İmanın əkiz qardaşı

Sual: 1

Yeni bir Söhbəti-Canan dönəmininin başlanması düşüncəsi və bizim üçün rəhmət vəsiləsi olan söhbətlərinizin mütəmadi olması ümidi ilə ilk sualı "möminin miracı" mövzusunda hazırladıq. Bir məqalədə namazı: "...qürbət və vüslət yolçusunun ötələrə ən yaxın qərargahı, ən son alaçağı, qayə ilə həmhüdud ən böyük vəsilələrdən biri..." kimi təsvir edirsiniz. Namazın “qayə ilə həmhüdud” olması nə deməkdir, lütf edərsinizmi? (05.55)

  • Namaz bütün ibadətlərin başı, dinin dirəyidir. Namaz sonsuzluğa doğru axan bir tövbə irmağı və təmizlənmə bulağıdır ki, mömin gündə ən az beş dəfə onun suları ilə arınır. Namaz keyfiyyətcə əsas prinsiplər eyni qalmaq şərtilə, bəzi forma və kəmiyyət fərqləri ilə hər bir peyğəmbərə və ümmətinə fərz buyurulan ümumi bir ibadətdir. (06.35)
  • İman və namaz eyni “bətndən” nəşət etmişdir, namaz imanın əkiz qardaşıdır. İman dinin və diyanətin (dini, əməli həyatın) nəzəri yönünü təşkil edir. Bu nəzəri yönün qüvvətləndirilməsi və xarakterə hopdurulması isə ancaq başda namaz olmaqla digər ibadətlərlə mümkündür. Buna binaən namaz bir mənada praktiki (əməli) imandır, iman da nəzəri namazdır. Kant da "Saf idrakın tənqidi" adlı əsərində Allahın dərk edilməsinin nəzəri ağılla deyil, əməli ağılla mümkün olduğunu yazır. Bəli, başda namaz olmaqla gözəl davranışlar, saleh əməllər və ibadətlər tədricən insanın xarakterinə çevrilərək insanı mücərrəd biliyin yüksəldə bilmədiyi zirvələrə ucaldır. İnsan əməlin, yaşamanın, təcrübə və ibadətlə yüksəldiyi səviyyəyə mücərrəd bilik və məlumatla heç vaxt çata bilməz. (09.38)
  • Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) varlıq aləmində qayə səviyyəsində bir vəsilədir. O Müəllimi-Əkməl və Əkbər varlıq aləminin çöhrəsinə saçdığı işıqla kainatı bir kitaba, həyatı da cənnətə doğru uzanan bir körpüyə çevirmişdir. Beləcə bizləri qaranlıqlarda ümidsiz qalmaqdan xilas edərək Allaha imanla itminana qovuşdurmuş və riza yoluna hidayətə çatmağa vəsilə olmuşdur. Lakin o, elə böyük bir vəsilədir ki, biz o vəsiləni çox vaxt qayə ilə birlikdə götürür və Onun bizim üçün "qayə səviyyəsində bir vəsilə" olduğunu iqrar edirik. Elə Allah-Təala da tövhid kəlməsində – "Lə ilahə illallah, Muhammədun rəsulullah" sözündə də Onun adını öz adı ilə birlikdə çəkib bunu imanın əsası sayır və belə deməyənin xilas ola bilməyəcəyini bəyan edir. Məhz namaz da ibadətlər arasında imanla həmhüdud "qayə səviyyəsində bir vəsilə"dir. (11:40)
  • Allah Rəsulu (əleyhissalatu vəssalam) Kəbə həqiqəti ilə əkiz yaradıldığı kimi, namaz da imanın əkizi kimi bəyan edilmişdir. (13:00)

Sual: 2

Namazın bir ünvanı da "ribat" olduğu bildirilir? Bu mənada ribat nədir, namazın ribat olması necə izah edilir? (14:00)

