Haqq Dostları və Heyətin Vəliliyi

Sual: Axırzamanda İslamın ancaq vəlilərlə təmsil ediləcəyi və Quran tələbələrinin qüvveyi-vəlayətə söykənərək vəzifə görəcəkləri vurğulanır. Sözü gedən qüvveyi-vəlayətlə nə qəsd olunur? Vəlayətin çərçivəsi haqqında nələr bəhs etmək olar?

  • Vəli – malik, sahib, müavin (müin), sadiq, nasir (kömək edən) mənalarına gəlib, haqq dostu, haqq əri; dostluq hisləri ilə Allaha yönələn və Ondan dostluq görən kamil (haqq qatında müəyyən məqama çatmaq) insan deməkdir. Belə bir məzhəriyyətə nail olmağa da vəlilik mənasında "vilayət", və ya "vəlayət" deyilir. (01.00)
  • Qurani-Kərimə görə vəlayət Allaha inanmaq, Onun əmr və qadağalarına həssaslıqla uymaq deməkdir. Bir ayədə Allah dostları üçün qorxu olmaması, onların kədərlənməyəcəyi bildirilir, onu izləyən ayədə də bu vəlayətin əsasları vurğulanır: İnanmaq və müttəqi, təqvalı olmaq. (Yunus, 10/62-63). Buna bənzər ilahi bəyanlar nəzərə alınsa, ümumi mənada vəlayətin bütün möminlərə xas xüsusiyyət olduğunu görmək olar. (05.00)
  • "Vəliyyullah" və ya "övliyaullah" deyiləndə bundan "adaullah"ın qarşılığı olan bütün möminlər başa düşülsə də, – ki əslində, Quran və sünnədə övliyaullah sözü ilə qəsd olunan da elə budur – təsəvvüfdə vəli təbirinə aid olan başqa mənalar da var. Sufilərə görə, vəli riyazət və ya digər müxtəlif mücahidə yolları ilə bədənini və cismaniliyini aşıb qəlb və ruhun həyat mərtəbəsinə çatan, beləliklə də, Haqqa yaxın olan, üstəlik, öz şəxsindən fəna olub yeni bir məna və mahiyyətlə bəqaya qovuşan, Allahın xüsusi iltifat, ehsan və təvəccöhünə məzhər olmuş haqq əri deməkdir. (08.05)
  • Seyri-süluki-ruhanidə eşq, çilə və buna bənzər yol ərkanı ilə yanaşı, kəsə bir yol da var ki, o da: "Dər tariqi-acz-məndi lazım aməd çar-çiz: Aczi-mütləq, fəqri-mütləq, şövqi-mütləq, şükrü-mütləq, ey əziz!" ifadələri ilə hüdudları müəyyən edilən acz, fəqr, şövq və şükür yoludur. Bu yol insanın Sonsuz Güc və Qüdrət Sahibi Rəbbi qarşısında özünü "sıfır" görüb, məzhər olduğu bütün nemətləri Ondan bilməsini, şükürlə müqabilə etməsini, daim təfəkkürlə məşğul olmasını, hər an şövqlə pərvaz etməsini və məxluqata şəfqətlə yanaşmasını tələb edir. (09.47)
  • Vəlayət ümumi (vəlayəti-amm) və xüsusi (vəlayəti-xass) olmaq üzrə ikiyə bölünür. Ümumi vəlayət Quranın müəyyən etdiyi vəlayətdir. Bu mənanın çərçivəsindəki hər müsəlman Allahın vəlisidir. Xüsusi vəlayət isə xüsusi üsullarla özünü təmizləyərək, arındıraraq qürbətə, yaxınlığa nail olan Haqq dostlarına xasdır. (12.15)
  • Axırzamanda mühüm missiyaları təmsil edən şəxslər gizli bir vəlayətə söykənəcək və şəxsi-mənəvinin vəlayətindən güc alacaqlar. (13.27)
  • Vifaq (həmrəylik) və ittifaq sayəsində möminlərdən ibarət camaat vəlayət gücünü qazanacaq. Xüsusilə eqoizm və ənaniyyətin həddi aşdığı bir dövrdə qütbiyyəti və qövsiyyəti saleh möminlərdən meydana gələn birliyin şəxsi-mənəvisi təmsil edəcək. Hər mömin qəlbində duyduğu intisab, mənsubluq və paylaşma hissinə görə, o qütbiyyət və qövsiyyətdən pay alar. (18.05)

Sual: Bəzi insanların iman xidmətində çox aktiv olduqlarını, hətta sanki aksiyon sayəsində möhkəm dayandıqlarını və bu aktiv vəzifələri əllərindən alındığı təqdirdə hər şeydən küsəcəklərini, lakin eyni ölçüdə özlərinin qəlb həyatlarına diqqət etmədiklərini görürük. Məqbul aksiyon necə olmalıdır? Aksiyon və qəlbi həyat tarazlığı necə təmin edilə bilər?

