“Oyan yuxudan, ey igid!..”

Fəthullah Gülən: Oyan yuxudan, ey igid!..

  • İnsanın özünün gördüyü işi bəyənməsi münafiqlik əlamətidir. Belə insana “əsil münafiq” demək doğru deyil. Bu düşüncə sadəcə bir münafiqlik əlamətidir. Düsturumuz “Mənim yerimə başqası olsa idi, bu işi daha yaxşı görərdi, bu iş daha uzunömürlü olardı!” şəklində düşünmək olmalıdır.

Kəramət axtarmaq deyil, doğru yola sadiq olmaq lazımdır

  • Bu məfkurə talesizdir ki, bizim kimi insanların ümidinə qalıb. Kaş bu məfkurə qəlbi, ağlı, hisləri, duyğuları və düşüncələri daim Allahla olan insanların əlində olaydı! Oturanda, duranda, göz qırpanda, addım atanda daim Onu ananların əlində olaydı! Dünyadan yapışmayan insanların əlində olaydı! Zahirpərəstlik və formallığa ilişib qalmayan insanların əlində olaydı! Təqlidçilik çərçivəsindən çıxmağı bacaranların əlində olaydı! Ana-atasının yolunu, mühitinin yolunu, bir-iki cahil imamın, müəzzinin yolunu tutanların, müsəlmanlığı onlardan öyrənən, onların vasitəsilə tanıyan və onların xətrinə müsəlman olanların deyil, gündən-günə imanda kamilləşən insanların əlində olaydı Kim bilir, necə gözəl işlər görülərdi?! Biz özümüzə bu gözlə baxmalıyıq!
  • Kəramət göstərib qanad açaraq uçsaq belə “Rəbbim, bu əsl ibadət sayılmır. Nə olsun, heyvanlar da uçur!” deməkdən çəkinməməliyik. Könül insanı olmalıyıq. Kəramət göstərib suda batmadan gəzən insanlar “Nə olsun, köpək balıqları da, balinalar da suda batmırlar” deməyi bacarmalıdır. Əslində bu, heyvan işidir. İnsan işi nədir? Bizi əhsəni-təqvimdə xəlq edən Allahdan heç vaxt qopmadan; günün 24 saatının hər bir saniyəsində, oturanda, duranda daim Onu düşünmək, Onu anmaqdır.
  • Bu, imanın mərifətlə, ürfanla bəzənməsindən asılıdır. İmanını mərifətlə bəzəməyən insanlar yol yorğunluğuna məhkum olarlar. “İnandım” deyəndən sonra imanı – bunu “vicdan kültürü”, “qəlb kültürü” ifadələri ilə də əvəz etmək olar – mərifət və ya ürfanla bəzəyərək arif olmaq lazımdır!

Dəyərlər formal şeylərlə əvəz olundu və dinin ruhuna xəyanət edildi!..

