Qurban himməti

Fəthullah Gülən: Bəm teli: Qurban himməti

Sual: 1) Qurban bəzi insanların gözündə adi bir ibadət olsa da, alihimmət möminlər üçün insanlarla ünsiyyətin, yaxınlığın mühüm bir vəsiləsidir. Hətta dünənə qədər bəzi bölgələrdə qurbanla bağlı fəaliyyətlər həyat keçirənlər bu gün dünyanın dörd tərəfinə “qurban səfərləri” təşkil edirlər. Din və insanlığa xidmət baxımından qurbanla əlaqədar düşüncələrinizi bizimlə bölüşə bilərsinizmi?

  • Qurban sözünün lüğəvi mənası "yaxınlaşmaq"dır ki, bu da insanın Allah yolunda malını, canını – hər şeyini fəda etməyə hazır olmasının, Allaha təslimiyyətinin və şükür hissi ilə dolub-daşmasının göstəricisidir. Qurban kəsmək Quran, Sünnə və icmayi-ümmət tərəfindən təsdiqlənmişdir. Qurani-Kərimdə keçən "Rəbbin üçün namaz qıl və qurban kəs" (“Kövsər” surəsi, 108/2) məallı ayənin qurbana işarə etməsi barədə əksər İslam alimləri həmfikirdir. Qurban Rəsuli-Əkrəmin (sallallahu əleyhi və səlləm) çox əhəmiyyət verdiyi bir ibadətdir. Hənəfi məzhəbində "vacib" sayılan qurbanın Şafii məzhəbində "sünnət" olması (məzhəb arası istilah fərqləri də nəzərə alınmalıdır) qətiyyən bu ibadətə göstərilən ehtirama mane olmamalıdır. Qurban bayramı həm ehtiyac içində olanlara yardım istiqamətində dəyərləndirməli, həm də bu hər kəsə sevdirilməli, hər kəs buna təşviq edilməlidir. (01:05)
  • Hər iş bir addımla başlayır, sonrakı nəsillər bu işə arxa çıxır, çiyin verir, yeni yol və üsullar tapır, alternativ fikirlər ortaya qoyurlar. Bunun kimi bir vaxtlar hər kəs öz qurbanını kəsər, əti qonum-qonşuya paylayardı. Tədricən böyüyən bu ibadət sayəsində bu gün artıq həm yerli əhali ilə, həm də müxtəlif ölkələrin insanları ilə könül bağları qurulmuşdur. Əslində qurban ibadətinin bütün məsləhət və hikməti əmr olunduğu gündən məlumdur, ancaq hər dövrün tələbatından asılı olaraq, müxtəlif şəkillərdə dəyərləndirilmişdir. (03:35)
  • Həzrəti Aişə anamızın rəvayət etdiyi bir hədisi-şərifə görə, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) kəsdiyi qurbanın üçdə ikisini paylayar, üçdə birini də ailəsinə ayırarmış. Qurban ətindən sünnəyə uyğun istifadənin meyarı budur. Əgər ailənin hər bir üzvü adından qurban kəsilir və ya bir adam birdən artıq qurban kəsirsə, bölgünü fərqli aparmaq olar. Məsələn, kəsilən qurbanlardan birini, yarısını və ya üçdə birini evinə ayırar, qalanını yaxından başlayıb ən uzaq insanlara qədər paylamaq mümkündür. Beləliklə, həm yaxınlarına qurban ətindən daddırmış və göz haqqını vermiş, yoxsul insanlara əl uzadıb ehtiyaclarını aradan qaldırmış olar, həm də cəmiyyətin müxtəlif təbəqələri arasında sevgi və şəfqət körpüləri qurular. (05:16)
  • Bir kiloqram qurbanlıq ət də olsa, heç bir yaxşılığı əhəmiyyətsiz görməməlidir. Belə ki, bəzən bir heyvana şəfqət göstərmək belə insanı cəhənnəm odundan qoruya, Cənnətə girməsinə səbəb ola bilər. “Buxari” və “Müslim” kimi ən mötəbər qaynaqlarda bunu təsdiq edən hədislər vardır. Məsələn, Peyğəmbərimiz (əleyhi əkməlütt-təhaya) bəhimi həyat sürən əxlaqsız bir qadının qurtuluşundan bəhs edərkən buyurur: "Bir gün çox susayır, dili dodağı quruyur. Yolda bir quyuya rast gəlir. Quyuya düşüb sudan doyunca içir. Quyudan çıxanda susuzluqdan əldən düşmüş, torpağı yalayan bir it görür. "Bu da mənim kimi yaman susayıb!" deyərək təkrar quyuya düşür, su ilə dolu çarığını ağzına götürüb çölə çıxır və itə su verir. Allah-taala bu qadının günahlarını məhz bu əməlinə görə bağışlayır." (08:12)
  • Eyni şey pis əməl üçün də keçərlidir. Bəzən kiçik görünən pis bir əməl insanı həlaka sürükləyir. Bu məsələyə də diqqət çəkən və ümmətinə xəbərdarlıq edən Allah Rəsulu (sallallahu əleyhi və səlləm) buyurur: "Bir qadın bir pişiyi ac-susuz qoyub ölümünə səbəb olduğuna görə əzaba düçar oldu. Heyvanı bir yerə salıb ağzını bağlamış, ac-susuz saxlamış, hətta yerdə gəzən həşəratları yeməsinə imkan verməmişdi. Sırf buna görə Cəhənnəmə atıldı". (10:16)
  • İslamiyyətin gözəlliklərini çatdırmağın bir yolu qurban hədiyyəsidirsə, bu imkandan yararlanan möminlər həm ibadətinə ayrı bir dərinlik qatmış, həm də təbliğ vəzifəsini yerinə yetirmiş olarlar. Avropa və Amerika kimi yerlərdə qurban ətinin paylanmasına ilk dəfə şahid olan və qapısında qurban hədiyyəsi ilə gələn insanları görənlər çox məmnun qalırlar. Bu orijinal və cazibədar səxavəti mədəniyyətimizdən bilirlər. "Hansı ruh və məna köklərinə bağlısınız, sizə bu əxlaqı aşılayan nədir?" suallarına cavab axtarmağa başlayırlar. İslamiyyətin səxavəti və mərdliyi, hətta isar ruhu dəyərlərimizə qarşı sevgi və marağı artırır. (11:00)