  • Maddi-mənəvi bərəkətin sel kimi axmasına, yağış olub yağmasına "ribat" deyildiyi kimi, hər cür bəla və müsibət gözlənilən yerlərdə ayıq-sayıq və diqqətli olmağa.. insanın bir işə, bir şeyə bağlanmasına və özünü o yola həsr etməsinə də “ribat” deyilir. Təhlükəli bölgələrdə keşik çəkməklə özünü bu işə həsr edən əsgərə də "mürabit" deyilir. (14:09)
  • Qurani-Kərimin “Ali-İmran” surəsinin 200-cü ayəsi ilə yanaşı, digər surələrində də ribat ön plana çəkilir. Sözügedən ayədə bu məsələ "rabitu" sözü ilə ifadə edilir. "Ribat" təbiri bir mənada “irtibat”dır və möminləri heyət təşkil etməyə, kollektif şüuru işlətməyə və sıx əlaqə quraraq bir-birinə qarşılıqlı dəstək verməyə səsləyir. Həmçinin dini və milləti təhlükələrdən qorumaq üçün sərhədlərdə keşik çəkmək və düşmən güclərin toplumda açdığı yaraları sağaltmaq üçün səy göstərməyin adıdır ribat. (14:38)
  • Digər tərəfdən bir hədisdə bəyan edildiyi kimi özünü tamamilə namaza həsr edən, könlünü məscidə bənd edən, sübh namazını qılandan sonra "Əlhamdulillah, bu vəzifəmi də yerinə yetirdim!" deyib həm sevinən, həm də "Günorta vaxtı gələydi, bir daha minarələrdən əzan səsi yüksələydi, mən də yenə məscidə üz tutub mənən dolub-daşaydım!.." düşüncəsiylə evinə yollanan, qəlbən məscidə bağlı insanın bu hərəkət və davranışları da ribatdır. (15:09)
  • Rəsuli-Əkrəm (əleyhi əkməlüt-təhaya) Əshabi-Kirama: "Allahın xətalarınızı yuyub təmizləmək və sizi dərəcə-dərəcə yüksəltmək üçün vəsilə qıldığı şeyləri deyimmi?" deyib bunları sıralamışdır: “(Olduqca ağır şəraitdə və) dəstəmaz almağın çətin olduğu hallarda əziyyətə baxmayaraq qüsursuz dəstəmaz almaq, məscidlə ev arasında (gedib gələrək) çox məsafə qət etmək və bir namazın ardınca növbəti namazı gözləmək..” Peyğəmbərimiz bunları sadaladıqdan sonra əlavədə etmişdir: "Baxın, sizə deyirəm, şanı uca iş (ribat) sərhədlərdə keşik çəkmə səviyyəsində Haqqa könül vermək budur" (Müslim, Təharət 41) (15:45)

Sual: 3

Mövzu ilə bağlı məqalələrdə "namazdan qidalanan insanlar ondan heç vaxt doymaz" məqamı vurğulanır. "Namazla necə qidalanmaq" olur? (16:40)