  • İtirdiyimiz, qeyb etdiyimiz şeylər Bu dəyərləri nə vaxt, neçə il sonra geri qaytarmağa nail olacağıq, orasını bilmirəm. Ancaq biz dəyərlərimizi yüz illər əvvəl itirmişik! İtirdiyimiz dəyərlər isə formallıqla əvəz olunub. Börəkçilər, ondan sonra çörəkçilər, çörəkçilərdən sonra tatar börəkçilər, sonra aşçılar, aşçılardan sonra da qadayıfçılar keçib. Hakimiyyətdə dinə ciddi zərər yetirdilər. Din siyasi ideologiyanın alətinə çevrildi. Onlar din adından nə dedilərsə, istisnasız qəbul olundu və beləcə dinin ruhuna xəyanət edildi! Bu proses yüz illərdir, bu şəkildə gedir!
  • Məsələyə bu cür yanaşan haramilər isə “Dinin ruhunu başqaları qəsb elədi” deyərək oğurluğu özləri etdikləri halda, günahı başqalarının üstünə yıxdılar, bu yolla qınaqdan yaxa qurtarmaq istədilər. Və dinə zərər verdilər. Din mühakimədir, təfəkkürdür, din qəlbdir, vicdandır, Allahla möhkəm irtibatdır, din müamilədir, hərəkət və davranışlarda dürüstlükdür, sədaqətdir, istiqamətdir (doğru yoldur), haqdır, ədalətdir! Neçə belə adam var?! Din əhli-dünyanın, lovğa, alqışdan xoşu gələn, təşəxxüs satan, Qurani-Kərimin “təmatti” sözü ilə təsvir etdiyi kimi təkəbbürlə gəzən, özünü böyük görən, həqiqətən belə bir adam olduğuna inanan insanların ümidinə qaldı və olan yenə də dinə oldu. Avam xalq, yığınlar, kütlələr də elə bildilər ki, din bunların dediyi kimidir. Din onların dediyi kimi deyil! Din Quranın dediyi kimidir! Din İnsanlığın İftixarı Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) yaşadığı kimidir!
  • “Mənin yolumla gedin, Mənim ipimdən möhkəm yapışın” buyurur İnsanlığın İftixarı Peyğəmbərimiz “sonra da Rəşid Xəlifələrin yolu ilə ” Həzrəti Əbu Bəkir kimi yaşayan neçə adam göstərə bilərsiniz? Başdakılardan danışmıram. Onlar vicdanın cilovunu tamamən dünyanın əlinə veriblər. Xalqdan danışıram! Neçə nəfər dünyaya Həzrəti Əbu Bəkir kimi baxır?.. Neçə nəfər onun kimi buradan köçüb gedəndə əllərini çırpıb “Dünyalıq hər şeyim getdi, xanumanım qalmadı” deyə bilib. Dünyaya Həzrəti Ömər kimi baxan neçə nəfər göstərə bilərsiniz? O da əllərini çırparaq “Du cahandan vaz keçdim, xanumanım qalmadı” deyib. Həzrəti Osman kimi, Həzrəti Əli kimi, Həzrəti Həsən kimi, Həzrəti Hüseyin kimi, Əşəreyi-Mübəşşərə kimi neçə insan göstərə bilərsiniz? “Din indi qəribdir. Siyasətin tabeçiliyində olan dinə din demək olmaz. Bu, olsa-olsa din kimi bir şeydir!..”
  • Əsl din sələfi-salehinin nöqsansız, qüsursuz surətdə təmsdil etdiyi dindir! İnsanların həva və həvəslərinə (nəfsani arzu və istəklər), müəyyən hakimiyyət dairələrinə xidmət edən dinə din demək olmaz. Əgər dini bunlar əsasında idarə edilirsə, ona ancaq “din kimi bir şey” demək olar. Bunların elədikləri də deyəsən din kimi bir şeydir. Zahirən namaz qılsalar da, oruc tutsalar da, həccə getsələr də, namazdan onlara ancaq yorğunluq, tutulan oruclardan isə aclıq qalar. Həcc isə turist gəzintilərindən fərqlənməz. Amma onların hesabına pul qazanan da qazanır. Həcc kərvanları təşkil edər, bunu ticari və turizm xidmətinə çevirər və haqsız yollarla qazanc əldə edərlər.
