bəşəri və nəfsani hislərlə, şəhvətlərlə, həvaü-həvəslə, heyvani duyğularla, yeməklə, içməklə, qulaq üstündə yatmaqla və dünyanı əbədi sanmaqla əhatələnmişdir.
  • Cənabi-Allah üləmanı ucaltmış və buyurmuşdur: “Allahdan Öz bəndələri içərisində ancaq alimlər layiqli şəkildə qorxar” (“Fatir” surəsi, 35/28). Allahdan həqiqətən xəşyət duyan və ürpərərək Onu yad edənlər bəzi üləmalardır. Hər teoloq, hər ilahiyyatçı, hər alim deyil, fikirlərini vəhyin süzgəcindən keçirən, üluhiyyətə hədsiz ehtiram göstərən alimlər. Allahı həqiqətən tanıyan, təhlükəsiz yolu, təhlükəli yoldan seçməyi bacaranlar, məhz bu alimlərdir.

Əsl bülbül tikan üstündə belə gülüstan nəğməri ötəndir

  • “Bir bağ ki, görməzsə tərbiyə, tumar / Çalı-çırpı sarar, xaristan olar” (Həvayi). Bağa hökmən qayğı göstərmək lazımdır: şumlamaq, alaqlardan təmizləmək, sulamaq lazımdır... Ancaq o zaman işə yaramayan və zahirən məhsuldarlığını itirən qupquru torpaqlar – cahiliyyə səhraları İnsanlığın İftixarı Peyğəmbərimizin əli ilə gülüstana çevrildiyi kimi – gülüstana dönər.
  • Əsl bülbül tikanlar üstündə belə gül eşqi ilə nəğmələr söyləyən, nəğmələr söyləyib göz yaşı tökən bülbüldür. Gülün budağına qonub ləçəklərinə baxaraq ağlamağı hər bülbül bacarar. Əsas olan tikanların üstündə ahu-fəğan etmək, göz yaşı tökmək və “Allahım, buralar nə vaxt gülüstana dönər?” dərdi ilə inildəməkdir.
  • Dünya tarixində səadət əsrindən daha zövqlü, daha nəşəli, daha ürəkaçan, daha ürəyə inşirah verən başqa bir zaman kəsimi yoxdur. Şübhəsiz, İnsanlığın İftixarı Peyğəmbərimizin sayəsində!.. İnsanlığın İftixarının dünyaya təşrif gətirməsindən əvvəl ora o dərəcə çirkin idi ki, oxşarına rastlamaq mümkün deyil. Vəhşət dizə qədər deyil, göbəyə qədər deyil, boğaza qədər idi. Rəzillik boğazadək, asilik boğazadək, məntiqsizlik boğazadək, mühakiməsizlik boğazadək idi. Bütün insani keyfiyyətlərini itirən bu insanlar oranı tikan tarlasına çevirmişdi. O (aleyhissalatu vəssalam) tarlanı tikanlardan təmizləyərək, bəlkə də o tikanları calaq etməklə, bir mənada onları gül kollarına çevirmişdir. Onun əlində, Onun boyası ilə, Onun fırçası sayəsində bir vaxtlar insanı ürpərtən, hətta şeytanların belə diksindiyi bu cəmiyyət mələklərin həsəd apardığı cəmiyyət halına gəlmişdir.
  • Həzrəti Mövlana deyir: “Bəzən mələklər bizim halımıza, nəzakət və nəzahətimizə (paklığımıza) baxıb həsəd aparırlar. Bəzən də şeytanlar bizim hərəkət və davranışlarımızı görüb bizdən diksinirlər”.

