Mücəssəm Rəhmət

Sual: 1) Allah Təala “Ali İmran” surəsinin 159-cu ayeyi-kəriməsində belə buyurur:

فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللهِ إِنَّ اللهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ

Bu ilahi bəyan zaviyəsindən baxsaq Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) Peyğəmbərimiz – əslində kamil müməssil olduğu halda – rəhmət qaynaqlı mülayimliyi tam təmsil edə bilməyib insanları qaçırmaqdan əndişələnmişdir? Dinin təmsilində hər möminin belə bir əndişəsi olmalıdır?

  • Sözügedən ayənin məalı belədir: "İnsanlarla yumşaq davranmağın Allahın mərhəmətinin əsəridir. Əgər sən kobud və daş qəlbli olsaydın, onlar sənin ətrafından dağılışardılar. Sən onların günahından keç, (Allahdan) onların bağışlanmalarını dilə və görəcəyin işlər barədə onlarla məsləhətləş. Bir dəfə qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevir" (“Ali İmran” surəsi, 3/159) (00:45)
  • Allah-Təala Həzrəti Musa və Həzrəti Harunu (aleyhimesselam) Fironun yanına göndərərkən, "Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!" (“Ta ha” surəsi, 20/44) buyurmuşdur. O iki uca peyğəmbərə yumşaq və şirin dillə danışmaq əmr olunur, eyni xüsus isə İnsanlığın İftixarının bir xüsusiyyəti və ali əxlaqının bir cəhəti kimi təqdir (bəyənilərək, təqdirəlayiq) şəklində nəzərə çatdırılır; Peyğəmbərimizin bu gözəl xasiyyəti haqda alqış mənasında, "İnsanlara yumşaq davranmağın da Allahın mərhəmətinin əsəridir" (“Ali İmran” surəsi, 3/159) buyurulur. (03:11)
  • Rəvayətə görə, Uhud döyüşündən sonra nazil olan bu ayə istişarənin (müşavirənin) nə qədər mühüm olduğunu göstərir. Belə ki, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm) döyüş strategiyası barədə səhabələrini toplayıb məşvərət etmişdi. Özü şəhərdən çıxmaq yerinə Mədinədə qalıb müdafiə müharibəsi aparmağı təklif etmişdi. Meydan müharibəsinin tərəfdarları çox olduğuna görə Uhuda çıxdı. Döyüşün axırında bunun yaxşı nəticə vermədiyi aydın oldu. Buna baxmayaraq, döyüşdən dərhal sonra nazil olan bu ayədə istişarə əmr edilirdi. Demək ki, məşvərətdə böyük xeyr və bərəkət var. (05:55)
  • Yumşaq xasiyyətli, könülaçıcı olmaq təkcə sözlərlə, dillə bağlı bir xüsusiyyət deyil. Bəzi davranış və hərəkətlər də kobud ola bilər. Üzünü çevirib çıxıb getmək və s. kimi bəzi hərəkətlər çirkin sözlər qədər pis təsir bağışlayır. (08:08)
  • Həmişə şirin dilli olmaq və gözəl rəftar nümayiş etdirmək əsasdır. Ancaq utanmadan eyni səhvləri təkrar edən insanların tərbiyə və islahı istiqamətində müəyyən mövqe ortaya qoymaq da məqsədəuyğundur və bu, haqqa hörmətin ifadəsidir. Necə ki, Allah Rəsulu (əleyhi əkməlüttəhaya vəsttəslimat) "Çataram" deyib ləng tərpənən, amma Təbuk Karvanını qaçırdıqdan sonra bir daha bu fürsəti əldə edə bilməyən və üzrlü bir səbəbi olmaya-olmaya səfərə qatılmayan Kab b. Malik, Mürarə b. Rəbi və Hilal b. Umeyyə ilə əlli gün kəlmə kəsməmiş, Səhabələr də eyni cür davranmışlar. (10:08)
  • Mütləq hər kəsi bağra basmaq və hər kəslə münasibət qurmaq üçün yollar axtarmaq lazımdır, ancaq kim nə qədər layiqsə, ona o qədər iltifat göstərmək də əsasdır. (13:50)