  • İmanla dəstəklənən aksiyon başdan-başa gözəllikdir. İnsanın qəlbi həyatında əskiyi olsa belə, aksiyonun mükafatını alar. (21.21)
  • İnsan həyatında tarazlığın tam təmin edilməsi üçün mütləq qəlbin və vicdanın hakimliyinə də müraciət etməlidir. Ona verilən payə və mövqe əlindən alınınca inciyən, qəlbi qırılanlar, ümumiyyətlə, məsələlərə qəlb üfüqündən baxa bilməyən insanlardır. (24.04)
  • Qəlbi və ruhi həyat üfüqündə yaşaya bilmənin əsasları “İxlas” və “Üxuvvət” risalələrində detalları ilə izah edilmişdir; imana xidmət edənlər hər fürsətdə bu əsərlərə müraciət etməlidirlər. (25.55)
  • Hər insanın damarına toxunan bəzi hadisələr ola bilər. O hadisələrin öhdəsindən gələ bilmənin sirri Allaha, axirətə və dinin əsaslarına düzgün inanmaqdadır. Xoşagəlməz şeylər qarşısında iradənin haqqını verməklə əvvəla ənaniyyəti və başqaları haqqında mənfi duyğuları cilovlamaq, sonra da təfəkkür sayəsində damara toxunan məsələlərin təsirini yüngülləşdirməyə cəhd etmək çox böyük savablara vəsilədir. (26.47)
  • Hər qəlbi-mənəvi naxoşluğun çarəsi imanda dərinləşməkdir. Bu nemətə məzhər ola bilmək üçün həm feili, həm də qövlü duadan möhkəm yapışmaq lazımdır. (31.20)
  • Ordu başçısı Hz. Xalidin (r.a.) vəzifəsindən azad edilməsi və sıravi əsgər olmağı qəbul edərkən göstərdiyi nümunəvi davranış. (37.15)
  • Özünü nəsə zənn etmək heç nə olmamağın əlamətidir. (38.47)
  • Həzrəti Bədiüzzaman əbcəd və cifirlə əlaqəli bəzi təsbitlərini, “Risalələrə” və “Cövşənə” aid bəzi ikramları dilə gətirərkən: "Əslində belə ikramlar yazılmasa, daha yaxşı olardı, lakin bu qədər güclü və sayca çox düşmənlər qarşısında az, yoxsul və zəif olan bizlərə mənəvi güc, qeybdən dad, cəsarət, səbat və mətanət vermək üçün qəti zərurət meydana gəldi, mən də yazdım" deyir. (40.15)
  • Qul günahı nə olur-olsun, o işlərə bir daha dönməməli, günahlardan uzaq durmaqda əzmkar olmalı və bu qərarında qətiyyətli olmağa çalışmalıdır. Peyğəmbər Əfəndimiz (s.ə.s.) buyurur ki, bir insan yüz dəfə tövbəsini pozmuş olsa da: "Allahım, yenə ayağım sürüşdü, yıxıldım, günahımı bağışla, məni bağışla.." – deyib o çirkin əməllərə dönməməyə qəti qərar verərək bir daha tövbə etsə, Allah onun tövbəsini yüz birinci dəfə də qəbul edər. (42.58)
  • "Bəlva" müsibət, zəhmət, iztirab, məşəqqət və çətinlik kimi mənalara gəlir; "ammə" də bütün, hər kəs, ümumi deməkdir. "Bəlvayi-ammə" isə hər kəsi əhatə edən məşəqqət və çətinliyin adıdır. Termin olaraq "bəlvayi-ammə" bir yolla hər kəsə toxunan, ümumi çətinlikləri və bunlar haqqındakı xüsusi hökmləri ifadə edir. Küçədə paltara sıçrayan və qaçınılmaz olan su və palçıq damcıları ilə namaz qılmanın caiz olması bu hökmlərdəndir. Həmçinin, yaşadığımız dövrün də "bəlvayi-ammə" sayıla biləcək özünəxas xüsusiyyətləri var. Vəlayətdən söz açılanda bu məsələyə də diqqət edilməlidir. (44.20)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.