Bu xaristan da gülüstana çevrilə bilər

  • Qətiyyən ümidsiz olmamalıyıq. Bəzi insanların hərəkət və davranışlarından şeytanların belə diksindiyi bir dövrdə yaşasaq da, xaristanlar birdən-birə gülüstana çevrilə bilər. Allahın izni ilə payız fəslində bir də görərsən ki, bahar qədəm basıb, gözəlliyi insanların ürəyinə inşirah verir və hamı təpədən dırnağadək bütün zərrələrində onun ab-havasını duyur. İnsanlığın İftixarı Peyğəmbərimiz o vəhşət dövründəki tikanları gül kollarına çeviribsə, demək, Allahın izni ilə bu mümkündür. Bir yerdə bir şey baş veribsə, demək mümkünlüyü təsdiq edilib. Bir fərqlə ki, o dövr bütün dövrlər üçün nümunə xarakteri daşıyır. Çünki o Şəxs xüsusi keyfiyyətlərə malik məxsusi olaraq göndərilən bir insan idi. Onun ortaya qoyduğu əsaslar məşəl olub yolunuzu işıqlandıracaq. O yanan bir məşəl qoyub gedərək bir mənada sizə “əgər məşəliniz yoxsa, şamlarla, fanarlarla bu yola davam edin” demək istəyir. Allahın izni ilə xaristanlar bostana və gülüstana çevrilər. Tə ki bağbansız qalmasın.
  • Ağılların pozulduğu, dillərin gəvəzəlik etdiyi, insanların dayanmadan günah işlədiyi bir dövrdə, əgər “illah da sağsağan səsinə sağsağan səsi ilə cavab verək” desəniz, ortaya sağsağan xoru çıxar. Yaxşısı odur ki, bir yerdə sağsağan ötürsə, o səsə bir səs qoşuylacaqsa, o səs bülbül səsi olsun, beləcə onların təsir gücünü azaltsın.

Siz doğru yoldasınızsa, sizə kimsə zərər verə bilməz!..

  • Sözlərinə, əməllərinə müqabil eyni ədəbsizliyi edərək, eyni səviyyəsizliyə düşərək eyni şəkildə cavab vermək doğru deyil. Onsuz sizin lüğətinizdə, ağlınızda, beyninizdə bu qədər yalana, bu qədər iftiraya, bu qədər ədəbsizliyə söz hanı?! Əgər onlarla bu məsələdə yarışsanız, özünüzə hörmətsizlik etmiş olarsınız.
  • Qurani-Kərim buyurur: “Ey iman gətirənlər! Siz özünüzü düzəldin. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər. Hamınızın axır dönüşü Allahadır. Allah etdiyiniz əməllər barəsində sizə xəbər verəcəkdir!” (“Maidə” surəsi, 5/105). Siz özünüzə baxın! Əgər siz hidayət yolundasınızsa, hidayəti təbiətinizə nəqş etmisinizsə, daim bunu duyur və əməllərinizin əsası hidayətdirsə, heç kim sizə zərər verə bilməz.

Heç yaxşılıqla pislik eyni ola bilərmi?!

  • Pis əməlləri belə yaxşılıqla sovuşdurmağa çalışmaq mömin əxlaqıdır. Qurani-Kərimdə bu məsələ müxtəlif şəkillərdə diqqətə çatdırılır. Onlardan biri də bu ayədir: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (“Fussilət” surəsi, 41/34). Həsənə - gözəl olan hər şey, imandan İslama, İslamdan ehsana, ehsanda ixlasa, ixlasdan yəqinədək, insanın mahiyyətindəki, təbiətindəki gözəllikləri üzə çıxaran hər şeydir. Seyyiyə isə həsənənin əksidir: insanın mahiyyətindəki gözəllikləri korşaldan, yəni gülüstanı xaristana çevirən pisliklər məcmusudur. Qurani-Kərim buyurur ki, həsənə ilə seyyiyə eyni deyil, ağlınızı işlədin. Həsənələr insanın insanlığından xəbər verir və insanı mahiyyətindəki həqiqi insanlığa, insani-kamilə səsləyir. O biri isə bütün əhsəni-təqvim ulduzlarını söndürür, günəşi söndürür, ayı söndürür, günü gecəyə çevirir. Buna baxmayaraq, biri sizə pislik edirsə, onu yaxşılıqla dəf edin.

Gəl qardaşım, bağrım sənə də açıqdr!..

  • Şəfqət yolunda hər kəsə mərhəmət qollarını açmaq var. Alıb verdiyi nəfəsi belə bəşəriyyətə həsr edən Mövlana Cəlaləddin Rumi həzrətlərinə bəzi insanlar ağzına gələni deyir və onu təhqir edirlər. Bir gün bir nəfər: “Sən inancsızlara belə qucaq açırsan, onlarla görüşürsən, günahkarlara belə “Gəl” deyrisən... Bununla İslamiyyətin şərəfinə, dinin izzətinə xələl yetirirsən” sözləri sərf edir. Həzrət ona bir cümlə ilə cavab verir: “Sənə də bağrımı açıram, sən də gəl!”
  • “Xülasə, şərindən qorxduğun insanlara belə yaxşılıq et. Evinə dəvət et, bal-qaymağa qonaq et, daddan başı çıxmayan o adama, bir şey yedir, qoy başa düşsün acını, şirini!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.