Qəflət

Sual: Növ və dərəcələri də nəzərə alınsa, "qəflət" nə deməkdir? Həqiqi qafillər kimdir? "İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər" (Ənbiya, 21/1) məallı ayə bizə nə deyir?

  • Qəflət dalğınlıq, şüursuzluq, özündə olmama; qafil də ətrafında baş verənlərdən xəbərsiz, daim çaşqın həm Haqla, həm də xalqla münasibətdə diqqətsiz olan insandır. Yuxulu-yuxulu gəzən insana bənzəyir qafil; yol gedir, lakin getdiyi yoldan xəbərsizdir. Bir iş görür, amma nə etdiyini tam kəstirmir. Hədəfsizdir, çox vaxt boş işlərlə məşğul olur və həmişə getdiyi yollara və yaşadığı zamana məğlub olur. Düzü, onun hal və hərəkətlərində bir məqsəd axtarmaq da əbəsdir, çünki o baxan, lakin görməyən, eşidən, amma anlamayan elə çaşqın, elə dalğın insandır ki, bəzən ətrafında qopan qiyamətdən belə xəbərsiz yaşayar. (00.51)
  • "İnsanların haqq-hesab vaxtı (qiyamət günü) yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və (qiyamətə inanmaqdan) üz döndərirlər" (Ənbiya, 21/1) məallı ayə insanların Cənabi-Haqqın hüzuruna çıxacağı, əməllərin hesabını verəcəyi günün uzaqda olmadığından xəbər verir. Çünki Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm) peyğəmbər kimi gəlişi bəşər tarixinin böyük hissəsinin geridə qaldığını göstərir. Allah Rəsulu mövzu ilə bağlı müxtəlif hədislərdə özünü qürubun və qiyamətin xəbərçisi, qiyamətin ən böyük əlamət kimi xarakterizə edir. (01.20)
  • Ümumi qiyamətlə yanaşı, cəmiyyət və ayrı-ayrı insanların xüsusi qiyamətləri də vardır. Bədir, Uhud, Xəndək, Huneyn, Məkkənin fəthi... müşriklər üçün bir qiyamət idi. Bəli, onlar hər məğlubiyyətdən sonra bir qiyamət yaşadılar; müxtəlif zamanın kəsimlərində o "böyük son"u xatırladan "son"larla qarşılaşdılar. (03.58)
  • Qəflətin növləri vardır: Müqəddər (qaçılmaz) aqibəti düşünməmək, axirət üçün hazırlıq görməmək bir qəflət olduğu kimi, vəzifə və məsuliyyətləri yerinə yetirmə barədə diqqətsiz davranma da bir qəflətdir. Əfəndimizin: "Allah-Təala nə dediyini bilməyən insanın qəflət içərisində, qeyri-ciddi etdiyi duanı qəbul etməz!" bəyanı da bu həqiqəti vurğulayır. (08.00)
  • Əşya və məxluqatdan "mə xuliqa ləh" müstəvisində, yəni yaradılışın hikmətinə uyğun şəkildə istifadə etməmək də bir qəflətdir. (10.23)
  • Gecənin tamamını yuxuda keçirmək də başqa bir qəflətdir. (12.04)
  • İslam aləminin və müsəlmanların hal-hazırda pərişan halını görməmə və ümməti-Məhəmməd (sallallahu əleyhi və səlləm) üçün dua etməmə çox böyük bir qəflətdir. (14.07)
  • Hər şeyi səbəblərə bağlamaq və Müsəbbibül-əsbabı (səbələri öz əlində tutan Allah) unutmaq da qəflətdir. (17.09)
  • Gənclik və sağlamlıq qəflətin iki əsas amilidir. Maliyyə imkanlarının geniş olması, evə hədsiz bağlılıq, gələcəyi qurma arzusu, siyasət, var-dövlət yığma ehtirası kimi müxtəlif qəflət səbəbləri var. (18.06)
  • Rəsuli-Əkrəm Əfəndimizin (sallallahu əleyhi və səlləm): "Bəzən qəlbimin xəfif sisləndiyini hiss edirəm və Allaha gündə yüz dəfə istiğfar edirəm" sözünün mənası... (22.45)
  • İnsanın daxilən özünü bəyənməsi də bir qəflətdir və şəfqət şilləsi ilə cəzalandırılmasına səbəbdir. "Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu (yer üzü genişliyinə baxmayaraq, sizə dar gəldi), sonra dönüb qaçdınız. Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, (köməyinizə mələklərdən ibarət) görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!" (Tövbə, 9/25-26) məallı ilahi bəyan həm də əshab kimi seçkin şəxslər arasındakı bəzi gənclərin bir anlıq düşüncələrindən misal verərək bu məqama diqqət çəkir. (26.56)
  • Huneyndə müsəlmanların düşməna məğlub olduğu bir vaxtda bir neçə yaxın səhabə ilə qalan Allah Rəsulu (sallallahu əleyhi və səlləm): "Mən peyğəmbərəm, bunda yalan yoxdur. Mən Abdulmuttalibin nəvəsiyəm, bunda da yalan yoxdur. Allahım bizə yardım göndər" deyərək irəli atılmış, Allahın inayəti, enən "səkinə" dəstəyi və ordunun mələklərlə gücləndirilməsi ilə müvəqqəti məğlubiyyət zəfərlə nəticələnmişdi. (30.00)
  • İnsanın özünü və əməllərini bəyənməsi daxili tənəzzülün əlamətidir; bunun qarşısı istiğfarla (tövbə) alınmasa, təhlükəli nəticələrə gətirib çıxarar. (31.03)