Ölüm istəyi və axirət əndişəsi

  • Müqəddimə: Qulluq bir şəhrahda (böyük caddə, azmaq qeyri-mümkün olan doğru və açıq yol) yerimək qədər asan, bir uçurumu aşmaq, dar bir körpüdən keçmək qədər də çətindir. Siratdan burada keçirlər, axirətdə isə burada keçilən siratdan keçilir. (00:45)

Sual: 1

Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) dünyəvi çətinliklərə görə ölüm arzulamamağı vurğulayaraq "Allahım, nə qədər ki həyat mənim üçün xeyirlidir, yaşat, ölümüm daha xeyirli olanda da can əmanətini al!" məallı duanı öyrədir. Bu duanı həyatın bir məfkurəyə həsr edilməsi və ölüm həqiqəti nöqteyi-nəzərindən necə anlamalıyıq? (06:18))

  • Ənəs ibn Malik (radiyallahu anh) Rəsulullahın (sallallahu əleyhi vəsəlləm) belə buyurduğunu rəvayət edir: "Heç kim başına gələn bir müsibətə görə ölüm istəməsin. İllah da bir şey söyləmək istəyirsə, belə desin: "Allahım, nə qədər ki həyat mənim üçün xeyirlidir, yaşat, ölümüm daha xeyirli olanda da can əmanətini al!" (Buxari, Mərdə 19; Müslim, Zikr 10) (06:50)
  • Sədaqət timsalı Həzrəti Yusifin o qədər əzab-əziyyətdən sonra – Misirin sevimlisinə çevrildikdən, ana-atasına qovuşduqdan, qardaşları ilə barışdıqdan sonra, ən məsud və xoşbəxt olduğu bir vaxtda ölüm istəməsini və "...Ey göyləri və yeri yaradan! Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!" (“Yusif” surəsi, 12/101) deyə dua etməsini vəzifə yerinə yetirilincə axirət yamaclarına üz tutma.. Haqqa vüsləti istəmə.. ilahi eşqu-iştiyaqla coşub tezliklə Ona qovuşmağı arzulama şəklində başa düşmək lazımdır. Üstəlik ola bilsin ki, ölüm istəmək onun şəriətində caiz imiş. (07:40)
  • "Liqa" qovuşmaq, qarşılaşmaq və görüşmək mənalarına gələn ərəb sözüdür. Xüsusilə, təsəvvüf termini kimi çox işlədilən "liqaullah" ifadəsi isə Allaha qovuşmaq, Haqq-taalaya vasil olmaq və cənnətdə "Cümə yamacları"ndan Mövlayi-Mütəalanın o gözəllərdən gözəl camalını görməklə şərəflənmək deməkdir. Bəlkə də, ən böyük səbir liqaullah üçün eşq və iştiyaqla alışıb yanan, amma hələ "gəl" dəvətini almadığına görə dünya zindanına qatlaşan həqiqət aşiqlərinin vüsal hissinə rəğmən canını dişinə sıxıb dözməsidir. Ən çətin səbir nəfəsi axirət eşqi ilə gedib gələn Haqq dostlarının vəzifələrini yerinə yetirənədək dünya həyatına dözməsi və qəlbin vüsal arzusunu məsuliyyət hissi ilə cilovlamasıdır. Belə səbir qəhrəmanlarının həyatı xeyirli həyatdır və yaşamaları faydalıdır. (09:50)
  • Şəfqət Peyğəmbəri (sallallahu əleyhi və səlləm) Miracdan qayıdarkən keçdiyi qapıları başda peyğəmbər varisləri əsfiya olmaqla bütün ümməti üçün aralı qoymuşdur. Peyğəmbərimiz mələkut aləmini seyr etmiş, daha sonra ürucunu (yuxarı çıxmaq, göyə qalxmaq) nüzulla (aşağıya enmək) taclandıraraq ümmətini Allah-taalaya aparmaqdan ötrü geri qayıtmışdır. Böyük övliya Əbdülqüds Həzrətləri demişdir: "Həzrəti Məhəmməd (sallallahu əleyhi və səlləm) Miracda göylərin fövqündəki aləmlərə yüksəldi, Sidrətül-Müntəhaya çatdı, Allah-taala ilə mükalimə etdi. Ancaq cənnətin cazibədar gözəllikləri ağlını başından ala, gözlərini qamaşdıra bilmədi. Qayıdıb ümmətinin yanına gəldi. Allaha and olsun, əgər mən oralara getsəydim, o məqamlara yüksəlsəydim, geri qayıtmazdım!.." Bu fikri dəyərləndirən bir böyük zat isə "budur nəbi ilə vəlinin fərqi" deyərək mühüm bir həqiqətə toxunmuşdur. (11:45)
  • Həyat uca qayəyə, o qayə də Allahın rizasına həsr edilməlidir. Bu gün ən uca qayə Rəsuli-Əkrəmin (əleyhissalatu vəssalam) səsini dünyanın hər yanına çatdırmaqdır. Bəli, nəfsin girdabında sürünmək istəmirsinizsə, belə böyük bir amaca dilbəstə olmalısınız... “Yıxılmamaq” və Allahın sizi “yıxdırmaması” üçün həyatınızı bu yüksək məfkurənin gerçəkləşməsinə həsr etməli, varlığınızı bu işə fəda etməli və ömrünüzü onunla xeyirli etməlisiniz. (15:47)

