Ümid, söhbət və “hizmət”

Fəthullah Gülən: Ümid, söhbət və hizmət

Daima ümid mənbəyi olmaq

  • Qəm-qüssə etmə, iradən ölməmişsə! Ümid saç, bacarırsansa hər kəsə. Ələlxüsus da, ümidlərin zərbələrə məruz qaldığı belə bir dövrdə insanlara ümid bəxş etmək əsl qəhrəmanlıq sayılır.
  • Söz atacaqlar, qaralayacaqlar, ləkə yaxacaqlar... Belə şeylər hansı dövrdə olmayıb ki?! Buna görə də bütün bu söz və hadisələrə əhəmiyyət verməməlisiniz! Əksinə badə-badə ümid paylamalısınız insanlara!.. Yanınıza gələn, qapınızı döyən ümid içməlidir sizin mənhəlül-azbil-məvrudunuzdan (şirin çeşmənizdən), Cənnət kövsəri kimi şərbət, süd, bal dadan ümid bulağınızdan. Bu kövsərlərdən ümid içməyə gələnlər qətiyyən əliboş qayıtmamalıdır. Hərəkətlərinizə, davranışlarınıza, düşüncələrinizə və hadisələrə baxışınıza baxanda ümidsizliyi unutmalıdırlar! Ümidsizlik libası geyindirilmiş insanlar yanınıza gələndə silkinib ümidsizliyi bir kənara atmalı və ümidlə şahlanmalıdır!..

Bütün müvəffəqiyyətlərin əsl mənbəyi

  • Əgər hər şeyi özümüzdən biliriksə, şirk etmiş oluruq . “Biz elədik, biz həyata keçirdik, bizim layihəmiz, bizim tədbirimiz...” deyiriksə, Allah elməsin, – sizdən iraq – şirkə giririk! Hər şeyi edən, “sizi, sizin hərəkət, davranış və fəaliyyətlərinizi yaradan Allahdır (cəllə cəlaluhu)”. Əgər hər şeyi Ondan biliriksə, niyə ümidsizliyə düşək? Niyə ümidsiz olaq ki?
  • İndiyə qədər elə pak insanlara elə şeylər deyib, elə təmiz insanları qaralayıblar ki!.. Dünənəcən ağıllı dedikləri, ardınca getdikləri, dünya və axirətə dair hər bir məsələnin həllini öyrənib sözləri ilə oturub-durduqları insanlar və onların məfkurəsini bu gün ya küfr, ya həsəd duyğsunun, ya rəqabət hissinin ya da “Niyə mən deyil, onlar edirlər? Niyə bu işi mən görmürəm? Əslində mən ondan daha ağıllıyam!..” kimi qısqanc düşüncələrin təhriki ilə həzm edə bilmirlər. Bu, tarix boyu təkrar olunub.

Şeytanın əmrində

  • Şeytan gündən-günə daha da profesionallaşır. İndiyədək qazandığı təcrübələrini daha da təkmilləşdirərək ağıla-xəyala gəlməyən taktikalardan istifadə dir. Özünü ağıllı zənn edənləri mənzil başına çatmamış yoldan çıxarır.
  • Şeytan boş dayanmaz! Bu gün də boş dayanası deyil! Siz texnoloji imkanlar sayəsində radiolarla, internetlərlə, açdığınız məktəblərlə hər yerə əl uzatmağa çalışdığınız kimi, unutmayın, şeytan və əvanəsi (insi və cinni şeytanlar) də boş dayanmayacaq! Sizin girdiyiniz sahələrə girəcək, oraları qarışdıracaq! Bəzən ümidsizlik aşılayacaq, sizi ümidsizliyə salacaq. Sizə ümidsizlik hissi aşılayacaq, qarşı tərəfi də təhrik edəcək. Onlar elə biləcəklər ki, bütün bunları özləri düşünürlər. Bu səbəbdən də o bədbəxtlər məbədləri dağıdarkən, məbəd qədər qiymətli elm ocaqlarını dağıdarkən, qapılarına qıfıl vurmağa çalışarkən, bu məqsədlə əllərindən gələni edərkən elə biləcəklər ki, bütün bu addımları öz ağılları ilə atır, özləri planlayır. Halbuki bunların hamısını şeytanın təhriki ilə yerinə yetirirlər. Cilovu birdəfəlik şeytana veriblər, onun əmri ilə hərəkət edirlər.
  • Nəfsin təzkiyəsi nəfsin təzkiyə edilməməsi ilə başlayır. Ən uğurlu işlərinizdə beləc dabbağ kimi nəfsinizi yerdən-yerə vurmursunuzsa, demək, özünüzə xəyanət etmiş və gördüyünüz xeyirli işlərə öz əlinizlə balta çalmış olursunuz.

Şükür nemətin çoxalmasına vəsilə olur

  • Bizə verilən nemətləri özümüzdən bilməyimiz nankorluq, hətta şirk olar. Üstəlik, biz kimik ki! Hər şeyi lütf edən Allah-taaladır. Onun indiyədək verdiyi şeylər gələcəkdə verəcəyi şeylərin ən inandırıcı dəlilidir. Bu nemətləri şükürlə qarşılasanız, Allah-taala daha da çoxaldar. Ona da şükür etsəniz, daha da çoxaldar.
  • Allah hər yerdə insanların qəlbinə sizə qarşı sevgi oyatdı. Bu, məhəbbətdən daha üstün bir şeydir, yəni təbii yaxınlıq, təbii bir rəğbət hissi... Elə isə bu sevgi bizim məharətimizlə bağlı deyil. Bizdə bu qədər qüdsi cazibə yoxdur. Bizə bu fürsəti verən Allahdır (cəllə cəlaluhu)... Demək, nə olursa, ancaq Allah istəyi ilə olur... Bu iş Allahın istəyi ilə həyata keçirsə, o halda sarsılmadan yola davam etməliyik... Allah biri min edər!