  • O sadəlövh kütlələri, yığınları aldadan, onların başına keçib çoxbilmiş kimi görünən, o əsil cahillərdir üç-beş kitab vərəqləməklə dini öyrəndiklərini sanırlar. Halbuki nəzəriyyədən kənara çıxa bilməyiblər, qəlb və ruh həyatını hiss etməyiblər, yaşamayıblar. Bir vaxtlar ilk müsəlmanlar dini dəyərlərin adını qoymamışdılar, ancaq yaşayırdılar. Sonrakı dövrlərdə isə bu dəyərlərə həm ad qoydular, həm də onu yaşadılar. Bunlar təkyə və zaviyənin aşıladığı ruhu heç eşitməmiş, bu haqda düşünməmiş, onu yaşamamışlar. Bəs necə yaşayıblar? Formal şəkildə!
  • Bax beləcə din hal-hazırda qürbətdədir, qəribdir. İnsanlığın İftixarı Peyğəmbərimiz “Qəriblərə salam olsun!” buyurur. Bir dövrdə ki din özünü qərib hiss edir, insanlar onun mahiyyətini anlamır və mənimsəmir, demək, o, yetimdir. Həmin dövrün insanları da yetimdir. Bütün bunlara baxmayaraq, dinə arxa çıxan, səhabə kimi yaşamağa çalışan insanlar var. O səviyyədə mümkün olmasa da, yaşamağa çalışanlar var. Onlar da öz dövrlərində qəribdirlər. İnsanlar onların hərəkət və davranışlarını başa düşməzlər. Bir hədisi-şərifdə buyurulur ki, bir insana dininə görə, dini yaşamasına görə, dinə yanaşmasına görə “dəli” demirlərsə, o adam əsl dindar deyildir. Dindar əhli-dünyanın meyarlarına, kriterilərinə görə, fərqli olmalıdır. Yəni el-aləmin villa, saray dərdinə düşdüyü, pul-paranın arxasınca qaçdığı bir dövrdə bütün bunlardan imtina edib ac-yalavac hicrətə sinə gərən, dünyanın müxtəlif ölkələrini Allah Rəsulunun adını aparan, (üstəlik “Mən də sənin kimi düşünürəm!” deyən insanların əngəl törətməsinə, aldatdıqları insanlar və daxildəki münafiqlərin əli ilə bu fəaliyyətin qarşısını almağa çalışmasına baxmayaraq) dünyanın dörd tərəfinə yayılan insanlar Bu insanlar dinin ruhunu çatdırmağa, yaymağa çalışırlar. Bəli, din qəribdir, həqiqi dini təmsil edən insanlar qəribdir! Onları “paralel”, başqalarını isə “üstün” sayırlar
  • Həyatı qiymətli edən yüksək məfkurədir. Ömrümüzü dəyərlərimizin ehyasına, itirdiklərimizin tapılmasına, əlimizdən alınan, bizdən qəsb edilən şeylərin geri qaytarılmasına həsr etmişiksə, demək, uca bir məfkurə uğrunda yaşayırıq. Ancaq bu məfkurəni fitrətimizə nəqş etməliyik. Belə bir məfkurəyə sadiq bir insan nəinki dəniz mənzərəli bir villa, buradakı Ağ Sarayı da versələr, Fransadakı saraylardan birini də verəsələr, cavabı “tfu bunlara” şəklində olar. Yunus Əmrə kimi “Mənə Səni gərək Səni” deyər, bir kənara çəkilib lüzumsuz şeylərdən imtina edər. Ancaq təəssüf ki, hal-hazırda bu duyğunu, bu düşüncəni söndürmək istiqamətində sistemli fəaliyyətlər həyata keçirilir. Bütün sistem bu işiğı söndürmək üçün səfərbər olub. Ancaq, yeri gəlmişkən deyim: onu heç vaxt södürə bilməmişlər, söndürə bilməyəcəklər və heç kimin söndürməyə gücü çatmayacaq, Allahın izni və inayəti ilə.

