Kimdir Həlak Olan?

Sual: 1) Rəsuli-Əkrəm Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm): "“İnsanlar həlak oldu” deyən ən böyük həlaka məruz qalmışdır!" bəyanının mənası mütləqdir? Bu peyğəmbər xəbərdarlığına tuş gələn bədbəxtlərdən olmamaq üçün ümumi mənada cəmiyyətdəki, xüsusi planda da Könüllülər Hərəkatındakı bir sıra nöqsanları dilə gətirərkən hansı xüsuslara diqqət edilməlidir?

عن أبي هُريرةَ رضي اللَّه عنْهُ أنَّ رسُول اللَّه صَلّى اللهُ عَلَيْهِ وسَلَّم قَال
إذا قال الرَّجُلُ هلَكَ النَّاسُ، فهُو أهْلَكُهُمْ

  • Həzrəti Əbu Hureyrənin (radiyallahu anh) nəql etdiyi bir hədisi-şərifdə Rəsulullah əleyhissalatu vəssalam buyurur ki: "İnsanlar həlak oldu!" deyənin özü ən böyük həlaka məruz qalmışdır" (Müslim, Birr 139, (2623); Muvatta, Kelam 2, (2, 989); Ebu Davud; Edeb 85, (4983) (01:09)
  • İnsanları həlak olmuş kimi görmək hər şeydən əvvəl bir sui-zənn və özünü bəyənmə hissindən qaynaqlanır. (01:38)
  • Yaxşı niyyət, müsbət düşüncə və gözəl görmək könül saflığının və vicdan ənginliyinin əlamətidir. İnsan bircə dəfə başqalarını sorğu-suala çəkməyə başladımı, müttəhim kürsüsünə çıxarmadığı bir adam da qoymaz, başlanğıcdan hüsnü-zəndən yapışmasa, hər kəsi və hər şeyi mühakimə etməkdən qaça bilməz. Dolayısilə hər fərd öz nəfsini hesaba çəkərkən – ümidsizliyə düşməmək şərtilə – özünü yerdən-yerə vurmalı, amma başqalarına gəlincə hüsnü-zənnə üz tutmalıdır. Unutmamaq lazımdır ki, sui-zənndə haqlı çıxmaqdansa, hüsnü-zənndə yanılmaq daha xeyirlidir. (02:25)
  • Unutmamaq lazımdır ki, eyni məfkurəyə könül vermiş insanlar arasında olan əsas amillər hüsnü-zənn və etimaddır; qardaşlar dəqiq məlumata əsaslanmayan xəbərlərdən, boş bəhanələrdən, bəzi şübhə və vəsvəsələrdən ötrü bir-birinə etimadsızlıq göstərməməlidir. Bununla yanaşı, hər kəsin bu uca məfkurəmizə şərik olması və bu saleh dairədən istifadə etməsi mövzusunda israrlıyıq, dolayısilə, “viza” tələb etmədiyimizə və sərbəst bölgə siyasətini yürütdüyümüzə görə bəzi şərli insanlar hüsnü-zənn əxlaqımızdan sui-istifadə edib təxribat törətmək düşüncəsi ilə içimizə girə bilərlər. Məhz belə bir təhlükə ehtimalına binaən yeri gələndə "insanların zəif cəhətlərinə qarşı tədbirli olmaq və mülahizə dairəsini açıq saxlamaq" mənasında işlətdiyimiz "adəmi-etimad" prinsipini işlədə bilərik. (05:07)
  • Mömin gərək Quranın təlim etdiyi kimi, əvvəla özünün bağışlanmasını, sonra da ana-atadan tutmuş bütün möminlərin əfv olunmasını arzu etsin və bunun üçün dualarla yalvarıb-yaxarsın. Bununla yanaşı, digər insanlara da hidayət diləyə bilər və Haqq Təalanın uca adının, Allah Rəsulunun gözəl xatirəsinin, İslamın əngin həqiqətlərinin bütün insanlara da çatması, hüsnü-qəbul görməsi üçün də dua edə bilərlər. (08:39)
  • Möminin möminə yanaşma tərzinə nümunə olaraq Əsri Səadətdən bir hadisə nəql etmək istəyirəm: Bədir müharibəsində iştirak etməsi də rəvayət olunan bir səhabə içki qadağan olunmasına baxmayaraq qoruq kimi meyvə suyu içməyə (müəllif bu ifadəni spirtli içki təbirini səhabələr haqda istifadə etməkdən həya etdiyi üçün işlədir) davam edirdi. Bir neçə dəfə sərxoş vəziyyətdə məscidə gəlmiş və cəzalandırılmışdı, bir dəfə də Allah Rəsulunun hüzuruna gətirilib tənbeh edilmişdi. Bir gün o, yenə eyni vəziyyətdə Peyğəmbərimizin hüzurunda idi. Orada olanlardan biri: "Allah cəzanı versin. Sən nə pis adamsan. Neçənci dəfədir ki, bu vəziyyətdə hüzura gəlirsən!" kimi sözlər söylədi. Bunu eşidən Allah Rəsulu: "Qardaşınıza qarşı şeytana köməkçi olmayın. Allaha and olsun ki o, Allah və Rəsulunu sevir," – buyurdu. Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) bir mömin haqqındakı meyarı, məhz bu idi. (10:49)