Sual: 2

Mərufi-Kərhi və Şahı-Nəqşibənd həzrətləri kimi böyüklər "Hasbunallahu və niməl-vəkil - Allah bizə yetər, O, nə gözəl vəkildir!" ayəsindən ilham alaraq qələmə aldıqları "Hasbiyə" dualarında din və dünya məsələlərində Allaha sığınmaqla yanaşı, ölüm, qəbir, məhşər, hesab və Siratın çətinliyindən də Allah-taalanın güc və qüdrətinə iltica edirlər. Bu cür hasbiyələr və onların hansı düşüncə ilə oxunması haqda fikirlərinizi öyrənə bilərikmi? (20:08)

  • Mərufi-Kərhi həzrətləri də Abdülqadir Geylani, Aqil Mənbici, Həyat bin Qeys əl-Hərrani, Əbu Həsən əl-Xərəqani, İmam Rəbbani və Həzrəti Bədiüzzaman kimi təsərrüfü davam etdiyinə inandığımız insanlardandır. Həzrəti Ustad “Barla Lahikası”nda belə buyurur: "İkincisi, bəzi övliyalar Qövsi-Əzəm kimi, məmatdan (öldükdən) sonra Xızırın həyatına yaxın həyata məzhər olmuşlar. Qövsün xüsusi ismi-əzəmi "Hayy" olduğu sirrinə binaən onun digər əhli qüburdan (ölən insanlardan) daha çox həyata məzhər olduğunu düşünmək mümkündür. Məşhur qütbü-əzəm Mərufi-Kərhi və qütbü-əzm Şeyx Həyatül-Hərraninin – Həzrəti Qövsdən sonra – ölümləri həyatları kimidir. Beynəl-övliya məşhur olmuşdur". (20:48)
  • Mərufi-Kərhi və Şahı Nəqşibənd həzrətləri kimi böyüklər "hasbiyə" dualarında – bəzi söz fərqləri olsa da – belə təzərrö və niyaz etmişlər: "Ölümün məşəqqəti ilə üzləşəndə qullarına həmişə həlim olan Allah bizə yetər. Qəbirdə bizi gözləyən sorğu-sual zamanı əngin şəfqət sahibi Allah bizə yetər. Qiyamətdən sonra yenidən diriliş vaxtı və ömrün hesabını vermək üçün toplaşan zaman sonsuz mərhəmət sahibi Allah bizə yetər. Əməl dəftərlərinin açıldığı hesab qovhaqovğasında, bütün əməllərin tərəziyə qoyulduğu o dəhşətli zamanda – çox vaxt qullarını gözlənilməz lütflərlə sevindirən – Allah bizə yetər... və Siratdan sağ-salamat keçib əbədi səadət yurduna girməkdə – bütün məxluqatın ehtiyacını hər zaman təmin edən – Allah bizə yetər. Rəsuli-Əkrəminə "Mənə təkcə Allah yetər. Ondan başqa heç bir ilah yoxdur. Ona təvəkkül etdim. O, böyük ərşin sahibidir!" (“Tövbə” surəsi, 9/129) buyurub sığınmağı öyrədən Allah dünyəvi və üxrəvi hər ehtiyacımız müqabilində bizə yetər.” (22:35)