“Ey örtünüb bürünən Nəbi! Qalx, insanları pis aqibətdən xəbərdar et!”

Sual: Peyğəmbərliyin başlanğıcında

يَا اَيُّهَا الْمُدَّثِّرُ قُمْ فَاَنْذِرْ وَرَبَّكَ فَكَبِّرْ وَثِيَابَكَ فَطَهِّرْ وَالرُّجْزَ فَاهْجُرْ وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ وَلِرَبِّكَ فَاصْبِرْ

 

ayələrinin nazil olmasının hikməti nədir? Bu ayələr çağdaş dövrün irşad ərənlərinə nə deyir?

  • Bəli, bu ayələr Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) ilk vəhylərin nazil olduğu dövrə aiddir. Bildiyiniz kimi, ilk ayələr – اِقْرَاْ بِاسْمِ رَبِّكَ الَّذِى خَلَقَ – Hira Sultanlığında (mütəfəkkir Hiraya mağara deməyə həya etdiyi üçün bu ifadədən istifadə edir − tərc.) nazil olmuşdur. Aradan aylar keçəndən sonra bu ayələr nazil olub. Əvvəlcə “Müzəmmil”, daha sonra da “Müdəssir” surəsi yer üzünü şərəfləndirib. Bu surələrin nüzul ardıcıllığı haqqında müxtəlif rəvayətlər də var.
  • Əvvəlki surədə “müzəmmil – ey örtünüb bürünən insan”, sonrakı surədə də “müdəssir (eyni mənaya gəlir − tərc.)” sözü işlənir. Kökü “disar” olub qurşaqdan yuxarı geyilən libas, palto, zəvvarların həcdə geyindikləri ehrama oxşar bir şey mənasına gəlir. Qurşaqdan aşağı geyilən libasa isə peştəməl mənasında fitə deyirik. Müdəssir sözünün ayədəki mənası isə: “ya vəhyin ağırlığına altında, yaxud da həmin günədək, yəni Xədicə anamızla – Ona canımız qurban olsun – birlikdə sadə həyat yaşayan yorğanına yaxud da disarına bürünən Peyğəmbər (sallallahu aleyhi və səlləm) ” deməkdir. Rəsuli-Əkrəm dünyaya göz açar-açmaz Cənabi-Allah bir mənada Onu “Sənin yolun budur!” deyib kasıb yaşamağa məcbur etmişdir. Doğrudur, ailə həyatı qurduğu qadın çox zəngin idi. Həzrəti Xədicə anamız ticarətə qatar-qatar karvanlar göndərən mübarək bir qadındı. Buna baxmayaraq, vəhy nazil olandan sonra bütün sərvətini İslam yolunda sərf etmiş və bir neçə il sonra Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) kimi çox yoxsul bir həyat yaşamağa başlamışdı. Bu aspektdən baxanda, bəlkə də, disardan başqa libasları yox idi. Bundan əlavə, ola bilsin ki, bu sözün fərqli mənaları da var. Biz də öz aramızda danışanda “Bu nədir, tənbəl-tənbəl yatırsan!” deyirik. Bu ifədəni dilimizə: “Bu nədir bürünmüsən, dünyadan xəbərin yoxdur!” şəklində çevirmək də olar.
  • Ey müdəssir, yəni disarına bürünən adam, səni vacib bir iş, mühim bir vəzifə gözləyir. Mühüm bir məfkurə səni gözləyir: Allah-taalanın bəyanlarını bəşəriyətə çatdırmaq. Bir deyim var, axtaranlar mütləq sizi tapar, axtarmayanları tapmaq da sizin işinizdir. Cənabi-Allah Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) “Ey müdəssir! Qalx ki, səsini bütün dünya eşitsin. Örtüyü üstündən at, vəzifəni layiqincə yerinə yetir!” deyir.
