Osmanlıda fütüvvət ruhu

Sual: Xüsusilə Qərb tədqiqatçı və ziyalıları Osmanlını əsrlər boyu var edən ən böyük amilin "müharibə iqtisadiyyatı" olduğunu deyirlər. Dolayısilə də, cihada hər an hazır olmalarını bu amilə bağlayır və Osmanlı tarixini "müharibələr tarixi" şəklində təsvir edirlər. Əfsuslar olsun ki, bəzi bizim tarix kitablarımız da Osmanlıya, ümumiyyətlə, bu tərzdə yanaşır. Bu mövzudakı mülahizələrinizi bölüşə bilərsinizmi?

  • Təəssüf ki, Osmanlı tarixi, ümumiyyətlə, "müharibələr tarixi" kimi təqdim edilmişdir. Qəlblərdəki qəhrəmanlıq duyğusu da –xüsusilə, zəfər nöqteyi-nəzərindən– bundan gizli və uşaq kimi sevinc duyulmasına səbəb olmuşdur. Dolayısilə də, məsələnin pərdə arxası və həqiqi mahiyyəti ön plana çıxarılmamış, hətta "yalan deyən tarix" Osmanlı Sultanlarının, demək olar ki, hamısını qaralamağa çalışmışdır. (01.05)
  • Bəzilərinə görə, Osmanlının həqiqi tarixi yazılmamış, yazıla bilməmişdir. Bəzi tarixçilər də bu çatışmazlığa görə: "Bəzi millətlər tarix yazar, bəziləri isə tarix qurar; Osmanlı tarix quran millətlərdəndir" təsəllisinə sığınmışdır. (04.03)
  • Osmanlının süqutundan sonra başda Osmanlı coğrafiyası olmaqla bütün dünyaya yayılan zülm, qarışıqlıq və hərc-mərclik nəzərə alınsa, bu Dövləti-Aliyənin qiyməti daha yaxşı bilinəcək və açıq-aydın görüləcək ki, o böyük dövlət yalnız müharibələrdə əldə edilən qənimətlərlə var olmamış, böyük bir dövlət fəlsəfəsi ilə əsrlər boyu tutduğu zirvəni qoruyub saxlamışdır. (06.33)
  • Demək olar ki, hər millətin həyatında iman və eşq, elm və sənət dövrləri olur. İman və eşq dövrünün keyfiyyəti və həyəcanı azala-azala elm və sənət dövründə bitib tükənməyə üz tutur. (12.50)
  • Dünyanın dörd bir yanına gedən fədakar ruhlar getdikləri yerlərdə yaşadıqları hadisələri mütləq təfərrüatla qeydə almalı, daha sonra da onları xatirə, roman və ya tarixi əsər şəklində kitablaşdıraraq gələcək nəsillərə əmanət etməlidir. Bu qeydlər təkrarlanan tarixi hadisələri daha yaxşı anlama, dövrü şərh etmə və istiqbala hazırlanma baxımından gələcək nəsillər üçün faydalı olacaq. (15.41)

Sual: Osmanlının yüksəlməsində və uzun müddət zirvədə qalmasında ən böyük faktor nədir? Üstəlik, Osmanlı dövründə çox az fikir və elm adamı yetişdiyini iddia edənlər bunu həmişə tənqid etmişlər, bu tənqidlərin həqiqət payı varmı? Məsələni hər dövrün şərtlərinə və çağdaş nəslin vəzifələri nöqteyi-nəzərindən dəyərləndirə bilərsinizmi? (20.20)

  • Osmanlının yüksəlişində və uzun müddət zirvədə qalmasında "Dövləti-əbədi-müddət" idealının və tarix şüurunun təsiri ola bilər, lakin məsələyə irqi yöndən yanaşmaq və sadəcə bunlarla bağlamaq çox yanlışdır. (20.45)
  • Osmanlının yüksəlişində əsas amil ileyi-kəlimətullah eşqi və dini əhya sevdasıdır. (23.22)
  • Dövləti yarım əsrə yaxın idarə etmiş, lakin yoldan sapmamış bir insan olan Qanuni Sultan Süleyman canını Allaha müharibə meydanında təslim etmək istəyirdi və elə də oldu; Hümayun Səfərində, ordusu Ziqətvar qalasının önündə ikən ruhunu təslimi etdi. Mənqibəyə görə, Qanuni son günlərində Əbussuud Əfəndiyə bir sandıq verir, bu sandığın da onunla birlikdə basdırılmasını vəsiyyət edir. Üləma arasında aparılan müzakirələr nəticəsində dinimizdə əşya ilə insan basdırmaq caiz olmadığına görə sandıq qəbrə qoyulmur. Sandığı açan alimlər onun içində Qanuninin hökmlər üçün Şeyxulislamdan aldığı fətvalar olduğunu görürlər. Bunu görən Əbussuud əfəndi ağlayaraq: "Sultanım, sən qurtuldun, bəs biz nə edəcəyik..." deyir. (25.45)
  • Öz dövründə bir bayraqdara çox ehtiyac vardı və Osmanlı İslam bayrağına bayraqdarlıq missiyasını öz öhdəsinə götürmüşdü. Osmanlının ard-arda zülm və xəyanətlə üzləşdiyi, İslam aləminin müstəmləkəçilər tərəfindən yerlə-yeksan edildiyi, fikir və düşüncənin məhv edildiyi, bütün bunların yerində Osmanlıya lənət və vəfasızlıq mirasının qoyulduğu dövrdən sonra Malik bin Nəbinin: "Əgər İslam dünyasının şimalında Osmanlı olmasa idi, bu gün İslam aləmi də olmazdı. Osmanlı olmasa idi, bu gün yer üzündə müsəlmanlıq da qalmazdı" sözləri də bu həqiqəti ifadə edir. (28.33)
  • Cənabi-Haqq hər dövrdə o dövrün şərtlərinə görə insanlar göndərmişdir. Osmanlıda böyük fikir və elm adamlarının yetişmədiyini və ya çox az yetişdiyini deyənlər məsələyə hər dövrün özünə xas ehtiyaclarını nəzərə alaraq baxmalıdır. (30.47)
  • Bu cümlədən, tədvin dövründə görülən işlər çox dəyərlidir, çünki o dövrün faqihləri fiqhin kitablaşdırılması, hədisçilər sünnənin hifz və təsbit edilməsi, kəlamçılar əqaid məsələlərinin möhkəmləndirilməsi, təfsirçilər Quran və Quran elmlərinin yazılması ilə məşğul oldular hər biri öz sahəsində heç bir qarışıqlığa imkan vermədən İslam dininin həqiqətlərini təsbit edib ortaya qoydular. Lakin bu gün tədvin dövründə görülən işləri təkrar görməyə çalışmaq, həmin dövrü təqlid etmək zamanı düzgün anlaya bilməməkdir, çünki bu günün ehtiyacları çox fərqlidir. (36.45)
  • Yaşadığımız dövrdə ümməti-Məhəmmədin (əleyhissəlatu vəsəlləm) vəzifəsi və görüləsi ən əsas iş əngin bir vicdanla dünyaya açılmaq, qəlbdə hər insana bir kürsü ayırmaq, hər kəsi şəfqətlə qucaqlamaq və həqiqətlərlə qəlblər arasındakı maneələri qaldıraraq bəşəriyyətin əbədi qurtuluşuna zəmin hazırlamaqdır. (42.45)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.