Sual: 2) Qaynaqların verdiyi məlumata görə, Rəsuli-Əkrəm Peyğəmbərimiz "Bu, öz adıma, bu da ümmətimdən yoxsul olanların əvəzinə" deyərək birdən artıq, hətta Vida Həccində yüz (altmış üçünü şəxsən, qalanını da Həzrəti Əli) qurban kəsmişdir. Bu gün imkanına görə, on, yüz, hətta yüzlərlə qurban bağışlayanlar var. Sizcə onlar bu sünnəni əhya etmiş sayılırlar? (12:16)

  • Tərəddüd etmədən “Bəli” (yenə də doğrusunu Allah bilir) demək olar. Bir şərtlə ki, bu fədakarlığı edənlər nümayişkaranəliyə (riya və sümaya) yol verməsinlər. (12:46)
  • Mövzunun başında da qeyd etdiyimiz kimi, bir vaxtlar insanlar qurbanlarını kəsir, bir hissəsini evinə ayırır, qalanını qonum-qonşuya paylayırdı. Ancaq vaxt ötdükcə bu ibadət təkcə məhəllə və kəndlərimizdə deyil, daha geniş dairədə möhtac insanlara əl uzadıldı və imkanlı insanlar dəstək oldular. Bəziləri biri ilə qane olmayıb iki, üç, hətta on, iyirmi, otuz qurbanlıq verməyə başladı. Bu, eyni zamanda mərdliyin və vermə duyğu-düşüncəsinin xarakterə oturuşmasının göstəricisi idi. Üstəlik bu işin açıq görülməsi insanları təşviq edir, hərəkətə gətirirdi. Beləcə bağışlanan qurbanlıq heyvanlarla bütün fəqir-füqəraya əl uzatmağa başladılar. Yaxın dairədə bu işin oturuşduğunu görənlər "Gəlin, bu işi, Allahın izni və inayəti ilə daha da genişləndirək" dedilər və kiçik addımlarla başlayan bu qurban xidməti olduqca geniş coğrafyaya yayıldı. "Mal candan şirindir" desələr də, bu fədakarlığı göstərən insanlar əgər ixlasdan ayrılmasalar, riya və sümaya yol yeməsələr, kəsilən qurbanlar gözlənilməz nəticələr verər, neçə-neçə könülləri fəth edər. Qurbanın əti mədəyə getsə də, qəlbə təsir edər. (13:10)
  • Bəli, dediyiniz kimi, Rəsuli-Əkrəm (sallallahu əleyhi və səlləm): "Bu, öz adıma, bu da kasıb ümmətim əvəzinə" deyərək çoxlu qurban kəsmiş, hətta Vida həccində (altmış üçünü şəxsən, qalanını da Həzrəti Əliyə kəsdirərək) yüz dəvəni qurban etmişdir. Odur ki, ehtiyac içində olanlara kömək etmək və bayram əhval-ruhiyyəsi yaşatmaq niyyəti ilə on, iyirmi, hətta yüz qurban kəsənlər bir sünnənin əhya savabını qazana bilərlər. (16:09)
  • Qurban ibadətini inanaraq yerinə yetirmək Allahın əmrlərinə ürəkdən bağlılığın təzhürüdür. Əslində hər bir ibadəti Allaha yaxınlıq niyyəti ilə yerinə yetirmək, "Allahım, mən bu ibadəti sırf Sənin üçün edirəm" demək və bunu mənən duymaq bizim üçün əsas olmalıdır. İnsan bu düşüncə ilə yaşamalıdır. Odur ki, qurban ibadətini yerinə yetirərkən niyyət təmiz olmalıdır, kənar şeylər qarışmamalıdır. İnsan malını verəndə verə biləcəyi şeyləri də xatırlamalı və əmrə hazır olduğunu göstərməlidir. Həzrəti İbrahim və İsmayıldan bəhs edən "Onların hər ikisi (Allahın əmrinə) təslim oldu və (İbrahim İsmaili qurban kəsmək üçün) üzüstə yerə yıxdı" (“Saffat” surəsi, 37/103) məallı ayəsində onların ibadətin sirrini, əmrə itaətin incəliyini qavramasına dair işarələr var. Əgər insan qurban ibadətini bu niyyətlə yerinə yetirərsə, qurbanla bağlı bütün işləri ibadət yerinə keçəcək, bu yolda ortaya qoyduğu digər əməllər də o xeyirxah iş üçün savab olaraq əməl dəftərinə yazılacaq. Möminlər bu şüurda olsalar, qurbanlar Haqq dərgahında qəbul olunar, ehtimal ki, dünyanın hər tərəfində vəhşicəsinə axıdılan insan qanı da dayanar. (18:30)