  • Ömrünü ibadətlə keçirən Əsvəd b. Yezid ən-Nəhayi ölüm ayağında çox qorxur, çox ağlayırdı. Ondan soruşurlar ki: "Bu nə hıçqırıqdır, ya həzrət, yoxsa günahlarından qorxursan?" O böyük Haqq dostu belə cavab verir: "İnnəl-əmra ciddün – Xeyr, xeyr, bu iş daha ciddidir. Mən günahlarımdan, ölümdən deyil, kafir kimi ölməkdən qorxuram", – deyir. Vəfatından sonra yuxuda görən olur. Ondan: "Səninlə necə rəftar etdilər, səni necə qarşıladılar?" deyə soruşur. Cavabında belə deyir: "Vallah, peyğəmbərliklə aramda dörd barmaq məsafə qalmış kimi müamilə etdilər". Bəli, qorxmayanın aqibətindən qorxarlar, əndişələnməyənin aqibətindən də əndişə edərlər. Bu böyük Haqq dostları ömür boyu aqibət qorxusundan tir-tir əsdiklərinə görə bəzən bu kimi ümid qalxanına sığınmış və "Allah bizə yetər!" deyərək bir qədər nəfəs dərmişlər. (24:00)
  • Qəbir sorğu-sualı bəziləri üçün çox asan keçsə də, əslində əksəriyyət üçün çox ağır bir imtahandır. Risalələrdə o imtahanı uğurla keçən bir tələbənin mənqibəsi belə rəvayər edilir: "Sərf (morfologiya) və nəhv (sintaksis) elmini oxuyan bir mədrəsə tələbəsi vəfatından sonra qəbirdə Münkər və Nəkirin: "Mən Rabbukə" (Sənin Rəbbin kimdir?) sualına özünü mədrəsədə sanıb nəhv elmi ilə cavab verir. "“Mən” mübtədadır, “Rabbukə” onun xəbəridir. Çətin sual verin, bu, asandır" deyərək həm o məlaikələri, həm hazır dayanan ruhları, həm orada olub həmin hadisəni müşahidə edən bir kəşfül-qübur övliyasını güldürdü və İlahi mərhəməti təbəssüm etdirdi". (27:05)
  • Hədis alimləri arasında "Bitaka" (qeyd yazılmış kiçik kağız) hədisi kimi məşhur olan bir nəbəvi bəyanda Allah-taalanın mərhəməti belə diqqətə çatdırılır: (Qiyamət günü) bir insanı gətirirlər. (Tərəzinin) bir gözünə əməlləri yazılmış doxsan doqquz dəftər qoyurlar, dəftərin hər biri olduqca uzundur. Bir tərəfdə də "Lə ilahə illəllah" yazılmış bitaka gətirilir. O adam soruşur: “Ey Rəbbim, dəftərlərlə gələn bu kağız nədir? Allah-taala buyurur: “Şübhəsiz ki, sənə haqsızlıq edilməyəcək!” Sonra o bitakanı tərəzinin o biri gözünə qoyurlar. Allah Rəsulu (əleyhissalatu vəssalam) buyurur ki: “O kağız dəftərlərdən qat-qat ağır gəldi”. (29:33)
  • Xülasə, böyüklərin hasbiyələri aqibət qorxusundan tir-tir əsən Haqq dostunun məhdud imkanlarını, iradəsinin zəifliyini əczü-fəqr iniltiləri ilə dilə gətirməsi.. Haqqın sonsuz qüdrəti ilə ümidlərini şahlandırması.. naçar qalanda gözlənilməz bir yerdən qapı açılar ümidinə yapışaraq: br />
    "Kərəm et, kəsmə sultanım, kərəmini binəvalardan
  • Kərəmkana yaraşarmı, kərəm kəsmək gədalardan" (M. Lütfü)
    deməsi və ən miskin dilənçi kimi halını hər şeydən agah olan Rəbbinə söyləməsidir… hasbiyələri bu cür anlamaq və həmişə oxumaq lazımdır. (31:20)