  • Bir hədisdə vurğulandığı kimi, mömin qardaşını hər hansı bir xətaya, qüsur və ya (tövbə etdiyi) günaha görə qınayan mömin, eyni qınağa tuş gəlmədikcə köçməz. Kimisi şəxsən öz başına gələn bir müsibətlə eyni şəkildə qınağa məruz qalar, kimisi də ailə üzvlərindən biri ucbatından ayıblanar. (13:30)
  • Həzrəti Sadiqi-Masduq (sədaqəti təsdiq olunmuş) Peyğəmbərimiz "Hüsnü-zənn qulluğun gözəlliyindəndir" buyurmuş, səmimi niyyətli, müsbət düşüncəli və gözəl fikirli olmağı İslamı mənimsəmənin, onda dərinləşmənin və Allah tərəfindən görülmə mülahizəsi ilə yaşama ənginliyinin bir əlaməti saymışdır. (14:35)
  • Mömin mömin haqqında mütləq hüsnü-zənn etməli və gözəl düşünməlidir. Sonra da bu gözəl əxlaqı ənginləşdirib bütün insanları da əhatə edərək hər kəsin hidayəti üçün dua edə bilər. Həmçinin əlli ildir əleyhimə yazılar yazan şəxs haqqında ağlıma "Yeri Cəhənnəm olsun" fikri hər ağlıma gələndə "Xeyr, ya Rəbbi, Cəhənnəmdə əzab etmə, nə olar bəxtinə düşdüm, ona iman ver, onu da imanla şərəfləndir!" deyirəm. (15:00)
  • İmana, Qurana və ümumbəşəri dəyərlərə xidmət edən bir camaat haqqında "İntellektual yetişmir, səviyyəsizlik var, hərəkat elə böyük məna ifadə etmir, səhərə çıxarmı-çıxmazmı bilinmir!" düşüncəsində olanlar Həzrəti Qəzaliyə yüz il tələbə olsalar, İzz ibn Abdissalama yüz il tələbə olsalar, İmam Rəbbani həzrətlərinə yüz il tələbə olsalar yenə baş aşağı, yenə baş aşağı, yenə baş aşağı qəyyaya yuvarlanarlar. (16:20)
  • İnsanlar niyə düşmənçilik edir, gizli iş çevirir və hər fürsətdə bu hərəkata dil uzadırlar? Bu məqamda bir az da özümüzə baxmalıyıq. Görəsən, bizim üsul xətalarımız, üslub xətalarımız varmı? Bu baxış bizim səhv yanaşmalarımızdan, laqeydliyimizdənmi, o insanları “qarşı cəbhə” kimi görməyimizdənmi qaynaqlanır? Bunları düşünmədən, bir mənada özümüzlə üzləşmədən, özümüzü sorğu-suala çəkmədən həmin insanları dərhal günahlandırmaq doğru deyil. (17:30)
  • Həzrəti Ustad deyir ki: "Mən bir neçə gündür bir duamı dəyişdirdim. İndiyə qədər bəzən yüz dəfə "vəğfirlənə" və ya "vəffik" kimi dualarda". ..taləbətə rəsailin-nuris-sadiqin" cümləsindən "əs-sadiqin" sözünü çıxardım ki, rüxsətlə əmələ (etməyə) özünü məcbur bilən və çətinlikdən qaynaqlanan yanlış fikir və məyusluq üzündən zahirən inkar etmək və çəkinməklə əzimət (Allahın əmrlərini ən mükəmməl və qüsursuz yerinə yetirməyə çalışmaq) və sədaqətə zidd hərəkət edən qardaşlarımız o dualardan məhrum qalmasın". (18:45)
  • Kaş o insanlar da bizim yaxşılığımızı istəyərək haqqımızda “daha yaxşı olsalar” mülahizəsi ilə və insafla, izanla nəyimiz əskik isə onu söyləyələr, biz də özümüzü Allah hüzurunda hesaba çəkib öz-özümüzlə üzləşərək, “nəyimiz nöqsanlıdır, bu məsələdə nə edək” deyək. Oxumaqmı, müzakirəmi, müqayisəli oxumamı, fədakarlıqmı, nəyimiz əskiksə, bizi rəncidə etmədən, qırmadan deyələr. Biz bu yanaşmanı irşad sayarıq. Qüsurlarımızı, bu hərəkatdakı insanların nöqsanlarını aradan qaldırmaq üçün bir irşad sayarıq. Bizə irşad üçün əl uzadan insanların əlini öpərik, çox rahatlıqla... (21:13)