Sual: 3) Həzrəti Əli hər il iki baş - birini özünün, birini də Peyğəmbərimizin adından olmaqla qurbanlıq qoç kəsərmiş. Səbəbini soruşanlara: "Allah Rəsulunun mənə vəsiyəti var: nə qədər sağam, Onun adına qurban kəsəcək, bunu əsla tərk etməyəcəyəm", demişdi. Ata-babalarımızın belə bir vəsiyyəti olmasa da, onların adından qurban kəsə bilərikmi? (20:30)

  • Qurban kəsib savabını vəfat edən bir qohuma və ya yaxın bir insana bağışlamaq olar. Vəfat edən bir insanın adından sədəqə verib, həccə getdiyimiz kimi, qurban da kəsə bilərik. Belə ki, Peyğəmbərimiz də ümmətindən qurban kəsməyə imkanı olmayanların əvəzinə qurban kəsmişdir. Namaz və oruc kimi “bədəni” ibadətlərdə niyyət və həmin ibadətin şəxsin özü tərəfindən yerinə yetirilməsi şərtdir, fiqh alimlərinə görə belə ibadətlərdə kiməsə vəkalət vermək caiz deyildir. Zəkat və fitir sədəqəsi kimi “mali” ibadətlərdə isə niyyət şərt olsa da, mükəlləfin bu ibadəti şəxsən yerinə yetirməsi zəruri deyil, belə ibadətləri niyabətlə (vəkalət verməklə) də yerinə yetirmək olar ki, qurban da həmin “mali” ibadətlərə daxildir. Həm “mali”, həm də “bədəni” yönü olan həcc ibadəti isə əslində mükəlləf şəxsin özü tərəfindən yerinə yetirilməlidir, ancaq üzrlü səbəb varsa, əvəzinə başqası yerinə yetirə bilər. (20:57)
  • İnsan vəfat etmiş ana-atası, yaxın və böyükləri üçün dua edib bağışlanma diləyə bilər, Quran oxuya bilər, sədəqə verə bilər, həcc və ümrəyə gedə bilər, hətta namaz qılıb, oruc tutub savabını onlara bağışlaya bilər. Dünyasını dəyişən insanlar adından qurban kəsmək də, inşaallah, onların ruhunu şad edər. (22:35)
  • Ana-atamın haqqını heç vaxt ödəyə bilmərəm. Onlar üçün əlimdən gələn hər şeyi etməliyəm. Sizdə də ana-atanızın o qədər haqqı var ki, ömür boyu onlar üçün istiğfar etsəniz də, qaytara bilməzsiniz. Buna görə də, heç bir fürsəti fövtə vermədən xeyixah əməl və yaxşılıqlarla onlara axirət hədiyyələri göndərməyə çalışın. (28:25)

Bu bölüm ilk olarak www.herkul.org'da yayınlandı.