Peyğəmbərimizin (s.ə.s.) şahidliyi

Çay süfrəsində həqiqət damlaları

  • Bəyazid Bistami həzrətləri deyir: "Cənabi-Allaha otuz il bütün gücümlə ibadət etdim. Sonra qeybdən gələn səs məni tənbeh etdi: “Ey Bəyazid Cənabi-Allahın xəzinələri ibadətlə doludur. Əgər məqsədin Ona yaxın olmaqdırsa, Haqq qapısında özünü kiçik gör və əməlində ixlaslı ol…" (00:52)
  • İxlas ibadətdə Cənabi-Allahın əmri, istəyi və ehsanından qeyri hər şeydən imtina etmək, əbd-Məbud münasibətində möhkəm sirdaş olmaq, bütün işləri Haqqın təftişinə təqdim etmə düşüncəsi ilə görmək, bir sözlə, vəzifə və məsuliyyəti sırf Onun əmri olduğu üçün yerinə yetirmək, yerinə yetirəndə də Onun rizasını axtarmaq və Onun üxrəvi təvəccöhünə yönəlməkdən ibarət olub paklardan pak sadiqlərin ən bariz xüsusiyyətlərindən biridir. (01:35)
  • Gördüyünüz işləri nümayiş etdirə bilərsiniz, ancaq nümayiş zamanı içinizdən özünü göstərmə hissi keçərsə, o işi şouya çevirmiş olarsınız. Allah, ənbiya, mələklər və ruhanilər şounu sevməzlər. (04:35)
  • Bədiüzzamanın ifadəsi ilə desək "Bir dirhəm ixlaslı əməl xalis olmayan batmanlarla əməldən üstündür" Həzrəti Ustad deyir: "Əməlinizdə ilahi riza olsun. Əgər O, razıdırsa, bütün dünya küssə, bir əhəmiyyəti olmaz. Əgər O, qəbul edirsə, bütün xalq rədd etsə, təsiri olmaz. O razı olandan və qəbul edəndən sonra istəsə və hikməti tələb etsə, siz istəməsəniz də, xalqa da qəbul etdirər, insanları da razı edər. Onun üçün bu xidmətdə əsas məqsəd yalnız Cənabı-Allahın rizasını qazanmaq olmalıdır." (06:35)
  • Səmimiyyət ixlasın ayrı bir ünvanıdır. Səmimiyyət və ixlas abidəsi M. Akif ömrünü təmənnasız yaşayıb təmənnasız başa vurmuşdur. Bu günün xidmət ərənləri onun (M.Akifin) və yamaqlı yorğanını belə fədakarlıq edərək ehtiyacı olana verən səmimi və təmənnasız Həzrəti Ustadın yolu ilə getməlidir. (12:58)
  • “Böyük Doğu” jurnalının çətin dövrləri idi, gah nəşr olunur, gah da çapdan çıxmırdı. Bir ara yenə maddi imkan üzündən jurnal çapa gedə bilmirdi. O dövrdə çox böyük missiya daşıdığına görə, Ustad Həzrətləri bu məcmuəni İslamın səsi-sədası kimi görürdü. Jurnalın pulsuzluqdan çap olunmadığını xəbər alan Həzrəti Ustad çox üzülür və Zübeyr ağabəyə "Zübeyr, “Doğu”nun çapı dayandırılıb, mütləq nəsə eləmək lazım!" deyir. Zübeyr ağabəy də "Ustadım, nəyimiz var ki, nə edək?" cavab verir. Ustad həzrətləri "Mənim qışda örtdüyüm köhnə, yamaqlı bir yorğanım var. Bəlkə, kimsə onu satın alar. Pulunu “Doğu”ya göndərərsiniz" deyir. Həzrəti Ustad yorğanını satdırıb pulunu göndərir. Vəhbi Vaqqasoğlu Bəy "Bunu Ustad Nəcib Fazilə xəbər verəndə üzünü pəncərəyə çevirdi və hönkürtü ilə ağladı!" deyirdi. (14:19)

Sual:

يَا أَيُّهَا النَّبِيُّ إِنَّا أَرْسَلْنَاكَ شَاهِداً وَمُبَشِّراً وَنَذِيراً وَدَاعِياً إِلَى اللَّهِ بِإِذْنِهِ وَسِرَاجاً مُنِيراً

(“Əhzab” surəsi, 33/45-46) ayəsində Peyğəmbərimizin beş mühüm vəzifə və xüsusiyyəti diqqətə çatdırılır. Ayədə Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) "şahid" ünvanının ilk sıraya qoyulmasını və bu vəsfin ümumi mənada işlənməsini necə başa düşməliyik? (17:39)