  • Ağlımıza “Burada Peyğəmbərimizə (sallallahu aleyhi və səlləm) xitab olunur? O, ülvi bir şəxsiyyətdir, nə edəcəyini bilirdi” kimi fikirlər gələ bilər. Ancaq elə şeylər var ki, məsələn, vəhy, Zati-Üluhiyyət, Allahın Sifəti-Sübhaniyyəsi, Onun Əsmai-Hüsnası bütün bunların təbliği Cənabi-Allahın Peyğəmbərimizə öyrətməsindən asılıdır. Allah (cəllə cəlaluhu) təlim etməsə, insan bunları bilməz. Əslində Allahın təlimi ilə Onun dini öyrənməsi öz-zölüyündə xariqüladə bir hadisədir.
  • Haradasa bu mənaya gəlir: “Qalx, Allahdan Sənə gələn həqiqətlər nəyi tələb edirsə, yerinə yetir!” Burada bir mənada məcazdan istifadə edilib. Yəni sakit həyatı bir kənara qoy, guşənişin olma, insanlara qarış, səsini onlara çatdır. “Qalx, belini dikəlt və insanları xəbərdar et!” ardıcıl şəkildə verilən iki əmr. “Qalx” sözünü bu mənada dilimizdə də işlədirik. “Qalx, filan iş səni gözləyir”. “Qal, igidim, yuxudan!..” Qalx, inzar et, yəni əyri yolun pis aqibətindən çəkindir! Burada “inzar” sözü işlədilib. “İnzar” və “təbşir” əks mənalı sözlərdir. “Təbşir” doğru yolda gedən bir insana sevincli və şad xəbər vermək mənasına gəlir. “İnzar” isə insanları əyri yolun pis əncamından çəkindirmək deməkdir.
  • Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) dinin təbliğinə bütə sitayiş edən, hər cür günah işləyən, vəhşət içində boğulan, bataqlıqda çırpınan adamlardan, yəni Cahiliyyə dövrünün insanlarından başlamışdı. Nəticə etibarilə “inzar”ın, yəni əyri yolun pis aqibətindən çəkindirməyin müxtəlif şəkilləri var. Məsələn, Peyğəmbərimiz cahiliyə insanlarını bir yerə toplayır və “Sizə desəm ki, bu təpənin (Əbu Qubeys təpəsi) arxasında düşmən var, sizə hücüm etməyə hazırlaşır, inanarsınız?” deyir. Hamı bir ağızdan “İnanarıq!” cavabını verir. “Çünki Sən etibarlı və dürüst insansan”. Sonra da: “Mən Allahın sizə göndərdiyi bir peyğəmbərəm” deyir. Xülasə, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) Quranın ifadəsi ilə desək, fərqli “təsrif”lərlə daim onları inzar edirdi.
  • “Rəbbinin böyüklüyünü təbliğ et!” Allah böyükdür. Böyük yalnız Allahdır, qalan böyük sayılanlar Onun böyüklüyünün kölgəsinin, kölgəsinin, kölgəsidir Bir şeyin əsli dura-dura, kölgədə böyüklük axtarmaq doğru olmaz. Həzrəti Pirin dediyi kimi, bizim vücudumuz, varlığımız Onun vücudunun (varlığının) kölgəsinin, kölgəsinin, kölgəsidir. Bu səbəbdən ona (insan vücuduna) həqiqi vücud kimi baxmaq olmaz. “Rəbbinin böyüklüyünü təbliğ et!” − bu da növbəti əmrdir: “Allahu Əkbər!” deyə Allahın böyüklüyün təbliğ et! O dövrün ərəb cəmiyyətində “Lat”, “Uzza”, “Esaf”, “Nailə” adlı bütlərə sitayiş edilirdi. Hazırda da dünyanın müxtəlif yerlərində bütlər var. Bu bütlərin heç biri təzimə, təbcilə, təqdirə layiq deyildir. Bunlara layiq olan bir yaradan varsa, o da Allahdır. Üstəlik bu ayədə Peyğəmbərimizə iltifat var. Ayədə “Sənin Rəbbin” ifadəsi keçir ki, bu, bir iltifatdır. Yəni, Onu ancaq Sən layiqincə anlaya bilərsən, ona görə də bunu insanlara çatdırmaq Sənin öhdənə düşür. Sənin Rəbbin, Sənin dünyandakı Rəbb. Onun-bunun təxəyyülündəki (düşüncəsindəki) rəbb deyil, məhz Sənin Rəbbin. Hansı ki, uca adı minarələrdən “Allahu Əkbər” sədaları ilə, Məhəmməd əzanı ilə qiyamətədək anılacaq Məhz Onu uca tut, yəni ululuğunu insanlara çatdır.