İnsanlığın İftixarı Peyğəmbərimizdən (əleyhissalatu vəssalam) bəhs edilən məqalələrdə Onun "mücəssəm rəhmət" xüsusiyyəti vurğulanır. Onun əxlaqı ilə əxlaqlanma nöqteyi-nəzərindən bu günün şərtləri etibarilə mücəssəm rəhmət necə mümkündür? (18:15)

  • Qurani Kərimin müxtəlif ayələrində şəfqət Peyğəmbəri Hz. Məhəmməd Mustafanın (sallallahu əleyhi və səlləm) aləmlərə rəhmət olduğu bildirilir. “Ənbiya” surəsindəki
    وَمَآ اَرْسَلْنَاكَ اِلاَّ رَحْمَةً لِلْعَالَمِينَ
    "Biz səni bütün aləmlərə ancaq rəhmət olaraq göndərdik" ayəsi bu həqiqəti açıq şəkildə dilə gətirir. (18:37)
  • Allah Rəsulu mələklər aləminə də rəhmətdir, çünki mələklər də Allahın yaratdığı aləmlərdən biridir. Hətta Cəbrail (əleyhissalam) kimi müqərrəb bir mələk də o ümumi rəhmətdən istifadə edir. Çünki Cəbrail Peyğəmbərimizə belə demişdi: "Mən aqibətimdən əmin deyildim. Quran Sənə nazil oldu. Onu mən gətirdim. “Təkvir” surəsində,
    مُطَاعٍ ثَمَّ اَمينٍ
    "Göylərdə ona itaət edilir, vəhylər ona əmanət edilir" deyildi. Yəni Quranı elə bir mələk gətirir ki, o mələk güclü-qüvvətlidir. O qədər güclü-qüvvətlidir ki, ona əmanət edilən vəhyə heç bir şey xələl gətirə bilməz. Eyni zamanda o, Allahın əmrlərinə itaətkardır, həmçinin əmindir. Aqibətindən əndişə ediləsi heç bir cəhəti yoxdur. "Budur, ya Məhəmməd! Sənə gələn Quran sayəsində vəziyyətimə aydınlıq gətirildi. Mən də o rəhmətdən istifadə etdim". (18:55)
  • "Allah rəhməti yüz hissəli yaratmışdır, doxsan doqquzunu dərgahında saxlayıb yer üzünə bircə hissəsini göndərmişdir. Bütün məxluqat məhz bu bir hissəyə görə bir-birinə mərhəmət edir, hətta heyvan balasını əmizdirəndə onu tapdalamasın deyə ayağını qaldırır" (Buhari, Edeb 19) (19:20)
  • Əsl mücəssəm rəhmət İnsanlığın İftixarı (sallallahu əleyhi və səlləm) Peyğəmbərimizdir. Onun ümmətinə mənsub hər bir insan eyni əxlaqla əxlaqlana bilər, rəhmət hisləri ilə dolub-daşaraq gözəl xüsusiyyətləri bölüşmə mahiyyətində və nisbi şəkildə mücəssəm rəhmətə çevrilə bilər. (19:43)
  • "Mərhəmət" möminlərin bariz xüsusiyyətidir. Onlar daş ürəkli, mərhəmətsiz, zalım ola bilməzlər. Möminlər bəla və müsibətlərə səbir etdikləri kimi, insanlara və bütün məxluqata da şəfqət göstərirlər. Üstəlik onlar həmişə bir-birinə mərhəməti tövsiyə edir, cəmiyyətdə "acıma, mərhəmət etmə, sevmə və hər kəsə şəfqət göstərmə" hislərini yayırlar. Onlar bunu edərkən təkcə dünyəvi sevgi və qayğıdan danışmaz, daim diqqəti axirətin yamaclarına çəkər və şəfqət hissini insanlığın sonsuz səadətə qovuşması istiqamətində dəyərləndirirlər. Həmişə, "Qardaş qəbir var, hesab var, Cəhənnəm var! Bütün bunlarla yanaşı, bir də Cənnət var!.. Bu insanların özünü oda atdığını görə-görə onlara necə acımayasan; necə əllərindən tutub Cənnətin yolunu göstərməyəsən?!" deyirlər. (20:45)
  • Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) insanların əbədi əzabdan qurtuluş davasına o qədər könüldən bağlanmışdı ki, Qurani Kərim Onun bu iztirabını bu xitabla dilə gətirirdi: "Onlar bu Kitaba inanmırlar deyə, arxalarınca kədərlənib özünü həlakmı edəcəksən?" (“Kəhf” surəsi, 18/6). Bir başqa ayeyi-kərimədə Allah Təala Rəsuli-Əkrəminə "Onların iman gətirmədiyinə görə özünü həlakmı edəcəksən?" (“Şuəra” surəsi, 26/3) şəklində xitab edir. Bu İlahi xitablarda həm tənbeh, həm də təqdir və iltifat var. Sanki Haqq Təala Rəsuluna "Həbibim, insanlar bu ilahi sözə qulaq asıb ona dilbəstə olmur, inanıb əbədi səadətə can atmırlar deyə elə üzülür, elə kədərlənirsən ki, az qala şam kimi əriyəcəksən" deyir ki, bu da öz-özlüyündə həm ülvi bir iltifat, həm də iztirab timsalının ruh ənginliyini təsvir edib gələcək nəsillərə göstərilən bir hədəfdir. (24:47)
  • Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bir hədisdə belə buyurur: "Mən sizin görmədiyinizi görür, eşitmədiyinizi eşidirəm; bir bilsəniz, göy elə bir inildədi ki!.. Elə də olmalı idi, çünki göylərdə mələklərin səcdə etmədiyi dörd barmaq qədər boş yer yoxdur. Allaha and olsun ki, əgər İlahi əzəmət haqda mənim bildiyimi bilsəydiniz, az gülər çox ağlayardınız, hətta zövcələrinizlə birlikdə olmaqdan qaçar, dağlara və səhralara düşüb çığıra-bağıra Allaha yalvarardınız." (25:30)
  • İnsanlığın İftixarı Peyğəmbərimizin (əleyhissalatu vəssalam) o əngin sevgi, şəfqət və xoşgörüsünü göstərən hadisələrdən biri də Məkkənin fəthində cərəyan etmişdir: Fəthdən sonra hər kəs Onun ətrafında toplanır və gözünü o Rəhmət Günəşinə dikib verəcəyi qərarı gözləməyə başlayır. Halbuki onlardan bir qrup məkkəli Müsəlmanlara Məkkəyə girərkən müqavimət göstərmiş, qan axıtmış, zorakılıq və intiqam hisslərini bir daha körükləmişdi. Vəziyyətin belə gərgin olduğu bir vaxtda Allah Rəsulu (sallallahu əleyhi və səlləm) həyəcan və əndişə içində gözləyən məkkəlilərə: "Mənim nə etməyimi gözləyirsiniz?" deyə soruşur. Əslində Onun nə qədər soylu, bağışlayan və mərd insan olduğunu yaxşı bilən bəzi məkkəlilər, "Sən kərimsən, Sən kərim oğlu kərimsən" deyə cavab verirlər. Onun qayəsi nə mal, nə mülk, nə hökmdarlıq, nə də torpaq fəthidir; Onun hədəfi insanların qurtuluşu və onların qəlbini fəth etməkdir. Bu şəfqət və sevgi timsalı ona düşmən olanlar haqda qərarını belə açıqlayır: "Sizə bir zamanlar Yusifin qardaşlarına dediyi kimi deyirəm: “Siz əvvəlki əməllərinizdən ötrü bu gün qınanılmayacaqsınız. Allah sizi də əfv edər. O, Mərhəmətlilərin Ən Mərhəmətlisidir”. Gedin, hamınız azadsınız". Əslində bu "Narahat olmayın. Kimsəni cəzalandırmaq niyyətində deyiləm. Hər kəs öz xarakterinə uyğun davranır. Siz bir vaxtlar öz xarakterinizi nümayiş etdirib üslubunuzu ortaya qoydunuz. Mənim üslubum da budur" deməkdir. (30:27)