“Sahibiniz Allahdırsa, əlli tiran əlli yerdə üztünüzdən qatar keçirsə, hizmət davam edəcək və birlər minlərə çevriləcək!..”

  • İlk illərdə dünyanın müxtəlif ölkələrinə üz tutan bir ovuc məfkurə muhaciri az-çox öz məramlarını insanlara çatdırıblar, ideallarını gerçəkləşdirə biliblər. Aradan 20, 30, 40 il keçdi... Bu illər ərzində yerli xalq onların nəbzini ölçdü və gördü ki, ürəklərinin döyüntüsü dəyişmir. Və inandılar, inanırlar... Bu yolla dünya qardaşlığı təsis etmək mümkündür. Bu yolla, Allahın izni və inayəti ilə qarşıdurmalara son qoymaq mümkündür. Terroru müəyyən qədər nəzarət altına almaq mümkündür, Allahın izni və inayəti ilə... Buna müyəssər olacaqsınız və ya olmaycaqsınız, onu ancaq O bilər, biz bilmərik! Bizim vəzifəmiz ancaq o yolda getmək və birləri minlərə çıxarmaqdır. Yüksək idealların arxasınca getməli, cılız işlərlə məşğul olmamalıyıq. Xeyirli işlərdə insanın gözü həmişə ülvi qayələrdə olmalıdır. Nəfsinə münasibətdə isə İnsanlığın İftixarı Peyğəmbərimiz kimi “Allahım, məni öz gözümdə kiçilt!” deməlidir.
  • Allah (cəllə cəlaluhu) bu işə qüvvət verirsə, “arxa çıxırsa” demək də olar, kürəyiniz yerə dəyməz. Əlli tiran, əlli yerdə üstünüzə qatar sürsə, sizi əzib keçsə və parça-parça olsanız, o parçalar təkrar dirilər, birlər min olar və hizmət davam edər, Allahın inayətilə.
  • Vifaq (fikir birliyi) və ittifaq ilahi yardımın ən böyük vəsiləsidir. Cənnətə getmək və Cənnətin düz ortasında taxt qurmaq belə vifaq və ittifaqdan asılıdırsa, demək, dünyanı cənnətə çevirməyin yolu da buradan keçir.

Söhbəti-canan və Haqqın boyası

    Sual: Əsərlərdə təsəvvüfdə həqiqətə aparan iki əsas yol - hizmət və söhbət vurğulandıqdan sonra “səhabə hizmətdə olduğu kimi, söhbətdə də zirvədədir” ifadələrinə yer verilir. Səhabələrin hizmət və söhbət xüsusiyyətlərindən bəhs edərsinizmi?

  • Təsəvvüfdə həqiqətə aparan iki əsas yol var: biri söhbət, o biri hizmətdir. Hizmət himmətin vəsiləsi və yolu, söhbət isə zahiri və batini hislərlə həqiqəti duyma, hiss etmə, yaşamaqdır ki, mühüm “insibağ” vəsiləsi hesab edilir. Lakin insibağ söhbət edən şəxsin mənəvi məqamı ilə düz mütənasib olduğuna görə, təzahür və təsiri də fərqli şəkillərdə olur. Haqla söhbəti sayəsində ən kamil insibağ İnsanlığın İftixarı Peyğəmbərimizdədir ki, “Sən Allahın rəngini qəbul et. O ilahi rəngdən daha gözəl rəng yoxdur” (“Bəqərə” surəsi, 2/138) həqiqəti ilə şərəflənmişdir.
  • Hizmət ixlas və səmimiyyətlə Haqq rizasını axtarmaq, Haqqın razı olduğu insanlardan tərbiyə almaq, onların nəsihətlərinə əməl etməkdir. Əvvəla Zati-Üluhiyyətin əmrlərini nöqsansız şəkildə yerinə yetirmək müqəddəs bir hizmətdir. Təsəvvüfdə söhbət çox vacib bir faktordur. İnsanlığın İftixarı Peyğəmbərimiz güclü insibağa malikdi. Allah Ona dünyanı öz boyası ilə boyama, dünyanı az-xoz özünə bənzətmə gücünü vermişdir. Onun yolunda gedənlərdə eyni səviyyədə olmasa da, insibağ qabiliyyəti vardır.
  • Söhbət birlikdə olmaq, dost olmaq, eyni məkan və eyni mühitdə olmaq deməkdir. Söhbəti söhbət edən onun mövzusudur. “Kaş ki, sevdiyimi sevsə, qamu xalqu-cahan / Sözümüz cümlə həman qisseyi-canan olsa!...” Kaş hamı Allahı sevəydi... kaş Peyğəmbərimizi (sallallahu aleyhi və səlləm) hamı sevəydi!.. Hər oturub-duranda söhbətimiz Canandan olaydı... hər sözü Zati-Üluhiyyətə gətirəydik...

“Malımızdan/canımızdan istədiyini götür, ya Rəsulallah!..”

  • Səhabə hizmətdə olduğu kimi, söhbətdə də zirvədə dayanır. Səhabələr, Allahın izni və inayəti ilə İnsanlığın İftixarı Peyğəmbərimizin ülvi qayəsini həyata keçirmək üçün əlindən gələni əsirgəməmişlər. Heç kim onların səviyyəsinə çata bilməz. Onlar dünyanın rəngini dəyişdirdilər. Tarixdə haqq və həqiqətin intişarına səhabələr qədər xidmət edən ikinci bir zümrə göstərmək mümkünsüzdür.