Sual: 2) Qurani-Kərimdə insanın başına gələn yaxşılıqların Allahdan pisliklərin isə öz nəfsindən olduğu bildirilir. Peyğəmbər və müqərrəbinlərin ən böyük müsibətlərə məruz qalması baxımından bu həqiqəti necə başa düşməliyik? Həmçnin hər bir dərd və bəla mütləq bir xətanın nəticəsidir, yoxsa sırf mənəvi inkişafa vəsilə olan müsibətlər də var? (22:35)

  • Qurani Kərimdə belə buyurulur:

    {مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللهِ وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولاً وَكَفَى بِاللهِ شَهِيدًا}

    “(Ey insan!) Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir (nəfsindəndir). (Ya Rəsulum!) Biz səni insanlara peyğəmbər göndərdik. Allahın buna şahid olması (sənə) kifayət edər” (Nisa, 4/79) (23:06)
  • Digər bir ayeyi-kərimədə bu həqiqətə diqqət çəkilir:

    {وَمَا أَصَابَكُمْ مِنْ مُصِيبَةٍ فَبِمَا كَسَبَتْ أَيْدِيكُمْ وَيَعْفُو عَنْ كَثِيرٍ}

    "Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların (etdiyiniz əməllərin) ucbatındandır! (Bütün bunlara baxmayaraq) Allah (günahlarınızın) çoxunu əfv edər." (“Şura” surəsi, 42/30) (24:55)
  • Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) belə buyurur: " Allahu Təala yorğunluq, daimi xəstəlik, dərd, kədər, sıxıntı və qəmdən ayağa batan tikana qədər müsəlmanın başına gələn hər şeyi onun xətalarını bağışlamağa vəsilə edir" (Buhari, Merda 1, 3; Müslim, Birr 49) (25:09)
  • Başımıza gələn bəlaların işlədiyimiz günahlar ucbatından olduğunu düşünməliyik ki, qədərə üsyan etməyək, başqa günahkar axtarmayaq və günahı başqasının boynuna atmayaq. Allahdan uzaq olan insanlar həmişə xoşagəlməz hadisələrlə üzləşəndə günahı başqasının boynuna atır, hadisəyə başqa səbəblər axtarır və başqalarını günahlandırır. Heç vaxt: "Bu məsələ mənim səhvim ucbatından oldu!.." demir və hadisələrə bu aspektdən baxmırlar. Dolayısilə də istiğfar etməyə ehtiyac duymur, səhvlərini düzəltmə həyəcanını yaşamır və Allaha yalvarıb-yaxarmırlar. Günahı özlərində axtarmadıqları üçün heç vaxt əsl günahkarı tapa bilmir, günahı başqalarında görmə günahından da heç qurtula bilmirlər. (25:33)
  • Bəziləri "Nə günahımız var ki, müsibətləri özümüzdən bilək?" şəklində düşünürlər. Əslində "Nə günahım var ki?" mülahizəsinin özü çox böyük günahdır, belə düşünən insan ən böyük xəta eləmiş sayılır. Necə ki çoxlu günahı olan bir insan nədamətlə qəddi bükük əfv diləsə, əfv yoluna girmiş sayılır, eləcə də "Nə günahım var ki?" deyənlər bu sözlə fəlakət çuxuruna yuvarlanmış sayılır. Çünki günahını anlayanın tövbə və istiğfarla təmizlənmə ehtimalı həmişə var, özünü aydan arı sudan duru sanan insanın isə əhəmiyyət vermədiyi kiçik günahlardan yığılan böyük günahların altında qalıb əzilməsi qaçılmazdır. Bəli, "Mənim nə günahım var?" cümləsi günahın nə olduğunu bilməməyin ifadəsidir və faydasız yerə qədərə üsyan etməkdir. (26:14)
  • Bir səhih hədisdə "İnsanlar arasında ən çox müsibətə məruz qalanlar ilk öncə peyğəmbərdir, sonra da dərəcələrinə görə (vəlilər və salehlər) gəlir" buyurulur. (Tirmizi, Zühd 57) Çünki Sultana yaxınlıq bir mənada od-alovdur. Qürbətə (yaxınlıq) çatmış insanın hər hərəkəti harəmə uyğun olmalıdır. Artıq o, küçədə deyil, giriş qapısında deyil, dəhlizdə, ya da gözləmə salonunda da deyil, harəm dairəsinə girmiş, alaçığını sarayı-humayunun mərkəzində qurmuşdur. Orada oturmaq da başqa cürdür, qalxmaq da, danışığın da keyfiyyəti dəyişir susmağın da.. harəm dairəsinə xas hərəkət və davranışlar tamamilə xüsusidir. Hətta orada çox vaxt dilə hakim olmaq kifayət etmir, o məqam qəlbin meyllərini də cilovlamağı tələb edir. (27:03)