  • Sualda keçən ayənin məalı belədir: "Ey uca Peyğəmbər! Biz səni bir şahid, həvəsləndirərək xeyirxahlığa istiqamətləndirən və mükafat vəd edərək yüksək ideallar göstərən bir müjdəçi, təhlükələri göstərən, beləcə insanları fəlakətdən çəkindirən şəfqətli bir xəbərdaredici, Allahın izni ilə Onun yoluna çağıran dəvətçi və işıqlandıran bir qəndil olaraq göndərdik" (Əhzab, 33/45-46) (18:12)
  • İnsanlığın İftixarı (əleyhi əkməlüttəhaya) Abdullah İbn Məsud həzrətlərinin bir qədər Quran oxumasını istəyir. O, “Nisa” surəsindən bəzi ayələri oxuyub “Ey Rəsulum! Hər ümmətdən bir şahid (peyğəmbər) gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman onların halı nə cür olacaq? (“Nisa” surəsi, 4/41) məallı fərmana gələndə Allah Rəsulu əli ilə işarə edib oxumağı dayandırır. İbn Məsud deyir ki: "Dönüb baxanda Rəsulullahın gözlərinin dolduğunu və yanaqlarından yaş süzüldüyünü gördüm" (21:00)
  • "Şahid" sözünün lüğəvi mənası bilən, agah olan, hazır olan, dəlil və hüsnü-misaldır (gözəl nümunə). Quranda bir haqqı, bir hadisəni isbat etmək üçün müraciət edilən adama şahid deyildiyi kimi, inanc, söz, hərəkət, əxlaq və davranışlarıyla insanlara gözəl nümunə olan peyğəmbər və möminlərə də şahid deyilir. Buna binaən, ayələrdə keçən “şahid” və “şühəda” sözlərində həm qiyamət günü Müsəlmanların digər Peyğəmbərlərin vəzifələrini yerinə yetirdiklərinə şahidlik edəcəyinə, Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) isə Müsəlmanlara şahid olacağına, həm də İnsanlığın İftixarı və ümmətinin bu dünyada "Üsveyi-həsənə" kimi ömür sürdüyünə və insanlara "ən gözəl nümunə" olduğuna dair işarələr var. (23:00)
  • “Mübəşşir” gözəl xəbərlər verən, doğru yola təşviq edən, həvəsləndirərək xeyirxahlığa istiqamətləndirən və mükafat vəd edərək yüksək ideallar göstərən gülərüzlü müjdəçi deməkdir. Bu vəsfin "nəzir" vəsfindən öncə gəlməsində incə bir məqam var. Ümumi mənada möminlər hər kəsə aid olan obyektiv əmrləri yerinə yetirməklə mükəlləfdir. Adi bir insanı subyektiv mükəlləfiyyəti yerinə yetirməyə məcbur etmək "Asanlaşdırın, çətinləşdirməyin…" prinsipinə ziddir. Üstəlik cismanilikdən uzaqlaşa bilməyən bir insana o üfüqü göstərmək onun çiyninə ağır bir yük yükləyib belini qırmaq deməkdir. Ona görə də insanlara gücləri çatmayan yükü yükləyib dini çətinləşdirməməklə yanaşı, qorxutma və çəkindirmə metodundan deyil, müjdələmə, doğru yola təşviq və xeyirxahlığa həvəsləndirmə üslubuna üstünlük vermək lazımdır. (24:41)
  • “Nəzir” gələcək təhlükələrə işarə edən, xəta və günahların pis aqibətini göstərən, xəyalların və ümidlərin puçluğuna aparan bir yolun tələlərinə diqqət çəkən, beləcə insanları fəlakətdən çəkindirən şəfqətli xəbərdaredici mənasına gəlir. Allahın elçiləri ilk növbədə Cənabi-Haqqa qəlbən inanıb əmrlərinə itaət edənlərin dünya və axirətdə mükafatlandırılacağını bildirmişlər. İmanın dünyada səadətlə, axirətdə Cənnətlə nəticələndiyini müjdələmişlər. İnsanları dəvət edəndə Allah yolunun asanlığını göstərməyə, onları ürkütməməyə və onlarda nifrət hissi oyatmamağa çox diqqət etmişlər. Hər kəsi hikmətlə, gözəl və məntiqli öyüdlərlə Allahın dininə dəvət etmişlər. İkincisi, hikmətlə təbliğin bir əsası olaraq, yeri gələndə əyri yolun aqibətindən bəhs etmiş və insanları şərdən çəkindirmişlər. Çobanın lazım gələndə qoyunlara daş atıb təhlükədən uzaqlaşdırması kimi, peyğəmbərlər də müxtəlif xəbərdarlıq üsulları ilə ümməti qəflətdən və təhlükədən qorumağa çalışmışlar. Beləliklə, onlar zorla iş gördürməz, göz dağı verməz və qorxutmaz, yalnız əzabdan xəbər verər və çəkindirərlər. (26:35)
  • Müjdələməklə yanaşı, çəkindirmə üslubu da irşad və təbliğ yolunun əsaslarındandır. Buna görə peyğəmbər yolunun varisləri “bəşir” olmaqla yanaşı, “nəzir”lik işini də görməlidirlər. Buna baxmayaraq, insan fitrətinə ən uyğun din olan İslamda “təbşir” ilk sırada dayanır. İslam dinin əsasında "yüsr" (asanlıq) var, fitrət və xarakteri nəzərə almadan dini çətinləşdirən və ağırlaşdıran insan onun ruhuna zidd hərəkət etmiş olar. Çünki Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) asanlıq üzərində qurulan və mahiyyətində müsamihə, xoşgörü yatan bu dini insanlara öyrədərkən çətinləşdirməməyi, nifrət oyatmamağı, əksinə asan olduğunu göstərməyi və sevdirməyi əmr edir. Ona görə də hər bir mürşid həmsöhbətinin xarakterini nəzərə almalı, kimə, harada, necə müjdə vermək və ya xəbərdar etmək lazım olduğunu çox yaxşı bilməlidir. (28:32)
  • Sözügedən ayədə "Allahın izni ilə Onun yoluna çağıran dəvətçi" ifadəsi ilə Rəsuli-Əkrəmin insanları bəşəri bir sistemə deyil, Allahın birliyinə, sifətlərinə və ehkamına iman etməyə, rizasına və liqasına (vüsal) dəvəti vurğulanır, "Onun izni ilə" şərti ilə isə bu dəvətin xüsusən ilahi kömək olmadan yerinə yetirilməsinin qeyri-mümkünlüyü diqqətə çatdırılır. (29:37)
  • "Ey aydınlatma şüarı ilə gələn Zat / Gəl, dünyamızı da aydınlat!" (30:40)
  • Başqa bir dəlil olmasa belə, İnsanlığın İftixarının ali şəxsiyyəti Allahı göstərən ən nurani aynadır, doğru şahiddir. İnsan oğlu Cənabi-Allahın isim və sifətlərinin təcəlli etdiyi aynaların ən camisi və mücəllasıdır (əhatəli və cilalı), Həzrəti Ruhu Seyyidil-Ənam (əleyhi əkməlüt-təhaya) isə bu aynaların ən kamili və əhatəlisidir. Bir haqq dostu deyir: "Ayinədir bu aləmdə hər şey Haqq ilə qaim / Mirati-Məhəmməddən Allah görünər daim". Bəli, Həzrəti Ruhu Seyyidil-Ənam (əleyhi əkməlüt-təhaya) o qədər ciddi simaya, təmiz xarakterə və inandırıcı ruha sahib idi ki, onu görən tərəddüdsüz "Allah var" deyərdi. (33:14)
  • M. Akifin