  • Bu işi yerinə yetirmək üçün “libasını təmizlə”. Bunun zahiri mənası, namazda fərz olan paltar təmizliyinə aiddir. Burada həmçinin “ətəyini palçığa batırma” mənasında iffət və ismət məsələsi diqqətə çatdırılır.
  • Burada belə bir məna daha var: alicənablığını, səxavətliliyini, isarını (başqasını öz nəfsindən üstün tutmaq), insanlara yardımını, onlara göstərdiyin köməyi gözündə böyütmə və ya buna görə kiməsə minnət qoyma. Yəni İstanbulu fəth etsən də, “Yerimdə başqası olsa idi, Belqradı da fəth edərdi” deməyi bacar Gördüyünüz işləri böyük görməyin. İnsanın gördüyü işi bəyənməsi, böyük görməsi münafiqlik əlamətidir.
  • Peyğəmbərimiz bütün bunlardan münəzzəhdir, mübərradır, pakdır, xalidir. Burada Onun timsalında ümmətə xitab edilir. Buna baxmayaraq, Peyğəmbərimiz də sözügedən məsələləri peyğəmbər səviyyəsində qiymətləndirmişdir.
  • Qalx, insanları inzar et, Rəbbini təkbir et (uca tut), adını təbliğ et, “Allahu Əkbər” de, sonra libasını təmizlə, bütün pisliklərdən uzaq dur, hər şeyi bir kənara qoy və hicrət et, xeyirxah işlər gör, lakin gördüyün işləri gözündə böyütmə Bütün bunları sadaladıqdan sonra da Ona “Rəbbin üçün səbir et!” deyir. Çünki Onun əmrlərinə tabe olub bir iş görmək istəsən, xoşagəlməz şeylərlə qarşılaşacaqsan. Bu işin mahiyyəti belədir. Bataqlıqda, çirkab içində çırpınan insanları qurtarmaq üçün qollarını çirmələsəniz, o batanlar dərhal sizə qarşı çıxar, sizə əziyət edər. Bugünkü kimi, o dövrdə də insanlara xoşagəlməz ləqəblər qoyurdular. Peyğəmbərimizə – haşa – kahin, sehrbaz, şair və s. deyirdilər. Hətta fiziki işkəncə də verir, ordu yığıb üstünə də gələ bilirdilər. İndiki kimi, psixoloji manipulyasiyalarla müsəlmanları, inanclı insanları susdurmğa çalışırdılar. Bu yolda bu cür xoşagəlməz hadisələrin səni gözlədiyini unutma, Rəbbin xatirinə, Ondan ötrü, sırf Onun üçün səbir et, canını dişinə tut, aktiv səbirdən ayrılma.
  • Aktiv səbir əli-qolu bağlı oturub dözmək demək deyil. Aktiv səbir “Biri yolunu kəsərsə, axan çay kimi yeni bir məcra tap və yolundan qalma!” deməkdir. Yolunu kəsərlərsə, kənardan ötüb keçməyi bacarmalısan, yeni bir yol tapıb yoluna davam etməlisən. Hətta bu yolda əzmkarlığın insanları təəccübləndirməlidir. Qoy yolunu kəsmək istəyənlər bir də baxıb görsünlər ki, sən başqa yerdən iki yol, üç yol tapmısan və məqsədə doğru, ümumbəşəri dəyərlərin ehyasına doğru, insana ehtiram duyğusunun ehyasına doğru, Allahın rizasına doğru qanad açmısan. Bu səbəbdən fəaliyyətlərinizdən narahat olacaqlar, üstünüzə gələcəklər, siz isə səbirli olacaqsınız