  • "Həsənətul-əbrar seyyiatul-müqarrəbin - Əbrarın elə yaxşı əməlləri var ki, onlar müqərrəbin üçün günah sayılır" demişlər. Bəli, elə insanlar var ki, məqamı etibarilə daima hifz və inayət altındadırlar və onlardan da bu himayəyə qarşı vəfa tələb olunur. Beləliklə, avam aqibət əndişəsi ilə Haqqa sığınır, əbrar isə məqamını və dərəcəsini qorumaq düşüncəsi ilə Onda fani olmağa çalışır, amma müqərrəbin haləsində olanlar Ondan başqa hər şeydən üz döndərməyə səy göstərməlidirlər. Adi bir insan qəlbindən keçən duyğu və düşüncələrə görə məsul olmaya bilər, amma gözlərinə yad bir xəyal girməməsinə qərar vermiş bir müqərrəb qul, ehtimal ki, xəyallarına görə də hesaba çəkiləcək. (29:05)
  • Bu səviyyə insanları hüzur və maiyyət ədəbinə zidd olan hər davranış və hər düşüncədən çox qorxar, qəlbi bürüyüb bəsirət üfüqünü örtən böyük-kiçik hər qəflətdən qaçar, himmət qanadlarını açıb daim Haqqın mərhəmət və inayətinə sığınma cəhd və səyi ilə oturub-durarlar. Üstəlik qəlblərinə, sirlərinə, əxfalarına pərdə çəkən bütün masivayı mənliyin dərinliyindən çıxarıb atmağa və Haqq Təala ilə münasibətə layiq mövqe nümayiş etdirməyə çalışarlar. Çünki subyektiv mükəlləfiyyətin bu müstəsna nümayəndələri bu məqama yaraşmayan hər düşüncə və hərəkətə görə dərhal cəzalandırıla bilər. Adi insanlar günahın hüduduna çatmauan xətalara görə cəza çəkməsələr də, müəyyən məqamlara yüksəlmiş insanlar səhvlərinə görə də cəzalandırılırlar. Dolayısilə adi insanların başına gələn müsibətlərlə Peyğəmbərlər və müqərrəbinin başına gələnlər eyni səviyyədə dəyərləndirilməməlidir. Bəla kimi ilahi xəbərdarlıqlar bəzi xüsusi lütflərə nail olmuş insanlara mövqeyini xatırladır və onlardan dayanmalı olduqları məqama diqqət yetirməyi təmin edir. Eyni zamanda bu məqamlarda xətalara yer olmamasını və mərifət üfüqünə yaraşmayan hərəkətlərin ilahi cəzaya səbəb ola biləcəyini vurğulayır. (31:11)
  • Əslində bəlanın mahiyyətində insanı yetişdirmə və kamilləşdimə də vardır. Bəla və müsibətlər bahar çovğunu kimidir; insanın bəzi qabiliyyətlərini inkişaf etdirir. Hətta bəlalar içində bişməyən insanda müəyyən qədər xamlıq ola bilər. Üstəlik dində başa gələn müsibətlər “mənfi ibadət” kimi qələmə verilmişdir. Allah (cəllə cəlaluhu) riyadan uzaq bu mənfi ibadətlər adlanan xüsuslarla saleh qullarını şərəfləndirir. Bununla peyğəmbərləri, övliyaları və üləmaları paklaşdırır, qürbi-hüzuruna layiq hala gətirir. (33:04)
  • Digər tərəfdən Cənnətə gedən yolun özünəxas məşəqqətləri var. Qurani-Kərimdə bu mövzuya belə diqqət çəkilir: “Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– demişdilər. Həqiqətən, Allahın köməyi yaxındır”. (“Bəqərə” surəsi, 2/214) (33:30)
  • Üstəlik hər bəla və müsibət axirətdə elə mükafatlar qazandırı ki, bu da ancaq ora gedəndən sonra aydın olacaq. Bu haqda şəhidlərin dünyada çəkdikləri əziyyətlərə müqabil axirətdə hansı dərəcələrə yüksəldiyini və hansı ruhani zövqələr daddığını nümunə göstərmək olar. (34:14)