    "Dünya nəyə maliksə, Onun vergisidir həp,
    Mədyun Ona cəmiyyəti, mədyun Ona fərdi;
    Mədyundur o məsuma bütün bir bəşəriyyət,
    Ya Rəbb, məhşərdə bizi bu iqrar ilə həşr et!"

    nə vaxt misralarını oxusam, "Ya Rəbb, bizi Onunla həşr et!" duasını təkrarlayır, sonra da: "Layiq olmasam belə!.." deyirəm (37:03)
  • Bir gün Allah Rəsulu (sallallahu əleyhi və səlləm) ən sadiq dostu, səma və yerin əmini Cəbraillə (əleyhissalam) bir yerdə olanda "Məhəmmədin dilinə üç gündür, bir loğma da dəyməyib" deyir. Həmin anda səmadan bir mələk enir. Cəbrail (əleyhissalam) enən mələk haqqında Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) belə deyir: "Bu mələk yer və səma yaradılışından bəri ilk dəfədir, yer üzünə enir ". Mələk Allah Rəsuluna (sallallahu əleyhi və səlləm) üz tutur və səslənir: "Ey Allahın Rəsulu! Qul peyğəmbərmi, məlik peyğəmbərmi olmaq istəyirsən?" Cəbrail (əleyhissalam) Peyğəmbərimizə "Rəbbinə qarşı təvazökar ol!" mənasında işarə edir. O (sallallahu əleyhi və səlləm) da bu suala: "Bir gün ac yatıb dua edən, bir gün tox olub şükür edən qul peyğəmbər olmaq istəyirəm..." cavabını verir. (38:30)