  • Namaza alışan və onunla “qidalanan”, ondan güc-qüvvə alan insanlar heç vaxt namazdan doymazlar. Doymaq bir yana, hətta hər namazdan sonra "yenə varmı?" deyib nafilədən nafiləyə can atar, duha ilə günəş olub üfüqə yüksələr, əvvabinlə qürbət toxmağına toxunar, təhəccüdlə bərzəx qaranlığına işıq saçar, ömür xalçasına ibadət miləri ilə naxış vurmağa çalışar və nurun içində keçən ömürdən, ruhunu bürüyən mənalardan əsla ayrılmaq istəməz.. istəməz və həmişə ibadətin vəd etdiyi gözəlliklərə can atar. (16:50)
  • Qurani-Kərimin namazla bağlı irşadı və abidlərin rəhbəri Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) namaza göstərdiyi diqqət möminlərin könlündə də "ibadətlərin özülü"nə qarşı dərin bir iştiyaq (şövq) oyatmışdır. Haqq dostları "Namazı iqamə et!" əmrinə qeyd-şərtsiz əməl etmiş və demək olar, hər gecə yüzlərlə rükət namaz qılmışlar. Belə ki, onların namaza təvəccöhü, yönəlişi sanki bir kəramətə çevrilmiş, bəsti-zaman (zamanın bərəkətlənib genişlənməsi) sayəsində bir gecədə bir neçə yüz rükət namazı iqamə etmişlər. Hətta rəvayətlərə görə, onların arasında iki rükətdə Qurani-Kərimi xətm edən insanlar da olmuşdur. İmam Əzəm Əbu Hənifə Həzrətləri bunlardan biridir. Halbuki açıq-aşkar görünür ki, bəsti-zaman olmadan bir gecədə və iki rükətlik namazda Quranı xətm etmək mümkün deyildir. (17:15)
  • İnsanın namazı bütün varlığı ilə duyub hiss etməsi ubudiyyətin keyfiyyətindən asılıdır: dəstəmaz suyu ilə günahlarının yuyulduğuna inanan mömin dəstəmazla qazandığı metafizik gümrahlığı azana qulaq asarkən də davam etdirər, hətta daha da artırar.. azandan sonra bir də sünnət namazı qılaraq bir az da dərinliyə enər. Belə diqqətli və həssas qul namazı əsla gözlətməz, əksinə həmişə namazı gözləyər. O, namazdan, hətta əzandan əvvəl dəstəmazını götürüb "Tam hazıram, Allahım! Sən mənə təvəccöh etdiyin an nəzərlərimin Sənə mütəvəccöh olduğunu görəcəksən" hissi ilə coşaraq "İndi hüzuruma gələ bilərsən" əmrini gözlər... və bir sıra hazırlıqdan sonra həyəcanlanmış vicdanı ilə "Hardasan, namazgahım!" deyər. Əgər insan dəstəmazdan əvvəl başlayıb əzan və sünnət namazına qədər davam edən hazırlıqlar əsnasında belə bir metafizik gümrahlığı, coşqunu duya birlmirsə, deməli, o işdə bir nöqsan var. Buna baxmayaraq, fərzdən qabaq iqamə oxuyan müəzzin və xəşyətlə təkbir gətirən imam insanda ibadət düşüncəsinə mane olub masivaullaha (Allahdan qeyri nə varsa) sövq edən hər şeyə son zərbəni endirər. Beləliklə, mənən dolub-daşan qul da ən dərin mülahizələrlə "Allahu Əkbər" deyib namaza durar. (19:00)
  • Namazla qidalanmaq üçün onun rüknlərini bütün əsaslarına uyğun şəkildə nöqsansız yerinə yetirmək, Allahın istədiyi mahiyyətdə əda etmək lazımdır. Allah-Təala nəyə namaz deyir və Rəsuli-Əkrəm Peyğəmbərimizlə namazı necə təlim edirsə, yəni ilahi elmdə namazın şəkli necədirsə, məhz onu o şəkildə yerinə yetirmək lazımdır. Əslində Qurani-Kərimin bir çox ayəsində və hədislərdə “namaz qılmaq” mənasında "iqamə" təbirindən istifadə edilmişdir. İqamə “İşarətül-İcaz”da da ifadə edildiyi kimi, "namazda vacib olan tədili-ərkana riayət etmək, ibadətin mahiyyətinə xas mütəmadilik və mühafizə mənalarına diqqət etməkdir". Yəni namazın bütün rükn və əsaslarını düzgün yerinə yetirmək, onun ölgünləşməsinə və solmasına imkan vermədən ilk namazdakı nəşvə və həyəcanla davam etdirilməsinə çalışmaqdır. (23:55)
  • Namazın şərt və rüknlərindən ibarət xarici quruluşu ilə yanaşı, xalis niyyət, xüşu və hüdudan ibarət daxili mahiyyəti də var. Namazın daxili və xarici – bütün xüsusiyyətlərinə birlikdə riayət etməyə, bunun mütəmadiliyini qoruyub saxlamağa və daim eyni əhval-ruhiyyədə qulluğu davam etdirməyə "iqamə" deyilir. Bəli, insanın Allah-Təala ilə münasibətində əsas məsələ mənadır, mahiyyətdir, ruhdur. Onları ifadə edən isə ləfzlərdir (sözlər), şəkillərdir, qəliblərdir. Buna görə də, o ləfz və qəliblərə də mütləq diqqət yetirmək lazımdır. Əsas götürülən mənanı, məzmunu o qəliblər daşımalıdır. Dolayısilə “qəlib və şəklin heç bir mənası yoxdur” demək olmaz. Zahiri əhkam onların üstündə bina edilir. Ancaq “namaz vardır namazdan içrə, oruc vardır orucdan içrə”. Onun üçün buyurulur ki: "Möminlər, həqiqətən də, nicat tapmışlar, o möminlər ki, həmişə namazlarında xüşu içindədirlər..." (“Muminun” surəsi, 23/1-2) (25:50)
  • Namazı qəlbin ən böyük itminan vasitəsi sayanlar, dünyanın qayilələrindən (bəla, müsibətlərindən) ruhən yorulub usananda ona can atanlar və onu şərt, rükn, daxili-xarici tədili-ərkanla birlikdə iqamə edənlər həm bu dünyada namazdan qidalanar, onu qəlb sıxıntısına məlhəm edər, başqa şey axtarmaqdan qurtular və "zikir" də adlanan namazla hüzura qovuşarlar. Üstəlik onu qəbirdə gözəl üzlü bir arxadaş, siratda əlindən tutan bir yoldaş kimi yanlarında görərlər. (30:14)