Sözügedən ayələr bu günün fədakarlarını nəyə səsləyir?

  • Bu ayələr bu günün irşad ərənlərinə bu nəsihətləri verir: Yeyib-içib, tənbəl-tənbəl yatmamaq lazımdır. Həcc ibadətinə bir şey deyə bilmərəm, ancaq bu gün dəyərlərimizin yüksəldilməsi naminə görülən hər bir iş bütün xeyirxah əməllərin fövqündədir. Villalar, saraylar tikməkdən üstündür. Hətta (fərz isitisna olmaqla) nafilə həccə getməkdən də üstündür. Çünki bunda az-çox şəxsin mənəvi feyz almaq istəyi var. Ancaq çətinliklərə sinə gərmək, başqa ölkələrə getmək Bir müəssisənin qurulmasında fəhlə kimi tər tökmək, azacıq yardımla güzəran keçirmək, yerli xalqla dil tapmaq, onlarla yaxşı münasibət qurmaq, bəzən xoş üzlə qarşılanmamaq Buna baxmayaraq, yenə də hər şeyə dözüb səbir etmək.
  • Ortada bir iş varsa, daha çox insana haqq və həqiqəti çatdırmaq vəzifəsi bizi gözləyirsə, − vətəndə və ya başqa bir ölkədə, fərqi yoxdur – sizə and verirəm ki, günahlarıma baxmayaraq bu dəqiqə Cənnətin qapıları üzümə açılsa və “Bu işi görmək istəyirsən, yoxsa Cənnəti?” deyilsə, mən birincisini seçərəm. And olsun ki, Cənnətin səkkiz qapısı üzümə açılsa, fədakar insanlara ehtiyac olduğu belə bir dövrdə “Örtün qapıları, mən burada qalıram” deyərəm.
  • İnsanlığın İftixarı Peyğəmbərimizə deyilənlər əslində bizə aiddir. Ey örtünüb bürünən, dünyadan xəbərsiz yaşayan, yalnız şəxsi mənəvi feyzlərinin dalınca düşən insanlar! Atın üstünüzdəki o disarı (libası), qalxın və insanları əyri yolun pis əncamından çəkindirin! Baş alıb cəhənnəm çuxurlarına yuvarlanırlar, üsyan dəryasına yelkən açırlar, şairin sözü ilə desək, sahilə çıxmağa imkan taba bilmirlər, zəlalət dəryasından hidayət yoluna qayıda bilmirlər, yeyib-içib tənbəl-tənbəl yatma nadanlığına, ədəbsizliyinə yelkən açmışlar kənara çıxa bilmirlər. O halda qalxın və onları əyri yolun pis aqibətindən çəkindirin, bir liman göstərin onlara, bir sahil göstərin ki, gəlib oraya yan alsınlar. Rəbbinizin adını dünyanın dörd bir tərəfində uca tutun. Məhəmmədi ruh və Allahın adı qanad açsın hər yerdə.
  • İffətli, ismətli ömür sürməli, üstümüzə palçıq bulaşdırmamalıyıq Allah eləməsin, yoxsa el-aləm bundan istifadə edərək sizi şantaj edər. Hazırda bu silahdan çox istifadə edirlər. Siğə tələsinə düşən insanlar var, belələrini ələ keçirir, istədiklərini elətdirirlər! Daxili dünyanız təmiz olmadan bu kimi təhlükələrdən yaxa qurtara bilməzsiniz. Bundan istifadə edərlər Bir yerdə mənfi bir əməl işləmisənsə, məsələn “Kiçik qiyamət”də (teleserialın adı) göstərirlər: hakim qumarxanada qumar oynayır, bunu öyrənirlər, şəkillərini çəkirlər, şantaj edirlər və məhkəmə işində haqsız qərar verdirirlər.
  • Bu gün susanlar, haqsızlığa səs çıxarmayanlar, hədisin sözü ilə desək, dilsiz şeytanlıq edənlər, çox güman ki, pul-paranın, villanın, ya da başqa şeyin tələsinə düşüblər. Qarşı tərəf də bundan istifadə edir. İffətli olmalı, ətəklərinizi çirklətməməli, balaqlarınızı kirlətməməli, elə təmiz həyat yaşamalısınız ki, kimsə sizə bircə kəlmə deyə bilməsin. Yoxsa, indiki kimi cinayət ortaya çıxanda yalanlarla, saxtakarlıqla, kimlərisə qaralamaqla xalqın fikrini başqa tərəfə yönəltməyə çalışar, “Görəsən neyləyək ki, xalqa unutduraq; haramiliyi, oğurluğu, rüşvəti, qanunsuzluğu unutduraq, qadınlarla əlaqələri unutduraq!..” deyib ayrı bir xətaya yol verər, yalan danışar, böhtan atar, müsəlmanları qaralamağa məcbur olarsınız. Beləcə bir günahın ucbatından yüzlərlə günah qapıları açılar. Allah eləməsin, iş o həddə çatar ki, insan küfrə girər. Çünki Həzrəti Piri-Muğan, Şəmi-Taban deyir ki “Hər bir günahın içində küfrə gedən bir yol vardır”.

 

 

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2020 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.